Zərdab rayon Bəyimli kəndi
(hazırda qəsəbə) Bəyimxanımlı obası tərəfindən XX əsrin əvvəllərində salınıb. Bəyim
hörmət funksiyalı tituldur, müasir ədəbi dilimizdə də bir sıra qadın
adlarında mühafizə olunur. Bəyimli toponimi də “Bəyimə məxsus olan ərazi” mənasında
"Bəyim" sözü əsasında yaranmışdır. Şirvan bölgəsində, İsmayıllı, Ağsu
və Zərdab rayonlarında rast gəlinən Bəyimli toponimləri Bəyimlixanımlı obasının
adı ilə bağlıdır.
Mənbələrdə
Şirvan əyalətinin Bəyimxanımlı obası haqqında məlumatlar var. Əhalisi rəncbərlik və heyvandarlıqla məşğul olan oba, 1826-cı ilə qədər Şirvan xanı Mustafa
xanın həyat yoldaşı Fatma bəyimə mənsub olduğu üçün belə adlanıb. Fatma bəyim Şəki
xanı Hüseyn xan Müştaqın qızıdır. Onun vəfatından
sonra, övladları olmadığı üçün, obanın rəncbərləri çar xəzinəsinə keçib. Əvvəllər
Fatma bəyimin, sonradan isə xəzinənin rəncbərləri olduğuna görə oba vergi verməyib.
Hazırda Ağsu rayonunun Ərəbsarvan inzibati ərazi vahidində Bəyimli kəndi, Zərdab
rayonunda Bəyimli qəsəbəsi, Girdiman çayının sahilində Bəyimli düzənliyi, bu
düzənlikdə xalq arasında "Torpaqqala" və "Bəyimli qalası"
kimi tanınan qədim yaşayış məskəni, İsmayıllı rayonunda Bəyimli dağı və bu
dağda Birinci və İkinci Bəyimli adlanan
yay otlaq yerləri var.
Yerli
məlumatlara görə isə Bəyimli yaşayış məntəqələri Bəyim adlı çoxuşaqlı bir dul
qadının övladları tərəfindən bina edildiyi üçün belə adlandırılmışdır.
Bakı
quberniyasının Göyçay qəzasında da Bəyimxanımlı yaşayış məntəqəsi qeydə
alınmışdır. Yaşayış məntəqəsinin 1870-ci ildə qəza mərkəzindən 90 verst məsafədə,
1911-ci ildə isə 73 verst məsafədə (Kürdəmir pristav idarəsindən 47 verst məsafədə)
yerləşdiyi bildirilir. Bəyimxanımlı Sorsor kənd icmasının tərkibinə daxil olub.
Zərdab
rayonunun eyniadlı inzibati ərazi vahidində yerləşən Bəyimli qəsəbəsi Bəyimxanımlı
obasının qışlaq əraziləri olub. Əhali oturaq həyata XX əsrin 20-ci illərində
keçib və bu ərazidə daimi yaşayış məntəqəsi yaranıb. Ərazi 1917-ci ildə Bəyimxanımlı
variantında qeydə alınmışdır. Şirvan düzündə, rayon mərkəzindən 19 kilometr
şimal şərqdə yerləşir. Ərazisi 9623,02 hektar, əhalisi təxminən 1100 nəfərdir.
Əhali əsasən heyvandarlıq, xüsusilə də camışçılıq, əkinçilik, yemçilik,
quşçuluq, bostançılıq, baramaçılıq ilə məşğul olur.
Professor
Eldəniz Həsənov Zərdab rayonunun indiki Bəyimli qəsəbəsinin ərazilərinin, XIX əsrin
sonlarında, XX əsrin əvvəllərində Lələ Əhmədli kənd icmasına məxsus olduğunu
bildirir. Eldəniz müəllim bildirir ki, Lələ Əhməd icması bu ərazilərdə Bəyimxanımlı
ailəsinin nümayəndələrinə heyvandarlıq təsərrüfatı ilə məşğul olmaq üçün şərait
yaratmışdır. Sonradan Lələ Əhmədli və Bəyimxanımlı ailələri qaynayıb-qarışmış,
qohumluq əlaqələri yaratmışdılar.
XX əsrin
60-cı illərində İsaqbağı kənd sovetliyinin tərkibində yerləşən Bəyimli kəndinə,
15 mart 1968-ci il tarixdə fəhlə qəsəbəsi statusu verilib və Bəyimli qəsəbə
sovetliyi yaradılıb. Qəsəbədə tikinti, quruculuq, abadlıq işləri də aparırıb. Bəyimlidə
fəaliyyət göstərən Südçülük-Camışçılıq sovxozu ötən əsrdə Respublikanın ən iri
təsərrüfatlarından biri olub.
Qəsəbənin
yaxınlığında “Rəncbərlər yeri” adlanan ərazi var. Əvvəllər bu yerdə Bəyimxanımlı
obasının rəncbər ailələri yaşayıb. Keçən əsrdə Zərdabın Bəyimli və Dəli Quşçu
yaşayış məntəqələri arasında geniş meşə ərazisi olub. Bu meşə, 20-ci əsrin
ortalarına qədər çoxlu sayda ceyranlar yaşadığına görə “Ceyranlı meşə”
adlanıb.
Bəyimli
qəsəbəsində anadan olan İbrahimov Seyran İbrahim oğlu Qarabağ müharibəsində şəhid
olub.
Şabran
rayonu ərazisində, Səfəvi hökmdarı Məhəmməd
Xudabəndənin həyat yoldaşı, I Şah Abbasın anası, bir vaxtlar Şirvana hücum edən
qoşunlara rəhbərlik edən Məd-i Ülya bəyimin adı ilə əlaqələndirilən Bəyimdağ
adlanan dağ, Tərtər rayonunda əvvəlki adı Sarov olan və sonralar Qarabağ xanı Mehdiqulu xanın bacısının şərəfinə adlandırılmış Bəyimsarov
kəndi də var.
Bəxtiyar Əsədli
Zərdab rayonu Bəyimli qəsəbəsi
Reviewed by Bəxtiyar
on
15.6.20
Rating:
Hiç yorum yok: