“Hər bir vilayətin qəzeti gərək o vilayətin
aynası olsun. Yəni o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər,
xülasə onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə
baxan, xalqı aynada görən kimi görsün.” Həsən bəyin söylədiyi bu fikirlər çağdaş
dövrümüzdə də əhəmiyyətini itirməmiş və mətbuatımızın əsas prinsipi hesab
olunmaqdadır.
1832-ci
ildə "Tiflisskiy vedomosti” qəzetinin "Tiflis əxbarı"
adlnan türk dilində əlavəsi buraxıldı. Hələlik heç bir nüsxəsi aşkarlanmayan
"Tiflis əxbarı" haqqında yalnız arxiv sənədlərində məlumat var və ilk
sayı 1832-ci ilin yanvar ayında işıq üzü görmüşdü. 1845-ci ildə isə
"Zaqafqazskiy vestnik" qəzetinin
türk dilində "Qafqazın bu tərəfinin xəbəri" adlanan əlavəsi çap
edilmişdir. Bu əlavə təxminən 4 il yarım çap olunmuş və yerli çar hökumətinin qərarı
ilə ləğv edilmişdir. Türk dilində çap edilən bülleten xarakterli bu nəşrlər qəzet
adlandıra bilməzdi.
1870-ci ildə Həsən bəy Zərdabi türk
dilində qəzet çap etdirmək üçün fəaliyyətə başlayır. Həmin dövrdə çar
imperiyasının təzadlı siyasətindən bəhrələnən ermənilər tərəfindən 17 adda qəzet
çap edilirdi. Müəyyən dairəlr və eləcə də ermənilər türk dilində qəzetin çap
edilməsinə imkan vermək istəmirdilər. Həsən bəy 5 il inadkarlıqla mübarizə
apardıqdan sonra, 1875-ci ilin iyul ayının 22-də arzusuna çatdı və “Əkinçi” qəzetini
çap etdirməklə Milli Mətbuatımızın təməlini qoydu.
Millətimizin tərəqqisində, milli şüurun
oyanışından “Əkinçi” qəzetinin özünəməxsus yeri var. Əli bəy Hüseynzadənin söylədiyi
kimi, aləmi-islam bir qaranlıq içərisində qaldığı zaman Həsən bəy əlinə məşəl
alıb bu qaranlığı işıqlandırmağa çalışmışdır. Ayrıca mətbəə açmağa imkanı olmayan Həsən bəyə,
Bakı qubernatoru Staroselski kömək edir və qəzetin quberniya mətbəəsində çap
olunmasına icazə verir. Həsən bəy qəzetin naşiri, redaktoru, korrektoru, həm də
mürəttibi olmuşdur.
İlk saylarında “Əkinçi” dörd əsas şöbədən, “Daxiliyyə”, “Əkin və ziraət xəbərləri” , “Elm xəbərləri”
və “Tazə xəbərlər”dən ibarət idi.
"Əkinçi"nin 6-cı nömrəsindən sonra qəzetdə məktublar şöbəsi də açıldı
və "Məktubat" rubrikası altında məqalələr dərc olunmağa başlandı. "Əkinçi"
tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Onu Dağıstanda, Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. Hənifə xanım Abayeva öz
xatirələrində yazırdı: "Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdi.
O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdi.”
"Əkinçi"nin sorağı Londona da
gedib çıxmışdı. "Daxiliyyə" bölməsində çap olunmuş bir yazıda
bildirilir ki, “Altı ay yoxdur ki, bizim "Əkinçi" çap olunur, amma
ingilisin paytaxtı London şəhərində onun çap olunmağı məlumdur... London şəhərində
bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın ucunda bizim qəzet
kimi bir kiçik qəzet çap olunmağını eşidib, istəyirlər ondan da nəfbərdar
olsunlar, amma bizim adamın çoxu nəinki bu çağadək bizim qəzeti oxumayıblar, bəlkə,
bəzi şəxslər onun bina olmağının xəbərini də eşitməyiblər. Hətta elə adam var
ki, qəzet pulu verib, onu almaq istəmir".
