Şəftəhal
Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Rayon mərkəzindən 21 kilometr cənub-şərqdə,
Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Ərazisi 1207 hektar, əhalisi təxminən
910 nəfərdir. Kənd əhalisi əsasən əkinçilik, heyvandarlıq, baramaçılıq,
balıqçılıq, meyvəçilik ilə məşğuldur.
Yaxın
keçmişdə kənd Şəftəxal adlanırdı. Mənbələrdə kəndin tarixi və adının mənası
haqqında dəqiq məlumat yoxdur. Çox güman ki, Şəftəhal yaşayış məntəqəsi
Şahsünlü və ya Əlvənd kənd icmalarından çıxan ailələr tərəfindən salınıb. XX əsrin
əvvəllərində, indiki Zərdab ərazisinə daxil edilən yaşayış məntəqələrinin
siyahısında Şəftəxal adlanan yaşayış məntəqəsinə rast gəlinmir. Keçən əsrin əvvəllərində,
sənədlərdə Əlvənd və Şahsünlü kənd icmalarına daxil edilən, hazırda bu adda
mövcud olmayan bir-neçə yaşayış məntəqəsinin adı çəkilir. Bu yaşayış məntəqələrinin
birinin sonralar Şəftəxal adlandırılmasını ehtimal etmək olar. Bir ehtimal Nuru
obası ilə bağlıdır. Sənədlərdə 1920-ci illərə qədər, Şahsünlü və Əlvənd
icmalarının tərkibində yerləşən bu oba haqqında məlumatlar verirsə də, sonrakı
illərdə bu obanın adına rast gəlinmir.
Tarix
üzrə fəlsəfə doktoru Taleh Əliyev Xançobanı mahalında yaşayan əhalinin bir hissəsinin
Qarasubasar mahalına köçməsi zamanı, Zərdab ərazisinə Girdimançay vadisində,
Şirvan düzündə yerləşən Ağsu rayonunun Xəlilli kəndindən Xəlilli tayfasının az
bir qisminin də gəldiyini, professor Nazim Tapdıqoğlu isə Şəftəhal kəndində
xəlilli adlanan nəslin məskunlaşdığını yazır. XIX əsrin əvvəllərində Əlvənd
icmasına daxil edilən yaşayış məntəqələrinin siyahısında Xəlilli İbrahimbəyli və
I Xəlilli kəndləri də olub. Lakin 1920-ci illərdən sonra bu yaşayış məntəqələrinin
də adları sənədlərdə qeyd olunmur. Xəlilli adlanan yaşayış məntəqəsinin də sonralar
Şəftəhal adlandırılmasını ehtimal etmək olar.
Şəftəhal
1935-ci ildə yeni yaradılan Zərdab rayonunun kəndidir. Kəndin adına keçən əsrin
30-cu illərinin sonlarına aid sənədlərdə rast gəlinir. Kollektivləşmə zamanı kənd
ərazisində “Stalin” adına kolxoz yaradılıb. Müharibədən əvvəl Zərdab rayonunun
“Zərdab staxanovçusu” qəzetində, Mircəfər Bağırovun Şəftəxal kəndinin “Stalin”,
“Əkinçi” (Şahsünlü) və “Qırmızı Oktyabr” (Seyidlər) kolxozlarına getməsi barədə
məlumat çap edilib. Şəftəhal kolxozu sonralar “Komsomol” adlanıb.
Şəftəxal
kəndi 1961-ci ildə Şıxbağı kənd sovetliyinin, 1977-ci ildə isə Şahhüseynli kənd
sovetliyinin tərkibində olub. Kənd müstəqilliyimizin ilk illərində də
Şahhüseynli inzibati ərazisinin tərkibinə daxil idi. 14 iyul 1998-ci ildə Şəftəhal
və Aşağı Seyidlər kəndi Şahhüseynli kənd inzibati ərazi dairəsinin tərkibindən
ayrılıb və Şəftəhal mərkəz olmaqla Şəftəhal kənd inzibati ərazi dairəsi
yaradılıb.
Kəndin
adı Azərbaycanda ən nadir yer, məkan adlarından biridir, mənası tam dəqiqləşdiriilməyib.
El arasında bu kənd Şəftəxal da adlanır. Kəndin adı ilə bağlı müxtəlif fikirlər
mövcuddur. Yerli sakinlər bildiklərinə görə kəndin adı Şəfixal adlı şəxslə
bağlıdır və mənası “Xallı Şəfi” anlamındadır. Bəzi araşdırmaçılar kəndin adının
ərəb və fars tərkibli “şiftəhal” sözündən götürüldüyü yazır. “Şiftəhal” sözü
“vurğun”, “məftun olmuş”, “aşiq” mənasındadır. Kənd ərazisində məskunlaşan nəsil
və ailələr arasında səfilər və xallılar da var. Ehtimal var ki, kəndi adı bu nəsil
adlarının birləşməsindən (“Səfi və Xallı” sonradan təhrif edilmiş “Şəftəxal”
adlanmışdır) yaranıb.
Yaşayış
məskənində xəlilli, səfilər, xallı adlanan nəsil və ailələr ilə yanaşı sadıqlı,
veysəlli, mehdili adlanan ailələr də məskunlaşmışdılar. Qazax rayonunda və
Kürün o biri sahilində, Beyləqan rayonunun Şahsevən kəndində sadıqlılar nəslinin
nümayəndələrinin yaşadığı məlumdur. Orta Asiyada da avşar tayfasının sadıqlı
tirəsi var. Xəlilli adlı tayfanın nümayəndələri Azərbaycan ərazisinə XIII əsrdə
monqollarla gəlmiş ağ hunların qayı adlandırılan dəstəsinə daxil olmuşdular. “Xallılar”
çox güman ki, nəsil və ya ailəyə verilmiş ləqəbdən götürülmüşdür. Orta əsrlərdə
Qarabağda Otuziki tayfasının Veysəlli nəslinin nümayəndələri yaşayıb. Səfiləri
(Səfiyər) səfəvilərlə bağlı bir soy olduğunu ehtimal edənlər var. Qarabağda
yaşamış Kəbirli elinin Qərvəndli tayfasının Səfilər tirəsi var. Avşar
tayfasının səfili və o cümlədən mehdili adlanan tirələrinin olması da məlumdur.
Şəftəhal kəndinin ərazisində Mehdilər adlı yaşayış məskəni var. Araşdırmaçılar
kəndin adını Mehdili adlanan nəslin adı ilə bağlayırlar.
Şəftəhal
ərazisində söyüd, qovaq, müxtəlif meyvə ağacları bitmiş bağ var və kəndin adı
ilə əlaqədar Şəftəhal bağı adlanır.
Kənd
sakinləri Xəlilov Mehman Ağabala oğlu, Xəlilov Məhəmməd Qəhrəman oğlu, Məmmədov
Bədəl Ağacan oğlu, Şahmurov Elşad Abasqulu oğlu Qarabağ müharibəsində şəhid
olublar. Qəhrəmanlıqla həlak olan, “Qırmızı ulduz” ordeni ilə təltif edilən
yanğınsöndürən Ramiz Kərimov da Şəftəhal kəndində anadan olub.
Bəxtiyar Əsədli
İstifadə olunan mənbələr:
1. Çar imperiyasının arxiv sənədləri
2. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
3. Taleh Əliyev “Qoruqbağı əhalisinin etnogenizi haqqında”
4. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
5. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1961)
6. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01
yanvar 1977)
Zərdab rayonu Şəftəhal kəndi
Reviewed by Bəxtiyar
on
23.7.20
Rating:
Hiç yorum yok: