Alıcanlı yaşayış məntəqələrinin yerləşdiyi ərazilər qədim yaşayış məskənləri
olub, küp qəbirləri mədəniyyətinin yayıldığı ərazilərdəndir. Yaşayış məntəqələrinin
daxil edildiyi Əlican və Türyançay hövzəsində tapılan küp qəbirlər həm antik, həm
də ilk orta əsr dövrlərinə aid edilmişdir.
Əlicanlı obaları
Əvvəllər
Əlicanlı, son dövrlərdə Alıcanlı adlanan yaşayış məntəqələri Şahsevən elinə,
tayfa birliyinə daxil olan ilxıçıların bir qrupuna başçılıq edən Əlican adlı şəxs
və onun yaxın ətrafı tərəfindən salınmışdır. Şahsevən eli Şah I İsmayıl Səfəvinin
hakimiyyəti dönəmində türk tayfalarının birləşməsi nəticəsində yaranmışdı. Elin
yaranmasında oğuz kökənli qızılbaş tayfalarından avşar və bəydililərin böyük
rolu olub. Şahsevənlər xüsusi qəbilə və tayfa birliyi olmamışdır, qəbilə və
oymaqlardan ayrılan icma qruplarının birləşməsi nəticəsində əmələ gəlmişdi.
Şamaxı
xanlığının Əlicanlı yaşayış məntəqəsi haqqında məlumatlar var. Xançoban
mahalında yaşayan Əlicanlı oba ailələrinin Qarasubasar mahalında da otlaq əraziləri
olub. Xançoban mahalının tərkibində olan Ağsu ərazisində də Əlicanlı toponimi
qeydə alınıb, rayonun İlxıçı kəndinin keçmiş adı İlxıçı Əlicanlı olub. Şamaxı
quberniyasının Xançoban mahalında da İlxıçı-Əlicanlı yaşayış məntəqəsi qeydə
alınmışdır.
Əlicanlı
bəylərinin Şamaxı xanları ilə qohumluq əlaqələri olmuşdur. Yerli bəylərdən olan
Məlik Məmməd bəy, Şamaxı xanlarının nəslindən olan Xanım bəyim ilə ailə qurmuş
və Əlicanlı kəndində yaşamışdılar. Onların Ağalar bəy, Məhəmməd şah, Züleyxa
xanım adlı övladları olub.
Bakı quberniyasının Göyçay qəzasında da I və II Əlicanlı (Əlicanbəyli),
İlxıçı Əlicanlı obaları qeydə alınmışdır. II Əlicanlı və İlxıçı Əlicanlı
obaları Zərdab rayonun indiki Alıcanlı (Əlicanlı) kəndlərinin ərazilərində yerləşmişdilər.
Bu obalarda Əlicanlı ailələrinin üzvləri olan ilxıçıların, maldarların yaşadığı
bildirilir.
09
dekabr 1867-ci il tarixli çar fərmanı əsasında Bakı quberniyasının tərkibində
Göyçay qəzası yaradıldıqdan sonra, indiki Zərdab rayonu ərazisindəki Əlıcanlı kənd
və obaları Göyçay qəzasının tərkibinə daxil edildilər. Əlicanlı kəndləri
1918-1920-ci illərdə Azərbaycan Cümhiriyyətinin, 1920-1929-cu illərdə isə Azərbaycan
SSR-nin inzibati ərazisi olan Göyçay qəzasının tərkibində yerləşiblər. 1929-cu
ildə Azərbaycanın rayonlaşdırılmasından sonra, yaşayış məntəqələri Göyçay
rayonuna, 1935-ci ildə isə yeni yaradılan Zərdab rayonuna daxil edilmişdir.
1911-ci
ildə, qəza mərkəzindən 70 verst məsafədə Əlicanlı obası da qeydə alınıb.
Yaşayış məntəqəsinin 28 təsərrüfatında 176 nəfər kişi, 135 nəfər qadın olmaqla,
311 nəfər əhali yaşayıb.
Birinci Alıcanlı kəndi
Birinci Alıcanlı Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Şirvan düzündə,
rayon mərkəzindən 20 kilometr şimal-qərbdə yerləşir. Ərazisi 2301 hektar, əhalisi
təxminən 1100 nəfərdir. Heyvandarlıq, taxılçılıq, yemçilik, baramaçılıq,
pambıqçılıq, quşçuluq, meyvəçilik əhalinin əsas məşğuliyyət sahələridir.
"Birinci" komponenti eyniadlı kənd adından fərqləndirmək üçün əlavə
olunmuşdur. Yaşayış məntəqəsi Ağsu rayonunun indiki İlxıçı yaşayış məntəqəsindən
çıxan ailələr tərəfindən salınıb və əvvəllər İlxıçı-Əlicanlı, Əlicanlı Birinci
- İlxıçı adı ilə də qeydə alınıb. Kənd Təklə Alıcanlısı adı ilə də tanınır.
Araşdırmaçılar yaşayış məntəqəsinin belə adlandırılmasını, Ağsu rayonundakı Təklə
kəndindən gələnlərin də burada məskunlaşması ilə izah edirlər. Əlicanlı ailələrinin
daxil olduğu Şahsevən elinin tayfalardan biri də təklə tayfası olub ki, bu
tayfanın nümayəndələri Azərbaycan ərazilərində də yaşamışdılar. Əlicanlı oba
ailələrinin təklə tayfasının nümayəndələri olduğunu və Təklə Alıcanlısı
(Əlicanlısı) adının buradan qaynaqlandığını da ehtimal etmək olar.
İlxıçı
Əlıcanlı obası 1870-ci ildə indiki Zərdab ərazilərində, Göyçay qəza mərkəzindən
43 verst məsafədə, Çallı və Xələc kəndlərindən cənubda məskən salmışdır. Obanın
25 təsərrüfatında 64 nəfər kişi, 38 nəfər qadın olmaqla, cəmi 102 nəfər əhali
yaşayırdı. Sonrakı illərdə oba şimala doğru yerini dəyişib. 1879-cu ildə
İlxıçı-Əlicanlı yaşayış məntəqəsinin 23 təsərrüfatında 75 nəfər kişi, 45 nəfər qadın
olmaqla, cəmi 120 nəfər əhali, 1886-cı ildə isə 35 təsərrüfatında 90 nəfər kişi,
82 nəfər qadın olmaqla, cəmi 172 nəfər yaşayıb. 1886-cı ildə İlxıçı Əlicanlı
icmasının tərkibinə 3 yaşayış məntəqəsi, II Əlicanlı (Əlicanbəyli), İlxıçı
Əlicanlı və Qaravəlli Ağaməmməd daxil idi. İcmanın mərkəzi Əlicanbəyli kəndi
olub və qəza mərkəzindən 35 verst məsafədə yerləşib. 1902-ci ildə İlxıçı
Əlicanlı obasının 30 təsərrüfatında 100 nəfər kişi, 86 nəfər qadın olmaqla, cəmi
186 nəfər əhali yaşayıb. 1911-ci ildə İlxıçı Əlıcanlı obası Əlıcanlı kənd
icmasına daxil idi və qəza mərkəzindən 35 verst, Ucar dəmiryol stansiyasında
yerləşən pristav idarəsindən isə 20 verst məsafədə məskən salmışdır. Obada 1 məscid
fəaliyyət göstərib, 32 təsərrüfatında 164 nəfəri kişi, 103 nəfəri qadın olmaqla,
cəmi 267 nəfər əhali yaşayıb. 1917 və 1921-ci illərdə Bərgüşad bölgəsinə daxil
edilən və Əlicanlı Birinci - İlxıçı
adlanan kənddə, 1917-ci ildə 61 ev, 1921-ci ildə isə 45 ev olub. 1933-cü ildə
Kürdəmir və Zərdab ərazilərində də Əlıcanlı adlanan kəndlər qeydə alınmışdır.
İndiki Zərdab rayonu ərazisində yerləşən, Göyçay rayonunun tərkibində olan Əlıcanlı
kəndinin 108 təsərrüfatında 726 nəfər əhali yaşayıb. 35 təsərrüfat ümumilləşdirilmiş,
73 təsərrüfat isə fərdi idi. 1961 və 1977-ci illərdə I Əlicanlı adlanan kənd
Çallı kənd sovetliyinin tərkibinə daxil edilmişdir. Sonradan Əlicanlı inzibati ərazi
vahidliyi yaradılmış və Zərdab ərazisindəki üç Əlicanlı kəndi bu inzibati əraziyə
daxil edilmişdir.
İkinci Alıcanlı kəndi
İkinci Alıcanlı da Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Kənd Şirvan
düzündə, rayon mərkəzindən 22 kilometr şimal-qərbdə, Qarasu, Türyançay çayının
sahilinə yaxın ərazidə yerləşir. Ərazisi 1295 hektar, əhalisi təxminən 530 nəfərdir.
Kəndin əhalisi əsasən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, yemçilik,
quşçuluq, baramaçılıq, bostançılıqla məşğul olur. "İkinci" komponenti
eyniadlı kənd adından fərqləndirmək üçün əlavə olunmuşdur. Mənbələrdə Əlicanbəyli,
Əlicanlı Sərənkova adı ilə də qeydə alınan kənd, Qarabağdan gəlmə ailələrin də burada
məskunlaşması səbəbindən Qarabağ Alıcanlısı adı ilə də tanınır. İrəvan
quberniyasının Sürməli qəzasında bir vaxtlar Əlican adlı kənd mövcud olub.
1870-ci ildə II Əlicanlı obası Göyçay qəza mərkəzindən 45 verst məsafədə,
Xələc və Çallı kəndlərinin yaxınlığında məskən salmışdır. Obanın 30 təsərrüfatında
93 nəfər kişi, 62 nəfər qadın olmaqla, cəmi 155 nəfər əhali yaşayıb. 1886-cı
ildə II Əlicanlı (Əlicanbəyli də adlanıb) kəndi İlxıçı-Əlicanlı kənd icmasının
mərkəzi olub, qəza mərkəzindən 35 verst, pristav idarəsindən 21 verst məsafədə
yerləşib. Yaşayış məntəqəsinin 54 təsərrüfatında 165 nəfər kişi, 136 nəfər qadın
olmaqla, cəmi 301 nəfər əhali yaşayıb. 1911-ci ildə qəza mərkəzindən 35 verst məsafədə
yerləşən yaşayış məntəqəsi Əlicanlı kənd icmasına daxil edilmiş, 128 təsərrüfatında
356 nəfər kişi, 287 nəfər qadın olmaqla, cəmi 643 nəfər əhali yaşamışdı. Kənddə
1 məscid fəaliyyət göstərib, 26 nəfər bəy ailəsi üzvü və 3 nəfər təhsilli şəxs
yaşayıb. Əlicanlı kənd icmasına daxil edilən Qaravəlli Ağaməmməd obası da
indiki Alıcanlı kəndlərinin yaxınlığında, Sərənkova adlanan düzənlikdə məskən
salmışdır. 1917 və 1921-ci illərdə Bərgüşad bölgəsinə daxil edilən yaşayış məntəqəsi,
yerləşdiyi düzənliyin adına uyğun olaraq Əlicanlı Sərənkova adlandırılmışdır. 1917-ci
ildə Əlicanlı Sərənkova kəndində 70 ev, 1921-ci ildə isə 45 ev olub. 1961 və
1977-ci illərdə II Əlicanlı adlanan kənd Çallı kənd sovetliyinin tərkibinə
daxil edilmişdir. Sonradan Əlicanlı inzibati ərazi vahidliyi yaradılmış və Zərdab
ərazisindəki üç Əlicanlı kəndi bu inzibati əraziyə daxil edilmişdir.
Cilovxanlı kəndi
Ərazidə əvvəllər Üçüncü Alıcanlı adlanan kənd var. Hazırda bu kənd Cilovxanlı
adlanır. Cilovxanlı Zərdab rayonunun inzibati ərazi vahidində kənddir. Kənd
Şirvan düzündə, rayon mərkəzindən 22 kilometr şimal-qərbdə yerləşir, Birinci və
İkinci Alıcanlı kəndləri ilə həmsərhəddir. Yaşayış məntəqəsi muğanlı tayfasının
cilovxanlı tirəsinin burada məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin
verdiyi məlumata görə, bu nəsil Salyan rayonu ərazisindən gəlmişdir. Ərazisi
419 hektar, əhalisi təxminən 230 nəfərdir. Cilovxanlı kəndində heyvandarlıq,
quşçuluq, taxılçılıq, bostançılıq, baramaçılıq, yemçilik geniş inkişaf
etmişdir.
Cülovxanlı yaşayış məskəninə kənd statusu ötən əsrin 60-cı illərdə
verilmişdir. 1977-ci ildə Cilovxanlı kəndi Çallı kənd sovetliyinin tərkibində
yerləşirdi. Sonradan Alıcanlı inzibati ərazisinə daxil edilib.
Professor, 112 elmi əsərin müəllifi Nuriyev Məhəmmədəli, tanınmış ifaçı
Sakif Məmmədov, Qarabağ müharibəsi şəhidləri Müsəllim Ağayev, Sərdar Əsədov,
İbrahimxəlil Xəlilov, Mahir İsmayılov, Habil Musayev, Elsevər Yunusov Alıcanlı
kəndlərində anadan olublar.
Alıcan türk mənşəli “alı” və fars mənşəli “can” sözlərindən düzəlib.
Əziz, doğma adam mənasındadır. Türk mənşəli Alcan sözü gözəl, cəsur, ürəkli mənasını
verir. “Əlican” sözü isə cana yaxın,
qanı isti, candan mənasındadır.
Sabirabad rayonunda Əlicanlı kəndi, Laçın rayonunda Alıcan kəndləri var.
İrəvan quberniyasının Sürməli qəzasında Əlican adlı kənd mövcud olub. Kürün sol
qolu olan Əlican çayı Oğuz, Şəki və Yevlax rayonlarından, Mingəçevir ərazisindən
axır.
Bir
zamanlar İrəvan quberniyasının Aleksandropol qəzasında Cilovxanlı kəndi olub.
18-ci əsrin ikinci yarısında Qarabağ xanı İbrahimxəlil xanın mülklərindən
birinin Cilovxan adlandığı da məlumdur. Babək rayonunun Cəhri kəndində
Cilovxanlı məhəlləsi var.
Bəxtiyar Əsədli
İstifadə olunan mənbələr:
1, Çar Rusiyasının siyahıyaalınma və digər arxiv sənədləri
2. Nailə Bayramova “Şamaxı xanlığı
3. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab
ensiklopediyası”
4. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
5. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1961)
6. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1977)
Zərdab rayon Alıcanlı (Əlicanlı) kəndləri
Reviewed by Bəxtiyar
on
20.6.20
Rating:
Salam
YanıtlaSil