Weather forecast for Zardab

Zərdab rayonu Əlibəyli kəndi


 Əlibəyli kəndi rayon mərkəzindən 3 kilometr cənub-qərbdə, Şirvan düzündə yerləşir. Ərazisi 525 hektar, əhalisi təxminən 1100 nəfərdir. Ötən dövrlərdə “Alıbəyli” kimi də adlandırılan bu kənd Kür və Qarasu (Türyançay) çaylarının qovşağında yerləşir. Kənd sakinləri əsasən baramaçılıq, quşçuluq, maldarlıq, meyvəçilik, balıqçılıq, tərəvəzçilik və əkinçiliklə məşğul olurlar.
 Yaşayış məskəni kimi XIX əsrdə formallaşmağa başlayıb.  Əlibəyli  kəndi  XIX  əsrin  ortalarında  sənədlərdə 11  evdən  ibarət  sahibkar kəndi  kimi  qeyd  olunmuşdur. 1887-ci ildə isə kəndin 38 təsərrüfatında 166 nəfər əhali yaşayıb. Yaşayış məskəni 1926-cı ilədək Göyçay qəzasının Zərdab kənd icmasının, 1926-1929-cu illərdə Zərdab bölgəsinin tərkibində yerləşib. 1929-1935-ci illərdə Göyçay rayonunun kəndi olan Əlibəyli, 1935-ci ildən Zərdab rayonuna daxil edilib. 1933-cü il sənədlərində kənddə 53 fərdi təsərrüfatın, 171 nəfəri kişi, 142 nəfəri qadın olmaqla 313 nəfər əhalinin yaşadığı bildirilir.
 Kənd əsrin əvvəllərində Gəlmə kənd inzibati ərazi dairəsinin tərkibində olub, sovet dövründə  Gəlmə, Əlibəyli, Allahqulubağı, Salahlı, Xanməmmədli, Hüseynxanlı və Yediyarlı kəndləri ilə bir yerdə Karl Marks adına kolxozun tərkibinə daxil olub. Əlibəyli və Allahqulubağı kəndləri 05 iyul 2000-ci il tarixdə Gəlmə kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və Əlibəyli mərkəz olmaqla yeni kənd inzibati ərazi dairəsi yaradılıb. Bir zamanlar Karl Marks kolxozunun və Gəlmə kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Yediyarlı kəndi təbii inkişaf nəticəsində Əlibəyli kəndi ilə birləşmiş və hazırda bir kənd kimi rəsmi olaraq mövcud deyil.
 Kür və Qarasu (Türyançay) çaylarının qovşağında yerləşən yaşayış məskəni bir neçə dəfə su daşqınlarına məruz qalıb. Odur ki, əhali də yaşadığı evləri tərk edərək kənd ərazisində yeni yurd yerləri salmağa məcbur olublar. Daşqınlar nəticəsində kəndin ərazisində İtqıran, Çarıqçıxaran, Qarasu adlanan kişik göllər (axmazlar) yaranmışdır.
 Şirvanla Qarabağın sərhədində yerləşən Əlibəyli kəndində Kür çayından keçid, bərə fəaliyyət göstərməkdədir. 1983-1984-cü illərdə bu bərədə “Köhnə bərə” filminin çəkilişləri aparılmışdır.
 Hazırda Əlibəyli kəndi ilə Kür və Qarasu çaylarının arasındakı ərazilərdə meşə zolağı yaranmışdır. Yaxın keşmişdə də bu ərazilərdə meşə zonası və eləcə də tut bağları olub. Müstəqilliyimizə keçid dövründə, rayona qaz yanacağının verilməməsi səbəbindən bu meşə və tut bağlarındakı ağacların əksəriyyəti əhali tərəfindən qırılaraq yanacaq kimi istifadə edilmişdir.
 Kəndin adı şəxs adı ilə bağlı yaranıb, əsil adı Abbas Əlibəylidir. Bəzi sənədlərdə Abbasəlibəyli kimi də yazılıb. Yaşayış məskəni Əlibəyli nəslinin adı ilə belə adlandırılmışdır. Abbas bəy Əlibəyli nəslinin başçılarından biri olub. Nazim Tapdıqoğlu bu oykonimi oğuzların Ulu Yörük tayfasından olan “əlibəyli” etnonimi əsasında əmələ gəldiyini yazır. Ötən dövrlərdə “Alıbəyli” kimi də adlandırılıb.
 Ənvər Çingizoğlu Avşar elinin Əlibəyli oymağı olduğunu, Savənin Zərənd yörəsində qərar tutan avşar tirələrindən birinin Şirəlibəyli adlandığını yazır. A.Düpreyə görə Urmiya avşarlarının təşkil olunduğu tayfalardan biri də Əlibəyli adlanıb.
Respublikamızın Tovuz və Qax rayonlarında da Əlibəyli adlanan kəndlər var. İrəvan quberniyasının Eçmiədzin qəzasında Əlibəyli kəndi olub. Ermənilər 1946-cı ildə kəndin adını dəyişdirib Atarbekyan qoyublar. Mənbələrdə göstərilir ki, XVIII əsrin əvvəllərində İrəvan əyalətinin Xınzirək nahiyəsində də Əlibəyli adlı kənd olub.
 Əlibəyli kəndində anadan olan Hüseynov Bəhruz Şiraslan oğlu, Sadıqov Əfrail Siracəddin oğlu, Sadıqov Münasib Mürşüd oğlu və Yediyarlıda anadan olan Kərimov Elşən Kərim oğlu Qarabağ müharibəsində şəhid olublar.

     Bəxtiyar Əsədli


 Zərdab rayonu Əlibəyli kəndi


Zərdab rayonu Əlibəyli kəndi Zərdab rayonu Əlibəyli kəndi Reviewed by Bəxtiyar on 11.8.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.