Çallı Zərdab rayonu inzibati ərazi vahidində
kənddir. Şirvan düzündə, Kür-Araz ovalığında, rayon mərkəzindən 12 kilometr
şimalda, Ucar-Zərdab şose yolunun kənarında yerləşir. Kənd Ucar rayonu ilə sərhəddədir.
Rayonun ən böyük kəndlərindən biri olan Çallının ərazisi 3213,06 hektar, əhalisi
təxminən 3260 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, yemçilik,
taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik, baramaçılıq, quşçuluq,
arıçılıqdır.
Kəndin
adının mənşəyi ilə bağlı müxtəlif fikirlər var. Ehtimallar sözün kökü ilə əlaqədardır.
Yaşayış məskəni ilkin mərhələdə boz, çal ərazidə salındığı üçün belə
adlandırıldığını ehtimal edənlər var. Yerlli əhali kəndin adını əvvəllər yerləşdiyi
boz (çal) ərazi və Çal (Çalı) piri ilə əlaqələndirirlər. Digər ehtimal 26 alban
tayfasından biri olan türkdilli çullar (çol-çal) ilə bağlıdır. Çul tayfası
Qafqaz Albaniyasının (bu günkü Azərbaycan Respublikasının əraziləri) şimal-şərqində
yaşamışdır. “Çul” etnonimi öz varlığını bu gün Azərbaycanda mövcud olan Çullu
(Ağdam, Cəbrayıl), Çorbinə (Balakən), Tahirçal (Qusar), Çallı (Zərdab) və sairə
kəndlərin adında saxlamışdır. Professor H.Mirzəyev müxtəlif elmi faktlara
istinadla “çul” sözünün qədim türk tayfasının adı olduğunu təsdiqləyir.
Yaşayış
məntəqəsi qədim tarixə malik olan ərzilərdəndir. Kənd ərazisində yerləşən Adsız
təpədə müxtəlif tarixi dövrlərə aid edilən məişət, bəzək və əmək alətləri,
Ağayar adlanan ərazidən küp qırıqları və başqa gil qablar tapılıb.
Çallı XIX əsrdə
Çallı yaşayış məntəqəsinin adına Şamaxı xanlığına aid sənədlərdə rast gəlinir.
Kənd xanlıqlar dövründə Şamaxı xanlığının Qarasubasar mahalının tərkibində yerləşib.
Mahalın əhalisi əsasən əkinçiliklə və maldarlıqla məşğul olurdu. Şamaxı xanlığının
statusu ləğv ediləndən sonra, yaşayış məntəqəsinin ərazisi Şirvan əyalətinin, Kaspi
(Xəzər) vilayətinin, sonralar isə Şamaxı və Bakı quberniyalarının tərkibinə
daxil edilib. Çallı Kaspi vilayətinin (1840-1846) və Şamaxı quberniyasının
(1846-1859) inzibati ərazisi olan Şamaxı qəzasının Bərgüşad bölgəsinin
Qarasubasar mahalının kəndi olub. 1859-cu ildən Şamaxı quberniyası Bakı
quberniyası adlandırılıb. Aparılan çar islahatlarından sonra, 09 dekabr 1867-ci
il tarixdə Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı və Çallı
indiki Zərdab ərazisindəki bir çox kəndlər ilə birlikdə qəzanın tərkibinə daxil
edildi. Çallı kəndi qəza mərkəzindən 35-38 verst, Ucar dəmiryol idarəsində yerləşən
pristav idarəsindən isə 20 verst məsafədə yerləşib. 1870-ci ildə kəndin 36 təsərrüfatında
102 nəfər kişi, 72 nəfər qadın olmaqla, cəmi 174 nəfər əhali, 1879-cu ildə isə
57 təsərrüfatında, 160 nəfər kişi, 109 nəfər qadın olmaqla, cəmi 269 nəfər əhali
yaşayıb. 1879-cu ildə kənddə 1 məscid fəaliyyət göstərib.
Növbəti
Çar islahatlarından sonra Göyçay qəzasında kənd icmaları və oba birlikləri
yaradılmış, Çallı, Xələc kəndləri və Qaravəlli Tapdıq obası Xələc kənd
icmasının tərkibinə daxil edilmişdir. Uzun müddət indiki Zərdab ərazisində yerləşən
Xələc kəndinin sakinləri, XX əsrin ortalarından başlayaraq indiki Ucar ərazisinə
köçürülmüşdür. 1879-cu ildə Kür sahilində, Zərdabın indiki Lələağacı kəndinin
yaxınlığında yaşayan Qaravəlli Tapdıq obasının ailələri isə, sonradan Çallı kəndinin
yaxınlığına köçüb yurd salmışdılar. XX əsrin əvvəllərində bu oba ailələri digər
əraziyə (çox güman ki, Zərdabın indiki Qoşaoba kəndinə) köçürülmüşdür.
1886-cı
ildə Çallı kəndinin 95 təsərrüfatında 253 nəfər kişi, 192 nəfər qadın olmaqla,
445 nəfər əhali, 1902-ci ildə 116 təsərrüfatında 278 nəfər kişi, 238 nəfər
qadın olmaqla, 516 nəfər əhali, 1911-ci ildə isə 118 təsərrüfatında 300 nəfər kişi,
235 nəfər qadın olmaqla, 535 nəfər əhali yaşayıb.
1870-ci ildə kəndin yaxınlığında Bayat tayfasının Boyat-Nəzir
Hüseyn bəy oba ailələrinin yaşadıqları qışlaq ərazisi də olub.
Çallı XX əsrdə
Çallı
kəndi Azərbaycan Xalq Cümhiriyyətinin dövründə və Azərbaycan SSR-nin ilk illərində
də Göyçay qəzasının tərkibində yerləşib. 1926-cı ildə Göyçay qəzası, Zərdab,
Qaraməryəm, Kürdəmir, Mollakənd, Müsüslü, Suraxanı (İsmayıllı), Ucar olmaqla, 7
bölgəyə bölünmüşdür. Çallı kəndi Zərdab bölgəsinə daxil edilmişdir. Göyçay qəzası
1929-cu ildə Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv edildikdən
sonra, kənd bir müddət Göyçay rayonunun tərkibində yerləşib və 1935-ci ildə yeni
yaradılan Zərdab rayonuna daxil edilib.
Sovet hakimiyyəti illərində ilk kollektivləşmə aparılan kəndlərdən biri
də Çallı kəndi olub. 1933-cü ildə kəndin 135 təsərrüfatından 37-si ümumilləşdirilmiş
təsərrüfat olub. Kənddə 442 nəfər kişi, 377 nəfər qadın olmaqla, cəmi 819 nəfər
əhali yaşayıb və əhalinin sayına görə, Zərdab rayonu ərazisində dövrün ən böyük
yaşayış məntəqəsi idi. Çallı kolxozu da rayonun ən böyük kolxozlarından biri
olub. 1961-ci ildə Zərdab rayonunun 9 sovetliyindən biri olan Çallı kənd
sovetliyinə 5 kənd, Çallı, Məlikumudlu, I Əlicanlı, II Əlicanlı və Xələc kəndləri,
1977-ci ildə isə rayonun 14 sovetliyindən biri olan kənd sovetliyinə Çallı, Məlikumudlu,
Cilovxanlı, I Alıcanlı və II Alıcanlı kəndləri daxil idi. Sonralar Alıcanlı kəndlərinin
daxil edildiyi Alıcanlı inzibati ərazi vahidliyi yaradılıb. 14 iyul 1998-ci il
tarixdə isə Məlikumudlu kəndi Çallı kənd inzibati ərazi dairəsinin tərkibindən
ayrılıb və yeni kənd inzibati ərazi dairəsi yaradılıb.
Çallı yaşayış məntəqəsi əvvəllər boz sahədə, Çalı piri adlanan yerin
yaxınlığında salınmış, sonralar isə indiki əraziyə köçürülmüşdür. Çallı və Məlikumudlu
kəndləri ilə Ucar rayonu arasında “paklıq”, “təmizlik” anlamını verən Qızlıq
düzü yerləşir. Kənd ərazisində yerləşən göl kəndin adı ilə əlaqədar Çallıgöl
adlanır. Deyilənlərə görə bir zamanlar kəndin ərazisində canavarların sayı çox
olub və bu canavarların adətən toplandıqları dərə Qurd dərəsi adlanır.
“Çal” sözü başqa rənglə qarışıq boz rəng (açıq-boz və ya tünd-boz),
“ağarmağa başlamış, dən düşmüş”, “bitkisi az olan və ya heç olmayan”, “dağ
döşü, yamac” mənalarınında işlədilir. Keçmişdə “böyük, başçı” anlamında da işlədilib.
“Çal” sözü qədim türk dilində “təpə” mənasını da verir. Bolnisi rayonundakı
Aşağı Qoşakilsə kəndi yaxınlığında “Uzun çal” (uzun təpə), Başkeçid (Dmanisi)
rayonundakı Yırğançay kəndi yaxınlığında “Yumru çal” (yumru təpə) adlı yerlər
var.
Qarabağ bölgəsində, Xocavənd rayonunda "dağın kol-kosu olan aşağı
hissəsi" çallar, bu ərazidə yerləşən göl Çallıgöl adlanır. Gədəbəy
rayonunda "boz rəngli çıxıntı" mənasını verən Çalburun və "boz daşlıq" mənasını
verən Çaldaş kəndləri, Laçın rayonunda "boz rəngli dağ yamacı" mənasını
verən Çalbair dağ silsiləsi, Tovuz rayonunda "boz dağ" mənasını verən
Çaldağı, Oğuz və Qəbələ rayonları ərazisində "boz qaya" mənasını verən
Çaldaş dağı, Kiçik Qafqaz dağlarında Çaldaş bulağı, Dəvəçi rayonunda Çallıq
adlanan yer var.
Türkiyənin Dənizli vilayətində Çal adlanan bölgə var. Bu bölgədə
yaşayanlar çallılar adlanır və çox zəki (ağıllı) hesab olunurlar. Hətta barələrində
maraqlı deyimlər var. Türklər çallılar haqqında “Kafalarında min dənə tülkü
dolaşır, heç birinin quyruğu bir-birinə dəymir” söyləyirlər.
Çallı
kəndində anadan olan Mətanət Abdurrəhmanova SSRİ Ali Sovetinin deputatı, Azərbaycan
Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilib, “Əmək şöhrəti” ordeni
ilə təltif olunub.
Kənd
sakinləri Eminov Zaur Surət oğlu, Məmmədov Aydın Cəlil oğlu, Vahidov Aqşin Sərdar
oğlu, Vahidov Səyavuş Davud oğlu, Rəsulov Rafiq Nüsrəddin oğlu Qarabağ müharibəsində
şəhid olublar.
Bəxtiyar Əsədli
İstifadə olunan mənbələr
1. Çar Rusiyasının siyahıyaalınma və digər arxiv sənədləri
2. Nailə Bayramova “Şamaxı xanlığı”
3. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab
ensiklopediyası”
4. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1961)
5. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1977)
Zərdab rayonu Çallı kəndi
Reviewed by Bəxtiyar
on
18.6.20
Rating:
Hiç yorum yok: