Pyotr Yeqorov, “Zaqafqaziya bölgəsi
üzrə səyahət qeydləri”
Zərdab kəndi – Zərdabda ov – Nuxadan
Şin dərəsinə səyahət
31
avqust 1949-cu ildə bəzi işlərə görə Tiflisdən Zərdaba yollandım, sentyabr
ayının 15-də əzgin, yorğun halda Turyançay poçt məntəqəsinə gəldim. Burada poçt
yolu bitirdi. Əhalinsinin sayı az olan Turyançayda minik tapmaq çətin idi. Məntəqə
nəzarətçisi mənə 4 verst məsafədə, Ağdaş kəndində yerləşən poçt məntəqəsinə
getməyi və orada, məntəqə qiymətləndiricisindən Zərdaba qədər ümumi atların
götürülməsi üçün açıq vərəq almağı təklif etdi. Mən də belə etdim: qiymətləndirici
məni açıq vərəq və bələdçi ilə birlikdə üç minik atı ilə təmin etdi.
İki saatdan sonra hansısa bir kəndə yetişdik və
burada atları dəyişmək lazım gəldi, digərlərində olduğu kimi gəldiyimiz kənddə
də bu çətin əməliyyat oldu və belə şəkildə həyata keçdi. Kəndə gələndə birinci
növbədə yüzbaşının evini axtarmaq lazım oldu. Rus səyyahlarının bütün
suallarına, yerli sakinlər ancaq “yüzbaşı evdə yoxdur” cavabını verirdilər. Səyyah,
əlbəttə onu tapmağa məcburdur. Yüzbaşı da hər şeyi yerinə yetirməyi hazır
olduğunu bildirir və onbaşının arxasınca adam göndərir. Onbaşı gəlir, yüzbaşı
onu atlar üçün növbəsi olan sakinlərin yanına göndərir. Atların əvəzinə sahibləri
peyda olur və sanki düzgün olmayan növbə səbəbindən yüzbaşı ilə mübahisəyə
başlayırlar, ona nəyi isə izah edirlər. Nəhayət mübahisə bitir. Sakinlər
atların arxasınca çöllərə yollanır, onları qovub gətirirlər. Lakin məsələ yenə
də bununla bitmir, yeni çətinliklərlə qarşılaşırıq. Atların birində yükləri
bağlamaq üçün ip yox idi, birinin cilovu yararsız idi, digəri isə yəhərsiz idi.
Burada yenidən mübahisə və izahlar başlayır. Yüzbaşı icmanın başçısı kimi
mübahisəni həll edir, işləri yoluna qoyur və bütün bu qarışıq işlərə baxmayaraq
mən, iki saatlıq əziyyətdən sonra öz yoluma davam edirəm.
Beləlikə mən bütün günü tamamilə boz bir çöldə,
qalın, hündür qamışlıqlarda, dar yollarda, kol və böyürtkən kollarına ilişərək
gəzdim. Son keçiddə atın dizlərə qədər batdığı bataqlıqda iki verst at sürməli
oldum. Nəyahət, daha bir kəndə gəlib çatdım. Yüzbaşı mənə bildirdi ki, indi
yola çıxmaq gecdir, tezliklə axşam düşəcək (baxmayaraq ki, hələ axşama çox
qalmışdı), yollarda quldurlar olur və onlar məni öldürər və ya qarət edərlər. Mən
çox israr etmədim, mənzil və gecə gözətçisi istədim. Məni bir saraya, yəni bir
daxmaya apardılar. Mənə ancaq dincəlmək və ən azı bir müddət bu nizamsız
yollardan qurtulmaq lazım idi.
Ev sahibi həvəssiz, onbaşının əmrinə itaət edərək
məni qəbul etdi. Qadınlar sarayı süpürdülər, zibilləri təmizləyib, mənə yer
verdilər. Yerimə uyğunlaşdıqdan sonra od tələb etdim. Sarayın çılpaq, torpaq
döşəməsində quru qamış alovlandı. Qəhvə hazırlamağa başladım, ev sahibi və
bütün ailə atəşin yanında oturub anlamadıqları qarışıqdan təəccübləndilər. Yeni
maraqlılar gəldi və bir saat yarımdan sonra atəşin ətrafında ev sahibləri ilə
birlikdə on nəfərə qədər adam toplandı. Nəhayət keşikçilər gəldi, onlar normal
insandan daha çox soyğunçuya oxşayırdılar. Qırxılmış başları, dağınıq
saqqalları, kobud, gündə qaralmış sifətləri məni qorxutdu. Nəhəng cüssəli olan
keşikçilərimdən biri başına əzilmiş, çirkli papaq qoymuş, qolsuz qoyun dərisi
geyinmiş və ayaqyalın idi. Digəri orta boylu və enlikürəkli idi, köhnə və nazik
bir arxalıq geyinmiş, başına qoyun dərisindən hazırlanmış iri papaq qoymuşdur.
Hər ikisinin əllərində iri çomaqları var idi. Digər ziyarətçilərim də kasıb
geyinmişdilər, ev sahibinin ailəsi isə hamıdan kasıb görünürdü: yaşlı qadın
olan anası və cavan arvadı çirkli cır-cındırda və uşaqları isə yarıçılpaq idi.
Sakinlər mənim kim olduğumu anlaya bilmirdilər.
Geyimimdən kazaka və ya varlı bir cənaba bənzədərək, öz aralarında müzakirə
aparırdılar. Mən isə heç nə başa düşməyən kimi davranırdım. Biri məndən “Sen
aqa?”, yəni “sən cənabsan?” deyə soruşdu. Mən cavab verməyərək, sual şəklində
onun gözlərinə baxaraq, uşaqlara qənd parçası verdim. Sakinlərdən biri yanımda əyləşdi,
dostcasına çiyinlərimə vurdu və təbəssümlə soruşdu: “Kunax! Axça çyox var?”, yəni
“Qonaq sənin çoxlu pulun var?” Mən əlbəttə, sanki onu anlamdım və suallara ancaq
bir sözlə, “belmes”, yəni “anlamıram, başa düşmürəm” söyləyərək
cavablandırırdım.
Səhər yenidən yola çıxdım. Gəlib çatdığımız
birinci kəndin adını soruşdum. Mənə “Qaradağlı” cavabını verdilər. Yol xəritəmə
baxdım, Qaradağlı Turyançay məntəqəsindən cəmi 8 verst məsafədə idi. Deməli məni
irəli deyil, geri aparırdılar, halbuki hər bir bələdçi bilirdi ki, mənə Zərdab
lazımdır.
Sual yaranır: niyə belə olur? Səbəbi budur ki,
bələdçi özünün N kəndindən məni tutaq ki, təxminən 12 verst məsafədə olan M kəndinə
aparmalıdır. Onlar yola çıxarkən düşünür və hesablayırlar ki, hansı kənd daha
yaxındır. Hətta bu kəndin Zərdab yolunda olub-olmamasını bilmək belə istəmirlər.
Onlar üçün hara getməyin fərqi yoxdur, ancaq yol uzaq olmasın. Beləliklə mən
dünən və bu gün, əlli verst boyunca getdiyim yerin ətrafında dolanmışam!
(Yollarda
daha bir neçə məcaralardan sonra səyyah bir gecə Zərdaba gəlib çatır.)
Zərdabda ilk təsəərrüatım çox xoşagəlməz oldu.
Qollarımın, ayaqlarımın, üzümün və boynumun güclü qaşındığını və yanan kimi
olduğunu hiss edirdim. Yuxudan oyananda gördüm ki, ağcaqanadlar sanki məni
yeyiblər. Mən ehtiyatsız davranaraq, yoldan yorulmuş halda, açıq havada,
çadırda, bir çarşafın altında yatmağa uzandım və çox tez və möhkəm yuxuya
getdim. Ağcaqanadlar da elə bunu gözləyirmiş, qanadlı qaniçənlər bütün gecəni mənim
qanımla şişdilər. Bədənimdə yaranan şişlərdən necə xilas ola biləcəyimi belə bilmirdim.
Səhər Zərdabın nə olduğunu araşdırmalı oldum.
Bura heç də yaxşı vəziyyətdə olmayan, saray adlanan yüzlərlə qamış evlərdən
ibarət olan bir tatar (türk) kəndidir. Bu daxmalar ya bir yerdə cəmlənmiş, ya
da ətrafa səpələnmişdir. Hündür və yöndəmsiz enli bacaları düz torpaq damlardan
sanki, alovdan sonra çıxırdı. Kəndin arxasında ucsuz-bucaqsız bir çöl var,
qarşısından isə Kür çayı axır. Kürün sağ sahili boyunca kifayət qədər böyük,
sıx və yaşıl bir meşə uzanır.
Kəndin tarixi bildiyim qədər elə də qədim
deyil ki, nəsə söyləmək olsun. Yaxınlıqda, Kür sahilində yerləşən digər kəndlərdə
olduğu kimi, əhali yarıköçəridir və sənaye sahəsi ilə məşğul olmur. Ola bilər
ki, əvvəllər Qarabağdan Şamaxıya gedən əsas yol Zərdabdan keçib, amma hazırda
bu yolun heç bir izi qalmayıb. Adətən belə köhnə yollar dağıdılmış karvasaray və
su quyularının qalıqları ilə bilinir. Belə qalıqların olması belə heç nəyi ifadə
etmir, belə kəndlərdən böyük yolların keçməsi halları az deyil.
Son illərdə Zərdabda körpü-dayanacaq
tikilmişdir. Dövlət ehtiyaclarını təmin etmək məqsədilə Salyandan gəmilər vasitəsilə
gətirilən duz, spirt və sairə buraya boşaldılırdı. Bir sözlə Zərdabda cansıxıcı
və darıxdırıcıdır. Mən isə orada müəyyən bir müddətdə qalmalı idim və orada 4
ay yaşadım.
Zərdabın sakinləri tatarlardır (türklərdir).
Əhalidə bir növ tənbəllik var, yalnız isti mühitdə doğulan və yaşayan insanlar
bu cür tənbəl ola bilər. Əhalinin əsas və ən gəlirli ticarəti ağır qayğıya
ehtiyac olmayan ipəkçilikdir, heç vaxt taxıl əkməzlər, amma qarpız və qovun
yetişdirirlər, varlı sakinlərin kifayət qədər heyvanları var, digərləri isə bir
və ya iki inəklə kifayətlənirlər.
Zərdab bəyləri yeddi qardaşdılar, hamısının
bir anadan olub-olmamasını isə bilmirəm. Onu bilirəm ki, onlar öz aralarında
mehriban deyillər, ayrı-ayrı evlərdə yaşayırlar. Hamısını yaxşı tanısam da,
onlar ilə çox nadir hallarda ünsiyyətdə olurdum.
Zərdaba gəlişimdən sonra, bir səhər ayaqlarımı
xalçanın üzərinə uzadaraq çay içirdim. Birdən mənə ağ çuxada, boz və qırxılmış
saqqallı bir tatar yaxınlaşdı. Paltarının təmizliyinə və cəsarətli davranışına
görə bu qonağın sıradan bir adam olmadığı qənaətinə gəldim. Tatar məndən ona
rus dilində yazılmış bir kağızı oxumağımı istədi. Ona oturmağını, qəlyanımı və
bir stəkan çay təklif etdim. Söhbətdən öyrəndim ki, qonaq Zərdab bəylərindən
biridir.
Qısa söhbətdən sonra təzə tanışım mənə irad
tutdu ki, niyə ona qonaq gəlmirəm. İnandırmaq istədi ki, mən ona tək qonaq
deyil, qardaşdan da üstünəm və o mənim üçün arzuladığım hər şeyi etməyə
hazırdır.
- Ağa!
Sən mənim dostumsan, sən mənim qardaşımsan! Mənim evim sənin evindir. Nə
istəyirsən de mənə. Mənim hər şeyim sənindir, nə istəsən yerinə yetirərəm. Mən
görürəm ki, sən çox xeyirhaq insansan. Sənin kimi insan hələ indiyə kimi bizdə
olmayıb.
Həyatda
məni ilk dəfə görən bəy məni belə inandırırdı. Mən ona inanmadığımı hiss
etdirmədən, əlimi sinəmə qoyaraq, xoş ifadələr ilə ona minnətdarlığımı
bildirdim. Yarım saatdan sonra biz sanki köhnə tanışlar kimi olduq. Bəy mənim
qonaqpərvərliyimi görərək, çox fikirləşmədən, dərhal bir xahiş ilə müraciət
etdi.
- Qardaş,
səndə sirkə var?
- Var.
- Xahiş
edirəm, bir az ver aparım.
- Nikita!
Bir stəkan sirkə hazırla.
- Yox,
ağa, bir stəkan azdır. Bir şüşə ver aparım.
- Bir
şüşə olmaz, mənim özümdə də çox deyil.
- Yox,
xahiş edirəm, bir şüşə ver, sən özünə yenə əldə edərsən.
- Mən
haradan əldə edə bilərəm. 80 verst məsafəyə getmək lazımdır.
- Yox,
xahiş edirəm, heç nə olmaz, sən özünə əldə edəcəksən.
- Nikita,
bir şüşə hazırla.
Tapşırmaqla
fikirləşirəm ki, ondan qurtulmaq lazımdır, bəlkə tezliklə gedər. Nikita tatara
hirsli baxaraq, deyinə-deyinə sirkəni şüşəyə tökür. Bəy onu tələsik götürür,
amma bununla iş bitmir.
- Qardaş!
Səndə kağız var, bir qədər mənə ver.
Bir neçə kağız vərəqi verdim.
- Xahiş
edirəm, bir qədər möhür mumu verəsən.
Möhür
mumu da verdim. Bəy mümkün qədər təşəkkür edir, bir qədər qəlyan çəkir, ayağa
qalxaraq təzim edir, əlimi möhkəm sıxaraq gedir. Bu yad qonağın gedişinə
sevinirəm, amma sevincim uzun çəkmir. Qonaq yeni xahiş ilə qayıdır.
- Ağa!
Qardaş! Xahiş edirəm, bir qədər barıt verəsən.
- Yox,
bağışlayın, ağa bəy, barıt verməyəcəyəm! Nə də xahiş etməyin! Mən özüm ovçuyam,
barıt isə məndə çox azdır!
Ciddi və
hətta əsəbi tonda danışıram. Bəy gülümsəyərək əlimi sıxır, özünün daimi
dostluğuna əmin edir, növbəti gəlişinə və nə isə xahişə qədər uzaqlaşıb gedir.
Zərdabdan
Tiflisə gedişimdən bir-neçə gün əvvəl mənə yüzbaşının qardaşı olan digər bir
bəy yaxınlaşır. Mənim ilə söhbətindən sonra bilir ki, mən iki gündən sonra
gedirəm. Allahım, mənim getməyimə nə qədər peşman olduğunu bildirdi. Əvvəlcə,
təəssüfünü bildirdi, sonra qara, parlaq gözləri ilə mənə sual dolu baxdı. Əzab
çəkən dostum az qala göz yaşları ilə sorusdu: “Necə? Siz gedirsiniz?” Mən
təsdiq etdim.
- Sənə
getmək nəyə lazımdır? Qoy hamı getsin, qoca kapitan, gənc qnyaz olan praporşik,
rus praporşiki, çavuş, bütün ermənilər, bütün əsgərlər, Karqanov getsin, amma
sən getmə. Xahiş edirəm getməyin.
Bu dostum
məndən bu cür xahiş etdi. Məni niyə bu qədər sevdiyini bilmək istəyirsiniz? Mən
Zərdabdan Xankəndinə gedib gələndən sonra, ona bir funt çay və bir baş qənd
hədiyyə gətirmişdim, əvəzində isə ondan heç nə götürməmişdim.
Zərdabın
sakinlərinin həyatı haqqında xüsusi maraqlı nə isə söylənəsi bir şey yoxdur.
Onlar, digər isti vadilərdə yaşayan tatarlar kimi, aprelin axırı və ya mayın
əvvəli öz evlərini tərk edərək, dağlarda yerləşən obalarına yollanırlar.
Evlərdə ipəkqurdlarına qulluq etmək üçün yalnız bir nəfər qalır. Avqust və ya
sentyabr aylarında barama yığmaq və ipək açmaq üçün evlərinə qayıdırlar və
payızın gəlməsi ilə heyvandarlıq üçün daha yaxşı yem toplamaq üçün yenidən
gedirlər. Bu dəfə Zərdabdan bir az aralı, Kür sahilləri boyunca səpələnirlər,
meşələrdə və qamışlıqlarda çalışırlar. Digər peşələr ilə, işlər ilə az məşğul
olurlar. Digər sahələrdə o qədər naşıdırlar ki,
hətta əməklərini səxavətlə mükafatlandırsalar belə, hər hansı bir yeni
işi ən böyük çətinliklə qəbul edirlər. Zəngin deyillər, kasıb da yaşamırlar, ac
qalmırlar, razıdırlar və göründüyü kimi vəziyyətlərini daha da yaxşılaşdırmaq
haqqında az düşünürlər! Yeri gəlmişkən, bu xalq üçün bəzən bir at və ya inək
oğurlamaq, bəzən də bir bir səyahətçini, xüsusilə rus adamını soymağa cəhd
eləmək elə də günah sayılmır. Bəziləri üçün bir qəpik əvəzinə bir manat almaq,
yalan danışmaq, aldatmaq, vədləri yerinə yetirməmək, andı pozmaq - qanuni və
heç utancverici olmayan bir iş kimi görünür. Tatarlar (türklər) hər zaman yeni
gələn insanla “qonaq”, dostluq əlaqələri qurmağa çalışırlar. Mən həmişə bu
qarşılığın əleyhinə olmuşam və bu “qonaq” barədə mənim öz fikirlərim var.
"Qonaq"
Qafqazdakı bütün xalqlara məxsus bir sözdür, tatarlardan, çərkəzlərdən,
çeçenlərdən, ləzgilərdən, ümumiyyətlə Qafqaz xalqlarının hamısından eşitmək olar.
Heç bir zaman Qafqazda olmamış ruslar üçün də “qonaq” sözü çoxlarına, hətta
yaxşı tərəfdən məlumdur. “Qonaq” yalnız yaxşı bir tanışlıq, nəcib bir dostluq
deyil, hətta ən yaxşı dostluq deməkdir. Amma mən "qonaq" sözünə həmişə
narazı bir təbəssüm ilə yanaşıram və Allahdan məni “qonaq”dan qurtarmasını
diləyirəm. Məsələ mənim müsəlmanlar ilə dostluq etmək istəməməyim deyil,
əksinə, hər Asiyalı ilə yaxşı münasibət qurmağa hər zaman hazıram. Lakin
təəssüf ki, mənimlə “qonaq” münasibətləri bir gündən bir, ən yaxşı halda iki
gündən bir olurdu və hər bir “qonaqlıq” yeni bir qonağı qapıdan içəri
itələyirdi. “Qonaq” sözünü “aldadılmış” kimi tərcümə etmək istəmirəm, elə bir
qonaq tapmaq çətin olardı ki, nə vaxtsa, haradasa öz etibarlı dostunu
aldatmamış olsun.
Əgər
qonaq sənə iki ədəd alma və ya bir dəstə üzüm peşkəş, yəni hədiyyə gətirirsə,
bilin ki, bu heç də boş yerə deyil, səxavətinizə güvənir və gətirilən
xırda-xuruşa görə mükafatının əvəzini on qat deyil, yüz qat artığını alacağına
ümid edir.
Bəziləri
düşünür və söyləyir ki, qonaq yol üçün faydalıdır, qonaq qonaq üçün (yəni rus
üçün) canını fəda edər. Amma özünün canını deyil, əksinə edəcək! Rusları
müşayət edən qonağın, onu ölümə aparması və düşmənə təslim etməsi halları az
olmamışdır.
Mənim
qaydalarım budur: “qonağım” yoxdur və hədiyyə qəbul etmirəm. Yollarda “qonaq”dan
faydalısı, yaxşı silah, iti qılınc, sürətli at və şəxsi cəsarətdir. Budur sizə
dost və sadiq müşayətçi.
Zərdabın
qadınları, xüsusilə qızları çox gözəldir. Təbii gözəlliyə sahib olan onlar
yaxşı geyinməyi sevirlər. Geyimləri adi tatar geyimləridir: ipək, parlaq rəngli
köynəklər və şalvar, yüksək topuqlu ayaqqabılar. Zənginlərin boynlarında,
sinələrində və ya paltarlarında gümüş, hətta qızıl zinət əşyaları olur. Evdən
çıxarkən qadınlar görünüşü əla, rəngarəng, ipək və ya adi çarşaflara
bürünürlər.
Qızlar
bəzən əylənmək, mahnı oxumaq və rəqs etmək üçün toplanırlar. Kişilər heç vaxt
əyləncələrdə iştirak etmirlər. Zərdab qadınları döşəklər və sairə üçün çox
zərif, yaraşıqlı və gözəl zolaqlı ipək parçalar toxuyurlar.
Heç vaxt
Zərdabdakı kimi daha darıxdırıcı bir həyat yaşamamışam: yalnızlıq və demək olar
ki, tam hərəkətsizlik mənim üçün dəhşətli idi. Şirin bir yuxudan oyandıqdan
sonra, günə bir neçə saat oturmaqla çayla başlayırdım, on stəkana qədər çay
içirdim, boğulana qədər qəlyan çəkir və çoxdan oxuduğum kitabları və jurnalları
yenidən oxuyurdum. Günorta düşürdü, isti cansıxıcılığa və tənbəlliyə səbəb
olurdu, naharda oturub qəhvə içərdim və nəhayət yatardım. Demək olar ki,
axşamdan əvvəl oyanardım. Çaydan sonra Kür sahilində və ya artıq bezdiyim
kənddə bir qədər gəzərdim. Gecə düşəndə isə ağcaqanadlar və cücülər mənə hücum
edirdilər. Qanadlı böcəklərin güclü hücumlarını ya siqaret tütünü, ya da
alovlanan atəşin tüstüsü ilə cəsarətlə dəf edirəm. Həmişə də örtüyün altında
yatıram.
Beləliklə
mən əvvəlcə bir müddət çox cansıxıcı yaşadım və sonra öz yaşayış tərzimə
öyrəşdim. Həyatımı bu şəkildə tədricən şaxələndirməyə çalışdım: səhər çaydan
sonra əlimdə bir tilovla Kürə gedirəm və bu müddət ərzində nəhəng bir sazan da
ovlamışam. Balıq tutduqdan sonra tüfəngim ilə qarğa, sərçə və qaranquşları
atır, gecə isə tülkü və çaqqalları izləyərək vururam. Beləliklə, hiss etmədən
ova aludə oldum, meşələrdə və qamışlıqlarda çöl donuzları üçün gəzməyə
başladım. Heç vaxt şəxsən bir qaban belə öldürmədiyim üçün, bu ovum çox vaxt
uğursuz olsa da, həyatımdakı boşluğunu ən azı bir şeylə doldurduğum üçün mənə çox
xoş idi. Darıxdırıcı həyatımın yoldaşı bir rus kəndlisi Nikita İvanov Samostrel
idi. Mən özüm ona fövqəladə və orijinal ov ehtirasına görə Samostrel ləqəbini
vermişdim.
Payız
gecələri aydınlıq olanda, mən Kür sahilində dayanırdım. Çayın suları bir şüşə
kimi parıldayır, nəzərəçarpacaq dərəcədə tələsmədən gil sahillərə tələsirdi.
Yalnız gecəni gündüz bilərək suda oynayan sazan və ya kütüm, təmiz Kür
sularında sürətlə üzərək, birdən oynayır, suyun üzərində sıçrayır və sıçrayışı
suyun düz səthində yüngül bir səs çıxarırdı. Və ya qəfildən yırtıcı naqqa peyda
olur, dərinlikdən yuxarı üzür, suyun üzərinə qalxaraq, öz qüdrətli quyruğu ilə
suya güclü zərbə vurur, çay səthində səs effektləri, dairələr yaradırdı.
Kürün
arxasındakı kiçik nadir meşə ay işığına qərq olmuşdu. Mən gecə quşlarının onun
bir yerindən digər yerinə uçduğunu görürəm, oğru çaqqal və tülkülərin meşə
kənarında qaçdıqlarını da görürəm. Birdən qorxaq çəpgöz dovşan kolların
arasından sahilə qaçdı, arxa ayaqları üstə oturdu.
- Siz
burdasınız? Biz də Sizi axtarırıq! Baxırıq, hara getmisiniz? Bax hardasınız!
Mənim
əvəzolunmaz yoldaşım Nikita Samostrel hündür sahildən qışqırırdı. O və daha bir
neçə ovçu dikdən qaçaraq gəldi. Bir qayığa minib Kürün o biri tərəfinə keçdik.
Silahları diqqətlə nəzərdən keçirdik, meşəyə çıxdıq və onun dərinliklərinə
yollandıq. Silahlarımızı hazır vəziyyətdə saxlayaraq, dar bir yolda gəzərək,
vəhşi donuzlarla qarşılaşacağımız ümidi ilə, ehtiyatla yolumuza davam etdik.
Kollara və ağaclara toxunmamağa çalışırdıq. Yalnız Nikita, qoyun dərisindən
olan kürkü ilə bəzən istər-istəməz bir budağa toxunurdu və səs-küy salırdı, ya
da nəhəng çəkmələri ilə qalın kötüyə və ya bir ağac kökünə toxunaraq büdrəyib,
sakit bir nida ilə sükutu pozurdu.
Meşəni
keçərək, qaban tapmaq üçün hündür, sıx qamışlığa gəldik. Bir saatdan çox
ətrafda gəzdik, dinləyərək gözlədik, qamışların çırpınmasını, heyvanların
təlaşını və onların xırıltılarını dəfələrlə eşitsək də, qabanlar oradan
çıxmadılar.
Qamışların
arasından keçib gölə çatdıq. Bu göl iki verst məsafədə at nalı şəklində
uzanırdı. Yarımadada qamışlar, ağaclar, böyürtkən və digər kollar, bitkilər sıx
bitmişdir. Burada heyvanlar, qabanlar və quşlar üçün etibarlı sığınacaqlar
vardı.
Gölə
yaxınlaşaraq, ulduzların, ayın və meşəlik sahilin göründüyü gölün sakit hamar
sularına baxaraq, ov etməyi tamamilə unutdum, təbiətə heyran qaldım.
(Səyyah
yoldaşları ilə birlikdə göl ətrafında məclis quraraq söhbətləşir, ov edirlər.
Bir qabanı güllə ilə yaralasalar da, heyvan qaçıb uzaqlaşa bilir)
Qayığa
əyləşib evə üzmək üçün Kür sahilinə yaxınlaşanda, bizdən bir-neçə metr məsafədə
bir kaftar ucadan qışqırdı. Biz ələ keçirmək və ya onunla təhlükəli döyüşə
girmək istəmədik.
Ertəsi
gün tatarlar bizə ağır yaralı qaban tapdıqlarını və güllələyib öldürdiklərini
bildirdilər. Bu qaban bizim ovumuz idi. Biz onu tatarlardan yarım gümüşə aldıq
və təntənəli şəkildə yedik.
Gecə
məzardan daha qaranlıq olmasa da, ondan parlaq da deyildi. Külək astaca əsirdi.
Kür dalğalanır, gecənin qaranlığından istifadə edən çaqqallar o qədər cəsarətli
idilər ki, evimin qapısına və pəncərələrinə yaxınlaşıb dəhşətli dərəcədə
ulaşırdılar. Tozlu daxmam bacadan isti bir şəkildə alovlanan qırmızı alovla
işıqlanırdı. Mən kədərli bir əhval-ruhiyyədə alovlu bir atəşin qarşısında, bir
dəstə quru qamış üstündə oturdum və keçən ilki jurnalı boş yerə vərəqlədim. Son
dərəcə darıxdırıcı idi. Nikita Samostrel otağa daxil oldu.
Nikita sakitcə dedi:
- Səndən bir xahiş edim.
- Nə lazımdır Nikita İvaniç?
- Buraxın, ova gedim.
(Səyyah
Nikitanı fikrindən daşındırmağa çalışdı.)
İki
dostum axşamı keçirmək üçün mənimlə görüşməyə gəldilər. Nikita onların
vasitəsilə də müraciət etdi. Başqa yolum qalmadı, onu buraxdım.
Çay mənim
mənzilimdən bir neçə sajen məsafədə idi. Nikitanı yola salmaq üçün çıxdıq. O,
gəmiyə oturdu, ovçu ləvazimatlarını, silahını və nərdivanını qayığın içərisinə
qoydu, kürkünü çıxardı, iki küləşi götürüb qayığı sahildən itələdi və sevinclə
dedi:
- Əlvida cənablar!
Səhər
daxmamda döşəməyə ağır bir şey düşdüyünü eşidirəm. Gözlərimi açıram, gorəsən bu
nədir? Döşəmənin ortasında böyük bir vəhşi donuz uzadılmışdır. Bir əlində
silahını, digər əlində öldürdüyü çaqqalın cəsədini tutan Nikita şəstlə otaqda
dayanmışdır...
Yanvar
ayı idi. Yatmışam, ağır addım səsləri eşidirəm, elə bil ki, iri bir ayı evimdə
astaca gəzirdi. Gözlərimi açıb İvanoviç olduğunu görürəm. Daxmamımı təmizləyir
və məni oyatmaqdan çəkindiyi üçün ayaqları ucunda gəzirdi. Susurdu, amma
dodaqlarının altında sakitcə nəsə mırıldanırdı. Kiminləsə söhbətləşmək
istəyirdi, nəhayət tab gətirmədi. Dərindən nəfəs alıb dilləndi.
- Belə,
ustad!
Gözlərimi açıb soruşuram:
- Hə,
Nikita?
Nikita fezini çıxarıb gülümsəyərək baş əydi.
-
Sabahınız xeyir, cənab!
- Nə
olub?
- Heç.
Sizi qışın gəlişi münasibətilə təbrik edirəm.
- Necə,
burada, Zərdabda qış?
-
Baxın, necə qar yağb, hətta şaxta da var.
-
Kürkümüzü geyinək! Zərdabda qar, özü də necə? Bəli, bu nadir hadisədir, bu
möcüzəyə tez baxmalıyıq. Mən çox uzun müddətdir qar görməmişəm.
Geyinib
çölə çıxıram. Hava həqiqətən soyuqdur və qar yağmışdı, özü də necə qar? Cənubdakı bu qarı görəndə vətəni daha yaxşı xatırlamaq olur. Bir
saatdan artıq qarlı buzlaq boyunca gəzdim, gəfil qışın soyuğunda həvəslə nəfəs
aldım və razı halda öz komama, sarayıma qayıtdım.
Tatarlar
ilin müəyyən bir vaxtında, ancaq qışda ilanbalığı ovlayırlar. Çayda peyda olmaları
böyük sürülər ilə uçan, suya baş vuran, bu balıqları tutub udan iri qara
quşlar, qarabatlaqlar ilə müşayət olunur. Tatarlar özləri bu balığı yeməsələr
də, tuturlar: bir hissəsini ruslara və ermənilərə satırlar, qalanlarını satmağa
imkanları olmadıqları üçün iplərə bağlayırlar, qurudurlar və sonra evlərini
işıqlandırmaq üçün şam kimi istifadə edirlər. Qurudulmuş balıq da çox yağlı
olduğundan məşəl kimi yanır. Tatarlar savadsızlıq üzündən bu işdən də ən yaxşı
fayda əldə etməyi bacarmırlar. Balıq ovunda dəstə, komanda şəklində hərəkət
etmirlər və yaxşı qazanc əldə edə bilmirlər.
Mən
yüksəklikdən enib Kür sahilinə yaxınlaşdım. Nikita toru ilə səylə çalışdı.
Zəhməti hədər getmədi, o demək olar ki, hər dəfə ilana bənzər, parlayan gözəl
dərisi olan, torpaq üzərində çıçrayan, əyilib bükülən bir-neçə şam çubuğu (ilanbalığı) ovlayıb quruya tulladı.
- Cənab,
bu gün sizi şam balığına qonaq edəcəyəm. Görün nə qədərdir, sadəcə tənbəllik
etməyib tutmaq lazımdır! Bax, bax, ah, nə qədər! Beşini, altısını seçib
götürün!
Nikita
təxminən yeddi balıq tulladı. Onları toplayıb nəzərdən keçirdim, qeyri-adi
dərəcədə böyük və ətli idilər. Nikita bizdən xeyli aralıda dayanan bir tatara
qarışıq tatar dilində nəsə bağırdı. Tatar bağırtını eşidib ətrafına baxdı,
məşğuliyyətindən ayrıldı və Nikitanın niyə belə qışqırdığını öyrənmək istəyib
yanımıza gəldi. Tatardan soruşdum:
- Bu
balığı yeyirsiniz?
- Yox,
bu balıq şeytan balıqdır, yəni bu ilanbalığı lənətlənmiş bir balıqdır. İnamı
olanlar yemirlər, yalnız ruslar yeyirlər.
Nikita
“Siz də yeyin! Burda nə var ki?” deyərək, bir anın içində ilanbalığı tutdu və
tatarın dodaqlarına sürtdü, burnuna toxundurdu. Mən istər-istəməz güldüm. Tatar
tutuldu və Nikita ucadan qəhqəhə çəkərək dedi: "Siz beləsiniz ... şeytan!
... onun balığı şeytandır!" Tatar özünə gəldi, gözləri parırladı,
dişlərini qıcadı və Nikitanı suya itələdi! Ancaq Nikitaya "köpək
oğlu" deməyə belə imkan etməyərək, özü də onun arxasınca uçdu. Yıxılan
Nikita ondan tutdu və çəkərək özü ilə apardı. “Sən məni boğmaq istəyirsən, indi
özün çim!” söyləyən və suda qurşağa qədər dayanan quruya çıxmaq istəyən Nikita,
pişik kimi xoruldayaraq sürətlə sahilə çatmağa çalışan tatarı dayandırmağa
çalışırdı. Bu səhnəni izləmək üçün qaçıb gələn digər tatarlar gülməkdən
ölürdülər. Nəhayət, hər iki “düşməni” yanıma çağırdım, onlara çay verdim və
tatara bir ovuc tütün, uşaqları üçün bir neçə qənd parçası hədiyyə etdim. Fağır
bundan elə sevindi ki, hətta özünü yenidən suya atmağa hazır idi.
1849-cu
il avqust ayının əvvəllərində, bir vaxtlar Şəki xanlığının əsas şəhəri olan
Nuxada, indi Şamaxı vilayətinin qəzasında yaşayırdım. Bundan sonra Gürcüstandan
Dağıstana gedən yoldan keçərək, Nuxa və İlisu bölgəsi arasında yerləşən Şin
dərəsinə getməli idim.
Tərcümə: Bəxtiyar Əsədli (ixtisarla tərcümə olunub)
Hiç yorum yok: