Weather forecast for Zardab

KÜRÜN QOYNUNA SIĞINAN DİYAR:HARDAN GƏLİR BU KARVAN…

1-ci yazı.     
Tarix əbədi yol gedən bir karvana bənzəyir. Bu karvanın başlanğıcı min illiklərin dərinliklərindən yol alıb gəlir. Bu əbədi yolda tarixin yaddaşına həkk olunan olumlar, yaranışlar, yaradılanlar çox-çoxdur. Eləcə də ölüm-itimlər, yaddaşlardan silinib itənlər, tarixin səhifələrindən birdəfəlik pozulanlar da az deyil. Tarixin əbədi yolunda Zərdabın izi-sorağı hardan başlanır, hara gedir?

Bu gün bu suallara, xüsusilə hardan gəlir Zərdabın tarix karvanı sualına cavab vermək çox çətindir. Təssüf ki, bu yurdun tarixini qələmə alan, keçmişlərini arayıb-araşdıran, demək olar ki, olmayıb. Baxmayaraq ki, zərdablıların yaddaşında bu diyarın qədimliyi haqqında xeyli rəvayətlər, deyimlər, nişanələr var.
  
Keçən əsrin ikinci yarısında əkin sahələrinin saflaşdırılması, qurunt sularının yaratdığı şoranlıqların yuyulması məqsədilə Yuxarı Şirvan kollektoruna birləşdirilib Xəzər dənizinə axıdılmaq məqsədilə kollektorlar qazılrkən qiymətli tarixi əşyalar tapılsa da onlar lazımınca öyrənilib qiymətləndirilməmişdir. Qazıntılar zamanı Xanməmmədli kəndi ərazisində küp-qəbirlərin nümunələri aşkar edilmişdi. Həmin qalıqlar indi də Hüseynxanlı kənd əsas məktəbinin muzeyində saxlanılır. Müxtəlif torpaq işləri görülərkən Xanməmmədli və Salahlı kəndlərinin ərazisindən gildən düzəldilmiş çıraqlar, duz qabları tapılmışdır. Bizim eramızın V-VI əsrlərinə aid edilən gil çıraq və duz qabları bu gün də Salahlı kənd məktəbinin muzeyində ən dəyərli eksponatlardan biridir.
  

Yüz ilə yaxın ömür sürüb, keçən əsrin ortalarında dünyasını dəyişmiş nənəm nəql edirdi ki, Gödəkqobu kəndi ilə Xanməmmədli kəndinin ortaq ərazisindən keçən duzlu qobu ərazisində, deyilənlərə görə nə vaxtsa şəhər tipli yaşayış məskəni olub.

 Həqiqətən keçən əsrin sonlarınadək bu ərazidən rəngbərəng bəzədilmiş, öz rənginin parlaqlığını zərrəcə itirməmiş müxtəlif əlvan naxışlı çini qabların qalıqları kütləvi surətdə tapılırdı. Bu cür tapıntılara Qoşaoba,
zərdab
Zərdab diyarşünaslıq muzeyi
Alıcanlı və başqa kəndlərin ərazilərində də tez-tez təsadüf edilir. Məlikumudlu kəndi yaxınlığındakı ərazidə bir zamanlar torpaq işləri görülərkən gümüş və qızıldan düzəldilmiş qadın zinət əşyaları, qılınc və qamçı dəstəyi, əsa başı, müxtəlif sikkələr tapılması fakdır. Bu sikkələrin nümunələri Zərdab tarix-diyarşünaslıq muzeyində saxlanılır. Dəli Quşçu kəndi ərazisində el arasında «Ağtəpə» adlanan yerdəki qoşa təpənin birini düzləyib yol salmaq istəyərkən çox sayda insan kəllələri, qol-qıç sümükləri üzə çıxmış, qorxuya düşmüş traktorçu bu işi görməkdən imtina etmiş, kolxozun sədri də onunla razılaşıb mərhumları «narahat etməməyi» qərara alaraq bu işdən vaz keçmişdir.
   

Yaşlı nəslin nümayəndələri nəsldən-nəslə keçib gələn rəvayətlərə əsaslanaraq danışırlar ki, çox qədimdə Körpükənd kəndindən qədim Şamaxıya gedən karvan yolu olub. Hətta təxminən Körpükənd - Gödəkqobu - Alıcanlı - Məlikumudlu marşurutu ilə keçən bu yolda dayanacaqlar, insanların və o vaxtın əsas nəqliyyat vastəsi olan dəvələrin su ilə təmin olunması üçün süni sututarlar - su saxlanan quyular inşa edilibmiş.

     Sabirabad rayonunda bir məclisdə yaşlı bir kişi bu sətirlərin müəllifi ilə söbəti zamanı demişdir: “Biz, bilmirəm neçə əsr bundan əvvəl Zərdabın Böyük Əlvənd kəndindən köcüb gəlmişik. Heyvandarlıqla məşğul olan bir neçə ailə hər il qışda indiki Sabirabad rayonunun ərazisinə köçüb gələr, yazda isə Zərdabın Böyük Əlvənd kəndinə köçərmiş. Nəhayət bu ailələrdən ikisi Sabirabadda daimi məskunlaşmışdır. İndi həmin ailələrin törəmələrindən ibarət iki böyük kənd mövcuddur.  Biz bu gün də özümüzü Böyük Əlvəndin nəsl şəcərəsindən hesab edirik.” Mən ona Zərdabda «Böyük Əlvənd» deyil, Əlvənd kəndinin mövcud olduğunu dedikdə təəccüb etdi. Təkrar söylədi ki, ulularımızdan eşitmişik ki, indiki Zərdab rayonundakı Böyük Əlvənddən gəlməyik. Deməli, Əlvənd vaxtı ilə böyük yaşayış məntəqəsi olub. Bunu deməyə bir çox başqa rəvayətlər də əsas verir.


   Bütün bunlara və digər rəvayətlərə, deyimlərə, faktlara baxmayaraq Zərdabın adına yazılı mənbələrdə ilk dəfə 1500-ci ildə rast gəlinir.
      

«Azərbaycan SSR atlası» kitabında (Bakı-Moskva, 1963. Səh. 208) göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları 1500-1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından ( «Qoyun ülumu»ndan) Kürü keçmiş, Şamaxıya getmişdir. I Şah Təhmasib öz ordusuyla Şirvana (1538- ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan Kürü keçmiş, Zərdaba (« Qoyun ülumu») gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir.
Oqtay Əfəndiyev «Azərbaycan Səfəvilər dövləti» əsərində yazır: « I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zülhəccənin 11-də «Qoyun ülumu» kecidinin yanından Kürü keçdi…
   
zərdab
Zərdab ditarşünaslıq müzeyindən
IX-X əsr ərəb coğrafiyaşünaslarından bir neçəsi «Bərzənd» (bəzilərinin isə «Bərzənc») adlandırdıqları şəhər barədə xeyli məlumat vermişlər. Bu şəhər orta əsrlərdə Kür vadisində mühüm ticarət mərkəzi sayılırdı. Təbriz – Ərdəbil – Beyləqan – Bərdə – Şamaxı – Dərbənd ticarət yolu bu şəhərdən keçirdi. İbn Həvqəl (X əsr) özünün «Yollar və məmləkətlər kitabı» əsərində yazmışdır: «Bərdədən Bərzəncə 18 fərsəx (hər fərsəx təxminən 6-8 km yoldur) Bərzəncdən Kürü keçərək Şamaxiyyəyə 14 fərsəx yol var». Əl-Müqəddəs isə yazır: «Bərdədən Bərzənc bir məhəllə (təxminən 25 km) aralıda yerləşir. V. F. Minornorskinin fikrincə bu şəhər Kür çayının sağ sahilində, Körpükənd yaxınlığında (Bərdə şəhərindən təqribən 35 km şərqdə) olmuşdur.
     

Azərbaycan Respublikası Dövlət Tarix Arxivində saxlanılan sənədlərdə Zərdab kəndinin adına 1813-cü ildə rast gəlirik. Əvvəlcə onu qeyd edək ki, Zərdab müxtəlif illərdə müxtəlif bölgələrin tabeçiliyində olmuşdur. 1813-cü ildə Zərdab Şirvan idarəçiliyinin Qarasubasar mahalının tərkibində qəryə (kənd – M.B.) idi. Həmin vaxt Zərdab qəryəsində 251 tüstü (ev, ailə – M.B.) vardı və burada 693 nəfər yaşayırdı. 1831-ci idə Qarasubasar mahalında 3324 nəfər sakin vardı ki, onların hamısı, o cümlədən Zərdab qəryəsinin sakinləri də yalnız tatarlardan (azərbaycanlılardan) ibarət idi. (Bax: «Şirvan idarəçiliyinin Qarasubasar mahalının kamerial təsviri»).

1864-cü ildə Zərdab kəndi Şamaxı qəzasının Bərgüşad nahiyəsinin tərkibinə daxil idi. Rusiyada təhkimçilik hüququnun ləğv edilməsi təhkimçi kəndlilərin nisbi azadlıq əldə etlmələrinə, öz ağalarının təhkimindən çıxıb sərbəst yaşamalarına müəyyən şərait yaratmışdı. Bu hüquqdan istifadə edən kəndlilər Zərdab bəylərinin təhkimindən yaxa qurtarıb ətraflarda xırda kəndlərdə, obalarda məskunlaşır, özləri üçün şərait yaratmağa başlayırdılar. Qeyd edək ki, o vaxtlar Zərdabda 118 nəfərdən çox bəy vardı və torpaqların çoxu onların əlində idi.
    


Təhkimdən azad olunan kəndlilərin yeni yaşayış məskənlərinə köçməsi nəticəsində Zərdab kəndində yaşayanların sayı 1864-cü ildə xeyli azalmışdı. Bu vaxt Zərdabda 261 ev, 1278 nəfər sakin qalmışdı ki, onlardan 708 nəfəri kişi, 570 nəfər qadınlar idi.
   

Zərdab ildən-ilə böyüyür, burada yaşayan əhalinin sayı artırdı. Qeyd etmək lazımdır ki, Zərdabda oturaq həyat sürən əhali ilə yanaşı xeyli sayda yarımköçəri əhali də məskunlaşırdı. 1873-cü ildə Şamaxı quberniyasının Göyçay qəzasının tərkibinə daxil olan Zərdab kəndinə aid kamerial təsvirlə tanış olarkən bunu aydınca hiss edirik. Həmin ildə Zərdab kəndində dövlət torpaqlarında yaşayanların sayı 800 nəfər olmuşdur. Onlardan 435 nəfəri kişi, 365 nəfəri isə qadınlar idi. Ümumiyyətlə isə 1873-cü ildə Zərdab kəndində 2497 nəfər sakin olmuşdur. Onlardan 1132 nəfərini kişilər, 1147 nəfərini isə qadınlar təşkil edirdi. O vaxt Zərdabda 559 ev vardı.
     

Əlisəfa Məmmədov «Qarayazı düzündən Xəzər dənizinə qədər» adlı əsərində yazır ki, 1884-cü ilə aid bir sənəddə Zərdab 500 evli bir kənd kimi qeyd edilmişdir. Həsən bəy Zərdabi burada yaşadığı vaxt (1881-1893) qonşusu 100 yaşlı bir kişidən eşitdiklərinə əsasən yazmışdır ki, Zərdab xanlıqlar dövründə iri yaşayış məntəqəsi olmuşdur. O vaxt Bakı – Salyan karvan yolunun Sənqəçaldan ayrılan bir qolu Navahi, Cavad, Tilan-Qoyun kəndlərindən keçərək Zərdaba gəlib çıxırmış. Sonra da bu yol Gəncəyə və ya Tiflisə getmək üçün Pirəzə kəndinə, oradan Şuşa şəhərinə və ya Mingəçevir keçidinə doğru uzanırmış. 
   
Kür çayının Qarabağ tayına dəvələrlə neft daşıyanlar burada bərədən keçərdilər. 1827-ci ildən başlayaraq Kür çayı mənsəbindən ərzaq və s. gətirən yelkənli iri gəmilər Zərdabdakı dayanacaqlara yan alardılar.Yeri gəlmişkən, keçən əsrin ikinci yarısında Zərdaba daşınan benzin və dizel yanacağı Kür çayı vasitəsilə daşınar, gəmilər sahildəki dayanacağa yan alıb, öz yükünü borular vasitəsilə sahildən xeyli aralıda tikilmiş yanacaq anbarına («benzinkalonkaya») axıdardı. İndi həmin dayanacağın yerində «Dalğa» restoranı öz müştərilərinə xidmət göstərir. Yanacaq anbarının bir hissəsində bazar fəaliyyət göstərir, bir hissəsi isə hələ də istifadəsizdir.


(ardı var)  
Mirağa BAĞIROV, Zərdab rayon dövlət arxivinin müdiri,rayon ağsaqqallar şurasının sədri./24.08.2009-zardab.com.az/






KÜRÜN QOYNUNA SIĞINAN DİYAR:HARDAN GƏLİR BU KARVAN… KÜRÜN QOYNUNA SIĞINAN DİYAR:HARDAN GƏLİR BU KARVAN… Reviewed by Camil Asad on 23.10.16 Rating: 5
Blogger tarafından desteklenmektedir.