Weather forecast for Zardab

O qızdan bəhs etməyən yazının müəllifinə 2 sual

Sultan Laçının moderator.az-da yazısını oxuyarkən
(http://www.moderator.az/news/237492.html)

Окно Овертона

Dünya bazarında öz bədəni ilə ticarət etmək istəyən yerli modelimiz haqqında Sultan Laçının moderator.az-da 24.08.2018-ci il tarixli yazısı diqqətimi cəlb etdi. İlk reaksiyam həmin yazının başlığındakı suala cavab vermək istəyi oldu. Amma sonuncu abzasında başa düşdüm ki, müəllifə bu cavab lazım deyil. Müəllif öz münasibətini müəyyənləşdirib  və kimsə onun fikri ilə üst-üstə düşməyən nəsə söyləsə, ilk öncə millətini danmalı və kafirliyini boynuna almalıdır.
Əslində, məncə həmin yazı heç o qızdan bəhs etmir. Yazı bizim haqqımızdadır və cəmiyyətin bəzi təbəqələrinə qınaq ruhunda köklənib.
Odur ki, o qız haqqında deyil, bu qınaqlar barədə fikrimi bildirmək qərarına gəldim.

“Qadağan olunmuş meyvə həmişə sirindir!”

Əvvəlcə onu deyim ki, mən də bir neçə fərdin davranışı bütöv xalqın həyat tərzinə sirayət edə bilməz ” kimi fikirləşən  o bəzilərdənəm, ancaq bir əlavə ilə - “əgər münbit mühit yoxdursa”.
Mən belə mühitin olmasına şübhə ilə yanaşıram, əgər varsa da bu mühiti bizim KİV-lər formalaşdırmayıb.
 “Overton pəncərəsi yaxud  nəyi istəsən leqallaşdırma texnologiyası” , Noymanın “sükut spiralı” nəzəriyyəsi, bir çox xarici və onları içimizdə dəstəkləyən bəzi KİV-lərin beyinləri yumaq istiqamətində fəaliyyəti cəmiyyətin mənəvi dəyərlərinin aşınmasına yönəldiyini mən anlayıram. Amma onların qarşısını yalnız mətbuatda qadağalarla almaq istəyiriksə, məğlubiyyətə məhkumuq. Çünki hazırkı texnoloji inkişaf dövründə bu mümkünsüzdür. Həm də “Qadağan olunmuş meyvə həmişə sirindir!”
Əsas məsələlərdən biri belə xəbərlərin kimin tərəfindən və necə tirajlanmasıdır. Məncə bununla sosiologiyadan, psixologiyadan, xüsusilə də yeniyetmə psixologiyasından xəbərdar olan vicdanlı professionallar məşğul olmalıdır.

Gəlin xəbərçiləri qınamayaq

 Xəbər sektorunda çalışan jurnalistin vəzifəsi xəbərə şərh yazmaq  yox, xəbəri tapmaq, hazırlamaq və yaymaqdır.  Öz vəzifəsini yerinə yetirdiyinə görə onu qınamaq düzgün deyil. Amma qeyri-professionallığa görə qınaq lazımdır.
Hər hansı KİV xəbəri yaymaq yaxud yaymamaq seçimini mövcud qanunvericilik çərçivəsində özü etməlidir. Bizim isə oxumaq yaxud oxumamaq hüququmuz var. Cəmiyyətdə kütlə psixologiyalı insanlar deyil, fərdlər üstünlük təşkil etsə, oxumamaq hüququndan istifadə edənlərin sayı daha çox olar. 
Qaldı   “Qərbin demokratik standartlarına uyğunluğuna”, “müasirlik” və ”modern”-liyə, yüz faiz əminəm ki, belə xəbərləri yayanlar bu barədə heç fikirləşməyib də. Onlara baxış sayı lazımdır. İnformasiya məhsuldur, əgər baxılırsa deməli alıcı var. Alan varsa, satan da olacaq.
Elə haqqında fikirlərimi bildirdiyim məqaləni də bu xəbəri tirajlayanların siyahısına aid etmək olar. Əminəm ki, yazının başlığı və şəkil fərqli olsa idi, məqalənin oxucuları kifayət qədər az olacaqdı.
Gəlin xəbər sektorunda çalışanları qınamayaq. Günahkar yalnız onlar deyil.

Kişi daha çox nəyə pul xərcləyir?          

“Azərbaycan kişisinin papağı yerə düşüb ” deyərək ümumiləşdirmə aparmağa lüzum yoxdur. Kimsə papağını itiribsə özü bilər.
Tarixdə dəfələrlə dövlətlər torpaq itirib, müharibəni uduzub. Almanlar, yaponlar, çexlər – bu siyahını uzatmaq olar. Elə türkün tarixinə baxsaq bəs edər.
Qarabaği isə hamı bilir ki, kim verib. Bütün Azərbaycanın canı, qanı bahasına olsaydı belə Qarabağ veriləcəkdi. İraqa, Misirə, Suriyaya, qonşu Gürcüstana baxın.  
Azərbaycan kişisi dünyanın başqa kişilərindən tamah və şəhvətinə görə heç də çox fərqlənmir. İstənilən məkanda və istənilən zamanda millətindən aşlı olmayaraq əksər kişilər imkanları çərçivəsində iki şeyə pul əsirgəməyib – yeməyə və qadına. Bunun “Atəşkəs”-ə dəxli yoxdur. Atəşkəsdən çox-çox əvvəl də olub və çox-çox sonra da olacaq bu tamah və şəhvət.
Gəlin millətimizin bu qədər aşağılamayaq. Bu mərhələdən bütün millətlər keçib. Biz də keçəcəyik.

Bir-birimizi dinləməyi bacaraq

Mənim də sualım var, həm də bir yox, iki.  
1.“ Jurnalistləri bir-iki abzaslıq xəbər yaydıqlarına görə qınadıqdan sonra, həmin mövzuya 13 abzaslıq yazı həsr edib, “çağıran” bir başlıq qoymaq  nə qədər düzdür?”
2.“Sual verib, əks fikir söyləyəni qabacadan kafir adlandırmaq hansı “pəncərənin” çərçivəsinə yerləşir?”
Əlbəttə, mənimlə razılaşmayanlar olacaq, etik çərçivədə cavablandırmaq istəyənləri nədəsə günahlandırmaq fikrim də yoxdur
Kimliyimizdən aşlı olmayaraq hamımız – alimimiz, jurnalistimiz, yazarımız, oğrumuz, fahişəmiz – bir millətin nümayəndəsiyik. İstəsək də, istəməsək də.
Əgər millət olmaq istəyiriksə bir-birimizi dinləməyi də bacarmalıyıq.    

Cəmil Əsədov,

asadovcamil@gmail.com
O qızdan bəhs etməyən yazının müəllifinə 2 sual O qızdan bəhs etməyən yazının müəllifinə 2 sual Reviewed by Camil Asad on 29.8.18 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.