Moskva Universitetini bitirmiş Həsən bəy uğurlu biznes
qura bilərdi, daha çox sərvət qazanardı. Amma bu BÖYÜK AZƏRBAYCANLI həyatı boyu
qazanmaqdan daha çox xərcləmiş, ömrünü millətinin digər xalqlarla müqayisədə zəlil günə düşməməsi üçün sərf etmişdi.
28 iyun 1837-ci ildə Rus imperiyasının inzibati ərazisi
olan Şirvan əyalətinin Zərdab kəndində, indiki Zərdab şəhərində anadan
olmuşdur. Babası Rəhim bəy və ulu babası Fətəli bəy Şirvan bölgəsinin ən
nüfuzlu və tanınmış bəyləri, Zərdab kəndinin sahibi, naibi idilər.
Çar ordusunun zabiti olan atası Səlim bəy təhsilə, elmə, incəsənətə
önəm verirdi. Onun evində tez-tez şairlər, xanəndələr, musiqiçilər qonaq
olardılar. Atasının və qonaqların söhbətləri
uşaqlıqdan beynində həkk olunmuş, elmə, təhsilə marağı artmışdır.
İlk təhsilini mollaxanada alan Həsən bəy, 1852-ci ildə
Şamaxı şəhər məktəbinə, şkolasına daxil olur. Tezliklə istedadı büruzə verir, təhsildə
müvəffəqiyyət qazanır. Qafqazın maarif müdiri onu Tiflisə aparır və hökümət
hesabına gimnaziyanın 5-ci sinfinə qəbul olunur.
1861-ci ildə Tiflis gimnaziyasını bitirir, yenə hökümət
hesabına Moskva Universitetinə göndərilir. İstedadı, savadı, çalışqanlığı sayəsində
Universitetdə də böyük nüfuz qazanır. Tələbəlik illərində rus cəmiyyətinin fəal,
nüfuzlu şəxsləri ilə, şair Aleksey Nikolayeviç Pleççeyev, tarixçi Sergey
Mixayloviç Solovyov və digərləri ilə dostluq etmişdir.
1867-ci ildə təhsilini bitirib vətənə qayıdır, Tiflisdə
Torpaq İdarəsində, 1868-ci ildən isə Qubada məhkəmə katibi olaraq işləməyə
başlayır. Hökümət idarələrində çalışan Həsən bəy həmişə ədalətsizliyə qarşı
mübarizə aparmışdır. Vəkillər, tərcüməçilər, digər məmurlar məhkəmə
qanunlarından xəbəri olmayan əhalini incidir, onlara qarçı haqsızlıqlar edirdilər.
Həsən bəy bacardığı qədər məhkəməyə müraciət edənlərə köməklik edərdi. Bu da
bürokrat, rüşvətxor məmurların xoşuna gəlmir və Həsən bəyə qarşı sui qəsd təşkil
etdilər. Təsadüf nəticəsində Həsən bəy ölümdən xilas ola bilmişdi.
Bir müddət müstəqil məhkəmə vəkilliyi etmişdir. 18 noyabr
1869-cu ildə Bakı gimnaziyasına təbiət elmləri üzrə müəllim kimi işə düzəlmişdir.
Bununla da onun həyatında yeni dövr başlamışdır.
Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada
çalışan müəllimlər içərisində yeganə ali təhsilli azərbaycanlı idi.
Gimnaziyalarda azərbaycanlı şagirdlərin sayı da çox az idi. Həsən bəy azərbaycanlı
uşaqları məktəbə cəlb etmək üçün təbliğat aparmağa başlayır.
26 fevral 1872-ci il tarixdə rus dilində nəşr olunan
"Bakinski listok" qəzetində dərc olunan ilk ilk mətbu məqaləsində də
Bakı Realnı gimnaziyasında müsəlman şagirdlərinin az olmasından da yazırdı. Zərdabi
yazırdı ki, öz uşağını xəzinə hesabına gimnaziyanın pansionuna göndərmək istəyənlərin
sayı günbəgün artır, amma çoxu ora düşə bilmir, çünki bunun üçün bir neçə il
gözləməlidirlər, növbələri çatanda isə artıq gec olur, onlar təlimsiz qalır,
ötüb keçən yaşları isə gimnaziyanın aşağı sinfinə daxil olmağa imkan vermir. Həsən
bəy məqaləsində kasıb müsəlman uşaqlarının təhsil alması üçün Xeyriyyə cəmiyyətinin
vacibliyini vurğulamışdır.
1871-ci ildə rus və Azərbaycan dillərində xeyriyyəçilik cəmiyyətin
nizamnaməsini yazmışdı. Bu cəmiyyət hökumət dairələri tərəfindən hüquqi cəhətdən
təsdiq edilmişdır. Həsən bəy Qafqazı gəzərək, cəmiyyətə üzv toplamağa
çalışırdı. İanələr böyük zəhmət ilə yığılırdı, əhali və hətta nizamnamə ərizəsinə
imza atanlar da xeyriyyəçilik çağırışına yetərincə qoşulmurdu. Cəmiyyətin vəsaiti
yetərsiz olduğu üçün fəaliyyəti dayanır və tədricən bağlanır.
1872-ci ildə Tiflis Müqəddəs Nina məktəbini bitirən Hənifə
xanım ilə ailə həyatı qurmuşdur. Hənifə xanım Həsən bəy Zərdabiyə tək həyat
yoldaşı yox, həm də mübarizə yoldaşı olmuşdur. Birgə yaşadıqları müddətdə həyat
yoldaşına həmfikir olur və yardımlar edir.
1873-cü ilə qədər Azərbaycanda peşəkar teatr nümayiş edilməmişdir.
Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ilin mart və
aprel aylarında, Bakıda Mirzə Fətəli Axundzadənin komediyaları səhnələşdirilmiş
və Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli
qoyulmuşdur.
Peşəkar teatrın yaranmasını istəyən Həsən bəy, Nəcəf bəy Vəzirov,
Əsgər ağa Adıgözəlov və digər tələbələri ilə müzakirələr aparırdı. Bir qədər məşq
etdikdən sonra, gimnaziya otaqlarının birində tamaşanı oynayırlar. Tamaşadan təxminən
40-50 manat vəsait yığılır və bu vəsaiti kasıb tələbələr arasında paylayırlar.
İkinci tamaşadan isə yüz manat pul yığılmışdır. Gimnaziyanın yuxarı sinif
şagirdlərinin Bakını tərk etmələri teatr prosesinin ləngiməsinə səbəb oldu.
1886-cı ildən isə Bakıda teatr işində önəmli irəliləyiş başladı. 1896-cı ildə Həsən
bəy Zərdabi, Cahangir Zeynalov, Nəriman Nərimanov, İskəndər bəy Məlikov, Məhəmməd
bəy Məlikov, Əbülfət Vəli və digər ziyalılar Bakıda peşəkar teatrımızın gələcəyinə
təminat verən ilk professional teatr kollektivi, "Müsəlman dram truppası”
yaratdılar.
Həsən bəy Zərdabi 1870-ci ildə türk dilində qəzet çap etdirmək
üçün fəaliyyətə başlamışdır. Müəyyən dairələr və eləcə də ermənilər türk dilində
qəzetin çap edilməsinə imkan vermək istəmirdilər. Həsən bəy 5 il inadkarlıqla
mübarizə apardıqdan sonra, 1875-ci ilin iyul ayının 22-də arzusuna çatdı və
“Əkinçi” qəzetini çap etdirməklə Milli Mətbuatımızın təməlini qoydu. İlk saylarında “Əkinçi” dörd əsas şöbədən, “Daxiliyyə”, “Əkin və ziraət xəbərləri” ,
“Elm xəbərləri” və “Tazə
xəbərlər”dən ibarət idi. "Əkinçi"nin 6-cı nömrəsindən sonra qəzetdə
məktublar şöbəsi də açıldı və "Məktubat" rubrikası altında məqalələr
dərc olunmağa başlandı. Həsən bəy naşiri, redaktoru, korrektoru, həm də mürəttibi
olduğu "Əkinçi" qəzeti tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə
çevrildi. Qəzetin sorağı Avropaya da
gedib çıxmışdı. "Əkinçi" az yaşadı, cəmi 56 sayı işıq üzü gördü.
Lakin Rusiya müsəlmanlarının həyatında böyük rol oynadı.
1877-ci ilin dekabrında Bakıda Şəhər Duması, Uprava təsis
olundu və 1918-ci ilədək fəaliyyət göstərdi. Əhaliyə şəhər Dumasına üzvlər seçmək
hüququ verilmişdir. Duma üzvləri arasında başqa millətlərin nümayəndələri sayca
çoxluq təşkil edirdi. Əhalisinin 75 faizi müsəlmanlardan ibarət olan şəhərdə,
duma üzvlərinin yalnız beşdə biri müsəlmanlardan seçilə bilərdi. Bu ədalətsizlik
ilə barışa bilməyən Həsən bəy təkbaşına qubernatorun qəbuluna gedərək xəbərdarlıq
etmişdi ki, müsəlmanlar bu ədalətsizliyə görə hiddətləniblər, əgər siz tədbir
görməsəniz şəhər idarəsini dağıdacaqlar. Qubernator bu məsələyə ciddi yanaşır və
Tiflisə gedərək canişin vasitəsilə nazirdən yeni əmr alır. Yeni əmrə əsasən Duma
üzvlərinin üçdə biri azərbaycanlılardan, üçdə biri ruslardan, üçdə biri isə ermənilərdən
ibarət olmalı idi.
1880-ci ildə ailəsi ilə birlikdə Zərdaba köçən Həsən bəy kənddə
də insanlardan köməyini, məsləhətini əsirgəməmişdir. O, sakinlərə hüquqlarını
anladar, vergi qanunlarını başa salar, rüşvətxor məmurlardan qəzetlərə yazar,
hökümətə şikayət edərdi. Hənifə xanım yazır kı, məmurlar Həsən bəydən çəkinirdilər,
odur ki, Zərdab kəndinə az-az gəlirdilər.
Həsən bəy Zərdabda məktəb açılmasına çalışmış, 1885-ci ildə
Zərdab kəndində ikisinifli məktəbin açılması haqqında qərarın verilməsinə nail
ola bilmişdir. Lakin, Həsən bəyin 1887-ci ildə yazdığına görə, məktəb
açılmasını zərdablılar üçün lüzumsuz xərc hesab etdiklərinə görə, bu məsələni
tamamilə unutmuşdular.
Məktəb açılmasına mane olan “şeyx” və tərəfdarları əhali ilə
istədiyi kimi rəftar edər, onların yalnız mal-dövlətini deyil, qızlarını,
qadınlarını da əllərindən alırdı. Həsən bəy insanların gözlərini açmağa, avam
insanları bu murdar əməllərdən xilas etməyə çalışırdı. Bakıya gedərək “şeyx”in
qorxulu bir qüvvə olduğunu sübut edə bilmişdir. Əli Baba adlı “şeyx” iki qardaşı
ilə birllikdə Rusiyaya sürgün olunmuşdur.
Pristavların himayəsində olan bir çox qaçaq, quldur dəstələri
ancaq əhalini soyub talamaqla məşğul olurdular. Həsən bəy bu soyğunlar haqqında
qəzetlərə yazar, hökümət dairələrinə məlumat verirdi. Mütəşəkkil quldur dəstəsi
yaradan Əli Xıdır oğlu onun əməlləri haqqında qəzetlərə məlumat göndərən Həsən
bəyə ismarıc göndərərək ölümlə hədələmişdir.
Həsən bəy Zərdabda şəxsi təsərrüfat da yaratmışdır. Ona məxsus
olan torpaq sahələrində taxılçılıq, yemçilik və bağçlıq ilə, eyni zamanda ipəkçilik,
balıqçılıq ilə də məşğul olurdu. Rəhbərlik etdiyi sexlərdə toxunan yun kilimlər
və ipək cicimlər kiçik gümüş medala, hazırladığı yüksək keyfiyyətli arpa və
buğda, “saluf” adlanan yem və yüksək keyfiyyətli saman bürünc medala layiq
görülmüşdür. Yetişdirdiyi meyvələr bölgənin ən böyük bazarlarından biri olan
Əlvənd bazarında satılırdı. Balıqçılıqla da məşğul olan Həsən bəy Zərdab kəndində
4 nömrəli vətəgəni icarəyə götürmüşdür.
Zərdabda yaşadığı müddətdə sevimli məşğuliyyətlərindən biri
də ov olmuşdur. Qərib Soltan xanım yazırdı ki, atam evimizin yaxınlığındakı Kür
sahili meşələrdə ov etməyi çox sevərdi.
Kənddə Həsən bəyi sevməyənlər də var idi, onu “şapkalı
urus”, övladını isə “urus balası” adlandırırdılar. Sonda Həsən bəydən yalan
donos verirlər və araşdırma aparmaq üçün qubernator şəxsən Zərdaba gəlir və ittihamların
əsassız olduğu sübut olunur.
Həsən bəy Zərdabi 1896-cı ildə yaşamaq üçün yenidən Bakı şəhərinə
köşmüşdür.
Həsən bəy ermənilərin xalqımızı min illik tarixindən məhrum
etmək siyasəti apardığını başa düşürdü və buna qarşı bacardığı qədər mübarizə
aparırdı. İrana da bir-neçə dəfə səfər edən Həsən bəy, Nəsrəddin şahdan Şimali
Azərbaycandakı əhalinin taleyin hökmünə buraxılmamasını xahiş etmişdir. Həmin
dövrdə erməni Mirzə Melkum Xana İranda "Lotoreya” təşkil etmək imtiyazı
verilmişdir. Həsən bəy bu məsələ ilə də əlaqədar İrana səfər edərək Nəsrəddin
şahla görüşməyə nail olur və bu görüşün nəticəsi olaraq 1889-cu ilin dekabrında
Nəsrəddin şah "Lotoreya” imtiyazını ləğv etdirir.
Bakıya qayıdan Həsən bəy çətinliklərə baxmayaraq Duma üzvləri
arasına düşə bilmiş, ardıcıl olaraq Dumaya üzv seçilmiş, əvvəl təftiş
komissiyasının üzvü, sonra sədri, məktəb, tibb, bağçılıq və təsərrüfat komissiyalarının
daimi üzvü, yarmarka komitəsinin və su təchizatı komissiyanın üzvü olmuşdu.
Eyni zamanda, "Qocalar evi"nin qəyyumu, Mariya gimnaziyasında qəyyumlar
şurasının üzvü idi. Bakı rus-müsəlman qız məktəbinin layihəsinin və nizamnaməsinin
hazırlanmasında iştirak etmişdi.
İclasların, toplantıların əksəriyyətində iştirak edən, demək
olar ki, müzakirəyə çıxarılan bütün məsələlərlə bağlı fikir bildirən Həsən bəy,
Bakı Dumasının ən fəal üzvi olmuş, əhali üçün böyük xidmətlər göstərmişdir.
“Folklor xalqın zəkası,
idealı və temperamentidir” söyləyən Həsən bəy milli folklor nümunələrimizə də
çox dəyər verər, onların qorunub saxlanması üçün çalışar və bunun vacibliyi
haqqında söyləyər, yazardı. Həmişə milli folklor nümunələrimizin “bütün insanların
qulağı üçün əlçatan etmək lazımdır!” fikrini təbliğ edərdi. “Sizin bir zaman qəzet
və jurnallarınız olacaq” söyləyərək gənclərə, müxbirlərə ana dilindəki
mahnıları, nağılları, misalları, atalar sözlərini toplamağı və onları qoruyub
saxlamağı məsləhət görərdi.
Həsən bəy Azərbaycan folklorunun ilk nəşrlərindən biri olan M.Qəmərlinin
toplayıb tərtib etdiyi “Atalar sözü” kitabına resenziya yazmış və “Kaspi” qəzetinin
30 dekabr 1899-cu il buraxılışında çap etdirmişdir.
Şeirdən, musiqidən xalqı tərbiyələndirmək qayəsini tələb edən
Həsən bəy, mənasız şeirləri tənqid edər, bayağı nəğmələrin gərəksizliyini söyləyərdi.
Zövqə oxşamayan şeirlər yazan şairləri məzəmmət etməkdən də çəkinməzdi. Şairlərə
çağırış edərək, “Türk nəğmələri” adı ilə tanınan ilk milli nəğmə mətnləri
yazdırdı. Həsən bəy özü də nümunə kimi nəğmə mətni yazmışdı. “Türk nəğmələri”
kitabını ilk dəfə 1901-ci ildə nəşr etdirdi və pulsuz olaraq məktəblərə
payladı. Həsən bəy “Türk nəğmələri” kitabını nəşr etdikdən sonra özü də atalar
sözləri toplamağa başlamışdır. Çox təəssüf ki, topladığı atalar sözlərini çap
etdirməmişdir.
Qızlar və oğlanlar üçün dünyəvi təhsilin təbliğatçılarından
biri olan Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım hələ 1873-cü ildə öz
evində 12 nəfər qıza təhsil verimişdir. Şəriət qanunlarının hökm sürdüyü dövrdə
bu çox cəsarətli addım idi. Bakıya qayıdan Həsən bəy Bakı qubernatoruna qızlar
üçün rus-müsəlman məktəbinin açılması ricası ilə müraciət etmişdi. Rus
administrasiyasından icazə ala bilsə də, məktəbin açılması üçün vəsait tapılmamışdır.
Hacı Zeynalabdin Tağıyevin səyi və əməyi nəticəsində 1901-ci ildə Bakıda qızlar
məktəbi fəaliyyətə başlamışdır. Həsən bəy Zərdabi məktəbin qəyyumlar şurasına
seçilmiş və qız məktəbinin sonrakı fəaliyyətində mühüm rol oynamışdır.
Həsən bəy XX əsrin əvvəllərində yenidən xeyriyyəçilik cəmiyyəti
yaratmağa təşəbbüs etmişdir və bu dəfə “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin
rus və Azərbaycan dillərində nizamnaməsini yazmışdır. Nizamnamə 10 oktyabr
1905-ci il tarixdə Tiflisdə Qafqaz canişini tərəfindən təsdiq edilmişdir.
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti əsasən Bakı və onun ətraf ərazilərində
fəaliyyət göstərirdi. Bu cəmiyyətin də fəaliyyətində çətinliklər yaranırdı. Həsən
bəy bölgələri gəzər, bütün gücünü sərf edərdi ki, cəmiyətə mümkün qədər çox üzv
cəlb etsin və cəmiyyət onların hesabına yaşaya bilsin.
Həsən bəy Zərdabinin təşəbbüsü ilə Bakıda Azərbaycan müəllimlərinin
iki qurultayı çağırılmışdır. 1906-cı ildə keçirilən I qurultay onun sədrliyi ilə
baş tutmuşdur. Bu qurultayın qərarlarına hökümət əhəmiyyət verməsə də, bəzi
vacib əhəmiyyət oldu. Belə ki, müəllimlər öz doğma ana dillərinə daha çox fikir
verməyə, türk dilini bilməyən müəllimlər isə bu dili öyrənməyə başladılar. Həsən
bəy xəstə olduğu üçün II qurultayın iclaslarında iştirak etməsə də, qurultaya təbrik
məktubu göndərmişdir.
Millət fədaisi Həsən bəy Zərdabi sağlığında həqiqi qiymətini
ala bilməmişdi. “Təəssüf ki, bizim vətənimizdə həmişə olduğu kimi bu dəfə də
yada düşmək üçün mütləq ölmək lazım gəldi" - "Kaspi" qəzetinin əməkdaşı
A.Olendskinin yazdığı bu sözlər, nə qədər acı olsa da, həqiqət idi.
Həsən bəy 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir.
1907-ci il noyabr və dekabr aylarında onun vəfatı və dəfni həm Azərbaycan, həm
də rus dillərində nəşr olunan qəzetlərinin ən mühüm mövzularından birinə
çevrilmişdi. Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci
ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir müddət qızı Qərib Soltan
xanımın evində qalandan sonra, həyat yoldaşı Hənifə xanımın məzarında
basdırılmışdır. 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabana
köçürülmüşdür.
Hiç yorum yok: