Weather forecast for Zardab

Feat Section

[label1][feat1]

Zərdabda nələr olub: 2009-cu ilin noyabr ayı

12.11.18

Zərdab xəbərları: zardab.com.az-ın arxivindən 

 /01.11.2009/ Zərdablı sahibkarlara da kredit verildi

  Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir Ağcabədidə keçirilib. Fonddan www.zardab.com.az-a verilən məlumata görə, burada 100-ə yaxın sahibkara güzəştli kreditlər verilib. Sonda müvəkkil kredit təşkilatları vasitəsilə Ağcabədi, Füzuli, Beyləqan, Zərdab, Bərdə, Yevlax, İmişli, Ucar, Biləsuvar və Neftçalanın 100-dən çox sahibkarına 1 milyon manata yaxın kreditlər verildi. Kreditlər vasitəsi ilə bu rayonlarda 150-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edək ki, ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan 195-2 telefon xidmətinə zəng etməklə müraciətlərə cavab almaq mümkündür. Təmənnasız telefon xidməti iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir. 

/05.11.2009/ Pərvanlı kəndində sakinlərlə görüş keçirib

        Noyabrın 4-də Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Pərvanlı kəndinə gələrək sakinlərlə görüş keçirib. www.zardab.com.az-a bu barədə Məmməd Rahim adına Pərvanlı kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi İntiqam İsmayılov məlumat verib. Məlumata görə, tədbirdə çıxış edən Lütvəli Babayev son illər Zərdabda görülən işlərdən danışıb. Prezident İlham Əliyevin tapşırığı ilə rayon icra hakimiyyəti başçılarının ayda 4 dəfə sakinlərlə görüşlər keçirdiklərini qeyd edən icra başçısı növbəti belə görüşün Pərvanlıda baş tutmasından məmnunluğunu qeyd edib. İcra başçısı 2010-cu ildə Pərvanlıda yeni məktəb binasının tikilib istifadəyə veriləcəyini qeyd edib. Onun sözlərinə görə, köhnə məktəb binasında isə kənd xəstəxanası və uşaq bağçası yerləşəcək. Daha sonra çıxış edən sakinlər göstərdiyi diqqətə görə, Lütvəli Babayevə minnətdarlıqlarını bildiriblər. Tədbirdə kənd sakinlərini narahat edən problemlər də müzakirə edilib. 

/09.11.2009/ Zərdabda "donuz qripi" şoku

        Noyabrın 8-də Zərdab rayon Mərkəzi Xəstəxanasına şübhəli qrip virusuna yoluxduğu ehtimal edilən 1966-cı il təvəllüdlü bir nəfər yerləşdirilib. Həmin şəxs bu il noyabrın 5-də Rusiyanın Novosibirski vilayətindən Ukrayananın Kiyev şəhərinə gəlib. Oradan da bilet alaraq Azərbaycana daxil olub. Yaşadığı Zərdab rayonuna gələn şəxsdə ağır qrip simptomları müşahidə olunduğu üçün o, Zərdab rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Füzuli Abdullayev deyib ki, xəstədən alınan qan nümunələri təhlil edilməsi üçün Bakıdakı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib: "Bu barədə Səhiyyə Nazirliynə xəbərdarlıq edilib. Xəstə izolyasiya olunub, hazırda onun vəziyyəti kafidir". Son məlumatlara görə, Zərdab rayon Mərkəzi Xəstəxanasına şübhəli qrip virusuna yoluxması səbəbindən yerləşdirilən 1966-cı il təvəllüdlü şəxsdən götürülmüş qan nümunələri analiz edilib. Zərdab rayon Mərkəzi Xəstəxanasının baş həkimi Füzuli Abdullayevin sözlərinə görə, təhlil zamanı məlum olub ki, xəstədə H1N1 virusu yoxdur. O, sadəcə ağır qripə yoluxub". 

/16.11.2009/ Nazir zərdablı gənci mükafatlandırdı

    Zərdab rayon musiqi məktəbində xanəndəlik ixtisası üzrə təhsil alan Fikrət Telman oğlu Vəlizadə bugünlərdə "İstedadlı uşaqlar" ümumrespublika müsabiqəsinin qalibi olub. F. Vəlizadə bu mükafata yüksək ifaçılıq məharətinə görə layiq görülüb. İstedadlı həmyerlimiz Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin qərarı ilə xüsusi diplomla təltif olunub. 

/23.11.2009/ Zərdabda arıçılıq inkişaf etdirilir

    Son illər Zərdab rayonunda arıçılığın inkişafı üçün müəyyən tədbirlər görülür. Zərdab rayon İcra Hakimiyyətindən www.zardab.com.az-a verilən məlumata görə, bu məqsədlə rayonda görülən işlər də iqlim şəraiti də nəzərə alınıb. Ümumilikdə isə 2015-ci ilədək Zərdabda arı təknələrinin sayının 410-a çatdırılması proqnozlaşdırılır. İndiyədək isə Burunlu, Məlikli, Körpükənd, Birinci Alıcanlı, Pərvanlı, Siləyli, Kəndəbil, Məlikmudlu, Şahhüseyinli, Çallı kənd və Zərdab şəhər bələdiyyələrində fiziki şəxslər tərəfindən 200 arı ailəsi yaradılıb. Qeyd edək ki, hər il respublikada keçirilən yarmarkalarda rayonumuzun arıçıları da öz məhsulları ilə iştirak edirlər. 

Zərdabda nələr olub: 2009-cu ilin noyabr ayı Zərdabda nələr olub: 2009-cu ilin noyabr ayı Reviewed by Camil Asad on 12.11.18 Rating: 5

Yazıçının tərki-dünya olaraq yazdığı şedevr haqqında 9 maraqlı fakt

10.10.18

  Hüqonun "Səfillər"-i haqqında maraqlı məlimatlar  

  Viktor Hüqonun 1862-ci ildə nəşr olunmuş və XIX əsrin ən mükəmməl nəsri hesab edilən “Səfillər” romanı haqda 7 maraqlı faktı zərdab.blogspot.com tədim edir. Yazı internetin rus dilli sektorundan seçilmiş müxtəlif məlumatlar əsasında Cəmil Əsədov tərəfindən hazırlanıb.
Zərdab blog təqdim edir Hüqo Səfillər

1.“Səfillər” romanına  Viktor Hüqo həyatının 20 ildən çoxunu sərf edib.  Yazıçı bəzən depressiyaya düşür, romanı davam  etdirməyə həvəsi olmurdu. Bu durumdan çıxış yollarını axtaran yazıçının gizli silahların biri onu əhatə edən mühitdən tamamilə uzaqlaşması idi. Bu zaman Hüqo tərki-dünya həyat tərzi keçirirdi. Belə yaşam ona öz təxəyyül və fantaziyasının dərinliklərinə enməyə  kömək edirdi. O, evə qapanır, heç kimi qəbul etmir, paltardan imtina edir, qələm və kağızla silahlanaraq qəhrəmanları ilə baş-başa qalırdı. Xidmətçilərə göstəriş vermişdi ki, azacıq da olsa nəsə yazmasa paltarlarını ona qaytarmasınlar.

2.Böyük ehtimalla, Hüqo poçt tarixində ən qısa yazışmanın müəllifidir. 1862-ci ildə “Səfillər”-in nəşrindən sonra o, həyəcan və səbirsizliklə oxucuların əsərə münasibətini bilmək istəyirdi. Odur ki, naşirə cəmisi bir  “?” işarəsindən ibarət teleqram vurur. Naşirin də cavabı layiqli olur, Hüqo  cəmisi bir “!” işarəsindən ibarət cavab alır. 

3.Həyatinin 16 ilini Viktor Hüqo Parisin Rohan-Guemene otelinin ( de Rohan-Guemenee)  sonuncu mərtəbəsində  yaşayıb. 280 kv. metrlik  apartamentdə “Səfillər” üzərində işləyən Hüqo burada Lamartin, Alfred de Vini, Aleksandr Düma, Balzakla tanış olur. Hazırda burada Hüqonun ev-muzeyi yerləşir. Yeri gəlmişkən  Aleksandr Düma öz “Üç müşketyor”-unda miledi Vinteri nəhz bu oteldə yerləşdirir

4.Amerikada Vətəndaş müharibəsi zamanı “Səfillər” əsgərlər arasında populyarlaşır. 1862-ci ildə nəşr edilən əsər artıq həmin ilin sonunda ABŞ-da ingilis dilinə tərcümə edilərək geniş yayılır – xüsusilə də hərbiçilər arasında.  

5.Roman bir neçə dəfə ekranlaşdırlıb. Onun əsasında 1985-ci ildə çəkilən müzikl bir neçə “Toni” (Amerikada hər il teatr sahəsində qazanılan uğura görə verilir)  mükafatına layıq görülüb.

6.21-dən çox dilə tərcümə olunan əsər əh çox Fransada və Britaniyada ekranlaşdırılıb. 2012-ci ildə kinoteatrlarda nümayişinə başlanan bu filmlərdən biri tamaşaçılar tərəfindən daha maraqla qarşılnıb. “Səfillərin” ekran variatında baş rolları Hyu Cekman (Hugh Michael Jackman) və Enn Heteuey (Anne Hathaway)  oynayıblar. 

7.Hüqonun əsərlərinə uşaqlar üçün əlavələr Rusiyada 1860-cı illərin sonundan çap edilməyə başlanıb. Bunlar “Səfillər”-in Kozettasına və böyük hadisələrin kiçik qəhrəmanı Qavroşa həsr olunub. Sonradan Hüqonun qəhrəmanları haqqında əlavələr ilbəil artmağa başlayıb. Bu ənənə SSRİ-nin dövründə də davam etdirilib. 1960-1980-cı illərdə onlar hətta “Səfillər”-in özündən daha tez-tez çap edilirdi və bütün SSRİ ərazisində, o cümlədən Azərbaycana da geniş yayılmışdı.

8.Hər il Moskvada “Qavroş” Beynəlxalq uşaq tamaşaları festivalı keçirilir. Bu festivalın fərqləndirən cəhət odur ki, hər il bir ölkənin teatrlarına həsr olunur və yalnız həmin ölkənin mədəniyyəti, onun adət və ənənələri təqdim edilir.

9.Paris metrosunun stansiyalarından birinə Viktor Hüqonun adı verilib. Bu stansiya onun adını daşıyan meydanda yerləşir. Həmçinin Merkuridə Hüqo adına krater vardır.
Yazıçının tərki-dünya olaraq yazdığı şedevr haqqında 9 maraqlı fakt Yazıçının tərki-dünya olaraq yazdığı şedevr haqqında 9 maraqlı fakt Reviewed by Camil Asad on 10.10.18 Rating: 5

Zərdablı dilçi alimin həyatından 10 fakt

9.10.18

 Həmyerlimiz, Zərdabın Əlvənd kəndindən olan M.Məmmədıinin 60 yaşı tamam olur

  Zərdabın Əlvənd kəndində dünyaya göz açmış ziyalımız, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, filologiya üzrə elmlər doktoru, görkəmli dilçi alim Məhərrəm Əvəz oğlu Məmmədlinin ömrünün 60-cı ili geridə qalır. 
  60 illik zirvədən nələr görünür? Bunu Məhərrəm müəllim daha yaxşı bilir. Bizi isə bildiklərimizdən, gördüklərimizdən  10 faktı sizinlə bölüşürük.

zərdablılar məhərrəm məmmədli
  1. M.Məmmədli 1958-ci il oktyabrın 10-da Zərdab rayonunun Əlvənd kəndində anadan olub. Orta məktəbi Göyçay şəhərində bitirib. 1980-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmiş və 1986-cı ilədək İsmayıllı rayonunda müəllimi vəzifəsində işləmişdir.
  2. 1986-cı ildən Dilçılik İnstitutunda elmi fəaliyyətlə məşğul olmağa başlayan Məhərrəm müəllim, 1989-cu ildə “Azərbaycan dilinin Təbriz dialekti” mövzusunda namizədlik, 2006-ci ildə “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 
  3. 1998-ci ildən isə BDU-da çalışır. Hazırda türkologiya kafedrasının professorudur. Həmçinin Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə Ekspert Şurasının üzvü olub. 2015-ci ildən Dilçilik İnstitutunda Dissertasiya Şurasının üzvü,  2008-ci ildən BDU-nun Filologiya fakültəsinin Tədris Metodiki Şurasının sədridir.
  4. Onun 5 kitabı, 100-ə yaxın elmi və publisistik məqalələri onu respublikamızın hüdudlarından kənarda da tanıtmış, ona nüfuz qazandırmışdır. Əsərləri Ankara, Simferopol, Tehran, Qars, Ufa şəhərlərində çap olunub.
  5. İxtisaslı elmi kadrların hazırlanmasında yaxından iştirak edən Məhərrəm müəllimin rəhbərliyi  altında iki fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuş,  7 dissertasiya işinin müdafiəsində o, rəsmi opponent kimi çıxış etmişdir.
  6. “Zərdab sizin üçün nə deməkdir?” – sualının cavabında “ Zərdab ana yurdumdur” - deyir. Eyni zamanda mərhum alimimiz Fuad Qasımzadənin sözlərini əlavə etməyi də unutmur: “Həsən bəy Zərdabinin doğulduğu yer ziyalıların qibləgahıdır”. 
  7. Məhərrəm valideyn və müəllimləri ilə yanaşı həm də özünü ömür yollarımda həmişə ona dayaq olmuş el-obaya borclu sayır. Fürsət tapdıqda toyda-yasda iştirak edir, sevinc və kədərlərinə şərik olur.
  8. Yaxınlarının dediyinə görə Məhərrəm müəllim həm də utancaqdır. Deyə bilərsiniz ki, bu yaşda nə utancalıq? Bu utancaqlıq abırdan, həyadan irəli gəlir.  Bəlkə də bu ifədələrin artıq köhnəlik sayılmağa başladığı bir zamanda, az tapılan bu xarakteri utancaqlıq kimi ifadə edir yaxınları.
  9. Məhərrəm müəllimə görə səsli- küylü şəhər həyatından uzaqlaşmaq, sakit kənd həyatı keçirmək, çayların şırıltısını dinləmək, dağların və meşələrin gözəlliyindən zövq almaq, kənd ağsaqqalları və ağbirçəkləri ilə şirin- məzəli söhbətlər ən yaxşı istirahətdir.
  10. Sonucu isə əslində fakt deyil, arzulardır, təbriklərdir. Biz Məhərrəm müəllimə müxtəlif vaxtlarda yönəlmiş müxtəlif arzu, istək və təbriklərdən bəzilərini toplayıb, Məhərrəm müəllimə yenidən yönəldirik. 
  Biz də bu təbriklərə qoşulur, həmyerlimizə yeni uğurlar arzulayırıq.
zərdablılar məmmədli məhərrəm

Bizə dərs deyən dəyərli müəllimimiz, Yaxşı ki sizin kimi şəxsiyyəti tanıdıq.Haqqınızı halal edin, Sizin kimi müəllimlərin qədrini bilmək lazım. —Aynure İlqarqizi, Nigar Aliyeva, Məhərrəm Məmmədli, Rahima Kudratli, Mehriban Hesimli vəTogrul Babayev Sulutlu ilə birlikdə.
Əziz qardaşım Məhərrəm Məmmədli! Hər bir insan bu dünyaya arzuların qanadında gəlir, arzuların işığında öz ömürnaməsini yazır, uzaqdan boylanan zirvələrə doğruaddımlayır... Siz dərin elmi, zəngin biliyi, bütöv şəxsiyyəti ilə sayılıb-seçilən alimlərimizdən biri kimi Azərbaycan dilinin keşiyində qətiyyətlə dayanır, bütövlükdə türkologiyanın inkişafına sanballı töhfələr verirsiniz. Bu gün öz sözü, öz imzası olan elmlər doktoru, professor kimi Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyətinizlə gənclərə nümunə göstərirsiniz! Sizinlə birgə uğurlu gələcəyə doğru yürüməkdən qürur duyuruq! Səmimi dost, sədaqətli insan, parlaq şəxsiyyət kimi həmişə var olun! Ad gününüz mübarək!!! Daha uca zirvələrdə görüşək!!!   Knyaz Aslan 
 Məhəmməd müəllim,siz dəyərli alim, ləyaqətli insan, qeyrətli vətəndaşsınız.Əsil insana gərək olan keyfiyətləri özündə cəm etmisən . Ad günün mübarək olsun. Nizami Mamedov
Təbrikər, təbriklər və bir də təbrikər! 90 yaşını Kürün qırağında keçirməyini arzulayıram! Sarvan Kerimov 
Zərdablı dilçi alimin həyatından 10 fakt Zərdablı dilçi alimin həyatından 10 fakt Reviewed by Camil Asad on 9.10.18 Rating: 5

Böyük hadisələrin kiçik qəhrəmanı

1.10.18
 Viktor Hüqo və onun “Səfilləri” – nin təqdimata ehtiyacı yoxdur. Onun qəhrəmanları çətinlikləri dəf edən və bu zaman öz seçimlərinə və məqsədlərinə sadiq qalan insanlardır. Bu qəhrəmanlar möhtəşəmdirlər.
 Ötən dəfə siz onun iki qəhrəmanı yepiskop MoilliniKozetta ilə tanış oldunuz. Növbəti qəhrəmanımız əsərdə aydın və əhatəli təsvir edilən Qavroşdur. Bu obraz sonradan fransız ruhlu qəhrəmanlığın və azadlığın simvoluna çevrilib. 


Qanun nəşriyyatı qavroş kozetta səfillər

     Obrazın yaranma tarixi

  Yuxarıdakı keçidlərdə yerləşən yazılarda qeyd etdiyim kimi Hüqonun qəhrəmanları real həyatdan götürülən və yazıçı təxəyyülünün yenidən canlandırdığı obrazlardır. Qavroş da istisna deyil.
  Ədəbiyyatşünaslar belə güman edirlər ki, Qavroşun prototipi “azadlıq şəhidi” adlandırilan təbilçi oğlan  Jozef Bara (Barra)-dır. (fr.,  Joseph Bara, Barra; 30 iyul 1779 – 7 dekabr 1793).
  Bu respublikaçı oğlan inqilab uğrunda döyüşlərdə həlak olub. Sonradan bu adın ətrafında müxtəlif rəvayətlər yaranır.
   Avionlular isə əmin idilər ki, Qavroş onların həmyerliləri, düşmənlə döyüşdə həlak olmuş gənc Aqrikolu təcəssüm etdirir. 
   Düzdür, bu gənclərin və Hüqonun qəhrəmanlarının tərcümeyi-halları arasında oxşarlıq yalnız onların gənc yaslarında həlak olmalaridir. Amma Hüqo üçün heç də hadisələrin dəqiq axını vacib deyil. O, bir neçə qəhrəmanin cəsarətini özündə birləşdirən  obraz yaratmaqla yeni dövrün başlanğıcını qoyan hadisələrdə igid və qorxmaz yeniyetmələrin rolunu  təsvir etmişdir. 

    Qavroş kimdir? 

  Qavroş Paris inqilabı zamanı həlak olan baxımsız uşaqdır. O, qamendir. Qamenlər  qrup halında yaşayan, valideynləri tərəfindən küçəyə atılmış 7-11 yaşlı oğlan uşaqlarıdır. Valideynlərin onlar üçün nə pulu nə də ki vaxtları var. Hüqo Qavroşun timsalında qameni belə təsvir edir.

  "Qavroşun nə sığınacaq yeri, nə yeməyi, nə də əzizləyib, himayə edəcək bir adamı var. Amma qüssələnmir, çünki sərbəst idi. Lakin atılmış olsa da, bəzən ağlına gəlirdi: “Gedim anamı görüm”. O, vərdiş etdiyi yerləri, səsli-küylü meydanları, bulvarı tərk edər, sahil küçəsinə enər, körpülərdən keçər və sonda kasıblığın, yoxsulluğun məskunlaşdığı şəhər kənarındakı daxmaların birinə gələrdi.
  Bu kasıb daxmada həmin şən uşağın ailəsi yaşayırdı. O gəlirdi və burda yoxsulluq və qəm-qüssədən başqa heç nə görmürdü.  O, burada heç bir mehriban təbəssüm görməmişdi - ən kədərlisi də məhz bu idi. Boş ocaqlar kimi, ürəklər də soyuq idi.  
  O buralarda görünəndə ondan soruşurdular: “Haradan gəlirsən?”. O cavab verirdi: “Küçədən”. 
O gedən zaman isə, soruşurdular: “Haraya gedirsən?” . “Küçəyə” – deyərək o cavab verirdi. 
Anası isə onun arxasınca qışqırırdı: “ Sənə burada nə lazım idi?”
   Oğlan, zirzəmidə bitən solğun, xırdaca bir ot kimi, sevgi və nəvazişdən məhrum yaşayırdı. O, bundan nə əziyyət çəkir, nədəki kimisə  günahlandırırdı. O heç lazımınca bilmirdi ki, ata-ana necə olmalıdır.”

  Qamenlər bir tikə çörəyə möhtacdırlar, amma teatr tamaşalarına gizlin baxırlar. 
 Onların daimi yatacağı və paltarları yoxdur, amma burunlarının üstünə düşən səliqəli baş geyimləri var. 
  Qamen olmaq asan deyil, bunun üçün digər sosial təbəqələrin hörmətini qazanmalısan. 
  “Səfillərin” bir hissəsi bu qamenlərdən biri Qavroşun – böyük qəlbli kiçik insanın acı, amma ləyaqətli taleyindən bəhs edir. İnqilab və kasıbçılıqdan üzülmüş Parisin küçələri onlar üçün həm atadır, həm də ana. Hüqo onları Parisin üşaqları adlandırır:
Əgər bu böyük şəhərədən qamenin kimliyini soruşsaydılr, o belə cavab verərdi: “ Bunlar mənim uşaqlarımdır.”
huqo qavroş kozetta səfillər

    Qavroşun xarakteri

   Qavroşun həyatı və ölümü, sanki əsərin əsas süjet xəttindən kənarda baş verir. Amma əsərin əsas qəhrəmanı Jan Valjan və balaca səfil Qavroş arasında incə oxşarlıq var – onların hər iksi cəmiyyətdən rədd edilmiş insanların ən qiymətli xüsusiyyətlərini özlərində təcəssüm etdirilər. Bu xüsusiyyətlər hansılardır?
  •   davranış və xasiyyətlərində saflıq;
  •   müstəqillik;
  •   mərhəmət;
  •   yaxınlara sevgi;
  •   fədakarlıq. 

 Quldurlara yaxın əlaqədə olan Qavroş qarət və oğurluqda iştirak etmir, amma məhbusa həbsxanadan qaçmağa kömək edir. 
  Küçədən tapdığı ac və baxımsız uşaqlara sığınmaq üçün yer verir, özünün uşaq olmasına baxmayaraq onların yaşayışı üçün məsuliyyəti öz üzərinə götürür. 

 Qavroşun ölümü

   Hüqo Parisin qamenləri haqqıda hekatətinə bu sözlərlə başlayır:
  Nə vaxtsa, çox illər əvvəl, Parisin evsiz uşaqları çox idi, meşənin isə quşları.  Quşları sərçələr adlandırırdılar, uşaqları isə qamenlər. 
   Qamenlərdən biri - ölümlə gizlənqaç oynayan  Qavroşun ölümü də quş ölümünü xatırladır- son nəğməsini bitirə bilməyən quşun ölümünə: 

“O ölümlə gizlənqaç oynayırdı. Ancaq budur, başqalarından daha dəqiq və daha xain bir güllə, bu sayrışan uşağa, igid balacaya dəydi. Qavroş səntirlədi və yıxıldı. Barrikadadan dəhşət səsləri ucaldı. Sifətindən nazik qan şırnağı süzülən Qavroş yenidən qalxdı. O, hər iki əlini göylərə qaldırıb, güllə atılan tərəfə baxaraq yenidən oxudu:
               Kiçik quşcuğazam, lap xırdayam mən,
               Sahibi olmadım qazanclı yerin.
                Mənim taleyimin sındı təkəri,
               Təqsiri ucundan ...
  Amma o, son nəğməsini bitirə bilmədi. Nişançının ikinci gülləsi oni əbədi susdurdu. Bu dəfə o, daş yola yıxıldı və bir daha tərpənmədi. Onun kiçik və əzəmətli ruhu göylərə qovuşdu.
  Balaca uşaq və böyük qəhrəman öldü.” ("Qavroş"-dan seçmələr)

 Hüqonun əsərlərinə əlavələr: "Qavroş"

  “Səfillər” romanının motivləri əsasında müxtəlif  əlavələr hazırlanıb. Bu  barədə yuxarıda qeyd etdiyim  "Hüqonun “Səfillər”-i və onun əlavələri: “Kozetta”" adlı yazıda geniş yazıldığından burada onları təkrar etməyə lüzum yoxdur. 
  Bu əlavələrdən biri - "Qavroş" - sonuncu dəfə “Qanun” nəşriyyatında 2018-ci ildə nəşr olunub (Viktor Mari Hüqo,  "Qavroş", Qanun nəşriyyatı, 96 səhufə, tərcüməçi Cəmil Əsədov).
   Bu əlavədən səfil, amma mərhəmətli uşaq, böyük hadisələrin kiçik qəhrəmanıb taleyi barədə həm özünüz oxuyun, həm də oxumaq üçün uşaqvarınıza tövsiyə edin. 
   Kitabı nəşruyyatın syatından da sifariş ermək olar. 
   Əldə etmək ustəyənlərə biz də kömək edə biləruk. Bunun üçün bizimlə "Əlaqə" səhifəmizdəki ünvanlar yaxud sosial şəbəkə səhifələrimiz vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.

Cəmil Əsədov
asadovcamil@gmail.com

Böyük hadisələrin kiçik qəhrəmanı Böyük hadisələrin kiçik qəhrəmanı Reviewed by Zardob on 1.10.18 Rating: 5

Səmaları fəth edən zərdablılar

28.9.18
  Maarif Qurbanov Zərdabın Əlvənd kəndindəndir. Bizim daimi oxucularımızdandır. Onun rəy və təklifləri bizim üçün həmişə qiymətli, oxucularımız üçün maraqlı olub (bax:"Əlvənd" toponimi haqqında")
  Bu dəfə o, bizi əslən Əlvənd kəndindən olan gənc təyyarə komandiri Ruslan Qəniyevlə tanış edir. Bu sadəcə tanışlıq deyil, həm də dayının bacıoğluna ünvanlanmış təbrikidir. 
   
  Dayı təbrikinə biz də qoşulur, həmyerlimizi təbrik edir, ona can sağlığı arzulayırıq.
zərdablı pilot ruslan adil qəniyev

Zərdablı gənc təyyarə komandiri Ruslan Qəniyev, ad gününüz mübarək!

  Hər bir sahədə olduğu kimi, mövcud olan peşələrin hər birinin ayrı - ayrılıqda öz gözəlliyi, məsuliyyəti və çətinlikləri olur. İstər müəllim olsun yaxud həkim, istərsə də dənizçi, fərqi yoxdur, insan öz sənətinə sevə - sevə tam məsuliyyətlə yanaşdıqda insanlar tərəfindən sevilir, həm də nəticə mükəmməl olur.
  Deyərdim ki, bu sadaladığımız peşələrdən ən çox zərgər dəqiqliyi,  məsuliyyət tələb edəni təyyarəçi peşəsidir. Gənc təyyarəçi, əslən zərdablı Ruslana Qəniyəvə bu şərəfli peşəni sevməsinin və onu özünə həyat yolu seçməsinin səbəbkarı onun valideynləri olub. Ruslanın atası Zərdabın Əlvənd kəndindən olan təcrübəli təyyarə komandiri Adil Qəniyevdir.
Adil Qəniyev uzun müddət Rusiyada təyyarə komandiri, eskadrilya komandiri, aviasiya inspektoru kimi vəzifələrdə çalışıb. 1990-cı ildə Vətənə qayıdaraq dövlət milli aviasiya şirkətində fəaliyyətə başlayıb.
  O, sonradan Amerikanın Dallas şəhəri aviasiya şirkətində təhsilini artırır. Yenicə müstəqil olmuş ölkəmizin Hava Yolları (AZAL, АЗАЛ, ”Azerbaijan Airlines”) şirkətinə ilk  Boinq (Boyenq 737) sərnişin təyyarəsini də məhz A.Qəniyev, dəfələrlə bu təyyarədə komandir kimi uçuşlar edir.
 
zərdablı Ruslan Qəniyev pilot
   Atasının yolunu davam etdirən Ruslan Baki səhərində orta məktəbi bitirdikdən sonra Milli Aviasiya Akademiyasına daxil olur. Akademiyanı əla qiymətlərlə bitirərək bir müddət AZAL-da dispetçer kimi çalışır.
  Amma bu onu qane etmir. Təyyarəçi olmaq arzuları onu hər zaman səma şahini olmağa şövq edirdi. Arzusunun ardınca gedən gənc Ruslan ilk olaraq Milli aviasiya parkında təlim kursları keçir. Sonra isə Fransada, digər Avropa ölkələrində
sərnişin daşımalar üzrə təlim kurslarında iştirak edir.
Yeni bilik və bacarıqlar əldə edən gənc pilot ölkəmizə döndükdən sonra “Azal” avia şirkətində daxili sərnişin daşımalar üzrə reyslər həyata keçirməyə başlayır.
Sonradan bir müddət “Aerobus - 320“ sərnişin təyyarəsində 2- ci pilot kimi bir cox Avropa ölkələrinə uçuşlar həyata keçirir, daha mürəkkəb uçuşlarda təcrübə toplayır.
Artıq bir neçə ildir ki, gənc pilot Ruslan Qəniyev “Azal” avia şirkətində “Aerobus - 320“ sərnişin laynerinin komandiridir. Şirkət uçuşlarının əhatə dairəsini genişləndirdikcə gənc komandirin uçuş istiqamətləri də dəyişir. Onun idarə etdiyi sərnişin təyyarəsi MDB, Avropa, Yaxın Şərq ölkələrinin, qardaş Türkiyənin samısında qanad çalır, bu ölkələrə sərnişin daşımaları həyata keçirir.
Tam səmimiyyətimlə onu deyim ki, bir dayı - bacıoğlu kimi hər dəfə Ruslanla uçuşlarla bağqlı söhbət edərkən yaxşı mənada həsəd aparır, qürur duyur və düşünürəm ki, kaş mən də vaxtında təyyarəçi olaydım.
26 sentyabr Ruslan Qəniyevin ad günüdür. Mən bacım oğlunu bir daha sizin elektron resurs vasitəsi ilə təbrik edir, ona çətin, amma şərəfli peşəsində bütün qohumları, dostları adından uğurlar arzulayıram. İnanıram ki, Zərdabın, Əlvəndin adını qəlbində sərhədsiz səmalara qaldıran bu gənc, eyni zamanda təcrübəli komandirə yönəlmiş arzularıma sizlər, bu sərtlərin oxucuları da qoşulacaq və ona mənimlə birgə, pilotların təbirincə desək, həmişə yumuşuq enişlər etməyi arzulayacaqsınız.

Allah hamımızı qorusun.
Səmaları fəth edən zərdablılar Səmaları fəth edən zərdablılar Reviewed by Zardob on 28.9.18 Rating: 5

Zərdab xəbərləri: avqust-sentyabr 2009-cu il

17.9.18

zardab.com.az-ın arxivindən yeni seçimlər

/05.08.2009/ Həmyerlimizin yeni kitabı

paşa yaqub  Həmyerlimiz Paşa Yaqubun "Zərdabi" MMC Nəşriyyat Poliqrafiya müəssisəsində “Doğulan ümidlər” kitabının yeni , II nəşri çapdan çıxmışdır. Redaktoru Hacı Xalid olan “Doğulan ümüdlər” həmyerlimizin sayca 14-cü kitabıdır. Birinci nəşrdən fərqli olaraq bu əsərdə Azərbaycanın müxtəlif bölğələrində yaşamış övliyaların həyatına nəzər salınır və onların nümunəvi əxlaqı insanlara örnək göstərilir. 

/24.08.2009/ Zərdabda dövlət-din münasibətlərinin hüquqi bazası müzakirə olunub 

Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Zərdab rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonumuzda "Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi bazası" mövzusunda seminar treninq keçirilib. Tədbir şəhər icra nümayəndəliyinin binasının iclas salonunda baş tutub. Tədbirdə Zərdab rayon İcra Hakimiyyəti başçısının (RHİB) sosial-iqtisadi məsələlər üzrə müavini Pərvin Mahmudova, RİHB aparatı ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Urfan Əhmədov, DQİDK-in Qarabağ bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin baş məsləhətçisi Şəhriyar İsmiyev, Zərdab məscidinin axundu Hacı Feyzullah, rayonumuzdakı dini icmaların, dövlət qurumlarının əməkdaşları, ziyalılar və ağsaqqallar iştirak ediblər. Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb və bir sıra təkliflər ətrafında müzakirələr aparılıb. 

/01.09.2009/ Zərdab: rayon tarixində ən yüksək nəticə 

 ... Zərdab torpağı əkinçilik üçün nisbətən çətin, qeyri-məhsuldar hesab olunur. Lakin son illərin müsbət təcrübəsi göstərir ki, hava, iqlim və torpaq şəraitinə uyğun toxum seçilməsi, yüksək aqrotexniki qulluq nəticəsində bol məhsul götürmək mümkündür. Bu gün respublikanın hər yerində olduğu kimi, Zərdabda da çörək sarıdan heç bir nigarançılıq yoxdur. Daha dəqiq desək, hər bir ailə ilboyu özünə bəs edən qədər taxıl tədarük edə bilib. Digər kənd təsərrüfatı məhsulları da onun kimi. Bunun üçün biz kənd əməkçiləri, ilk növbədə, ölkə Prezidenti cənab İlham Əliyevə öz hədsiz minnətdarlığımızı bildiririk. Kəndin, kəndlinin indiki xoş güzaranı, firavan həyatı, bol və bərəkətli məhsul ölkə rəhbərinin gündəlik diqqət və qayğısının əyani nəticəsidir. 

/11.09.2009/ YAP-ın Zərdab rayon təşkilatında toplantı keçirilib


   Dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məqsədilə Yeni Azərbaycan Partiyasının (YAP) Zərdab rayon təşkilatında toplantı keçirilib. Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, toplantıda dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə olunub. Zərdab rayon təşkilatının sədri Tofiq Abdullayev bildirib ki, seçkiyə hazırlıqla əlaqədar bütün işlər plana uyğun gedir. Tofiq Abdullayev seçkilərlə bağlı qarşıda duran vəzifələr haqqında toplantı iştirakçılarına məlumat verib. O, rayon təşkilatının seçkilərdə fəal iştirak edəcəyini söyləyib. 

/11.09.2009/ Əslən zərdablı olan Mingəçevir sakininin meyiti Kür çayından tapıldı 


 Özünü Kür çayına atan şəxsin meyiti tapılıb. Mingəçevir şəhər Prokurorluğundan verilən məlumata görə, sentyabrın 4-də axşam saatlarında Mingəçevir şəhəri ilə Energetiklər qəsəbəsini birləşdirən körpünün üstündə taksidən düşərək özünü Kür çayına atan 1958-ci il təvəllüdlü Əliyev Elbrus Mürsəl oğlunun meyiti bu gün səhər saat 7:00 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları tərəfindən tapılıb. Mingəçevir şəhərindəki Sabir küçəsi ev 6, mənzil 36-da qeydiyyatda olan əslən Zərdab rayonundan olan E. Əliyevin cəsədi körpüdən 1 kilometr aralıda, çaydakı qamışların arasından tapılıb. Məlumata görə, iki uşaq atası olan E. Əliyev Mingəçevir şəhərində mənzillərdə santexnik işləri görüb. 

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb, araşdırma aparılır. 

/17.09.2009/ Prezident İlham Əliyev Zərdab şəhər 3 nömrəli orta məktəbi mükafatlandırdı


 Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə 2008/2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. www.zardab.com.az-ın Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müsabiqədə müvəffəqiyyət qazandığına görə Zərdab şəhər 3 nömrəli orta ümumtəhsil məktəbi də 10 000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb. www.zardab.com.az olaraq rayon təhsil işçilərini bu münasibətlə təbrik edir, uğurlarının davamlı olmasını diləyirik. 

Zərdab xəbərləri: avqust-sentyabr 2009-cu il Zərdab xəbərləri: avqust-sentyabr 2009-cu il Reviewed by Zardob on 17.9.18 Rating: 5

Sizin reklam

87
Powered by Blogger.