Bakıya gələn bir fransız müxbiri isə Həsən
bəyin təkbaşına qəzet çap etdiyini öyrənib
onun ziyarətinə getmiş və demişdir: "Siz
həqiqi qəhrəmansınız. Bizdə belə bir kasıb qəzetdə işləməyə razı olan bir nəfər
də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz xalqınızı ürəkdən
sevirsiniz".
“Əkinçi”də çap edilən yazılar çağdaş
dövrümüzdə də öz əhəmiyyətini itirməmişdir. “Xəbərlər” bölməsində çap edilən
yazılar faktlara söykənməklə yanaşı dünyanın çox ölkələrini əhatə edirdi. Seyid
Əzim Şirvani "Qəzet nədir?" şeirində bu barədə yazırdı:
"Xassə ol kim,
"Əkinçi"yi-dana,
Əhli-islamı eyləyib ehya
Gah Peterburqdan olur guya,
Gah olur Hindi-Şərqdən peyda.
Gah Dünyadan qəzet verir xəbəri,
Gah Parisdən gəlir onun əsəri.
Kəşf edir karxanədən səməri,
Söyləyir hər kraldan xəbəri".
Bayağı mahnıları, nəğmələri, şeirləri tənqid
edən, mənasız, zövqə oxşamayan şeirlər yazan şairlərini məzəmmət etməkdən çəkinməyən
Həsən bəy “Əkinçi” qəzetində yazırdı: “Bizim mahnılara baxan gərək təəccüb eləsin
ki, xudavənda, onları kim və nə üçün düzəldib. Onların çoxunun ki, avam
çağırır, heç mənası olmur. Məsələn:
Ağacda oturub sərçə,
Niyə uzunsan, ay küçə?
Sən harda qaldın, ah beçə,
Ey yar, ey yar, ay qaragöz.
Həsən bəy Zərdabi ateist olmamışdır,
lakin cəhalətə qarşı daim mübarizə aparmışdır. Müsəlmanları cəhalət yuxusundan
oyandırmağa çalışan, onları zəmanə ilə ayaqlaşmağa, elm öyrənməyə çağıran Həsən
bəy, mütəmadi olaraq “Əkinçi” qəzetində yazılar çap etdirirdi. 1876-ci ildə qəzetin
11-ci sayında yazırdı: “Yəni deyirik eşşəyin müsəlman olmağından çifayda? Adam
gərək elm təhsil edib insan olsun ki, müsəlmanlığa qabil olsun.” 13 may 1975-ci
ildə isə yazırdı ki, “İslam bina olan vaxtda Məğrib ilə Məşriqin belə təfavütü
olmayıb. Ol vaxtla həzrət xəlifələr və hər tavana kəslər öz ehsanına məscid və
məktəbxanalar bina edəllər idi ki, xalq elm öyrənsin... 500 ildən ziyadədir ki,
islam zülmətə qərq olub, elmdən və dünyadan bixəbər olduğuna yoxsulluqdan mürur
ilə tələf olur.”
"Əkinçi" az yaşadı, cəmi 56
sayı işıq üzü gördü. Lakin Rusiya müsəlmanlarının həyatında böyük rol oynadı. "Əkinçi"
haqqında çox deyilib, çox yazılmasına baxmayarq, qəzetdən öyrəniləsi hələ çox
şey var. Mətbuatımzın ağsaqqalı professor Şirməmməd Hüseynov məqalələrinin
birində yazır ki, "Əkinçi" qəzetinin ənənələrindən təkcə qələm
ustaları deyil, hamımız yenidən öyrənməliyik. O, əsl xalq demokratik mətbuatının
nümunəsi kimi bu gün də, heç bir şübhəsiz, sabah da yeni biliklər və yeni təcrübə
mənbəyi olaraq qalacaqdır.”
Hazırladı: Bəxtiyar Əsədli

Hiç yorum yok: