Weather forecast for Zardab

Məni bir sual maraqlandırırdı...

(yaxud nədən Şahhüseyinli, Dəli Quşçu yolun sağındadır?)

    
   Çoxdan idi ki , dost-tanışlarla söhbət zamanı bir-birimizə  belə bir sual verirdik : “Niyə Mollakənd-Zərdab yollu ilə gələrkən cəmi iki kənd, Şahhüseyinli və Dəli Quşçu, yolun sağında yerləşib?”.
  Bu sualın cavabını bəlkədə bir çoxları bilir. Amma mən yalnız bü günlərdə özüm üçün aydınlaşdırdım – “Zərdaba gedirəm “ adlı silsilə (bax: Rayonumuz >>>) yazıları saytda yerləşdirərkən. Sualın cavabını düz təxmin etmişəm ya yox, bilmirəm. Sizlərin qərar verməyiniz üçün aşağıdakı məlumatları nəzərinizə catdırıram.
   Müasir Zərdab rayonunun əraziləri XVIII əsrin ortalarında Azərbaycanda feodal dövləti olan Şamaxı xanlığınını tərkibinə daxil idi. Bakı, Quba, Şəki, Qarabağ, Cavadvə Salyan xanlıqları ilə sərhədlənən bu xanlığın paytaxtı müxtılif vaxtlarda köhnə  Şamaxıda və Nadir şahın Şamaxı əhalisini indiki Ağsu ərazisinə köçürdükdən sonra inkişaf etmiş Ağsuda (Yeni Şamaxı) yerləşib. 
    Şamaxı  xanlığı bəylərdən təyin olunmuş naiblərin idarə etdiyi 17 mahaldan ibarət olub. İndiki Zərdab rayonunun müxtəlif əraziləri bunlardan ikisinin - Xançobanı və Qarasubasar mahallarının tərkibində idi.
 Xançobanı XVII-XVIII əsrlərdə Şirvan ərazisində yaşayan, özlərini Xançobanlı tayfası adlandıran elin adıdır. Xançobanlı mahalı sakinləri əsasən maldarlıqla məşğul olur, rəncbərlik edirdilər. Müxtəlif vaxtlarda  Şamaxı xanlığnı Xançobanı mahalından çıxanlar idarə etdiyi üçün ( 9 Şamaxı xanından 5-i Xançobanlı ailəsindən olub), obaların əhalisinə vergi təyin edilməmişdir. Bunun əvəzində Xançobanı mahalının sakinləri xanlığa  lazım olan qədər qoyun verirdilər. Bu vergi qaydası sonralar çar məmurlarını qane etmədiyindən mahalın əhalisinə 1820-ci ildə pulla ödənilən vergi təyyin edildi.
    Xançobanı mahalı  indiki Zərdab rayonunun  Şahhüseyinli, Dəliquşçu , Qaravəlli, Məlikmudlu kəndlərinin, eyni zamanda bu günkü İsmayıllı Ağsu, Kürdəmir və Şamaxı rayonlarının ərazisini əhatə edrək,  "qərbdə Girdiman çayı ilə, şərqdə Ağsu çayı ilə həmsərhəd olmuşdur"  (mənbə N.Bayramova “Şamaxı xanlığı”)
   1821-ci ilin məlumatlarına əsasən bu mahalda 46 obada (Axtaçı, Garıs, Qaraqoyunlu, Padar, Xəlilli, Kolanı, Məlikçobanlı, Şahsünlü, Ərəbxanədan, Müsküri, Ovculu, Mollalar, Göydəlləkli, Muradlı, Sığırlı, Qurd, Pirhəsənli, İlxıçı, Sarvan, Mustafalı, Binaslı, Çaylı, Qaraməmmədli, Ərəbuşağı, Dəlilər, Çovurqanlı, Adnalı, Bağırlı, Alpout, Əlicanlı, Nəmirli, Sorsor, Eldəlləkli, Xanazad, Şahsultanlı, Müskürlü Molla Qədim, Şıxlı, Axundlu, Çıraqlı, Axtaçı Salyan, Elli-Gözlü, Veysəlli, Mərzili, Lələ Əhmədli, Qaraxanlı, Qaravəlli Ağaməmməd) 1492 ailə yaşayıb.
   Mənbələrdə mahalın naibinin Məlik Umud olduğu ğöstərilir. Çox güman ki, ərazisinin tarixinin daha əvəllərə getdiyi indiki Məlikmudlu kəndinin (bax: Zərdaba gedirəm >>>)  adının mənşəyini  də burada axtarmaq lazımdır. 
   Xançobanı mahalının sosial tərkibində xüsusi əhəmiyyətə malik olmuş Müskürlü, Qaravəlli və Xəlilli tayfaları sonradan Zərdabın indiki Qoruqbagı, Qaravəlli kəndlərinin, müskürlü obalarının formalaşmasında mühüm rol oynamışdılar. 
  Yeri gəlmişkən , Azərbaycanın milli rəqslərindən biri də “Xançobanı” adlanır. XVIII əsrin axırlarında yarandığı güman edilən, sürətli tempdə, qızğın tərzdə, son dərəcə cəld, ahəngləşdirilmiş hərəkətlər düzümündə gedən bu rəqsi yalnız kişilər oynayırlar.
  Şamaxı xanlığına daxil olan digər mahal - Qarasubasar mahalı müasir Zərdab şəhərinin (keçmiş Zərdab kəndi), Əlvənd, Çallı  kəndlərinin , həmçinin Ucar , Ağdaş və Kürdəmir rayonlarının ərazilərində mövcud olmuşdur. 
   Mahalın naibi Həsən bəy Zərdabinin babası, eyni zamanda  Zərdab kəndinin idarəçisi olan Məlik Rəhim bəy idi.
  Burada 1821-ci ildə 10 kənddə (Şilyan, Qarabörklü, Birinci Ləki, İkinci Ləki, Əlvənd, Tilanköyün, Muradxan, Xələc, Zərdab, Çallı) 815 ailə yaşayıb. Qarasubasar mahalının əhalisinin çox hissəsi əkinçilik, ipəlçilik (baramaçılıq) və pabmıqçılıqla məşğul olub. Şamaxı xanı Mustafa xan Xançobanlının qardaşı İsmayıl bəyin idarə etdiyi Əlvənddə ipəkçilik daha çox yayılmışdır.
  Şamaxı xanlığı ləğv edildikdən sonra da Məlik Rəhim bəy faktiki olaraq mahalın naibi olmaqda davam edib. 1826-cı və sonrakı illərdə onun mahalın naibi olmasını təsdiq edən tarixi sənədlər vardır. 
    Böyük hörmət və nüfuz sahibi olan Rəhim bəy İran şahzadəsi Xosrov Mirzə Qacar Rusiyanın paytaxtı Peterburqa gedərkən onu Qarabağda qarşılayan Şirvan bəyləri qrupunda olmuşdur.
  İnterrnrtdəki açıq mənbələrdə, həmçinin həmyerlimiz,  kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru Eldəniz Həsənovun, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, dissertant Taleh Əliyevin araşdırmalarındakı tanış olduğum məlumatlardan sonra yazının əvvəlindəki suala mənim cavab belədir: 
 -qədim tarixə malik Əlvənd, həmçinin sonradan Kürün kənrında yerləşən kəndlərin formlaşmasında böyük rola malik Zərdab Qarasu mahalına daxil olub. 
   -mərkəzi müxtəlif vaxtlarda indiki Ağsu rayonunun əraisində yerləşən Xançobanı mahalı öz ərazilərini genişləndirərək indiki Şahhüseyinli, Dəi Quşçu (Lələ Əhmədli)  kəndlərinə qədər böyümüşdür.
   -güman ki, Əlvənd ərazisindən keçən tarixi yol da bu iki mahal arasında təbii sərhəd rolunu oynayıb. Sonradan Zərdab ərazi vahidi kimi formalaşanda, Şahhüseyinli, Dəi Quşçu kəndləri də Zərdab rayonunun tərkibinə daxil edilmişdir.
   Səhvdir, düzdür bilmirəm, bu mənim fikrimdir. Bir daha qeyd edirəm ki, mən tarixçi deyiləm, tarixçilərin fikrini bilmək daha maraqlı olardı.

Cəmil Əsədov 
Məni bir sual maraqlandırırdı... Məni bir sual maraqlandırırdı... Reviewed by Camil Asad on 20.1.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.