Sadiq tərəfdarın qavrayışında düşmən obrazı
„Neçə
ildir çözə bilmirdim, amma son dönəmlər oxucunun bizdən nə istədiyi mövzusunda
gerçəkdən çaş-baş qalmışam.“
„Gündəmin önəmli hadisələrini izləyir,
insanları daha çox maraqlandıran məsələləri müzakirəyə çıxarırıq. Və o qədər qəribə
reaksiyalarla üzləşirik ki…“
„Gerçəkləşdirdiyim canlı yayım müsahibəsində
bütün söyüşləri sadalayıb, “sən yaxşı qadın olsaydın, gecə saatında canlı
yayıma çıxmazdın” kimi “ittihamı” eşitmiş adamam, o səbəbdən absurdluğun sərhədlərini
yaxşı tanıyıram. Halbuki bu “ittiham”ın müəllifi də jurnalistləri obyektiv
olmağa səsləyən “ağsaqqal oxucu” kateqoriyasından olur.“
„Dəyərlərin qarışdığı bir zəmanədəyik. Dəyəri
kimin verdiyi isə məchuldur…“
Biz həqiqətənmi gördüklərimizi
„görürük“?
1951-ci
ilin noyabr ayının 23-də Prinston universitetinin stadionunda Prinston və
Dartmut futbol komadalarının görüşü keçirilir. Həmin oyun öz sərtliyi və
kobudluğu ilə seçilir, hər iki komandanın oyunçuları hakimin çoxlu sayda cərimələri
ilə „mükafatlandırılır“.
Oyundan
sonra hər iki tərəfin oyunçularının və azarkeşlərinin bir-birininə qarşılıqlı ittihamları davam edir və sonrakı
iki həftə ərzində bu səngimək bilmir.
Məsələyə
qarışan tədqiqatçılar A.Xastrof və X.Kantril keçirdikləri sorğudan sonra
maraqlı nəticə ilə üzləşirlər. İştirakçılara həmin mübahisəli futbol oynunun
lent yazısı nümayiş etdirilir və hər komandanın qayda pozuntularını saymaq
xahiş edilir.
Eyni lent
yazısı nümayiş etdirilməsinə baxmayaraq tamaşaçıların «gördükləri» çox fərqli
olub, sanki hər kəs müxtəlif oyuna baxıb. Belə ki, hər iki tərəfin tərəfdar tələbələri
əks tərəfin daha çox qayda pozuntusu etdiyini «görürdü».
Tədqiqatçılar
bunu qavrayaışların müxtəlifliyi ilə izah edərək belə nəticəyə gəldilər: «...aydın
görünür ki, oyun əslində bir çox müxtəlif oyunlardan ibarətdir. Tamaşaçıların
sadəcə müşahidə etdiyi, «bizdən kənarda» baş verən oyun kimi bir nəsə mövcud
deyil»
Bu tədqiqatlar
həm də seçim qavrayışı adlandırlan anlayışın araşıdırlımasının klassik
nümünəsi hesab edilir. Bu qaydaya görə fərdlər xəbər selindən onların təsəvvürlərinə
uyğun gələnini və onu təsdiq edəni seçir. Əsas məsələ
insanın nəyi görməsi deyil, nəyi görmək istəməsidir.
Bunu daha
sadə belə deyə bilərik ki, iPhone almaq istəyən rəfdəki Galaxy modelinin
yanından keçəcək, sanki onu «görməyəcək».
Həmin tədqiqatda iştirak edənlərin əksəriyyəti baxdıqları lent
yazısında görmək istədiklərini seçib qavryırdılar.
Düşmən media effekti
1980-cı ildə Stanford universitetinin tədqiqatçıları Vallone,
Lepper və Ross belə fərziyyə irəli sürülər ki, bu cür seçim qavrayışı siyasi
qrupların tərəfdarlarında da əmələ gəlir.
Bu tədqiqatçılar Karter və Reyqanın seçki kopmaniyası zamanı səsverməyə 3 gün qalmış
160 seçici arasında sorğu keçirirlir. Sorğu iştirakçılarından medianın namizədlərdən
hansısa namizədin tərəfini saxlayıb-saxlamadığını müəyyən etmək və əgər cavab
müsbət olarsa, onda medianın daha çox kimə rəğbət göstərdiyini qeyd etmək xahiş
edilir. Tədqiqtın detallarına varmadan qeyd edək ki, sorğuya cəlb olunanların
üçdən biri KİV-nin namizədlərə qərəzli yanaşdığını qeyd edib. Həmçinin 90 faizi
əminliklə bildirib ki, KİV onların səs verməyə hazırlaşdığı namizədi qərəzli
işıqlandırıb.
Sonradan digər siyasi, hərbi, sosial qarşıdurmalar, həmçinin
idman, GMO məhsulların barədə keçirilən müxtəlif diskusiyalar zamanı aparılan
araşdırmalrda fərqli iki fikrin tərəfdarları medianın qərəzli mövqe tutduğunu
bildirir, bu xəbərlərdə əks tərəfə meylin olduğunu qeyd edirdilər.
Robbert Vallone bunu „düşmən media fenomeni“ adlandırıldı,
sonradan isə „düşmən media qavrayışı“ anlayışından istifadə edildi. Bu
fenomen 2015-ci ildən „düşmən media effekti“ adlandırılmağa başlaynıldı.
„Düşmən media effekti“ (ingiliscə „Hostile
media effect“) nəzəriyyəsinə görə hər
hansı məsələ barəsində aydın ifadə edilmiş mövqeyə malik olan şəxs (məsələn
futbol komandasının azarkeşi, seçki kompaniyasında artıq özü üçün konkret seçim
etmiş tərəfdar) həmin məsələni KİV-nin neytral işıqlandırmasını qərəzli və əks-tərəfin
mövqeyini dəstəkləmək kimi qəbul edə bilər.
Bu nəzəriyyəni irəli sürənlərin fikrinə görə „düşmən media effekti“-nin KİV-lərin
qeyri-obyektivliyi ilə izah edilməsi düzgün deyil: əksəriyyət eyni materialı fərqli
qavrayacaq, onda görmək istədiyini görəcək. Eyni zamanda təqdim edilmiş
informasiya nə qədər obyektiv olsa belə, artıq bu informasiya ilə bağlı öncədən
formalaşmış fikri olan tərəfdar bu informasiyada onun təsəvvürlərinin əksi olan
(psixoloqlar bunu „neqativlik effekti“ adlandırırlar) informasiyaya çox
fikir verəcək və yadda saxlayacaqdır.
Digər tədqiqatçılar bu effektin yalnız informasiyanın məzmunundan
deyil, həm də informasiya mənbəyindən də aslı olduğunu da qeyd etdilər. Belə
ki, ən yaxşı jurnalist baş verənləri nə qədər tərəfsiz işıqlandırmağa səy etsə
də, bir-biri ilə əks mövqedə olan tərəflər bitərəf xəbərlərdə əks tərəfin
fikirlərinin müdafiə edildiyini „görəcək“.
Tərəfdarın xəbərdə əks tərəflərin mövqeyinin daha çox işıqlandırıldığını „görməsi“ jurnalistin şəxsiyyətindən,
həm də informasiyanı hansı KİV-nin təqdim etməsindən də aslıdır. Tərəfdarın
jurnalistə və KİV-ə rəğbətinin olub-olmaması təqdim edilən informasiyanın
qavarnılmasına təsir edə bilər.
İnformasiya mənbəyi informasiyanı qəbul edənə nə qədər
yaxındırsa (ideoloji, sosial, dini baxışların yaxınlığı və hətta cografi
yaxınıq) düşmən media efektinin təsiri bir o qədər də az ehtimal ediləndir.
Bu fenomeni araşdıran tədqiqatçılar „sadiqlik“ anlayışından tez-tez istifadə edirlər. Yəni informasiyanı alan tərəfdar şəxs hər
hansı düşüncəyə nə qədər çox sadiqdirlərsə, bu effekt özünü daha çox göstərir.
Bununla o, öz şəxsi dəyərlərini müdafiə etmiş olur, yaxud həmfikir qrupun təsiri
altında bunu edir.
Düşmən media effektinin nisbiliyi
KİV-də gedən xəbərlərə düşmən media effektinin təsiri
araşdırılan yuxarıda qeyd edilən tədqiqatlarda maksimum bitərəf
informasiyalardan istifadə edilmişdi. Sonrakı araşdırmalarda informasiya
agentliklərinin müyyən ideologiya daşıyıcısı olmağa başladığını nəzərə alındı və
tədqiqatlarda obyektiv informasiyanın daha az olduğu xəbərlərdən istifadə
edildi.
Bu tədqiqatlar göstərdi ki, xəbərə müyyən oxucu qrupundan ədalətli
yanaşma gözləmək əbəsdir. Belə ki, əgər mətbuatda gedən yazı „sadiq tərəfdar“-ın
baxışları ilə üst-üstə düşürsə açıq-aydın qeyri-obyektiv yazı onun tərəfindən
„bitərəf “ hesab edilə bilər. Həmçinin hər-hansı məsələdə açıq-aydın ifadə edilən
mövqeyə malik insan qeyri-obyektiv yazını ədalətli də hesab edə bilər, amma bir
şərtlə ki, yazıda müəllifin əks tərəfə „hücumu“ olsun.
2000-ci ildə bu tədqiqatları aparanlardan biri A. Gunther
(ABŞ, Wisconsin-Madison Universiteti) bunu „Nisbi düşmən media effekti“ kimi adlandırdı.
Çoxsaylı tədqiqatlar onu da göstərdi ki, düşmən media effekti
mühafizəkarlığa meyilli insanlarda liberallara nisbətən daha tez-tez rast gəlinir.
Bir çox tədqiqatçılar əmindirlər ki, bu günkü İnnernet-nəşrlər
dövründə düşmən media effekti özünü daha çox göstərə bilər.
Dəyəri kim diqtə edir?
Yazının əvvəlində gətirdiyim sitatlar jurnalist Sevinc
Telmanqızının „Günahı olmayan… daşı birinci atsın“ yazısındandır („Yeni
müsavat“, 14.04.2018). Həmin yazıda müəllifi maraqlandıran „dəyərləri kimin
verməsi“ məchulu təkcə bizim jurnalistləri maraqlandırmır. Bu həqiqətən də həll
edilməsi vacib olan bir tənlikdir, amma bir məchullu deyil, çoxməchulludur.
„Düşmən media effekti“ araşdırılması, öyrənilməsi vacib olan məchullardan
biridir, xüsusilə də bizim cəmiyyət üçün. Dünyada bu istiqamətdə bir sıra
addımlar atılıb.
Bu yazı heç də həmin tənliyin həllinə deyil, tənliyin məchullarından
birisi barədə qısaca məlumat verməyə yönəlib. Bu məchulun öyrənilməsində kiçib
bir addım sayıla bilər. Unytmayaq ki, yol kiçik addımlardan başlaylır.
Bu gün cəmiyyətimizdəki KİV-lərlə təmasda olan insanların əksər
hissəsi təhtəlşürün təsiri altında hərəkət edir.
Mediasavadlılıq deyilən anlayışla əksəriyyətimiz tanış deyilik.
Bir çox ölkələrdə isə bu orta və ali məktəblərdə müxtəlif fortmalarda bir fənn kimi tədris olunur.
