Weather forecast for Zardab

Zərdaba gedirəm: Kürqırağı kəndlərimiz

Zərdabın kəndləri-Ağabağı,Şıxbağı,Kəndəbil


Zərdabın kəndləri Ağabağı Şıxbağı Gəndəbil

  Rayonumuza əvvəlki virtual səyahətlərimizdə sizi Zərdab rayonunun kəndləri, onların qısa tarixi, zərdablı ziyalılarla tanış etmişdik. Bu yazılarda Ucar-Zərdab yolu üzərindəki Qazyan və Lək, Çallı və Məlikmudlu, Zərdabın qədim kəndlərindən olan Əlvəndin tarixi haqqında  haqqında məlumatlar yer alıb.
   Həmçinin 1293-cü ildə müasir Zərdabın Əlvənd və Otmanoba kəndləri arasında,  Kür çayı sahilindəki ərazilərdə salandığı güman edilən gümün edilən  Qutluq-Balıq şəhəri barədə bu yazılardan məlumat ala biləesiniz. 
   Marşurutumuzda sonuncu dayanacaq Aşağı Seyidlər, Şəftəhal , Şahhuseyinli kəndləri idi. Aşağı Seyidlərdə Ürfan Məmmədəlinin “sevgi hekayəsini” (bax: Ürfan Məmmədli: Bir sevgi hekayəsi”) dinləyərək başlayan yolumuzda Şahhüseyinli və Dəli Quşçu kəndlərinin digər kəndlərdən fərqli olaraq nədən yolun sagında yerləşdiyi sualına cavab verməyə çalışdıq. 
  Mollakənddən Zərdaba gedən yolumuzda rayonun  kürqırağı kəndləri Şıxbağı, Nəzəralı, Ağabağı və Kəndəbil (Gəndəbil) kəndlərinə qısa səfər etsək, məncə pis olmaz. Bu kəndlərin tarixi nisbətən yaxın keçmişimizlə bağlıdır. Bir çox mənbəələrdə kürqırağı kəndlərin yaranma tarixi Zərdab kəndinin genişlənməsi və buradan köçən əhalinin kürqırağı əraziləridə məskunlaşması ilə əlaqələndirilir. 
    Həsən bəy Zərdabinin  “Kaspi” qəzetinin 5 noyabr 1882-ci il tarixli sayında çap olunmuş və 26 oktyabr 1882-ci  il tarixdə Zərdabdan göndərdiyi məktubda kürqırağı kəndlərin formalaşması barədə qeydlər var. Həmin məktubda o qeyd edirdi ki, Kürün hər iki sahilində  50 verstlik məsafədə uzanan  Zərdab yaşayış məntəqəsi 600 evi özündə birləşdirməklə,  Şirvan, Qarabağ və Şəki ilə sərhədlənirdi (Azərbaycanın Rusiyaya birləşdirilməsindən qabaq). Şirvan xanlığının tərkibinə daxil olan Zərdabın rusların gəlişindən sonra da1850-ci illərə qədər o bölünməyən bir tam olduğu Zərdabi tərəfindən bildirilir.
   Zərdabi həmin məktubda Kürqırağı kəndlərin formalaşmasını aşağıdakı kimi təsvir edir : “50-ci illərdə Zərdab kəndlilərinin bir neçəsi bəylərin asılılığından azad oldular və azad olan kimi öz bağlarına dağılışdılar, onların ardınca öz bağlarını dağılmaqdan qorumaq üçün bəzi bəylər də getdilər və Zərdab bir müddət, demək olar ki, tam boşaldı. Amma, mərkəzdə yerləşməsi hesabına, ictimai bərənin və əyalət mağazasının burada olmasına görə əhalinin çoxu öz köhnə ocaqlarına, Zərdaba qayıtdılar və əvvəl 50-60 ev köçdü. Qalan əhali az-çox tanınan adamların ətrafında cəmləşərək hərəsi 5-6 evdən ibarət 20 kənd saldılar, başqaları isə, məsələn, Gəndəbil və Gəlmə 100-dən artıq evi birləşdirən kəndlərə çevrildilər.”
   Mənbəələrə görə Şıxbağı sözünun tərkibindəki “şıx” sözü ərəbcədə “ağsaqqal” mənasını verən “şeyx” sözünün təhrif olunmuş formasıdır. Müsəlman ölkələrində təriqət başçılarına, görkəmli ilahiyyatçılara, mötəbər şəxslərə aid edilərək, dini titul aid kimi istifadə edilirdi. Kəndin yarandığı yer nüfuzlu bir şeyxə mənsub olduğundan , kəndə Şıxbağı (Şeyxə məxsus bağ) adı verildiyi güman edilir. Şıxbağında məşhur balıq vətəgəsi olmuş, bu vətəgə 1926-cı ildə bağlanmışdır.

zərdabın kəndləri kəndəbil nəzəralı şıxbağı
   
  Nəzəralı kəndinin ilkin adının Nəzərəlixan kimi də qeyd olunduğu iddia olunur. “Zərdab ensklopediysı”-nın müəllifi Nazim Tapdıqoğlunun (Vəlişov)  mülahizələrinə görə  19-cu əsrdə Şıxbağı kəndindən çıxmış ailələr  Nəzəralıxan adlı şəxsə mənsub olan ərzidə məskunlaşdığına, kəndin adı da belə adlandırılmışdır. 2000-illərin əvvəlində kəndin qərb hissəsində Nəzəralıxan bağı adlı sahə də olmuşdur. 
   Bəzi məlumatlar əsasən 1855-ci ildə Kür çayı sahilindəki çəkillik (tut  bağı) ayrı-ayrı çəxslər tərəfindən bölüşdürülmüşdür. Seyid olduğu üçün Ağa adlandırılan şəxsə verilən ərazi sonradan Ağabağı adlandırılmışdır. Zərdab kəndindən qaraqəhrəmanlı, saralılar, seyidxanlılar, həştadlılar və xanəhmədli nəslinə mənsub ailələr bura da məskunlaşmış və bu adı saxlamışlar. Bəzi sənədlərdə Ağalıbəy, Ağalıbağı kimi də qeyd olunub (mənbə: Nazim Tapdıqoğlu (Vəlişov) ,  “Zərdab ensklopediysı” )
  Kəndəbil (Gəndəbil) 19-cu əsrin ortalarında Zərdab kəndindən çıxmış ailələr tərəfindən məskunlaşdırılıb. Kəndəbil sözü barədə müxtəlif fikirlər var. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensklopediyası”ında kəndini adının  ərazidə yerləşən Kəndəbil (Səndəbil) adlı gölməçə ilə bağlı olduğunu qeyd edirərək , Gəndəbil coğrafi adının gənd (pis, qoxulu, iyli) və bil (bataqlıq, gölməçə) komponentlərindən düzəldiyini, “pis qoxulu gölməçə” demək olduğunu bildirir. 
   “Kəndə” sözü farsca “qazılmış”, “xəndək”  mənasını daşıyır, “bil” ərəbcə şəkilçi olub, təxminən “ilə” yaxud buna oxşar mənanı ifadə edildiyi də bildirilir.
  Həmyerlimi, rayon dövlət arxivinin müdiri işləmiş M.Bağırov bu  fikiri məntiqsiz sayır. O, həmçinin qeyd edir ki, uzun illər Gəndəbil adlanan  kəndin adının  bəzi mütəxəssislərin təşəbbüsü ilə Kəndəbilə çevrilməsi yerli sakinlər tərəfindən birmənalı qarşılanmayıb.
 Məsələ burasındadır ki, Azərbaycanda və ümumən bütün türk dünyasında yer bildirən adlar “kənd” sözü heç zaman  ön şəkilçisi kimi qəbul edilməyib. Əksinə, bu dillərdə yer adlarında “kənd” sözü sonda işlənir, məsələn Hacıkənd, Təzəkənd, Körpükənd, Alıkənd, Daşkənd, Qasımkənd və s. kimi. Yalnız Zərdabda Kəndəbil adı bu tipə yeganə nümunədir,  mənası “Əbilin kəndi” anlamına gəlir.
   Zərdabinin 25 aprel 1882-ci il tarixdə “Kaspi” qəzetində çap olunmuş məktubunda (bu məktublar Zərdabda çap olunan “Əkinçi” qəzetinin redaktoru İ.Əhmədovun tərcüməsində çap ounub) quldur Əli Xıdır oğlunun xərac toplaması ”İslamadan 400 rubl, başqa birisindən – Əsəddən ( güman ki, Əsəd Rəhim bəyi oğlu, Zərdabinin əmisi Əsəddir) 100 rubl” aldığını, “İsaq-Baqi camaatından 110 rubl ala bildiyini”, “Kəndəbil kəndinə xərac vermək üçün təyin edilən möhlətin bu gün bitdiyini” qeyd edir.   
   Həmçinin H.Zərdabi 1882-ci ildə Kəndəbilin 100 evdən ibarət bir kənd olduğunu yazmışdır. Zərdabi onu da yazır ki, Kəndəbil  Zərdabdan ayrılandan sonra bina edilib, lakin sonralar kəndin bir çox sakinləri doğma yerlərinə-Zərdab kəndinə qayıdıblar, 1887-ci ildə Kəndəbildə cəmi 35 ev, 188 sakin qalıb. 

Zərdabın kəndlərində futbol
   
  Kəndəbil kəndi yaxınlığında,   Kür sahilində yerləşən Mehdililər kəndi sənədlərdə ayrıca kənd kimi qeyd olunmasa da,  bu adda təxminən 20-25 ailədən ibarət kiçik  kənd mövcuddur. Deyildiyinə görə   kəndin əsasını Mehdi adlı şəxs qoymuşdur.
  Müasir Kəndəbil kəndi rayon idmansevərləri arasında həm də futbolçuları ilə tanınır. Kəndin komandası dəfələrlə rayon birinciliyinin qalibləri sırasında olmuşdurlar. Şəkildə 10 may 2014-cü il tarixdə rayon çempionatının finalçıları -  Zərdab Rayon Polis Şöbəsinin və Kəndəbil kədinin komandası əks olunub.
  Material hazırlanarkən dia.az , panoramio.com (müəllif Ramil Əliyevin) və həmyerlimiz Yaşar İsgəndərovun Facebook səhifəsində yerləşdirdiyi fotoşəkillərdən istifadə edilib. 
Zərdaba gedirəm: Kürqırağı kəndlərimiz Zərdaba gedirəm: Kürqırağı kəndlərimiz Reviewed by Camil Asad on 29.1.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.