Weather forecast for Zardab

Ürfan Məmmədlinin sevgi hekayəsi

  " Kür Zərdab üçün Allahın bəxş etdiyi bir sərvətdir. "

urfan mammadli
 Ürfan Məmmədli  Zərdab rayonunun  Aşağı Seyidlər kəndində anadan olub. 8-ci sinifə qədər doğulduğu kənddə oxuyub,  orta məktəbi Nizami adına Şəftəxəl orta məkrəbində başa vurub. İxtisasca mühəndisdir - 1981-ci ildə İnşaat Mühəndsləri İnstitunu bitirib.  Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Elm-istehal Mərkəzində mühəndis, şöbə müdiri vəzifəsində çalışıb 92-ci ildən qəzetçiliklə məşğuldur. 2 qız atasıdır.

   Ürfan müəllimlə şəxsi tanışlığım yoxdur. O, yaddaşımda  zardab.com.az  saytının yaradıcı qrupunu ruhlandıran insanlardan biri kimi qalıb. 2007-ci ildə  Ürfan müəllimin saytın qonaq kitabına yazdığı
 - "Hörmətli qardaşlarim! Rayonumuz haqqinda zəhmət çəkib belə bir sayt hazirladiğınıza görə sizə dərin təşəkkürümü bildirirəm. Mən də zərdablıyam..." - sözləri həm də onun vətən sevgisinin bir təzahürü idi.
    Sonradan saytımızda yazıları da getdi. Bu yazılarda yurda sevgi, məhəbət hissləri var idi. O vaxtlar saytda gedən “Kəndimizə növbəti səfərim” adlı yazının (03 iyul 2009-ci il) sətrlərində doğma kəndinə bir sevgi duyulurdu: 
... Kəndimizin havasına söz ola bilməz. Xüsusilə səhər-səhər 1 saatlıq ciyərdolusu aldığım havanın ləzzətini Bakıda heç bir ildə də ala bilmərəm. Kürün sahilində gəzişib uşaqlıq xatirələrini yenidən vərəqləmək də başqa bir zövq verir. Kürdə indi əvvəlllər olduğu kimi balıq yoxdur. Bu səbəbdən balıqçılar da çəkilib evlərində oturublar. Həmkəndlilərim zarafatla deyirlər ki, sovet dönəmində "oğurluqla" balıq ovlayanda əməlli-başlı bəxtimiz gətirirdi, indi azad ölkəmizdə oğurluq olmasın deyə balıqlar da çəkilib gediblər.

   “Bir gözüm kəndimizdədir” adlı digər yazıda (yazı saytda 30.09.2009-cu il tarixdə yerləşdirilmişdi) isə kənddə ozünü gümrah , güclü hiss etməsindən söhbət açırdı:

“...Əzizim Vətən yaxşı, 

       Geyməyə kətan yaxşı, 

    Gəzməyə qərib ölkə, 

    Ölməyə Vətən yaxşı. 

    Bu bayatının ilk dəfə kimin dilindən səslənməsini bilməsəm də həmin adamın həsrətli günlər yaşadığına şübhə etmirəm. Çox güman ki, həmin adam qərib eldə yaşayıb və uzun illərdən sonra öz el-obası ilə görüşüb. Belə düşünməyimə əsasım da var. 

   Doğrudur, mən qərib eldə yaşamıram. 35 ilə yaxındır ki, ölkəmizin paytaxtında - Bakıda məskunlaşmışam. Bilmirəm, nədəndirsə kəndimizə gedəndə, el-obamla görüşəndə elə bilirəm ki, ömrümün Bakılı günlərini qəriblikdə keçirirəm. Əlbəttə, Bakı ilə bizim kəndimizin, rayonumuzun yaşayış səviyyəsini müqayisə etmək olmaz.
 Biz Bakıda daha rahat yaşayırıq. Paytaxtda hər cür şərait var, olmasa belə, onu öz imkanlarımızla düzəldə bilirik. Kəndimizdə isə yaşamaq üçün zəruri olan hər şeyi tapmaq mümkün deyil. Amma Aşağı Seyidlər kəndində özümü daha gümrah, daha güclü hiss edirəm.”
 

  
   09.06.2009-ci il tarxdə Nicat İsmayılovun  qələmə aldığı müsahibə isə Ürfan müəllimim əsl sevgi dastanı idi - vətənə, yurda, torpaga sevgsi əks olunmuşdu bu müsahiibədə. Həmin müsahibədən Ürfan müəllimin bəzi cavablarını bu gün yenidən sizin nəzərinizə çatdırırıq.

   “... Zərdab mənim üçün dünyanın başladığı yerdir. Əvvəllər elə bilirdim ki, dünya elə Zərdab boydadır. Sonra öyrəndim ki, Zərdab xəritədə belə, çətin tapılan kiçik bir yer imiş. Amma onun mənim öz dünyamdakı yeri elə uşaqlıq düşüncəmdəki kimi sonsuzdur. Mübaliğəsiz deyirəm: Zərdab mənim üçün kənddir, şəhərdir, ölkədir, qitədir. Bəzən dükan-bazardan bir köynək, paltar alanda satıcı başlayır malını tərifləməyə ki, təmiz Türkiyə malıdır. Həmin vaxt onun sözünü kəsib deyirəm ki, varsa mənə təmiz Zərdab malı ver....        

 .. Təkcə övladlarım deyil, həyat yoldaşım da Bakıda doğulmuş zərdablıdır. Beləliklə, biz sırf zərdablı ailəsiyik. Qızlarım kəndimizdə barmaqla sayılacaq qədər az olsalar da, özlərini zərdablı sayırlar. Belə sayırlarsa, deməli, xatirələrimi çox eşidiblər. Mənim üçün Azərbaycan əvəzsiz bir məmləkətdir, Zərdab isə onun ürəyi. Televizorda Zərdab adını görəndə, Bakıda nömrəsi 63-lə başlayan avtomobillə rastlaşanda doğma hisslər məni qoynuna alır.
  Təəssüf ki, ailəmlə birgə Zərdaba tez-tez gedə bilmirəm. Bir dəfə uşaqları kəndə aparmışdım, ağcaqanad onları dalaq-dalaq elədi, amma mənə dəymədi. Uşaqlar soruşdu ki, "ata, bəs ağcaqanadlar sənə niyə dəymirlər?" Dedim ki, "a bala, mən bunlarla 17 il ayaq-baş yatmışam, məndən utanırlar"....
    ....Kəndə gedəndə qayıtmaq istəmirəm. Məni kəndimizə bağlayan nə onun mənzərəsidir, nə havası. Özüm də bilmirəm ki, kəndimizdən niyə ayrılmaq istəmirəm. 1999-cu ildə anam, 2000-ci ildə də atam rəhmətə gedəndən sonra kənddəki evimiz elə bil məndən inciyib, gedəndə "üzümə baxmır", əvvəlki səs-küyü yoxdur. Anamın süfrəsi, atamın dürsəkləndiyi yastıq isə elə yerindədir. O süfrənin başında oturanda, o yastığa dirsəklənəndə atalı-analı günlərimə qayıdıram, bir az uşaqlaşıram, bir az gəncləşirəm, bir az da kövrəlirəm. Həyətimizdəki nar ağacından nar üzməyin, o ağacların altında çay içməyin ləzzətini başqa harada dadmaq olar?..."
   Bu sözləri isə Ürfan müəllim Kür çayı haqqında söyləyib : " Kürün üstündə istirahət etməli bir yerdə oturduq. Özüm də hiss eləmədən xəyalım qanadlanıb haralarasa uçub getdi. Harada olduğumu unutdum. Mənə elə gəldi ki, tanımadığım bir yerdəyəm. Kür nə qədər gözəl imiş? Deməli, adam əlində olan bir şeyin qiymətini çətin dərk edir. Şəxsən mən öz qəlbimdə Kürə öz dəyərini verə bilməmişəm. Kür Zərdab üçün Allahın bəxş etdiyi bir sərvətdir. Onun qədrini bilməliyik."
 Aşağıdakı foto isə həmyerlimiz Samir Məmmədova (onun digər fotoları ilə burdan tanış ola bilərsiz :  Zərdabdan qış mənzərələri ) məxsusdur. Məncə elə o da fotonu çəkərkən  elə Ürfan müəllim kimi fikirləşib.
ana kur

Cəmil Əsədov
Ürfan Məmmədlinin sevgi hekayəsi Ürfan Məmmədlinin sevgi hekayəsi Reviewed by Camil Asad on 15.1.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.