Əlbəttə, idelada yaxşı olardı ki, hər bir insan informasıyanı qəbul
edib, qərar verməmişdən öncə öz-özünə sual versin:
-mən buna qərəzli yanaşmıram
ki?
-bəlkə də bunu mənim baxışlarımı bölüşməyən kiminləsə müzakirə edim?
-məsələlərə
qərəzli yanaşmayan kimindənsə bəlkə məsləhət alım?
Amma belələri hələki, çox azdır. Bunun gunahkarı heç də həmişə
oxucu deyil. Bu günkü oxucunu KİV-lər onilliklər boyu formalaşdırıblar.
İnsan aldığı informasiyaları uzun müddət hafizəsində saxlyaylr. Xüsusilə də
neqativ informasiyaları. Bu da qavrayışımızın mexanizimlərindən biridir.
İnsan neqativə daha çox meyl edir, yəni buna təlabat var. Bunun
niyəsi başqa yazının mövzusudur. Lakin bu da həqiqətdir ki, təlabat varsa, təklif
də olacaq. Amma kommersiya marağını güdən KİV-lər dahi Nizaminin „sözün su kimi
lətafətli“ olması, amma suyun da „artıq içiləndə dərd verməsi“ barədə nəsihətlərini
də unutmamalıdırlar.
Bu gün mediaya
inamın itməsi təkcə bizim problemimiz deyil. Almaniyanin Deutsche Welle
informasiya agentliyinin baş redaktoru Ines Polun inamın itməsi ilə bağlı
„KIV-lərə inamın itməsi demokratiya üçün təhlükədir“ məqaləsindən sitat da bunu
təsdiq edir: „Əslində biz jurnalistlər də olanlarda qismən məsuliyyət daşıyırıq.
Biz, KİV-ləri ərsə gətirən insanlar, nəyin yaxşı, nəyin pis olduğunu öyrətmək əvəzinə,
onların sərhədlərini çəkməyi bacarmalıyıq.“
„Günahı olmayan…
daşı birinci atsın“ yazısındakı „Dəyəri kim verir?“ sualı başqa sual da
doğurur: „Dəyəri kim diqtə edir?“
İnsanı və deməli oxucunu
da formalaşdıran onu əhatə edən mühitdir, KİV də bü mühitin tərkib hissəsidir.
İngilis musiqiçisi, həm də orjinal fikirlər müəllifi D.Boyunun sözləri ilə desək
: „Mənə elə gəlir ki, müəyyən mənada biz yeni insan yaratdıq. Bizim
yaratdığımız üşaq tipi, KİV-nin təsirinə o qədər meyillidir ki, artıq 12
yaşında o, öz valideynləri üçün itirilmiş olur.“
Düzdür, elə
insanlar da var ki, istənilən məsələ barədə öz xüsusi fikri var, hətta bu məsələdən
azacıq anlayışı olmasa belə. Amma ətrafın təsiri danılmazdır. KİV insanın düçüncələrinə müsbət və mənfi təsir
göstərə bilər. Belə müsbət təsirlərin biri olan „Papaqeno effekti“ barədə „Kimi
təqlid etməli?“ („Yeni avaz“, 18.04.2018) adlı yazıda fikirlərimi bölüşmüşdüm.
Motstartın qəhrəmanını məhz ətrafın münasibəti xilas edir. Həmin fikirlərlə istəsənin
buradan da tanış ola bilərsiniz:
Bu yazını isə həm
jurnalistləri, həm də oxucuları əhatə edən mühitin daha pozitiv olması arzuları
ilə bitirmək istəyirəm.
Qeyd: Yazı hazırlanarkən ru.wikipedia.org, studopedia.info,
ru.knowledgr.com, dw.com, bbc.com və digər internet resurslardan istifadə
edilib.
Cəmil Əsədov,
asadovcamil@gmail.com
Kommunikasiya effektləri: media həqiqətən günahkardırmı?
Reviewed by Camil Asad
on
4.6.18
Rating:
