Weather forecast for Zardab

Şamaxı quberniyası



  Şamaxı quberniyası Cənubi Qafqazda, Rusiya İmperiyası tərkibində mövcud olmuş inzibati ərazi vahididir. İnzibati mərkəzi Şamaxı şəhəri olub.
  14 dekabr 1846-cı ildə təsdiq edilmiş “Zaqafqaziya diyarının bölünməsi haqqında əsasnamə”yə uyğun olaraq Qafazda Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyaları yaradılmışdı. Azərbaycan ərazisinin əsas hissəsi Şamaxı quberniyasının tərkibinə daxil edildi. Quberniyalar da öz növbəsində qəzalara bölünürdü. Mərkəzi Şamaxı şəhəri olan quberniyanın tərkibinə Şamaxı, Şuşa, Nuxa, Bakı və Lənkəran qəzaları daxil idi.
  1859-cu ilə Şamaxı quberniyasına 3 hərbi qubernator rəhbərlik etmişdir. General mayor, baron Aleksandr Yestafeviç Vrangel 1846 – 1850-ci illərdə, general mayor, Sergey Qavriloviç Çelyayev 1850 – 1857-ci illərdə, general mayor, qnyaz Konstantin Davıdoviç Tarxan-Mouravov 1857 – 1859-ci illərdə quberniyanın hərbi qubernatorları olublar. Quberniyanın Şamaxı qəzasının rəisi polkovnik Stepan Osipoviç Aqlinçev, Şuşa qəzasının rəisi polkovnik Pavel Vasilyeviç Safonov, Nuxa qəzasının rəisi polkovnik Romaz Dmitriyeviç Tarxan-Mouravov, Lənkəran qəzasının rəisi Aleksandr Karpoviç, Bakı qəzasının rəisi isə Mixayıl Timofeyeviç Dementyev idi
  1850-ci ildə quberniya 5 şəhərdən, 1 qəsəbədən, 20 bölgədən və 1 pristavlıqdan ibarət olub. Bölgələr isə mahallara və minbaşılıqlara bölünmüşdür.

    Quberniyaların şəhərləri

  Şamaxı şəhərində 3113  ev, 19733 nəfər əhali qeydə alınmış, 863 nəfər ticarət ilə, 2192 nəfər isə sənətkarlıqla məşğul idi. Şəhərdə 4 karvansaray, 14 hamam, 1 dövlət məktəbi, Müqəddəs Nina məktəbinin bölməsi, 2 müsəlman məktəbi, mədrəsəsi, 1 erməni məktəbi, 15 məscid, 5 kilsə fəaliyyət göstərib. Şəhərin 3 meydanı, 7 körpüsü, 47 küçəsi, 395 su quyusu, 29 bağı olub.
 Bakı şəhərində 1840 ev, 8378 nəfər əhali qeydə alınmış, 225 nəfər ticarət ilə, 113 nəfər isə sənətkarlıqla məşğul idi. Şəhərdə 11 karvansaray, 10 hamam, 2 bazar, 2 dövlət məktəbi, 12 müsəlman məktəbi, mədrəsəsi, 1 erməni məktəbi, 12 məscid, 4 kilsə fəaliyyət göstərib. Şəhərin 4 meydanı, 2 körpüsü, 46 küçəsi, 570 su quyusu, 1 bağı olub.
 Şuşa  şəhərində 3040 ev, 15194 nəfər əhali qeydə alınmış, 1015 nəfər ticarət ilə, 1863 nəfər isə sənətkarlıqla məşğul idi. Şəhərdə 4 karvansaray, 2 bazar, 7 hamam, 3 dövlət məktəbi, 9 müsəlman məktəbi, mədrəsəsi, 5 erməni məktəbi, 6 kilsə, 2 məscid fəaliyyət göstərib. Şəhərin 4 küçəsi, 6 körpüsü, 970 su quyusu olub.
 Nuxa şəhərində 2646 ev, 17941 nəfər əhali qeydə alınmış,  2541 nəfər ticarət ilə, 5274 nəfər isə sənətkarlıqla məşğul olurdu. Maraqlı odur ki, ticarət ilə məşğul olan 301 xristianın 300 nəfəri, sənətkarlıqla məşğul olan 519 xristianın 517 nəfəri qadın idi. Şəhərdə 3 karvansaray, 1 bazar, 5 hamam, 1 dövlət məktəbi, 32 müsəlman məktəbi, 2 erməni məktəbi, 34 məscid, 4 kilsə fəaliyyət göstərib. Şəhərin 40 küçəsi, 800 bağı olub.
  Lənkəran şəhərində 833 ev, 3970 nəfər əhali qeydə alınmış, 156 nəfər ticarət ilə, 72 nəfər isə sənətkarlıqla məşğul olub. Şəhərdə 1 bazar, 5 hamam, 1 dövlət məktəbi, 3 məscid, 1 kilsə fəaliyyət göstərib. Şəhərin 1 meydanı, 6 küçəsi, 509 su quyusu, 18 bağı olub.
 Salyan və ətrafında 1125 ev, 17600 nəfər əhali qeydə alınmış, 229 nəfər ticarət ilə, 105 nəfər isə sənətkarlıqla məşğul olub. Salyanda 3 karvansaray, 5 hamam, 1 bazar, 1 dövlət məktəbi, 7 məscid, 28 müsəlmam məktəbi, mədrəsə fəaliyyət göstərib, 5 meydan, 32 küçə, 78 su quyusu, 24 bağ qeydə alınmışdır.

      Quberniyanın bölgələri

  I. Qəbiristanlıq bölgəsi. 1850-ci ildə mahalda türklərdən və türkləşmiş ərəblərdən ibarət 27356 nəfər əhali yaşayıb. 6 kənddən, onlarla obadan və 220 evdən ibarət olan bölgəyə Qəbiristan, Nəvahi mahalları və Elat mahalının bir hissəsi daxil idi. Bölgədə 2 məscid fəaliyyət göstərib. Bölgədə 1500 at, 4500 iribuynuzlu, 90000 isə xırdabuynuzlu heyvan qeydə alınmışdır.
 1. Qəbiristan mahalı. Müasir dövrlə müqayisədə Qobustan, Şamaxı, Hacıqabul rayonlarının ərazisini  əhatə edən Qəbiristan mahalı 1820-ci ilə kimi Mustafa xanın həyat yoldaşı Pəricahan xanıma məxsus olmuşdur. Mahalın adı çox güman ki "məzarlıq" mənasındakı "qəbristan, qəbiristan" sözüylə əlaqəli deyil. Adın kökündə "gəbr" sözü durur ki, əvvəllər, ilkin olaraq "atəşpərəst" mənasında işlənmişdir. Vaxtilə qeyri-müsəlman əhalinin yığcam şəkildə, müsəlmanlardan nisbətən aralıda yaşadıqları yerlər üçün "gəbristan" adı istifadə edilib. Sakinlər əkinçilik və maldarlıqla məşğul olurdular.
 2. Elat mahalı. Müasir dövrlə müqayisədə Kürdəmir, Ağsu, Sabirabad, Hacıqabul, Neftçala, Salyan və Şamaxı rayonlarının ərazisini  əhatə edirdi. Mahalın sakinləri maldarlıq, əkinçilik və bağçılıqla məşğul olurdular. Mahalın kənd və obalarının bir hissəsi Qəbiristan bölgəsinə daxil edilmişdir.
 3. Navahi mahalı. Hacıqabul rayonu ərazisində mövcud olmuşdur. Navahi mahalının sakinləri əkinçilik və maldarlıqla məşğul olurdular. Ərazisi çox kiçik idi, tərkibinə II Quşçu, Muğanlı, Navahi, Rəncbərlər kəndləri daxil edilmişdir.
Qəbiristan bölgəsinə Xançoban mahalının Kolanı, Çıraqlı və Qoşun mahalının Çalov obaları da daxil idi.
  II. Bərgüşad bölgəsi. 92 kənd, onlarla oba və 8683 evdən ibarət olan bölgədə 33187 nəfər əhali yaşayıb. Əhalinin 15534 nəfəri kəndli təsərrüfatı ilə, 85 nəfəri ticarət ilə, 676 nəfəri isə sənətkarlıqla məşğul olub. 92 kəndi və onlarla obası olan bölgəyə Sərdərin, Qarasubasar, Bölükət mahalları daxil idi. Bölgədə 2 kilsə, 73 məscid fəaliyyət göstərib. 5000 at, 14000 iribuynuzlu, 3400 isə xırdabuynuzlu heyvan qeydə alınmışdır.
 1. Sərdərin mahalı. Ucar, Göyçay, Sabirabad, Kürdəmir və Ağdaş rayonlarının ərazisində mövcud olmuşdur. Xanlıq dövründə “Sədari” kimi yazılan mahal adı sonralar “Sərdərin” kimi qeyd olunmuşdur. Mahal bəyi həm də Şirvan ordusunun sərdarı olduğu üçün belə adlanmışdır. Mahalın sakinləri əsasən türklərdən, türkləşmiş ərəb və kürdlərdən ibarət olmuşdur. Əhali əsasən əkinçilik və maldarlıq ilə məşğul idi.
 2. Qarasubasar  mahalı. Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarının ərazisində mövcud olub. "Qarasubasar" türk sözüdür. Mahalının adı Qarasu çayı ilə əlaqədar olub, çayın suyundan istifadə olunduğu üçün mahal belə adlanıb. Qarasubasar mahalının sakinləri əkinçilik və baramaçılıq, pambıqçılıqla məşğul olublar. Mahalın tərkibinə 10 kənd daxil idi. Mahalın Əlvənd, Zərdab, Qarabörk, Yuxarı Lək, Aşağı Lək, Muradxan, Xələc (Xalaç), Çallı, Şilyan kəndləri Bərgüşad bölgəsinə, Tilanköyün kəndi isə Xançoban bölgəsinə daxil edilib.
 3. Bölükət mahalı. Kürdəmir və Ağsu rayonlarının ərazisində mövcud olmuşdur. “Bölükət” adı türk dilində “bölük” sözündən və ərəb dilində “-ət” cəm şəkilçisindən yaranıb, “bölüklər” deməkdir. Mahalın kəndləri xan nəsli ilə bağlı idi. Şirvan xan ailəsinin əsas mülkləri bu mahalda yerləşmişdir. Türklərdən ibarət olan Bölükət mahalının sakinləri bağçılıq, üzümçülük, pambıqçılıq, baramaçılıq, çəltikçiliklə məşğul olublar.  
 III. Xançoban bölgəsi. 76 kənd, onlarla oba, 4889 evdən ibarət olan bölgədə 29507 nəfər əhali yaşayıb. 14356 nəfər sakin əsasən kəndli təsərrüfatlarında məşğul olublar. 11750 at, 48700 iribuynuzlu və 302400 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Xançoban mahalı, Elat mahalının bir hissəsi daxil idi.
 1. Xançoban mahalı. Şamaxı, Ağsu, Kürdəmir və İsmayıllı rayonlarının ərazisində mövcud olub. Mahalın sakinləri tamamən türk elatlarından ibarət idi. Mahalın obaları birbaşa hökmdara, xana bağlı olması səbəbindən Xançoban adlandırılmışdır. "Xan" qədim türk dilindən “xan, xaqan, kaan, hökmdar” mənasında, "çoban"-fars sözü olub, “heyvanları otaran, qoruyan” mənasındadır. Mahalın sakinləri əsasən maldarlıq və taxılçılıq ilə məşğul olublar.
 2. Elat mahalı. Müasir dövrlə müqayisədə Kürdəmir, Ağsu, Sabirabad, Hacıqabul, Neftçala, Salyan və Şamaxı rayonlarının ərazisini  əhatə edirdi. Mahalın sakinləri maldarlıq, əkinçilik və bağçılıqla məşğul olurdular. Elat mahalının kənd və obalarının bir hissəsi Xançoban bölgəsinə daxil edilmişdir.  
Qarasubasar mahalının Tilanköyün kəndi və Qəbiristan mahalının Təklə Sofi obası Xançoban bölgəsinin tərkibində yerləşib.
 IV. Qoşun bölgəsi. Bölgədə 5088 ev, 93 kənd və onlarla oba, 24196 nəfər əhali qeydə alınmışdır. 8477 nəfər kəndli təsərrüfatı ilə, 3232 nəfəri ticarət ilə, 2279 nəfəri isə sənətkarlıqla məşğul olub. Bölgədə 21 məscid, 10 kilsə, 1 sinaqoq fəaliyyət göstərib. 2020 at, 9074 iribuynuzlu, 9519 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgənin tərkibinə Qoşun, Houz mahalları daxil idi
 1. Qoşun mahalı. Mahal Ağsu, Şamaxı və Qobustan rayonlarının ərazisində mövcud olub. Mahalın sakinləri əkinçilik, maldarlıq və bağçılıqla məşğul olublar. Maldarlıq ilə məşğul olan obaları hamısı türk obalarından ibarət idi. Mahal əhalisi türklər və xristian tatlar olub. Vasili Bartold "qoşun" sözünün monqol dilindən türk dillərinə keçdiyini qeyd edir. Monqol dilindəki "xoşun" sözü türk dillərinə "qoşun" kimi daxil olub və "əsgər, yan-yana düzülmüş əsgər dəstəsi" mənasını verir.
 2. Houz mahalı. Müasir dövrlə müqayisədə Ağsu, İsmayıllı və Şamaxı rayonlarının ərazisini əhatə edib.  Osmanlı hakimiyyəti illərində Şirvan bəylərbəyliyi 12 sancağından biri Hauz-Lahıc sancağı idi. Dərbənd bəylərbəyliyi yaranandan sonra Hauz-Lahıc sancağından Lahıc sancağı və Hauz livası ayrılıb. Bu bölgü sonralar da davam etdirilmiş, xanlıqlar dövründə hər ikisi ayrıca mahal olmuşdu. Əsasən türklərdən, müsəlman və xristian tatlardan ibarət olan mahal sakinləri əkinçiliklə məşğul olublar.
 V. Lahıc bölgəsi. 51 kənddən və 1122 evdən ibarət olan bölgədə 31418 nəfər əhali yaşayıb. 2542 nəfəri kəndli təsərrüfatı ilə, 115 nəfəri ticarət ilə, 387 nəfəri isə sənətkarlıqla məşğul olub. Bölgədə 21 məscid fəaliyyət göstərib. 1201 at, 12378 iribuynuzlu, 10125 xırdabuynuzlu heyvan qeydə alınıb. Bölgəyə Həsən, Xozayurt, Lahıc mahalları daxil idi.
 1. Həsən mahalı. Göyçay çayı ilə Girdiman çayı arasında yerləşirdi. Əhali əsasən əkinçilik və sənətkarlıqla məşğul olub.
 2. Xozayurt mahalı. İsmayıllı və Göyçay rayonlarının ərazisində mövcud olmuşdur. “Xazayurd” adı “Xəzəryurd” kimi anlaşılır. VIII əsrin əvvəllərində mahalın əhatə etdiyi ərazidə çoxsaylı xəzər ailələri məskunlaşıblar. “Yurt” sözü də türk dilində olub, bütün türk dillərində eyni mənada işlənir. Sakinlər əsasən türklər, qrızlar (haputlar), müsəlman və xristian tatlardan ibarət olmuşdur. Mahalda meyvəçilik daha çox inkişaf etmişdir.
 3. Lahıc mahalı. İsmayıllı rayonu ərazisində mövcud olub. Lahıc qədim Layzan vilayətinin inzibati mərkəzi olduğu bildirilir. Osmanlı hakimiyyəti illərində Şirvan bəylərbəyliyi 12 sancağından biri Hauz-Lahıc sancağı idi. Dərbənd bəylərbəyliyi yaranandan sonra Hauz-Lahıc sancağından Lahıc sancağı və Hauz livası ayrılıb. Bu bölgü sonralar da davam etdirilmiş, xanlıqlar dövründə hər ikisi ayrıca mahal olmuşdu. Əsasən müsəlman tatlardan ibarət olan əhali bağçılıq, bostançılıq, ipəkçilik, misgərlik, dəmirçilik, kömürçülük, barıdarlıq, paxırçılıq, bərbərlik, başmaqçılıq, qəssablıq, dabbaqlıq, papaqçılıq, xarratlıq, bənnalıq, əyiricilik, tüccarlıqla məşğul olurdular.
 VI. Qəbələ bölgəsi. 64 kənd və 4555 evdən ibarət olan bölgədə 24837 nəfər əhali yaşayıb. Əhalinin 10817 nəfəri kəndli təsərrüfatı ilə, 790 nəfəri ticarət ilə, 136 nəfəri sənətkarlıq ilə məşğul olub. Bölgədə 13 kilsə, 56 məscid fəaliyyət göstərib. 2345 at,  5180 iribuynuzlu və 4575 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Qəbələ və Qutqaşın mahalları daxil idi.
 1. Qəbələ mahalı. XVIII əsrin sonlarında Qəbələ sultanlığı Qəbələ (Bum) mahalı adlandırılıb. Çar Rusiyasının Qafqazda apardığı islahatlar nəticəsində Şəki əyalətinin mahallarından biri olan Qəbələ (Bum) mahalı Kaspi vilayətinə, Şamaxı quberniyasına, daha sonra isə Bakı və Yelzavetapol (Gəncə) quberniyalarının tərkibinə qatılmışdır.
 2. Qutqaşın mahalı. Şəki əyalətinin mahalı olub. Şamaxı quberniyası yaradıldıqdan sonra, quberniyanın tərkibinə daxil edilib.
 VII. Xaçmaz bölgəsi. 1846-cı ildən Şamaxı quberniyasının tərkibinə daxil edilib. Bölgəyə Xaçmaz mahalı daxil idi. 44 kənddən və 4459 evdən ibarət olan bölgədə, 29006 nəfər əhali yaşayıb. Sakinlərdən 12879 nəfəri kəndli təsərrüfatı ilə, 105 nəfəri ticarət ilə, 295 nəfəri isə sənətkarlıq ilə məşğul olublar. 1000 at, 5900 iribuynuzlu, 16600 xırdabuynuzlu heyvan qeydə alınmışdır.
 VIII. Nuxa bölgəsi. 55 kənd, 5 oba, 5131 evdən ibarət olan bölgədə 29732 nəfər əhali yaşayıb. 60 məscid, 11 kilsə, 1 monastr fəaliyyət göstərib. 14534 nəfər kəndli təsərrüfatı ilə, 136 nəfər ticarət ilə, 188 nəfər sənətkarlıqla məşğul olub. 1500 at, 4000 iribuynuzlu, 5420 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Göynük və Şəki mahalları daxil idi.
 1. Göynük mahalı. Şəki əyalətinin tərkibində yerləşib. “Göynük” sözünü Göy Türklərlə əlaqələndirirlər. Toponim “meşə  içərisində açıqlıq”, “tala” mənasında da izah edilir. 1846-cı ildən Şəki mahalından ayrılaraq, Şamaxı quberniyasının tərkibində yaradılmış inzibati ərazidir.
 2. Şəki mahalı. Şəki əyalətinin ən böyük mahalı olub. 1819-cu ildə Şəki xanlığının ərazisində yaradılmışdı Quberniyalar yaradırdıqdan sonra Şamaxı quberniyasının tərkibinə daxil edilib.
 IX. Ərəş bölgəsi. Şəki əyalətinin tərkibində olub. 92 kənd və 4269 evdən ibarət olan bölgədə 24082 nəfər əhali yaşayıb, 65 məscid, 6 kilsə fəaliyyət göstərib. 11874 nəfər kəndli təsərrüfatı ilə, 69 nəfər ticarət ilə, 173 nəfər isə sənətkarlıqla məşğul olmuşdur. 2210 at, 17630 iribuynuzlu, 2400 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Ağdaş və Ərəş mahalları daxil idi.
 1. Ağdaş mahalı. 1819-cu ildə Şəki xanlığının ərazisində yaradılmışdı. Şəki əyalətinin də mahalı olan Ağdaş mahalı, 1846-cı ildə Şamaxı quberniyasına daxil edilmişdir.
 2. Ərəş mahalı. Səfəvilər dövründə təşkil edilən Ərəş sultanlığı 1795-ci ildə ləğv edilərək Şəki xanlığına qatılıb. Sultanlığın ərazilərində yaradılan Ərəş mahalı, rus işğalından sonra Şəki əyalətinə, Kaspi vilayətinə, 1846-cı ildən isə Şamaxı quberniyasına daxil edilmişdir.
 X. Zəngəzur bölgəsi. İşğaldan sonra ruslar tərəfindən bölgənin müsəlman əhalisi digər ərazilərə köçürülmüş, əvəzində ermənilər yerləşdirilmişdir. Xeyli sayda türk və digər müsəlman əhalinin köçürülməsinə baxmayaraq, 1855-ci ildə bölgədəki 134 kəndin və 5423 evin yarısı müsəlmanlara (azərbaycanlılara) məxsus idi. Bölgədə yaşayan 34124 nəfər əhalinin 15312 nəfəri türklər olub. Bölgədə 6 məscid fəaliyyət göstərirdi. 8900 nəfər kəndli təsərrüfatı ilə, 60 nəfər ticarət ilə, 120 nəfər isə sənətkarlıqla məşğul olub. 8549 at, 23662 iribuynuzlu, 67900 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgə Qaraçöplü, Pışan, Zəngəzur, Sisian və Tatev olmaqla 5 minbaşılığa bölünmüşdür.
 XI. Çeləbürt bölgəsi. 73 kənd, 1674 evdən ibarət olan bölgədə 16129 nəfər əhali yaşayıb. 5351 nəfər kəndli təsərrüfatı ilə, 15 nəfər ticarət ilə, 215 nəfər isə sənətkarlıqla məşğul olub. Bölgə Xaçın, Talış və Kolanı olmaqla 3 minbaşılığa bölünmüşdür.
 XII. Kəbərli (Kəbirli) bölgəsi. 88 kənd və 3259 evdən ibarət olan bölgədə 23947 nəfər əhali yaşayıb. 8201 nəfər əhali kəndli təsərrüfatı ilə, cəmi 7 nəfər ticarət ilə məşğul olub. Bölgədə 4 məscid fəaliyyət göstərib, 10000 at, 49000 iribuynuzlu, 145000 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Otuziki, Dəmirçihəsənli və Kəbərli mahalları daxil idi.
 1. Otuziki mahalı. Qarabağın ünlü mahallarından biridir. Mahal 1747-ci ildə təşkil edilib, mərkəzi Xıdırlı kəndi idi. Adını türk tayfa birliyi otuzikilərdən alıb. 1593-cü ilə bağlı bir Osmanlı qaynağında tayfanın adı çəkilir və qolları açıqlanır. Əksəriyyəti azərbaycanlılardan ibarət olan sakinlər maldarlıqla məşğul olur, buğda, arpa və başqa dənli bitkilər yetişdirirdilər.
 2. Dəmirçihəsənli mahalı. Mahal 1752-ci ildə Gürcüstandan gələn Dəmirçihəsənli eli tərəfindən yaradırılıb. Mərkəzi I Təklə obası idi.
 3. Kəbərli mahalı. Mahalın adı Qarabağın Kəbirli tayfasının adı ilə bağlıdır. Kəbirli eli orta çağda oymaq kimi Cavanşir elinin tərkibində olub. Kəbirli mahalında azərbaycanlılar əksəriyyət təşkil edirdi. Sakinlər maldarlıq və taxılçılıqla məşğul olur, buğda və arpa yetişdirirdilər. Mahal 1846-cı ildə Şamaxı quberniyasının tərkibinə daxil edilib.
 XIII. Mustafaxanlı pristavlığı. Qürbətdə olan Mustafa xan 1831-ci ildə Şamaxıya qayıtmaq istəyir. Amma ruslar onun Şamaxıya yerləşməsinə qarşı çıxır. Mustafa xan ona təklif olunan 5 yerdən birini, indiki Beyləqan ərazisində yerləşən Yeddibulağı seçir. Həmin ərazi əvvəl Mustafaxanlı, ölümündən sonra isə Cavadxanlı pristavlığı adlandırılıb. Pristavlıqda 41 kənd, 1049 ev, 7421 nəfər əhali qeydə alınmışdır. 835 nəfər kəndli təsərrüfatı ilə, 98 nəfər ticarət ilə, 12 isə sənətkarlıqla məşğul olub. 700 at, 1500 iribuynuzlu, 5000 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Pristavlıq 2 ərazidən, Cavad xan Mustafa xan oğlunun və Ağa xan Mustafa xan oğlunun hakimiyyəti altında olan ərazilərdən ibarət olub.
 XIV. Vərəndin bölgəsi. Qarabağ əyalətində Vərəndin mahalının butun torpaqları İbrahimxəlil xana daha sonra isə Mehdi Qulu xana məxsus olmuşdur. Ruslar siyahıda alınmada Vərəndin mahalında yerləşən butun kəndləri məqsədyönlü şəkildə ermənilərin sayını çox göstərmək məqsədilə erməni kəndləri kimi yazmışlar. 227 kənd, 8223 evdən ibarət olan bölgədə 36231 nəfər əhali yaşayıb. Bölgədə 31185 nəfər kəndli təsərrüfatı ilə, 30 nəfər isə sənətkarlıqla məşğul olub, 7 məscid, 6 kilsə fəaliyyət göstərib. 13720 at, 39630 iribuynuzlu, 21830 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bu mahalda buğda və başqa taxıl məhsulları yaxşı yetişirdi.
 XV. Cavanşir bölgəsi. 184 kənd və 50135 evdən ibarət olan bölgədə 20523 əhali yaşayıb. Əhali əsasən kəndli təsərrüfatlarında çalışıblar. 14171 at, 43213 iribuynuzlu, 15161 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Cavanşir və İyirmidörd mahalları daxil olub.
 1. Cavanşir mahalı. Tərtər və Araz çayları arasındakı ərazidə yerləşirdi. 1747-ci ildə yaradılıb, Qarabağ xanlığının mahalı olub. XVI əsrin sonu XVII əsrin əvvəllərində osmanlılar Qarabağı işğal edərkən cavanşirlər burada qalmışdılar. Əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil edirdi.
 2. İyirmidörd mahalı. Qarabağ xanlığının mahalı olub, 1747-ci ildə yaradılıb. Adını türk tayfa birliyi İyirmidörddən alıb. Sakinləri azərbaycanlılardan ibarət idi. 1846-cı ildə Şamaxı quberniyasının tərkibinə daxil edilib.
 XVI. Lənkəran bölgəsi. 89 kənd və 2903 evdən ibarət olan bölgədə 3970 nəfər əhali yaşayıb. Bölgədə 1725 at, 3429 iribuynuzlu, 4000 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Lənkəran, Astara və Züvənd mahalları daxil idi. Hər üç mahal Talış xanlığının mahalı olub. 1846-cı ildə Şamaxı quberniyasının tərkibinə daxil ediliblər.
 XVII. Ərkivan bölgəsi. Bölgəyə Ərkivan mahalı daxil idi. Mahal Talış xanlığının 6 mahalından biri olub. Dəştvənd mahalı kimi də tanınıb. "Ərk" Fars dilində "qala", "istinadgah", "i" birləşdirici səs, "van" isə yer deməkdir. Ərkivanın mənası qalanın yaxınlığında, istinadgah yerində salınmış kənd deməkdir. 1812-ci il dekabrın 31-də 1813-ci ilin yanvarına keçən gecə Ərkivan tamamilə rusların əlinə keçib. 50 kənd və 2716 ev olan bölgədə 8026 nəfər əhali yaşayıb. 3606 nəfər kəndli təsərrüfatı ilə, 20 nəfər ticarət ilə, 248 nəfər sənətkarlıqla məşğul idi. 4520 at, 7249 iribuynuzlu, 7160 xırdabuynuzlu heyvan qeydə alınmışdır.
 XVIII. Sepidac bölgəsi. 123 kənd, 16 oba və 3037 evdən ibarət olan bölgədə 7421 nəfər əhali yaşayıb. 3800 nəfər kəndli təsərrüfatı ilə, 129 nəfər isə sənətkarlıqla məşğul idi. Bölgədə 1 məscid fəaliyyət göstərib, 4810 at, 20504 iribuynuzlu, 59000 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Cüməbazar, Drıq, Məringül, Sepidac və Alar mahalları daxil idi. Bu mahallar Talış xanlığının ərazilərində yerləşiblər, 1846-cı ildə Şamaxı quberniyasının tərkibinə daxil ediliblər.
 XIX. Salyan bölgəsi. 36 kənd və bir-neçə obadan, 2634 evdən ibarət olan bölgədə 10321 nəfər əhali yaşayıb. 582 nəfər kəndli təsərrüfatı ilə, 15 nəfər isə ticarət ilə məşğul idi. Bölgədə 23 məscid, 1 kilsə fəaliyyət göstərib, 1500 at, 11600 iribuynuzlu, 1950 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Salyan, Rudbar mahalları daxil idi.
 1. Salyan mahalı. Salyan və Neftçala rayonlarının ərazisində mövcud olmuşdur. “Salyan” adının fars dilindən “illik alınan vergi” mənasında olduğu ehtimal edilir. Şirvan xanlığının mahallarından biri olan Salyan, Mustafa xanın xüsusi mülkiyyətində idi. Mahalın sakinləri əkinçilik, üzümçülük, balıqçılıq, çaparlıq, arabaçılıq, duz istehsalı. tüccarlıq, dəmirçilik, dülgərliklə məşğul olurdular.
 2. Rudbar mahalı. Şirvan xanlığının mahallarından biridir, Sabirabad, Saatlı, Neftçala və Hacıqabul rayonlarının ərazisində mövcud olmuşdur. “Rudbar” fars dilində “böyük çay kənarı” deməkdir. Kür çayının kənarında yerləşən kəndləri əhatə etdiyi üçün belə adlandırılmışdır. Sakinlərin əksəriyyəti tut bağlarında çalışıblar, ipəkçilik və pambıqçılıqla məşğul olublar.
 XX. Muğan bölgəsi. 20 kənd və 597 evdən ibarət olan bölgədə 3060 nəfər əhali yaşayıb. 5500 nəfər kəndli təsərrüfatı ilə, 50 nəfər ticarət ilə, 50 nəfər isə sənətkarlıqla məşğul idi. Bölgədə 1 məscid fəaliyyət göstərib, 350 at, 8292 iribuynuzlu, 5000 xırdabuynuzlu heyvan qeydə alınmışdır. Bölgəyə Muğan mahalı daxil idi. Həsən xana, sonra əmisi oğlu Mustafa bəyə məxsus olan mahal, Sabirabad və Saatlı rayonlarının ərazisində mövcud olub. Muğan adlanması hələ eramızdan əvvəl Midiya dövründən başlanır. Əbdüləzəl Dəmirçizadə "Muğan" adının "maq/muğ" tayfa adı və fars dilində cəmlik bildirən -an şəkilçisindən yarandığını yazır.
 XXI. Maştağa bölgəsi. Bölgəyə Maştağa mahalı daxil idi. Bölgədə 41 kənd, 6241 ev, 33528 nəfər əhali qeydə alınmışdır. 16778 nəfər kəndli təsərrüfatı ilə, 106 nəfər ticarət ilə, 327 nəfər isə sənətkarlıqla məşğul idi. Bölgədə 58 məscid, 1 atəşgah fəaliyyət göstərib, 3400 at, 5000 iribuynuzlu, 26385 xırdabuynuzlu heyvan qeydə alınmışdır.

 Şamaxı əsrlər boyu zəlzələ fəlakətləri yaşayan zona olmuşdu. Mənbələrin verdiyi məlumatlara görə Şamaxıda  1192-ci ildə dağıdıcı zəlzələ baş verib. Sonralar, 1667, 1669 və 1670-ci illərdə də bu ərazidə güclü zəlzələlər olub. Nəhayət, 1845-ci ildə Şamaxıda daha bir güclü zəlzələ baş verib, o vaxtdan 1859-cu ilə qədər 20-yə yaxın güclü təkanlar qeydə alınıb. 1859-cu il zəlzələsi isə daha dağıdıcı idi.
 Qafqaz canişininin vəzifəsini icra edən general-adyutant knyaz Orbeliani Qafqaz Komitəsinin sədrinə göndərdiyi məktubda yazmışdı ki, 05.30-da bir dəqiqə yarıma yaxın davam edən güclü zəlzələ şəhəri dağıtmışdır. Evlərin böyük əksəriyyəti tamamilə dağılmış və zədələnmişdir. Uçqunlar altında yüzdən çox adam həlak olmuşdur. Sakinlər və məmurlar açıq havada gecələyirlər. Mayın 31-də saat 7-də yenidən güclü yeraltı təkanlar hiss olunmuşdur.
 1859-cu il iyulun 8-də qnyaz Baryatinski Şamaxının hərbi qubernatoru qnyaz Tarxan-Mouravova yazdığı məktubda bildirirdi ki, Şamaxıda quberniya şəhəri bərpa olunarsa, gələcəkdə də belə bədbəxt hadisələrin baş vermə təhlükəsi qalacaq.
 Canişin Rusiya İmperator Elmlər Akademiyasının akademiki, məşhur geoloq German Abixi Şamaxıya dəvət edir və ona bu ərazilərin seysmik xarakteristikasını öyrənməyi tapşırır. Akademik Abixin rəyi quberniya mərkəzinin köçürülməsində mühüm rol oynayır.
  Qnyaz Baryatinski yeni zəlzələ təhlükəsini nəzərə alaraq quberniya idarələrinin Bakıya köçürülməsi barədə düşündüyünü bildirir. Qnyaz Şamaxı qubernatoruna Bakının dəniz sahilində yerləşdiyini, gələcəkdə dəmir yolu çəkiləcəyini və sairə xatırladaraq bu şəhərin quberniya mərkəzi kimi perspektivli olacağına ümid etdiyini yazır.
 1859-cu il sentyabrın 25-də qnyaz Baryatinski Şamaxı qubernatoruna, Şamaxı şəhərinin dağılması ilə əlaqədar bütün quberniya idarələrinin dərhal Bakıya köçürülməsinə hazırlıq işlərinə başlanması ilə bağlı əmr göndərir. 1859-cu il dekabr ayının 6-da isə Rusiya imperatoru 2-ci Aleksandr fərman imzalayır.
  “Quberniya şəhəri olan Şamaxıda tez-tez zəlzələ baş verdiyini və Şamaxı quberniyasının quberniya idarələrinin bu şəhərdə saxlanılmasının münasib olmadığını anlayaraq, Biz Qafqazdakı canişinimizin təqdimatına əsasən əmr edirik:
1. İndiki Şamaxı quberniya idarəsi və orada yerləşən bütün quberniya idarələri Şamaxı şəhərindən Bakı şəhərinə köçürülsün.
2. Bakı quberniya şəhəri dərəcəsinə qaldırılsın.
3. Bundan sonra Şamaxı quberniyası Bakı quberniyası adlandırılsın.
4. Şamaxı şəhəri Şamaxı qəzasının qəza şəhəri hesab olunsun”.

Beləliklə, Şamaxı quberniyasının mərkəzi Bakı şəhəri olur və quberniya Bakı quberniyası adlandırılır.

   Hazırladı: Bəxtiyar Əsədli


Şamaxı quberniyası

Şamaxı quberniyası Şamaxı quberniyası Reviewed by Bəxtiyar on 29.7.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.