Şıxbağı kəndi
Şıxbağı Zərdab rayonu inzibati ərazi
vahidində kənddir. Rayon mərkəzindən 15 kilometr cənub-şərqdə, Şirvan düzündə,
Kür çayının sahilində yerləşir. Ərazisi 809,63 hektar, əhalisi 400 nəfərdən
çoxdur. Əhali əsasən heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik,
pambıqçılıq, baramaçılıq, bostançılıqla məşğuldur.
Kəndin
adı “şıx” və “bağ” sözlərinin birləşməsindən yaranıb. Kəndin salındığı bağ sahəsi
o dövrdə Şeyx dini titulu olan hörmətli bir şəxsin mülki olub və “şeyxə mənsub
bağ” mənasını verir. “Şıx” sözü “şeyx” sözünün təhrif edilmiş formasıdır. Yaşayış
məskəninin adı da "Şeyxinbağı" formasından "Şıxbağı"
formasına keçmişdir. “Şeyx” sözü ərəb sözü olub, “ağsaqqal”, “yaşlı adam”,
“qoca” mənasındadır. Ərəblərdə qəbilə və tayfa başçıları Şeyx adlanır. Bir çox
müsəlman ölkələrində hörmətli şəxslərin, təriqət rəhbərlərinin, ilahiyyatçı
alimlərin və digər mötəbər şəxslərin adına dini titul kimi Şeyx titulu əlavə
edilir.
Kəndin
tarixi haqqında dəqiq məlumat yoxdur. XIX əsrin ortalarında Şıxbağı kəndinin
yerləşdiyi ərazidə, Kür sahilində Mirzəbağı adlanan məntəqə olub. XIX əsrin
ikinci yarısında Kür sahilindəki bağlar əhali arasında bölüşdürülmüş və bir çox
ailələr Zərdabı tərk edərək bu bağlarda məskunlaşmışdılar. Həsən bəy Zərdabi
yazır ki, bu ailələrin ardınca öz bağlarını dağılmaqdan qorumaq üçün bəzi bəylər
də getdilər və Zərdab kəndi bir müddət, demək olar ki, tam boşaldı. Amma, mərkəzdə
yerləşməsi hesabına, ictimai bərənin və əyalət mağazasının burada olması səbəbindən
əhalinin çoxu öz köhnə ocaqlarına, Zərdaba qayıtdılar. Qalan əhali az-çox
tanınan adamların ətrafında cəmləşərək hərəsi 5-6 evdən ibarət 20 kənd
saldılar. Nəticədə yeni yaşayış məntəqələri yaranmışdı. Şıxbağı yaşayış məntəqəsi
Mirzəbağı adlanan ərazilərdə salınmışdır. Yaşlı nəslin nümayəndələrinin bildirdiklərinə
görə isə, kəndin tarixi ən azından 1700-cü ildən də əvvələ aiddir.
Mənbələrin
verdiyi məlumata görə ilkin mərhələdə Şıxbağı yaşayış məntəqəsində 21 ailə məskunlaşmışdır.
Kənd icmaları və oba birlikləri yaradıldıqdan sonra, Şıxbağı III Zərdab kənd
icmasına daxil edilmişdir. İcmanın mərkəzi Gəndəbil kəndi idi və qəza mərkəzindən
65 verst məsafədə yerləşirdi. 1917-ci ildə Şıxbağı kəndində 46 ev, 1921-ci ildə
isə 42 ev olub. Yaşayış məntəqəsi 1926-1929-cu illərdə Göyçay qəzasında
yaradılan Zərdab bölgəsinin, 1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən
isə yeni yaradılan Zərdab rayonunun tərkibinə daxil edilib. Sənədlərə əsasən
Şıxbağı yaşayış məntəqəsində 1933-cü ildə 56 təsərrüfat (45 ümimiləşdirilmiş təsərrüfat)
olub və 127 nəfər kişi, 94 nəfər qadın olmaqla, 221 nəfər əhali yaşayıb.
Zərdab
rayonu təşkil edildikdən sonra, rayonda yaradılan 9 sovetlikdən biri Şıxbağı kənd
sovetliyi adlanıb. 1961-ci ildə sovetliyin tərkibinə Şıxbağı, Ağabağı, Gəndəbil,
Nəzərallı, Şahsünlü (Şahhüseynli), Seyidlər (Aşağı Seyidlər) və Şəftəxal kəndləri
daxil idi. Sonrakı illərdə Şahsünlü (Şahhüseynli), Seyidlər (Aşağı Seyidlər) və
Şəftəxal kəndləri sovetliyin tərkibindən ayrılmış və Şahsünlü mərkəz olmaqla
yeni kənd sovetliyi yaradılmışdır. Hazırda Şıxbağı kənd inzibati ərazi dairəsinin
tərkibinə Şıxbağı, Ağabağı, Gəndəbil, Nəzəralı kəndləri daxildir.
Kənd sakinləri uzun müddət balıqçılıqla məşğul olub. Yaşayış məntəqəsində böyük bir
balıq vətəgəsi olmuş və bu vətəgə 1926-cı ilə qədər fəaliyyət göstərmişdir. Kəndin
ərazisində, rəmzi olaraq böyük və kiçik adlanan iki qəbiristanlıq var. Dövrünün ağaları, bəyləri, hacıları, dini şəxsiyyətləri ilə məşhur olan kənddə,
bu insanların məzarları indi də qalmaqdadır.
Şıxbağı
kənd sakini Əhmədov Əlimərdan Əli oğlu Qarabağ müharibəsində şəhid olub.
Ağabağı kəndi
Ağabağı Zərdab rayonu inzibati ərazi
vahidində kənddir. Kənd Şirvan düzündə, Kür sahilində, rayon mərkəzindən 19
kilometr cənub-şərqdə, Şıxbağı kənd inzibati ərazi dairəsinin tərkibində yerləşir.
Ərazisi 799,0 hektar, əhalisinin sayı təxminən 490 nəfərdir. Əhalinin əsas məşğuliyyəti
heyvandarlıq, pambıqçılıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq,
quşçuluq, bostançılıq və balıqçılıqdır.
XIX əsrin ikinci yarısından
etibarən Kür sahilindəki 740 desyatin tut bağları əhali arasında bölüşdürülmüş
və bir çox ailələr Zərdab kəndini tərk edərək bu bağlarda məskunlaşmışdılar. Nəticədə
yeni yaşayış məskənləri yaranmışdı. İndiki Ağabağı kənd ərazisi Ağa adında bir
şəxsə verilmişdir. Bağ sahibinin adına müvafiq olaraq yaşayış məskəni Ağabağı
adlandırılmışdır, mənası "Ağaya məxsus bağ" deməkdir. Bir çox mənbələr
bağ sahibinin adının Ağalı bəy olduğunu bildirir. Nazim Tapdıqoğlu bəzi sənədlərdə
yaşayış məskənini Ağalıbəy, Ağalıbağı kimi də göstərildiyini yazır.
XIX əsrin sonlarında Göyçay qəzasının
tərkibində kənd icmaları və oba birlikləri yaradılmışdır. İndiki Ağabağı kəndinin
əraziləri III Zərdab (Gəndəbil) kənd icmasının tərkibinə daxil edilmişdir. Yaşayış
məntəqəsi 1917-ci ildə Zərdab Ağabağı kəndi adlandırılmış və Göyçay qəzasının Bərgüşad
inzibati ərazisinə daxil edilmişdir. Kənddə 1917-ci ildə 8 ev, 1921-ci ildə isə
26 ev olub. Ağabağı 1926-1929-cu illərdə Göyçay qəzasında yaradılan Zərdab bölgəsinin,
1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab
rayonunun tərkibinə daxil edilib. Sənədlərə əsasən, 1933-cü ildə yaşayış məntəqəsinin
37 təsərrüfatında 178 nəfər əhali yaşayıb.
Zərdab rayonu yaradılandan
sonra Şıxbağı sovetliyinə daxil edilən
Ağabağı kəndi, hazırda da bu inzibati ərazinin tərkibində yerləşir.
Kür sahilində yerləşən yaşayış
məntəqəsinin ərazisi illər boyu daşqınlara məruz qalıb. Həsən bəy Zərdabi 06
iyun 1882-ci il tarixdə “Kaspi” qəzetində yazdığı məqaləsində də Ağabağı kəndinin
su altında qaldığını bildirir. 2010-cu ilin may ayında növbəti güclü leysan
yağışları və sel suları Ağabağı kənd ibtidai məktəb binasında qəza vəziyyət
yaratdı. Həmin il kənddə yeni məktəb binası inşa edildi.
Uzun illər boyu Zərdabda və eləcə
də Şirvanda yaşayan əhali Kür çayındakı bərələr vasitəsilə Qarabağa gediblər.
Kür çayı üzərində hərəkət edən bu bərələrdən biri də Ağabağı kəndi ərazisində fəaliyyət gostərirdi.
Kənd ərazisində yerləşən gölə
el arasında "Məhəddin axmazı" deyilir. Axmazın yanında tənha bir qəbir
var. Dövrünün nüfuzlu şəxslərindən olan Məhəddin bəy 1937-ci ildə həbs edilib,
bütün əmlakı müsadirə olunub və həbsxanada vəfat edib. Övladları da repressiya
olunub. Həyat yoldaşı Sona xanım əri və uşaqları repressiya olunduğuna görə qəbirstanlıqda
deyil, “Məhəddin axmazı” adlanan Ağabağı axmazı sahilində, tək-tənha dəfn
edilib.
Kənd qəbiristanlığında Türkiyədən
gələn bir şəxsin qəbiri var. 1918-ci ildə Bakını bolşevik-daşnak qüvvələrinin
işğalından azad etmək üçün Nuru Paşanın komandanlığı ilə Azərbaycana gələn
türkiyəli əsgərlərin ikisi döyüşlərdə yaralanmış və dəstələrindən ayrı
düşmüşdülər. Qaçaqlara qoşularaq bolşeviklərə qarşı mübarizə edən bu əsgərlərin
biri, sonralar ailə quraraq Ağabağı kəndində məskunlaşıb və vəfat etdikdən
sonra kənddə dəfn olunub.
1988-ci ildə kənddə daha bir
maraqlı hadisə baş verib. Kənd sakini Məhərrəm kişi biçin zamanı otların
arasında gizlənən canavar balasını bilmədən öldürür. Elə həmin gecə canavar ailəsi
qisas üçün 30 kilometrlik yolu qət edərək, kənd sakininin həyətinə soxulub və təsərrüfatda
olan bütün qoyunları tələf edib.
Kənd sakini Heydərov Sərvan
Qarabağ müharibəsində şəhid olub.
Toponimindəki “ağa” sözü
dilimizdə müxtəlif mənalarda, hakim siniflərə məxsus mülkədar, bəy, zadəgan, sahibkar
mənasında, seyidlərə, ruhanilərə, yaxud yaşlı və hörmətli adamlara verilən ləqəb
mənasında, hər hansı bir yerin sahibi, yiyəsi, hakimi mənasında və eləcə də
böyük qardaş mənasında da işlənir. Azərbaycanda, Türkiyədə, İranda və digər ölkələrdə
“ağa” sözü ilə əlaqədar onlarla yer, məkan adları var. İmişli rayonunda
Ağamalı, keçmiş Ağdərə rayonunda Ağabəyələnc, Ağcabədi rayonunda, Sabirabad
rayonunda Ağacanlı kəndləri, Kəlbəcər rayonunda Ağababa dağı, Biləsuvar
rayonunda Ağabəylər çayı, Tovuz rayonunda Ağabulağı dərəsi var.
Nəzəralı kəndi
Nəzəralı
Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Kənd rayon mərkəzindən 14 kilometr
cənub-şərqdə, Şirvan düzündə, Kür çayı sahilində yerləşir. Ərazisi 618,23
hektar, əhalisi təxminən 250 nəfərdir. Kənd sakinlərinin əsas məşğuliyyəti
heyvandarlıq, taxılçılıq, quşçuluq, pambıqçılıq, baramaçılıq, yemçilik,
bostançılıq, meyvəçilik, balıqçılıqdır.
Yerli əhalinin dediyinə görə, kəndin əsl adı Nəzəralıxan olub. Mənbələlər
yazır ki, XIX əsrdə yaşayış məntəqəsində indiki Şıxbağı kəndindən çıxan, Nəzəralıxan
adlı mülkədarın xidmətində olan bəzi ailələr məskən salmış və buna görə də bu
yaşayış məntəqəsi yarandığı gündən həmin xanın adı ilə adlandırılmışdır. Nəzəralı
kəndinin indiki ərazilərində insanların məskunlaşması, bu ərazilərə Zərdab
icmasından gələnlərin məskunlaşmasından daha əvvəlki tarixə təsadüf edir. Çar
Rusiyasının 1870-ci il atlasında da indiki Zərdab ərazisində Zərdab, Körpükənd,
Əlvənd və sairə kəndlər ilə yanaşı, indi yerləşdiyi ərazidə Nəzəralı adlanan
yaşayış məntəqəsi qeyd olunub. O dövrdə yaşayış məntəqəsinin formallaşıb atlas
və xəritələrə düşməsi üçün ən azı 20-30 vaxt tələb olunurdu. Bunları nəzərə
alsaq, yaşayış məntəqəsinin Zərdab icmasından çıxan ailələr tərəfindən deyil,
daha əvvəllər salındığını ehtimal etmək olar.
Bakı quberniyasının Göyçay qəzasının tərkibində
kənd icmaları və oba birlikləri yaradıldıqdan sonra, Nəzəralı kəndi III Zərdab
(Gəndəbil) kənd icmasının tərkibinə daxil edilmişdir. 1917-ci ildə Nəzəralı kəndində 50 ev, 1921-ci ildə isə 37 ev olub. Yaşayış
məntəqəsi 1926-1929-cu illərdə Göyçay qəzasında yaradılan Zərdab bölgəsinin,
1929-1935-ci illərdə Göyçay rayonunun, 1935-ci ildən isə Zərdab rayonunun tərkibinə
daxil edilib. Sənədlərə əsasən 1933-cü ildə Nəzəralı yaşayış məntəqəsində 44 təsərrüfat
olub və 121 nəfər kişi, 93 nəfər qadın olmaqla, 214 nəfər əhali yaşayıb. 36 təsərrüfat
ümumiləşdirilmiş təsərrüfat idi. Zərdab rayonu təşkil edildikdən sonra Nəzəralı
kəndi Şıxbağı kənd sovetliyinə daxil edilmişdir. Hazırda da Şıxbağı inzibati ərazi
dairəsinin tərkibindədir.
Nəzəralı
kənd qəbiristanlığında 1918-ci ildə Türk Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana
gələn Abdulkadir adlı (sonradan adını Hüseyn yazdırıb) kayserili əsgərin məzarı
var. Döyüşlərin birində ölümcül yaralanan türkiyəli əsgər yoldaşlarından ayrı
düşüb, müalicə olunduqdan sonra qaçaqlara qoşulub. Sovet hakimiyyətindən gizlənən
Abdulkadir və daha bir türk əsgəri Nəzəralı kəndində sığınacaq tapıblar. Daha
sonra onlara bəraət verilib və Abdulkadir evlənərək Nəzəralı kəndində yaşayıb.
Kənd
sakini Əhmədov Vidadi Qüdrət oğlu Qarabağ müharibəsində şəhid olub.
Bəxtiyar Əsədli
İstifadə olunan mənbələr:
1. Həsən
bəy Zərdabinin məqalə və məktubları (tərcüməçi İsaməddin Əhmədov)
2. Nazim
Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
3. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
4. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1977)
5. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01
yanvar 1961)
Zərdabın Şıxbağı, Ağabağı və Nəzəralı kəndləri
Reviewed by Bəxtiyar
on
15.6.20
Rating:
Hiç yorum yok: