Zərdab rayonu Salahlı kəndi Şirvan düzündə,
rayon mərkəzindən 2 kilometr şimalda, Qarasu (Türyançay) çayının sahilində yerləşir.
Ərazisi 515 hektar, əhalisi təxminən 700 nəfərdir. Kənd əhalisi heyvandarlıq, əkinçilik,
quşçuluq, yemçilik, meyvəçilik, baramaçılıq, balıqçılıq ilə məşğul olurlar.
Hazırda kənd Gəlmə kənd inzibati ərazi dairəsinin tərkibinə daxildir. Salahlı və
Gəlmə kəndlərini el arasında “Şorrama” adlanan meliorasiya kanalı və Zərdab-Ağcabədi
şossesi ayırır.
Salahlı kəndinin ərazisi qədim insan məskəni
olub. Müxtəlif illərdə Salahlı və Xanməmmədli kəndlərinin ərazisindən gildən
düzəldilmiş çıraqlar, duz qablar da tapılmışdır. Bizim eramızın V-VI əsrlərinə
aid edilən gil çıraq və duz qabları bu gün də Salahlı kənd məktəbində
saxlanılır.
Azərbaycanın müxtəlif rayonlarında, o cümlədən
Zərdab rayonunda yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli
ilə bağlıdırlar. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında, Kartli
Kaxeti çarı İrakli dövründə Qazax və Borçalı mahallarından poylu, salahlı, kəsəmən
tayfalarına mənsub türk ailələri Gəncə və Qarabağ xanlıqlarına köçürülmüşdü.
Sonralar Azərbaycanın müxtəlif ərazilərinə köç edən salahlı ailələri Zərdab ərazisində
də yurd salıblar. Rayon ərazisindəki Salahlı kəndinin adı da bu ailələr ilə
bağlıdır.
“Salahlı” toponimi ilə bağlı müxtəlif fərziyyələr
var. Mənbələrin verdikləri məlumatlara görə “salahlı” sözü Saleh adlı şəxsin
adı ilə əlaqədardır. Saleh şəxs adına “lı” şəkilçisi qoşularaq bir tayfa və
yaxud nəsil bildirən toponim yaranmışdır. Sonralar təhrif olunaraq “Salahlı”
kimi səslənmişdir. Bəzi tədqiqatçılar “salahlı” sözünün ilkin mərhələdə
“silahlı” olduğunu qeyd edirlər. Ş.Nəzirli yazır ki, “salahlı” sözü ilə bağlı
ilkin kənd Daş Salahlı olub və mənası “daş silahlılar” deməkdir. Qalan Salahlı
kəndləri sonralar bu kənddən ayrılıb. Digər bir fərziyyəyə görə Salahlı
tayfasının adı qədim türk mənşəli hunların Sal elinin adı ilə bağlıdır. Sal eli
erkən orta əsrlərdə Şimali Qafqazda yaşayıblar. Azərbaycanda Salyan, Ermənistan
adlanan Qərbi Azərbaycanda Salut, Sallı, Gürcüstanda Salieti toponimləri də Sal
elini xatırladır.
Göyçay qəzasının ərazilərində yerləşən
Salahlı yaşayış məntəqəsi haqqında mənbələrdə məlumat çox azdır. XIX əsrin
sonlarında XX əsrin əvvəllərində yaşayış məntəqəsinin, I Zərdab və ya Lələ Əhmədli
kənd icmalarından birinin tərkibinə daxil edildiyini ehtimal etmək olar. Salahlı
kəndində 1921-ci ildə 24 ev olub. Kənd Sovet hakimiyyəti dövründə kollektivləşmə
aparılan ilk yaşayış məntəqələrindən biridir. 1933-cü ildə kəndin 29 təsərrüfatından
26-sı ümumi təsərrüfatda birləşmişdir. Kənddə 67 nəfər kişi, 46 nəfər qadın
olmaqla 113 nəfər əhali yaşayıb. Zərdab rayonunun Salahlı kəndi sovet dövründə
Gəlmə, Hüseynxanlı, Xanməmmədli, Əlibəyli, Allahqulubağı, Yediyarlı kəndləri ilə
birlikdə eyni kolxozun tərkində yerləşib.
Bir vaxtlar Salahlı kəndini şosse yolu ilə
uzun bir kənd yolu və meliorasiya kanalının üzərindəki enli su boruları birləşdirib.
Əvvəllər kənd məktəbinin direktoru işləmiş, hazırda Bakıda sahibkarlıqla məşğul
olan Akif müəllimin və onun qohumu Şamil müəllimin maddi dəstəyi ilə kanalın üzərində
körpü salınıb və kənd əhalisinin uzaq yolu yaxın olub.
İslahatlardn sonra kənd əhalisi xeyli azalmışdır.
İşsizlik, kənddə yanacaq qazının olmaması səbəbindən əhalinin əksəriyyəti Bakı
şəhərinə köçmüşdür. Son dövrlərdə kəndə qaz yanacağının, içməli su xəttinin çəkilməsindən
sonra köçən əhalinin əksəriyyəti geri qayıtmışdır.
Ötən əsrin sonlarında Salahlı kəndində kərpic
(qırmızı kərpic) istehsal edən zavod olub. Təəssüf ki, islahatlar zamanı zavod
bağlanmış və dağıdılmışdır. Hazırda zavodun ancaq xarabalıqları qalıb.
Hazırda Qazax rayonunda Daş Salahlı, Yuxarı
Salahlı (Qıraq Salalahlı), Orta Salahlı və Aşağı Salahlı, Ağstafa, Yevlax, Göygöl, Samux rayonlarında
Salahlı, Sabirabad rayonunda Şıx
Salahlı, Ağdam rayonunda işğal altında olan Salahlı Kəngərli kəndləri var. İndi
İcevan adlanan Karvansaray rayonunda da türklər yaşayan Salah adlı kənd olmuşdur.
1988-ci ildə bu kəndin əhalisini ermənilər talan və qarət edərək qovmuşlar.
Tiflis quberniyasının Siqnax qəzasında da Salahlı kəndi olub.
Hiç yorum yok: