Pıçaqçı – Pıçaxçı – Bıçaxçı – Bıçaqçı
Bıçaqçı
Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Kənd Şirvan düzündə, rayon mərkəzindən
31 kilometr qərbdə, Kür sahilində, Tuqay meşələri yaxınlığında yerləşir.
1824-cü ildə Pıçaxçı, XIX əsrin sonlarında və XX əsrin əvvəllərində isə Bıçaxçı variantlarında qeydə alınmışdır.
Ərazisi 2214,79 hektar, əhalisi təxminən 1800 nəfərdir. Sakinlər əsasən
heyvandarlıq, yemçilik, əkinçilik, balıqçılıq, quşçuluq, baramaçılıq, meyvəçilik
ilə məşğul olur.
Kəndin
adının mənası haqqında müxtəlif mülahizələr var. Mənbələrdə bildirilir ki,
balığı bıçaqla yarıb kürüsünü çıxaran, duzlayan kəndin ilk sakinlərinin məşğuliyyəti
ilə bağlı kənd Bıçaqçı adlandırılmışdır. Keçmişdə “bıçaqçı” peşəsi olub və bu sənətkarlar
el arasında “pıçaqçılar” adlandırılmışdır. “Bıçaqçı” (və ya “pıçaqçı”) anlamını
“bıçaq hazırlayanlar”, “bıçaq düzəldənlər”, həm də “bıçaq gəzdirənlər” mənasında
“qəzəbli”, “qızğın” kimi də izah edirlər.
Digər
ehtimala görə kənd Pıçaqçıların şərəfinə belə adlandırılmışdır və sonralar təhrif
edilmiş, Bıçaqçı kimi səsləndirilmişdir. Qıpçaqların “ağ qıpçaq” qrupuna daxil
olan qəbilələrdən biri pıçaqçı adlanırdı. Qıpçaqların əngərli, inanlı, baharlı,
pıçaqçı, bayat, qaragözlü, qacar və sairə tayfa adları ilə tanınan əhalisinin
dili türk dilidir. Qacar tayfasının Bıçaqçı (Pıçaqçı) qolu olduğu da tarixdən məlumdur.
Hazırda İranda pıçaqçı etnik qrupu və Piçaqçı toponimi var. Pıçaqçılar Cənubi və
Şərqi İranın dağ və yarımsəhra rayonlarında yaşayırlar.
Bıçaqçı kəndi XIX əsrdə
Ehtimal
var ki, Bıçaqçı kəndi XIX əsrin əvvəllərində Kür sahilindəki balıq vətəgəsi
yerində yaradılmış və əhali buraya Zərdabın Aşağı və Yuxarı Seyidlər, eləcə də
Əlvənd kəndlərindən gəlmişdilər. Əslən Bıçaqçı kəndindən olan Qulu Zərdabi, indiki
Bıçaqçı kəndinə ilk sakinlərin Gəncə ətrafından, zəlzələ və gürcü çarı
Dimitrinin basqınından sonra köçüb gəldiklərini yazır.
İndiki
Bıçaqçı kəndinin əraziləri bir zamanlar Ərəş sultanlığının əraziləri olub.
Sonralar Ərəş sultanlığı zəifləmiş və 1795-ci ildə mahal kimi Şəki xanlığına
qatılmışdır. 1805-ci il Kürəkçay müqaviləsinə əsasən Şəki xanlığı Rusiyadan
vassal asılılığına düşdü və 1819-cu il iyulun 31-də Şəkidə xanlıq üsul-idarəsi
ləğv edilərək Şəki əyaləti yaradıldı. Pıçaxçı adlanan yaşayış məntəqəsi Şəki əyalətinin
8 mahalından biri olan Ağdaş mahalına daxil edilmişdir. Pıçaxçı (Bıçaqçı) adına
1824-cü ildə Şəki əyalətində aparılan siyahıya alınma sənədlərində rast gəlinir.
1824-cü il siyahıya alınmasına görə mahalın 34 kəndindən biri olan Pıçaxçının 37
təsərrüfatında 151 nəfər əhali yaşayıb.
1840-cı
ildə Qafqazın yerli idarəetmə sistemində dəyişiklik edildi və Cənubi Qafqazda
Kaspi (Xəzər) vilayəti təşkil olundu. Pıçaxçı Şəki əyalətinin ərazilərində
yaradılan və vilayətin tərkibinə daxil edilən Şəki qəzasının kəndi oldu. Kaspi
vilayətinin ləğv olunmasından sonra, Şəki qəzası 1846-cı ildən Şamaxı
quberniyasının tərkibinə daxil edildi və Nuxa qəzası adlandırıldı. 1859-cu ildə,
Şamaxı zəlzələ nəticəsində dağıldıqdan sonra, quberniyanın mərkəzi Bakı şəhərinə
köçürüldü. Pıçaxçı Nuxa qəzasının tərkibində Bakı quberniyasının kəndi oldu. Əslən
Yuxarı Seyidlər kəndindən olan, jurnalist Sarvan Kərimovun yazdığına görə, 1863-cü ildə Bıçaxçı kəndinin 27 təsərrüfatında
81 nəfər kişi, 61 nəfər qadın olmaqla, cəmi 142 nəfər əhali yaşayıb.
1867-ci
ilin sonunda Nuxa qəzası Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni
yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edilmişdir. Bıçaxçı kəndi
1873-cü ilədək Yelizavetpol quberniyasının Nuxa qəzasının tərkibində yerləşib.
1873-cü ildə çar hökümətinin Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən
Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Bıçaxçı Ərəş qəzasının Ağdaş icmasının tərkibinə daxil edildi. Sarvan müəllimin
bildirdiyinə görə, 1873-cü ildə kəndin 32 təsərrüfatında 124 nəfər kişi, 101 nəfər
qadın olmaqla, cəmi 225 nəfər əhali yaşayıb. 1886-cı ildə kənd Ərəş qəzasının
Körpükənd kənd icmasının tərkibinə daxil idi. Kəndin 61 təsərrüfatında 200 nəfər
kişi, 190 nəfər qadın olmaqla, cəmi 390 nəfər əhali yaşayıb.
Bıçaqçı
kəndinin adına Həsən bəy Zərdabinin 1880-1890-cı illərdə "Zərdabdan məktublar"
başlığı altında "Kaspi" qəzetində dərc etdirdiyi məqalələrdə də rast
gəlinir.
Bıçaqçı kəndi XX əsrdə
1917-ci
ildə Ərəş bölgəsinin Kotavan kənd icmasına daxil edilən Bıçaxçı kəndində 55 ev,
1921-ci ildə isə 98 ev olub.
Azərbaycan
Xalq Cümhuriyyəti Hökumətinin 10 dekabr 1919-cu il qərarı ilə Ərəş qəzası Ağdaş
qəzası adlandırılmışdı. 1926-cı ildə Ağdaş qəzası 4 bölgəyə bölünüb. Bıçaqçı kəndi
qəza mərkəzindən 12 km məsafədə yerləşən Ləki bölgəsinin tərkibinə daxil
edilmişdir. Ağdaş qəzası 1929-cu ildə Azərbaycan SSR-nin rayonlaşdırılması
zamanı ləğv edilərək, Ağdaş rayonu təşkil olunmuşdur. 1935-ci ilədək Ağdaş
rayonunun tərkibində yerləşən Bıçaqçı kəndi, 1935-ci ildə Körpükənd, Yuxarı
Seyidlər, Siləyli yaşayış məntəqələri ilə birlikdə yeni təşkil edilmiş Zərdab
rayonunun tərkibinə daxil edildi.
Kollektivləşmədən
sonra kənddə yaradılmış kolxoz Zərdabın ən böyük kolxozlarından biri olub.
Kolxoz “Əli Bayramov”, “Qırmızı Oktyabr”, “Şirvan” kolxozu adlandırılmışdır.
Bıçaqçı kəndi ötən əsrin 60-cı illərinə qədər 5 kəndi (Bıçaqçı, Seyidlər
(Yuxarı Seyidlər), Sileyli (Siləyli), Körpükənd, Xasa) birləşdirən sovetliyin mərkəzi,
əsrin sonralarına qədər isə üç kəndin (Bıçaqçı, Yuxarı Seyidlər, Siləyli) inzibati
mərkəzi olub. 14 iyul 1998-ci il tarixdə
Siləyli və Yuxarı Seyidlər kəndləri Bıçaqçı inzibati ərazi dairəsinin tərkibindən
ayrılıb və Yuxarı Seydlər mərkəz olmaqla yeni kənd inzibati ərazi dairəsi
yaradılıb.
Qədim şəhər, Tuqay meşəsi, Axmaz
Deyilənlərə
görə orta əsrlərdə indiki Zərdab ərazisində, Bıçaqçı kəndi yaxınlığında böyük və
zəngin şəhər olub. Şəhər müxtəlif mənbələrdə Yarayız, Yarayıc, Yerayız və
Yerağzı kimi adlandırılır. İndi də ətrafdakı kəndlərdə adamlar bir-birlərinə,
"İndi ki, Yerayız şəhəri yoxdur ki, qaçıb orada gizlənəsən, səni də tapmaq
mümkün olmaya" deyirlər. Ərazidə ciddi tərqiqat işləri aparılmamışdı və
odur ki, şəhərin adı, yerləşdiyi məkan, nə vaxt, hansı səbəbdən dağıldığı dəqiq
məlum deyil. Tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev yaşayış məntəqəsinin bir
vaxtlar indiki Zərdab rayonu ərazisində mövcud olan qədim Bərdic şəhərinin
qalıqları olduğunu ehtimal edir. Qulu Zərdabi bu qədim şəhərin Bıçaqçı kəndinin
ərazisində yerləşdiyini və bu şəhərdə hətta kanalizasiya sistemi olduğunu
yazır. Qulu bəy bildirir ki, bu ərazilərdə ərəblər və yerli əhali arasında
müharibə olub və şəhər ərəblər tərəfindən dağıdılıb.
Əlyazmalar
İnstitutunun əməkdaşı olmuş Sarvan Kərimov yazır ki, köhnə Kür çayından 2
kilometrlik məsafədə, Türyançaya yaxın yerləşən bu qədim şəhər Yarayız
adlandırılmışdır. Sarvan müəllim şəhərin tarixinin X əsrə və ondan da əvvələrə
gedib çıxdığını və Yuxarı Seyidlər kəndinin ərazisində yerləşdiyini bildilir.
Kəndin
yaxınlığında, Kür sahili boyunca el arasında Bıçaqçı meşəsi adlanan Tuqay meşələri
var. Meşənin sahəsi təxminən 380 hektardır. Əvvəllər Bıçaqçı meşəsində rast gəlinən
müxtəlif vəhşi heyvanların kökü demək olar ki, tamamilə kəsilmişdir. Kənd ərazisində
köhnə Kür yatağı olan və Bıçaqçı axmazı adlanan göl də var. Bıçaqçı və Yuxarı
Seyidlər kəndləri yaxınlığındakı bir məkanı sakinlər “Dərviş yeri”
adlandırırlar. Yəqin ki, bir vaxtlar kəndlərə təşrif gətirən dərvişlər bu ərazidə
məskən salıblar.
Bıçaqçı kəndi ziyalıları və qəhrəmanları ilə tanınır
Bıçaqçı
kəndinin şair oğlu, mədrəsələrdə təhsil almış Qədir Əfəndi şeirləri ilə Azərbaycanda məşhur
olub. Görkəmli tədqiqatçı Salman Mümtazın 1928-ci ildə nəşr olunan "El şairləri"
kitabında Qədir Əfəndinin “Şəltük”,
“Alça”, “Çust”, “Çeşmək”, “Şahpalıt” çap edilmişdir.
Yaşlı
sakinlərin dediklərinə görə erməni-türk davasında kəndin Məmmədsan, Məhəmməd,
Aloslan, Məmmədkərim, Mustafa, Abbasəli, Məlik Zakiroğlu kimi igidləri Qafqaz
türk islam ordusunun döyüşçülərinə qoşularaq vuruşublar. Rəsul adlı Bıçaqçı kənd
sakini Acıdərə yaxınlığındakı döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdur.
Bıçaqçılıların igidliyinə heyran qalan türk paşası və yüzbaşı bu kəndə gələrək
kəndin cavanlarına hərbi təlim keçmişdilər.
Bıçaqçı
sakinləri Hacı Xəlil adını tez-tez xatırlayırlar. Hacı Xəlil kişi həmişə
imkansızlara dayaq durub, əhd edərək Bıçaqçıdan həcc ziyarətinə piyada gedib.
1933-cü ildə Sovet hökuməti Hacı Xəlili də, 4 oğlunu və 3 qızını da sürgünə
göndərib, ikimərtəbəli mülkünü əvvəl məktəb, sonralar uşaq bağçası ediblər. Digər
oğlanları Aləşrəflə Əşrəf Kürü keçib o taya qaçanda güllələniblər. Hacı Xəlilin
nəticəsi Qiyas yaşadığı Qırğızıstandan Qarabağ döyüşçülərinə və qaçqınlara dəfələrlə
yardım edib.
Sovet
İttifaqı Qəhrəmanı, “Şöhrət”, “Qırmızı Bayraq”, 2 dəfə 1-ci dərəcəli “Vətən
müharibəsi”, “3-cü dərəcəli Kutuzov”, “Lenin”, “Qızıl Ulduz” ordenləri və
medallar ilə təltif edilmiş polkovnik Məlik Məhərrəmov, iqtisad elmləri namizədi,
müxtəlif məsul vəzifələrdə çalışmış Şükür Məlikov, 300-dən çox şeir və məqalə
müəllifi Səməd Səmədov, “Mingəçevir işıqları” qəzetinin müxbiri, bir neçə kitab
müəllifi Qaraş İsmayıl, Qırğızıstan Respublikasının Əməkdar artisti, Qarabağ
müharibəsi iştirakçısı Şahmar Tapdıqov Bıçaqçı kəndində anadan olublar. “Mingəçevir”
qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov əslən Bıçaqçı kəndindəndir. II Dünya
müharibəsində onlarla Bıçaqçı kənd sakini qəhrəmanlıqla döyüşmüş, orden və
medallar ilə təltif edilmişdir.
Bıçaqçı
kənd sakinləri Hacıyev Müşviq Zabit oğlu, Əliyev Qüdrət Səfər oğlu, Həsənov
İlqar Hacıkərim oğlu, Məmişov Münasib Tacəddin oğlu, Rəhimov Etibar Rəhim oğlu,
Salikov Kamil Hacırəhim oğlu, Şamilov Ceyhun Əlixan oğlu Qarabağ müharibəsində
şəhid olublar. Əliyev Qüdrət Səfər oğlu Cəbrayıl rayonunda anadan olub və ailəsi
ilə birlikdə qaçqın kimi Bıçaqçı kəndində məskunlaşmışdır. Hacıyev Müşviq Zabit
oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
İranın
Qərbi Azərbaycan ostanının Sayınqala şəhərində, Özbəkistan Respublikasının Səmərqənd
vilayətinin Pastarqom rayonunda Bıçaqçı kəndləri var. İranın Kirman əyalətində
yaşayan Oğuz boylarından biri Bıçaqçı eli adlanır. XV əsr məşhur təsəvvüfçülərindən,
Bayramiyyə təriqətinin banisi Hacı Bayram Vəlinin xəlifələrindən biri olan Ömər
Dədənin təxəllüsü Bıçaqçı olub. Orta əsr səyyahı İbn Battuta Anadoluda Sivas
Əhməd Bıçaqçı adında bir əsilzadə haqqında yazıb.
Bəxtiyar Əsədli
İstifadə olunan mənbələr:
1. Çar Rusiyasının siyahıyaalınma və digər arxiv sənədləri
2. Nazim
Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
3. Taleh
Əliyev “Orta əsr Bərdic şəhəri haqqında”
4. Elburus
Əzizov “Azərbaycan dilinin tarixi dialektologiyası”
5. Z.
Ə. Cavadova “Şimal-Qərbi Azərbaycan”
6. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
7. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1961)
8. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1977)
Ziyalıları və qəhrəmanları ilə tanınan Bıçaqçı kəndi
Reviewed by Bəxtiyar
on
16.6.20
Rating:
Hiç yorum yok: