Əmiralı Əmirəliyev: “Həyatda çox şeyi görüb götürmüşük. Müharibə də
görmüşük, iqtisadi çətinlik də. Azərbaycanın SSRİ-nin tərkibində olduğu illəri
də yaşamışıq, müstəqilliyimizin də, yeni inkişafımızın da, ordu quruculuğunun
da canlı şahidləriyik. İndi yaşımızın elə vaxtıdır ki, biz yalnız uşaqlara, gənclərə
həyat təcrübəmizi öyrətməliyik. Elə etməliyik ki, hər bir azərbaycanlı gənc həyatda
özünə yol seçəndə, ilk növbədə ərazi bütövlüyümüzü, dövlətimizin güclənməsini
düşünsün. Bunu biz etməliyik, ilk növbədə yaşlı nəsil, müharibə veteranları etməlidirlər”.
05 mart 1923-cü il
tarixdə Zərdab rayonunun Xanməmmədli kəndində anadan olub. 1942-ci ildə orta məktəb
imtahanlarını vaxtından əvvəl verib və mart ayında II Dünya müharibəsi cəbhəsinə yollanıb. Şimali
Qafqazın müdafiəsinə göndərilib. Döyüş yolu 416-cı milli diviziyanın 1368-ci
pulemyotçu rotasının tərkibində Mozdokdan başlayıb. 1942-ci ilin dekabr ayında Mozdok
ətrafında ilk döyüşlərdə fərqlənib və “İgidliyə görə” medalı ilə təltif olunub.
Şimali Qafqazın müdafiəsindən iştirak edən 416-cı diviziya 3 gün ərzində düşmənin
müdafiə xəttini darmadağın edərək, 15 düşmən tankını, kəşfiyyat təyyarəsini,
1500 zabit və əsgərini məhv etmiş, hərbi cəhətdən əlverişli yüksəklikləri, dəniz
yolu məntəqələrini ələ keçirmişdilər. Diviziya Şimali Qafqazın azad edilməsi
üçün əlverişli şəraitin yaranmasına nail olmuşdur.
1943-cü ilin
yaz-yay aylarında Gerqovskaya, Zolotoryov və Sovetskaya stansiyalarının,
1943-cü ilin avqust ayında Taqanroq şəhərinin azad edilməsi uğrunda qəhrəmanlıqla
döyüşüb. Dəfələrlə yaralanıb, hərbi hospitallarda müalicə olunub. Döyüşlərin
birində mərmi qəlpəsi ayağını yaralayıb. Paşa adlı azərbaycanlı əsgər Əmiralı
müəllimi döyüş ərazisindən uzaqlaşdırıb, lakin onu hospitala göndərmək mümkün
olmayıb. Şosse yolunun kənarına yerləşdirilən Əmiralı müəllim iki gün köməksiz
vəziyyətdə qalıb və sürünərək şosse yoluna çıxmağı bacarıb. Yoldan ötüb keçən
maşınlar saxlamırdılar. Birtəhər sürünüb yolun ortasına uzanır və bundan sonra
silah-sursat üçün geri qayıdanlar tələsik onu maşına götürüblər. 1942-ci ilin
dekabrında cəbhədən Bakıya göndərilib. Bakıda iki ay müalicə olunduqdan sonra
Novorossiysk cəbhəsinə göndərilib və şəhərin azad olunmasında iştirak edib.
1943-cü ilin mart
ayında, döyüşlərin birində snayper gülləsi ilə qolundan yaralanıb. Parçalanmış
qolunu kəsmək istəsələr də, özü buna imkan verməyib. Ağır cərrahiyyə əməliyyatından keçdikdən və 6 ay
müalicə olunduqdan sonra ordudan tərxis edilərək arxa cəbhəyə göndərilib.
Ümumilikdə 18 orden
və medal ilə təltif olunub. O cümlədən I və II dərəcəli “Vətən Müharibəsi”
ordeni, “Qafqazın müdafiəsinə görə”,
“İgidliyə görə”, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində
qələbəyə görə", “Rəşadətli əməyə
görə” medalları, “Qabaqcıl Maarif Xadimi” döş nişanı ilə təltif edilib. Cəbhədən
kəndə döndükdən sonra isə özünün ölümü ilə bağlı qara kağız da alıb.
Azərbaycana qayıdan
Əmiralı müəllim, Göyçay Pedaqoji Texnikumunda təhsil alıb. 1956-cı ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. Zərdab rayonunun orta məktəblərində
müəllim işləyib, Dəkkəoba, Xanməmmədli, Əlibəyli, Qoşaoba məktəblərinin, rayon
Təhsil şöbəsində metodik kabinetinin müdiri, şöbənin inspektoru, şəhər internat
məktəbinin direktoru vəzifələrində çalışıb. Yarım əsrdən artıq bir müddətdə
pedoqoji sahədə şərəfli bir yol keçən Əmiralı müəllim təbiətən müəlim
doğulmuşdur. Tələbkarlıq, vətənpərvərlik, xeyirhaqlıq, ədalətsizliyə qarşı
mübarizlik, mülayimlik onun təbiətində, qanında var idi. Həmişə özünə, işinə, vəzifəsinə
və ətrafdakılar hörmət edən bir şəxsiyyət olmuşdur.
1964-cü ildə, Zərdabda
yeni bünövrəsi qoyulan internat məktəbinin direktoru təyin olunub. Məktəbin
tikintisində iştirak edən Əmiralı müəllim ilk dəfə şagird qəbulunu həyata
keçirib. Göstərdiyi fəaliyyətə görə “Qabaqcıl Maarif Xadimi” döş nişanı ilə təltif
olunub. Məktəbdəki uşaqlara həmişə qayğı ilə yanaşardı, iki kimsəsiz uşağa isə
öz evində sığınacaq vermişdir.
1965-1970-ci illərdə
Zərdab rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində
çalışıb. Mülayim, tələbkar, xeyirxah, mərd, qorxmaz, nəcib əxlaq sahibi olan bu
insan həmişə ədalətsizliyə qarşı mübarizə aparıb. Heç vaxt tutduğu vəzifənin əsiri
olmayıb. Zərdab rayonu Ucar rayonu ilə birləşdirildiyi vaxt, 1965-ci ildə Zərdabın
yenidən rayon statusunun bərpa edilməsində fəallıq göstərənlərdən biri olub. Rayon
İcraiyyə Komitəsinin sədri olduğu dövrdə rayonda maarif sürətlə inkişaf edib.
Bütün kəndlərdə məktəb binalarının, yardımçı sinif otaqlarının, klubların,
kitabxanaların, uşaq bağçalarının, mədəniyyət evlərinin tikintisi başlanıb. İbtidai
məktəblər səkkizillik məktəblərə, səkkizillik məktəblər isə orta məktəblərə
cevrilməyə başlamışdır. Kadr çatışmamazlığını
aradan qaldırmaq məqsədilə rayonda qısamüddətli pedaqoji məktəb, “Tibb bacıları”
kursu açdırmağa nail olub. Rayon Maarif şöbəsinin və Səhiyyə şöbəsinin rəhbərləri
Vaqif Salmanov və Qüdrət İbrahimov da Əmiralı müəllim ilə birlikdə, rayonun
inkişafı üçün bacardıqları hər bir işi görürdülər. Əmiralı müəllimin Həsən
bəy Zərdabinin heykəlinin Mehmanxana qarşısında (heykəlin yeri sonradan dəyişdirilib)
qoyulmasında, Zərdaba şəhər statusunun verilməsində, Camışçılıq sovxozunun yerləşdiyi
əraziyə qəsəbə adının verilməsində səyi, əməyi
olub.
Zərdabın
şoran torpaqlarının yuyulması məsələsini qaldırıb. Bu məqsədlə şəhər kənarında “SU-21” qəsəbəsi də salınıb. Şoran torpaqların yuyulması Zərdab rayonunun
iqtisadiyyatına müsbət təsirini göstərib. Əmiralı müəllimin təşəbbüsü ilə, Zərdab
şəhərini daşqınlardan mühafizə etmək məqsədilə Kür çayının sahilləri betonla bərkidilmiş,
şəhər daxilində yeraltı dren-kollektor tikilmiş və yeraltı şirə suları bu
kollektor vasitəsilə “şorlama” adlanan kanallara axıdılmışdır. Təəssüf ki,
sonradan bu kollektorlar laqeydlik və baxımsızlıq səbəbindən bərbad vəziyyətə
düşmüşdür.
