Vüqar
Abdullayev 1971-ci ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. 1985-ci
ildə kənd orta məktəbində natamam orta təhsil, sonra Zərdab şəhər Texniki peşə
məktəbində peşə təhsili alıb. 1989-1991-ci illərdə keçmiş Sovet ordusunda xidmət
edib. 1992-ci ilin noyabr ayında Qarabağ müharibəsinə yollanıb. Laçın rayonunun Təzəkənd və Kürtağı kəndlərində
döyüşüb. 1993-cü ilin aprel ayında Kəlbəcərin Başlıbel kəndindən mülki əhalinin
sağ-salamat çıxarılması üçün köməyə gələn dəstənin tərkibində olub.
Şahidlərin dediklərinə görə Vüqar, yerli
sakinləri qəhrəmanlıqla
müdafiə edib. Elşad Əzizov xatırlayır: “… atışma davam
edirdi. Hələ sağ qalanların kahalarda gizləndiyindən şübhələnən 4 quldur PK
pulemyotu ilə atəş açaraq irəliləyirdi. Kahada sağ qalan əliyalın sakinləri
qorumağa çalışan zərdablı Vüqar əsil qəhrəmanlıq göstərirdi. O son nəfəsinə qədər
döyüşərək ermənilərin kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan
vermirdi. Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev
quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qaçarkən
quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar
da həmin gecə şəhid oldu.”
Şahidlər söyləyirlər
ki, ermənilər intiqam almaq üçün Vüqarın nəşini güllələr ilə deşik-deşik
etmişdilər.
Şəhid olanların hamısını dəfn etməyə
çalışıblar. Şəhidləri əsasən gecə saatlarında dəfn edirdilər. Ermənilərin
Şırran, Portda, Qayabaşı zonasındakı kahalarda törətdikləri qətliamda şəhid
olanların hamısı elə həmin ərazidə, kahaların alt hissəsindəki yamacda dəfn
edilib. Başlıbel kahasında mühasirədə
olan İsmət Əzizovun xatirəsindən: “…Hamımız köməkləşib şəhidlərdən bir neçəsini
dəfn edəndən sonra “Nəbinin kahası”na qayıtdıq. Səhəri gün yenidən dəfnə
getdik, bu dəfə zərdablı Vüqarı, Əhliman kişini və Gülara xalanı torpağa
tapşırdıq”. Qəhrəman döyüşçü Kəlbəcər rayonunun Şırran kahasında dəfn edilib.
Şəhid
Abdullayev Vüqar bir müddət itkin hesab olunub və Zərdab rayon Məhkəməsinin 1996-ci
il tarixli 2-78 saylı Qətnaməsinə əsasən ona şəhidlik statusu verilmişdir. Uzun
müddət itkin hesab edilən övladından xəbər gözləyən anasının gözləri ağlamaqdan
kor olub. Başlıbel faciəsi ictimaiyyətə açıqlanandan sonra, hadisə şahidlərinin
ifadələrindən Vüqarın qəhrəmanlıqla şəhid olması məlum oldu.
Başlıbel
döyüşləri, faciəsi haqqında Elxan Salhovun "Qanlı kaha", Prezident
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə
“Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” kitabları nəşr
edilib.
Hazırladı: Bəxtiyar Əsədli
"Zərdab" Youtube kanalından izləyə bilərsiniz.
Hiç yorum yok: