Weather forecast for Zardab

Hüqonun səfilləri-böyük hadisələrin kiçik qəhrəmanları

 Viktor Hüqo və onun “Səfilləri” – nin təqdimata ehtiyacı yoxdur. Onun qəhrəmanları çətinlikləri dəf edən və bu zaman öz seçimlərinə və məqsədlərinə sadiq qalan insanlardır. Bu qəhrəmanlar möhtəşəmdirlər.
 Ötən dəfə siz onun iki qəhrəmanı yepiskop MoilliniKozetta ilə tanış oldunuz. Növbəti qəhrəmanımız əsərdə aydın və əhatəli təsvir edilən Qavroşdur. Bu obraz sonradan fransız ruhlu qəhrəmanlığın və azadlığın simvoluna çevrilib. 


Qanun nəşriyyatı qavroş kozetta səfillər

     Obrazın yaranma tarixi

  Yuxarıdakı keçidlərdə yerləşən yazılarda qeyd etdiyim kimi Hüqonun qəhrəmanları real həyatdan götürülən və yazıçı təxəyyülünün yenidən canlandırdığı obrazlardır. Qavroş da istisna deyil.
  Ədəbiyyatşünaslar belə güman edirlər ki, Qavroşun prototipi “azadlıq şəhidi” adlandırilan təbilçi oğlan  Jozef Bara (Barra)-dır. (fr.,  Joseph Bara, Barra; 30 iyul 1779 – 7 dekabr 1793).
  Bu respublikaçı oğlan inqilab uğrunda döyüşlərdə həlak olub. Sonradan bu adın ətrafında müxtəlif rəvayətlər yaranır.
   Avionlular isə əmin idilər ki, Qavroş onların həmyerliləri, düşmənlə döyüşdə həlak olmuş gənc Aqrikolu təcəssüm etdirir. 
   Düzdür, bu gənclərin və Hüqonun qəhrəmanlarının tərcümeyi-halları arasında oxşarlıq yalnız onların gənc yaslarında həlak olmalaridir. Amma Hüqo üçün heç də hadisələrin dəqiq axını vacib deyil. O, bir neçə qəhrəmanin cəsarətini özündə birləşdirən  obraz yaratmaqla yeni dövrün başlanğıcını qoyan hadisələrdə igid və qorxmaz yeniyetmələrin rolunu  təsvir etmişdir. 

    Qavroş kimdir? 

  Qavroş Paris inqilabı zamanı həlak olan baxımsız uşaqdır. O, qamendir. Qamenlər  qrup halında yaşayan, valideynləri tərəfindən küçəyə atılmış 7-11 yaşlı oğlan uşaqlarıdır. Valideynlərin onlar üçün nə pulu nə də ki vaxtları var. Hüqo Qavroşun timsalında qameni belə təsvir edir.

  "Qavroşun nə sığınacaq yeri, nə yeməyi, nə də əzizləyib, himayə edəcək bir adamı var. Amma qüssələnmir, çünki sərbəst idi. Lakin atılmış olsa da, bəzən ağlına gəlirdi: “Gedim anamı görüm”. O, vərdiş etdiyi yerləri, səsli-küylü meydanları, bulvarı tərk edər, sahil küçəsinə enər, körpülərdən keçər və sonda kasıblığın, yoxsulluğun məskunlaşdığı şəhər kənarındakı daxmaların birinə gələrdi.
  Bu kasıb daxmada həmin şən uşağın ailəsi yaşayırdı. O gəlirdi və burda yoxsulluq və qəm-qüssədən başqa heç nə görmürdü.  O, burada heç bir mehriban təbəssüm görməmişdi - ən kədərlisi də məhz bu idi. Boş ocaqlar kimi, ürəklər də soyuq idi.  
  O buralarda görünəndə ondan soruşurdular: “Haradan gəlirsən?”. O cavab verirdi: “Küçədən”. 
O gedən zaman isə, soruşurdular: “Haraya gedirsən?” . “Küçəyə” – deyərək o cavab verirdi. 
Anası isə onun arxasınca qışqırırdı: “ Sənə burada nə lazım idi?”
   Oğlan, zirzəmidə bitən solğun, xırdaca bir ot kimi, sevgi və nəvazişdən məhrum yaşayırdı. O, bundan nə əziyyət çəkir, nədəki kimisə  günahlandırırdı. O heç lazımınca bilmirdi ki, ata-ana necə olmalıdır.”

  Qamenlər bir tikə çörəyə möhtacdırlar, amma teatr tamaşalarına gizlin baxırlar. 
 Onların daimi yatacağı və paltarları yoxdur, amma burunlarının üstünə düşən səliqəli baş geyimləri var. 
  Qamen olmaq asan deyil, bunun üçün digər sosial təbəqələrin hörmətini qazanmalısan. 
  “Səfillərin” bir hissəsi bu qamenlərdən biri Qavroşun – böyük qəlbli kiçik insanın acı, amma ləyaqətli taleyindən bəhs edir. İnqilab və kasıbçılıqdan üzülmüş Parisin küçələri onlar üçün həm atadır, həm də ana. Hüqo onları Parisin üşaqları adlandırır:
Əgər bu böyük şəhərədən qamenin kimliyini soruşsaydılr, o belə cavab verərdi: “ Bunlar mənim uşaqlarımdır.”
huqo qavroş kozetta səfillər

    Qavroşun xarakteri

   Qavroşun həyatı və ölümü, sanki əsərin əsas süjet xəttindən kənarda baş verir. Amma əsərin əsas qəhrəmanı Jan Valjan və balaca səfil Qavroş arasında incə oxşarlıq var – onların hər iksi cəmiyyətdən rədd edilmiş insanların ən qiymətli xüsusiyyətlərini özlərində təcəssüm etdirilər. Bu xüsusiyyətlər hansılardır?
  •   davranış və xasiyyətlərində saflıq;
  •   müstəqillik;
  •   mərhəmət;
  •   yaxınlara sevgi;
  •   fədakarlıq. 

 Quldurlara yaxın əlaqədə olan Qavroş qarət və oğurluqda iştirak etmir, amma məhbusa həbsxanadan qaçmağa kömək edir. 
  Küçədən tapdığı ac və baxımsız uşaqlara sığınmaq üçün yer verir, özünün uşaq olmasına baxmayaraq onların yaşayışı üçün məsuliyyəti öz üzərinə götürür. 

 Qavroşun ölümü

   Hüqo Parisin qamenləri haqqıda hekatətinə bu sözlərlə başlayır:
  Nə vaxtsa, çox illər əvvəl, Parisin evsiz uşaqları çox idi, meşənin isə quşları.  Quşları sərçələr adlandırırdılar, uşaqları isə qamenlər. 
   Qamenlərdən biri - ölümlə gizlənqaç oynayan  Qavroşun ölümü də quş ölümünü xatırladır- son nəğməsini bitirə bilməyən quşun ölümünə: 

“O ölümlə gizlənqaç oynayırdı. Ancaq budur, başqalarından daha dəqiq və daha xain bir güllə, bu sayrışan uşağa, igid balacaya dəydi. Qavroş səntirlədi və yıxıldı. Barrikadadan dəhşət səsləri ucaldı. Sifətindən nazik qan şırnağı süzülən Qavroş yenidən qalxdı. O, hər iki əlini göylərə qaldırıb, güllə atılan tərəfə baxaraq yenidən oxudu:
               Kiçik quşcuğazam, lap xırdayam mən,
               Sahibi olmadım qazanclı yerin.
                Mənim taleyimin sındı təkəri,
               Təqsiri ucundan ...
  Amma o, son nəğməsini bitirə bilmədi. Nişançının ikinci gülləsi oni əbədi susdurdu. Bu dəfə o, daş yola yıxıldı və bir daha tərpənmədi. Onun kiçik və əzəmətli ruhu göylərə qovuşdu.
  Balaca uşaq və böyük qəhrəman öldü.” ("Qavroş"-dan seçmələr)

 Hüqonun əsərlərinə əlavələr: "Qavroş"

  “Səfillər” romanının motivləri əsasında müxtəlif  əlavələr hazırlanıb. Bu  barədə yuxarıda qeyd etdiyim  "Hüqonun “Səfillər”-i və onun əlavələri: “Kozetta”" adlı yazıda geniş yazıldığından burada onları təkrar etməyə lüzum yoxdur. 
  Bu əlavələrdən biri - "Qavroş" - sonuncu dəfə “Qanun” nəşriyyatında 2018-ci ildə nəşr olunub (Viktor Mari Hüqo,  "Qavroş", Qanun nəşriyyatı, 96 səhufə, tərcüməçi Cəmil Əsədov).
   Bu əlavədən səfil, amma mərhəmətli uşaq, böyük hadisələrin kiçik qəhrəmanıb taleyi barədə həm özünüz oxuyun, həm də oxumaq üçün uşaqvarınıza tövsiyə edin. 
   Kitabı nəşruyyatın syatından da sifariş ermək olar. 
   Əldə etmək ustəyənlərə biz də kömək edə biləruk. Bunun üçün bizimlə "Əlaqə" səhifəmizdəki ünvanlar yaxud sosial şəbəkə səhifələrimiz vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.

Cəmil Əsədov
asadovcamil@gmail.com

Hüqonun səfilləri-böyük hadisələrin kiçik qəhrəmanları Hüqonun səfilləri-böyük hadisələrin kiçik qəhrəmanları Reviewed by Zardob on 1.10.18 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.