Weather forecast for Zardab

Zərdab xəbərləri: avqust-sentyabr 2009-cu il

zardab.com.az-ın arxivindən yeni seçimlər

/05.08.2009/ Həmyerlimizin yeni kitabı

paşa yaqub  Həmyerlimiz Paşa Yaqubun "Zərdabi" MMC Nəşriyyat Poliqrafiya müəssisəsində “Doğulan ümidlər” kitabının yeni , II nəşri çapdan çıxmışdır. Redaktoru Hacı Xalid olan “Doğulan ümüdlər” həmyerlimizin sayca 14-cü kitabıdır. Birinci nəşrdən fərqli olaraq bu əsərdə Azərbaycanın müxtəlif bölğələrində yaşamış övliyaların həyatına nəzər salınır və onların nümunəvi əxlaqı insanlara örnək göstərilir. 

/24.08.2009/ Zərdabda dövlət-din münasibətlərinin hüquqi bazası müzakirə olunub 

Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Zərdab rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonumuzda "Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi bazası" mövzusunda seminar treninq keçirilib. Tədbir şəhər icra nümayəndəliyinin binasının iclas salonunda baş tutub. Tədbirdə Zərdab rayon İcra Hakimiyyəti başçısının (RHİB) sosial-iqtisadi məsələlər üzrə müavini Pərvin Mahmudova, RİHB aparatı ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Urfan Əhmədov, DQİDK-in Qarabağ bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin baş məsləhətçisi Şəhriyar İsmiyev, Zərdab məscidinin axundu Hacı Feyzullah, rayonumuzdakı dini icmaların, dövlət qurumlarının əməkdaşları, ziyalılar və ağsaqqallar iştirak ediblər. Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb və bir sıra təkliflər ətrafında müzakirələr aparılıb. 

/01.09.2009/ Zərdab: rayon tarixində ən yüksək nəticə 

 ... Zərdab torpağı əkinçilik üçün nisbətən çətin, qeyri-məhsuldar hesab olunur. Lakin son illərin müsbət təcrübəsi göstərir ki, hava, iqlim və torpaq şəraitinə uyğun toxum seçilməsi, yüksək aqrotexniki qulluq nəticəsində bol məhsul götürmək mümkündür. Bu gün respublikanın hər yerində olduğu kimi, Zərdabda da çörək sarıdan heç bir nigarançılıq yoxdur. Daha dəqiq desək, hər bir ailə ilboyu özünə bəs edən qədər taxıl tədarük edə bilib. Digər kənd təsərrüfatı məhsulları da onun kimi. Bunun üçün biz kənd əməkçiləri, ilk növbədə, ölkə Prezidenti cənab İlham Əliyevə öz hədsiz minnətdarlığımızı bildiririk. Kəndin, kəndlinin indiki xoş güzaranı, firavan həyatı, bol və bərəkətli məhsul ölkə rəhbərinin gündəlik diqqət və qayğısının əyani nəticəsidir. 

/11.09.2009/ YAP-ın Zərdab rayon təşkilatında toplantı keçirilib


   Dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məqsədilə Yeni Azərbaycan Partiyasının (YAP) Zərdab rayon təşkilatında toplantı keçirilib. Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, toplantıda dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələləri müzakirə olunub. Zərdab rayon təşkilatının sədri Tofiq Abdullayev bildirib ki, seçkiyə hazırlıqla əlaqədar bütün işlər plana uyğun gedir. Tofiq Abdullayev seçkilərlə bağlı qarşıda duran vəzifələr haqqında toplantı iştirakçılarına məlumat verib. O, rayon təşkilatının seçkilərdə fəal iştirak edəcəyini söyləyib. 

/11.09.2009/ Əslən zərdablı olan Mingəçevir sakininin meyiti Kür çayından tapıldı 


 Özünü Kür çayına atan şəxsin meyiti tapılıb. Mingəçevir şəhər Prokurorluğundan verilən məlumata görə, sentyabrın 4-də axşam saatlarında Mingəçevir şəhəri ilə Energetiklər qəsəbəsini birləşdirən körpünün üstündə taksidən düşərək özünü Kür çayına atan 1958-ci il təvəllüdlü Əliyev Elbrus Mürsəl oğlunun meyiti bu gün səhər saat 7:00 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları tərəfindən tapılıb. Mingəçevir şəhərindəki Sabir küçəsi ev 6, mənzil 36-da qeydiyyatda olan əslən Zərdab rayonundan olan E. Əliyevin cəsədi körpüdən 1 kilometr aralıda, çaydakı qamışların arasından tapılıb. Məlumata görə, iki uşaq atası olan E. Əliyev Mingəçevir şəhərində mənzillərdə santexnik işləri görüb. 

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb, araşdırma aparılır. 

/17.09.2009/ Prezident İlham Əliyev Zərdab şəhər 3 nömrəli orta məktəbi mükafatlandırdı


 Azərbaycan Prezidenti İlham Əliyev bugünlərdə 2008/2009-cu tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb. www.zardab.com.az-ın Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müsabiqədə müvəffəqiyyət qazandığına görə Zərdab şəhər 3 nömrəli orta ümumtəhsil məktəbi də 10 000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb. www.zardab.com.az olaraq rayon təhsil işçilərini bu münasibətlə təbrik edir, uğurlarının davamlı olmasını diləyirik. 

Zərdab xəbərləri: avqust-sentyabr 2009-cu il Zərdab xəbərləri: avqust-sentyabr 2009-cu il Reviewed by Zardob on 17.9.18 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.