Əmiralı
müəllimin İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışdığı dövrdə Kür sahilində
“Qonaq evi” tikilib istifadəyə verilmişdir. Kür sahilində 1941-1945-ci illlərdə
Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə meydançanın salınması da
Əmiralı müəllimin sədr işlədiyi dövrə təsadüf edr. Hazırki Mədəniyyət evinin
binasının tikintisinin dövlət planına salınmasına, rayona ilk dəfə qaz xəttinin
çəkilməsinə də nail olmuşdur. Əmiralı müəllim sədr işlədiyi dövrdə rayonda fərdi
evlərin tikintisinə də köməklik göstərmişdir.
Rayonun inkişafı
naminə çalışan Əmiralı müəllim, təbiətcə mülayim, sakit adam olsa da, rayon
partiya rəhbərliyinin inzibati amirlik metoduna qarşı çıxıb, haqq-ədalət
uğrunda mübarizə aparıb. Onun fəaliyyəti, mübarizliyi bəzi adamları, o cümlədən
“yuxarıları” narahat edirdi. Gördüyü işlərə əngəllər törədərək onu çətinliyə
salmağa çalışıblar. Mövqeyindən çəkindirməyə cəhd etsələr də, əqidəsindən, tutduğu yoldan dönməyib.
1970-ci
ildə vəzifəsindən azad edildikdən sonra da təzyiqlərə məruz qalıb. Sumqayıt şəhərindəki
orta məktəblərin birinə
direktor işləməsi üçün verilən təqdimatı müxtəlif manelər səbəbindən rədd
edilib. 18 avqust 1970-ci ildə Rayon Maarif şöbəsinə inspektor təyin edilib.
Lakin bir ay keçməmiş bəzi qüvvələrin səyi nəticəsində vəzifəsindən azad
edilib. Respublika Maarif nazirinin onun vəzifəsinə bərpa edilməsi üçün
verdiyii əmr, məhkəmələrin işə bərpası üçün qəbul etdiyi qətnamələr isə icra
olunmyıb.
1980-cı ildə yeni
yaradılan Zərdab Tarix Diyarşünaslıq müzeyinə direktor vəzifəsinə təyin edilib.
Muzey binasının və bölmələrinin təşkilində, muzeyin eksponatlar ilə təchiz
edilməsində xüsusi xidmətləri olub.
Göstərdiyi xidmətlərə
baxmayaraq, Əmiralı müəllimə qarşı qərəzli mövqe davam edirdi. 1985-ci ildə Zərdab
şəhərində uzun illər boyu tikib başa çatdırdığı evi dəyər-dəyməzinə sataraq
Bakıya köçüb. Yaşının ahıl vaxtı kirayədə yaşayaraq hər şeyi sıfırdan başlayıb.
Respublika Texniki-Peşə Təhsili Komitəsində ictimai fənlər bölməsinin rəhbəri,
Bakı Dövlət Universitetinin nəzdindəki institutda və eləcə də Azərbaycan Müəllimlər
İnstitutunda metodist vəzifəsində çalışıb. 416-cı divizayın Veteranlar
Şurasının sədri, Bakı şəhər Veteranlar Şurasının plenium üzvü olub.
Onlarla məqalə müəllifi
olan Əmiralı müəllimin yazıları “Azərbaycan müəllimi”, “Xalq”, Əkinçi” qəzetlərində,
“Azərbaycan məktəbi” jurnalında, institutların elmi əsərlər toplusunda çar
olunmuşdur. Əmiralı müəllim ayrıca kitabçalar da müəllifidir.
Qitbə olunası bir
ömür yolu keçən Əmiralı müəllim həyata xeyirhaqlıq etmək üçün gəlmişdir və
yaxşı əməlləri ilə, düzgünlüyü ilə, təmiz adı ilə yaddaşlarda qaldı. Allah rəhmət
eləsin!
Hazırladı: Bəxtiyar Əsədli
Şərəfli həyat yolu keçən Əmiralı müəllim
Reviewed by Bəxtiyar
on
8.8.20
Rating:
Hiç yorum yok: