Ərazidə
aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlər, bu ərazinin tarixinin
eramızdan əvvələ gedib çıxdığını sübut edir. Ərazidə bizə məlum olan ən qədim
yaşayış məntəqəsi indiki Əlvənd kəndidir. Bəzi tətqiqatçılar qədim Alban şəhərinin
Alvan-Alvand-Əlvənd kimi təhrif olunduğunu bildirirlər və Zərdabın müasir Əlvənd
kəndi ilə eyniləşdirirlər.
Qətran
qalası
Şamaxı xanları Ağası xan və Mustafa xan Əlvənd kəndində yerləşən Qətran qalasında oturaraq Şirvanı idarə ediblər. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu. 1790-cı illərdə hakimiyyət uğrunda gedən çəkişmələr zamanı Ağası xanın oğlu Mustafa xan da bir müddət Qətran səngərində məskən salıb. Abbasqulu ağa Bakıxanov yazır: “Bir həftədən sonra Ali-Sərkar gəlib Ağsu şəhərini aldı, zəif təbiətli və tədbirsiz Manaf xanı öldürdü. Bunların hamısından böyük olan Əsgər xan Məhəmmədsəid xan oğlunu hökumətə oturtdular. Mustafa bəy Əlvəndə gedib Qətran səngərində oturdu.”
Mehman Əlvənd müsahibələrinin birində Əlvənd kəndinin yaxınlığında məşhur Qətran qalası olduğunu və Arran hökmdarları tərəfindən məşhur şairimiz Qətran Təbrizinin şərəfinə tikilmiş bu qalanın çox böyük tarixi sirlərin daşıyıcısı olduğunu bildirir. Türk dilində yazan Qətran Təbrizi səlcuqlar dövründən əvvəl yaşayıb. Bu fakt, türklərin səlcuqlardan daha əvvəl Azərbaycan ərazilərində, o cümlədən müasir Zərdab və Əlvənd ərazilərində yaşadığını göstərir.
Mehman
Əlvənd yazır: “1918-ci illərdə ermənilər Əlvənd istiqamətində hücuma keçərək Qətran
qalasının izlərini yerli-dibli silmək istəyiblər. Lakin köməyə gələn türk
qoşunları və yerli camaat qonşuluqdakı Sor-sor kəndinin yaxınlığında erməniləri
darmadağın ediblər. Sovet vaxtı Qətran qalasının xarabalıqlarını itirmək məqsədilə,
Zərdab rayonu ərazisində 2-3 dəfə Kür çayının axınının istiqamətini dəyişdiriblər.”
Qala
rus işğalından sonra Əlvənd Vat adlandırılmışdır. Çar imperiyasının sənədlərinə
əsasən, 1871-ci ildə Bakı quberniyasının indiki Zərdab ərazisində Əlvənd
adlanan iki məntəqə qeydə alınıb. Birinci məntəqə Əlvənd adlanıb və indiki Əlvənd
kəndinin yerində yerləşib. İkinci məntəqə isə birinci məntəqədən təxminən 7-8
kilometr şimal-şərqdə, Kür sahilində yerləşib və Əlvənd Vat adlandırılmışdır.
Hazırda bu ərazi Dəvəçökəyi kimi tanınır.
Qutluq-Balıq
şəhəri
XIII əsrin
II yarısı və XIV əsrdə müasir Zərdab ərazisi Şirvanşahlar dövlətinin tərkibində
Hülakülərdən və Cəlairilərdən asılı vəziyyətə düşmüşdür. XIV əsr Hülakü mənbələrində
adı çəkilən və “70 göl” mənasını verən Delan Naur ərazisinin qərb hissəsi
indiki Zərdab torpaqları olub. Taleh Əliyev yazır: “Elxanilərdən Keyxatu xan
1293-cü ildə Kür çayı sahilində Qutluq-Balıq adlı böyük bir şəhər inşa etməyə
başlamışdı. Şəhər tikilərkən xanın özünün Dalan Navurda olduğuna əsasən, şəhərin
Kürün şimal sahilində, adı çəkilən göl ilə Girdimançay arasında olduğu
anlaşılır. Fikrimizcə, bu şəhər Zərdab rayonunun Əlvənd kəndi yaxınlığında yerləşən
Gur-gur yaşayış yeridir.”
Gur-gur
kəndi
Azərbaycanda
qədim kəndlərdən biri olan Gur-gur kəndi artıq rəsmi olaraq bir kənd kimi
mövcud deyil, əhalisi Otmanoba kənd sakinləri hesab olunur. Yaşayış məntəqəsi
haqqında "Gur-gur kəndi" səhifəsinə keçid etməklə məlumat ala bilərsiniz.
Qarağaclı
kəndi
Qarağaclı
kəndi indiki Əlvənd və Otmanoba kəndlərinin ərazisində mövcüd olub. Qarağaclı
toponimindəki "qara" sözü "böyük" mənasını daşıyır. Yaşayış
məntəqəsi qarağac bitkisi ilə zəngin olan Qarağaclı adlı yerdə salındığı üçün
belə adlandırılmışdır.
Keçən
əsrin əvvəllərindən əhali kəndi tərk edərək digər ərazilərə köçmüşdülər. Ötən əsrdə
indiki Ağsu rayonu ərazisində, hazırda Kəndoba kəndi ilə birləşdirilmiş
Qarağaclı kəndi olub. İllər boyu əhali Zərdabdan Ağsuya və əksinə köç ediblər.
Zərdab rayonunun Qarağaclı kəndinin əhalisinin də Ağsu ərazisinə köçmələrini
ehtimal etmək olar.
Tərtər,
Sabirabad, Cəbrayıl, Cəlilabad, Qubadlı rayonlarında da Qarağaclı adlanan kəndlər
var.
Mirzəxanlı
kəndi
XIX əsrin
əvvəllərində müasir Zərdab ərazisində Mirzəxanlı adlanan kənd mövcud olub. Mirzəxanlılar
oğuzlardan olan qədim türk Kolanı tayfası içərisində qol və tirə adıdır. Nadir
şah Əfşarın XVIII yüzilin 30-cu illərində Xorasandan Azərbaycana (Araz çayının
şimal hissəsinə) köçürdüyü tayfalar içərisində kolanılar da olub. Bu tayfaya məxsus
Mirzəxanlı ailələri müxtəlif ərazilərdə, o cümlədən müasir Zərdab ərazisində də
məskunlaşıblar və əsasən heyvandarlıqla məşğul olublar. Sonralar məlum olmayan
səbəblərə görə Zərdab ərazisindən köçüb gediblər. 1870-ci ildə, indiki Şıxbağı
kəndinin yerləşdiyi ərazidə Mirzəbağı adlanan məntəqə də qeydə alınıb.
Nuru
obası
1870-ci
ildə Bakı Quberniyasının Göyçay qəzasının ərazisində, qəza mərkəzindən 73 verst
məsafədə məskunlaşan Nuru obası Şahsünlü kənd icmasına daxil edilmişdir. 1870-ci
ildə müasir Zərdab ərazisində yerləşən Nuru obasının 22 təsərrüfatında 52 nəfər
kişi, 49 nəfər qadın olmaqla, cəmi 101 nəfər əhali, 1879-cu ildə isə 19 təsərrüfatında
58 nəfəri kişi, 45 nəfəri isə qadın olmaqla, cəmi 103 nəfər əhali yaşayıb.
1893-cü
ildə oba Şamaxı qəzasının Kürdəmir bölgəsinin Şahsünlü kənd icmasının tərkibində
yerləşirdi. Obanın 20 təsərrüfatında 70 nəfər kişi, 45 nəfər qadın olmaqla, cəmi
115 nəfər əhali yaşayıb.
Oba XX
əsrin ilk illərində də Şahsünlü kənd icmasına daxil edilmişdir. 1902-ci ildə
obanın 20 təsərrüfatında 115 nəfər əhali, 1911-ci ildə isə 22 təsərrüfatında
151 nəfər əhali yaşayıb. Nuru obası 1917 və 1921-ci illərdə Kürdəmir bölgəsinin
Əlvənd icmasına daxil edilmişdir. Obada 1917-ci ildə 40 ev, 1921-ci ildə isə 36
ev olub.
Sonrakı
illərdə Nuru obası haqqında məlumat verilmir. Çox güman ki, yaşayış məntəqəsinin
ya adı dəyişdirilmiş, ya da Şahsünlü kəndi ilə birləşdirilmişdir.
Ülviyyən
kəndi
Nizami
Gəncəvi poemalarından birində Atabəy Qızıl Arslanla görüşdüyünü və şahın ona Həmdünyan
adlı kənd bağışladığını qeyd edib. Mehman Əlvənd bildirir: “Qızıl Arslan məhz Qətran
qalasında Nizami Gəncəvi ilə görüşüb və ona Həmdünyan kəndini bağışlayıb.
Sonralar Həmdünyan kəndinin adı təhrif olunaraq Ülviyyən adlandırılıb. 1930-cu
illərdə həmin kəndin sakinləri repressiyaya məruz qalaraq zorla Türkmənistana və
başqa yerlərə köçürülüb. Bu qədim kənd Əlvənd kəndinin yaxınlığında, ipək
yolunun üstündə yerləşərək böyük ticarət mərkəzinə çevrilmişdir.”
Çar
imperiyasına aid siyahıyalınma sənədlərində Həmdünyan və ya Ülviyyən kəndləri
haqqında məlumat verilmir. Bu yaşayış məntəqəsinin Əlvənd icmasına daxil
edildiyini və ya adının dəyişdirildiyini ehtimal etmək olar.
Mehdilər
kəndi
Rayon
mərkəzindən 20 kilometr cənub şərqdə, Şəftəhal kəndi yaxınlığında Mehdilər adlı
yaşayış məskəni var. Hazırda Mehdilər rəsmi olaraq bir kənd kimi mövcud deyil.
Araşdırmaçılar
kəndin adını Mehdili adlanan nəslin adı ilə bağlayırlar. Avşar elinin mehdili
adlanan tirəsi olduğu məlumdur, Ağcabədi rayonunun Muğanlı kəndində də mehdili
nəslinə mənsub ailələr yaşayırlar. Cəbrayıl,
Bərdə, Kürdəmir rayonlarında Mehdili adlı kəndləri var.
Rus imperiyası
XIX əsrin sonlarında idarəetməni asanlaşdırmaq məqsədilə qəzalarda kənd
icmaları yaratmışdılar. Əlvənd kəndi nəinki müasir Zərdab rayonunun, eləcə də tərkibində
yerləşdiyi Bakı quberniyasının və Göyçay, Şamaxı qəzalarının ən iri icmalarından
biri idi. İcmanın tərkibinə bir-neçə yaşayış məntəqəsi daxil edilmişdir. Sənədlərə
əsasən 1911-ci ildə icmaya 7 yaşayış məntəqəsi, Qoyunlu, Osmanalı, Seyidlər,
Sovla, Xalisa (Xəlisə), Qışlaq Baxşı, Xəlilli İbrahimbəy məntəqələri daxil
edilmişdir. Osmanalı yaşayış məntəqəsi hazırda Otmanoba, Seyidlər isə Aşağı
Seyidlər adlanır. "Zərdab rayonu Otmanoba kəndi" və "Zərdab rayonu Aşağı və Yuxarı
Seyidlər kəndləri" səhifələrinə keçid edərək, bu kəndlər haqqında məlumatlar əldə
edə bilərsiniz. Sovla, Qışlaq Baxşı kəndləri hazırda Kürdəmir inzibati ərazisinə
daxildir.
Qoyunlu
(Koyunlu) kəndi
Yaşayış
məntəqəsinin adının Kürdəmirin qonşu Köhünlü kəndinin təhrif edilmiş forması
olduğunu ehtimal etmək olardı. Amma bir məsələ var ki, Köhünlünün əvvəlki, o
cümlədən 1917-1921-ci illərdəki adı Fətixanlı olub. 1911-ci ildə 98 evdən ibarət
olan Qoyunlu kəndində 490 nəfəri kişi, 317 nəfəri qadın olmaqla, cəmi 797 nəfər
əhali yaşayıb. Kənd qəza mərkəzindən 85 verst, pristav idarəsindən isə 36 verst
məsafədə yerləşib.
Xəlisə
kəndi
Xəlisə
“bəylərə bağışlanan mülk” mənasındadır. 120 evdən ibarət olan Xəlisə yaşayış məntəqəsində
522 kişi, 412 nəfəri qadın olmaqla, cəmi 934 nəfər əhali qeydə alınmışdır. Kənd
qəza mərkəzindən 75 verst, pristav idarəsindən 45 verst məsafədə yerləşirdi.
Xəlilli
İbrahimbəy (I Xəlilli) kəndi
Xəlilli
İbrahimbəy kəndi 1911-ci ildə qəza mərkəzindən 85 verst məsafədə yerləşib, 31 təsərrüfatında
236 nəfər əhali yaşayıb. Xəlilli İbrahimbəy yaşayış məntəqəsində 1980-cı ildə
30 ev (159 nəfər əhali), 1902-ci ildə 31 ev (173 nəfər əhali), 1917-ci ildə 46
ev, 1921-ci ildə isə 37 ev olub. 1917-1921-ci illərdə Kürdəmir inzibati ərazisinə
daxil olan yaşayış məntəqəsi I Xəlilli adlanıb. Bölgədə II Xəlilli kəndi də var
idi.
1917-1921-ci
illərdə Əlvənd icmasına Qışlaq Baxşı, Nuru oba, Osmanoba, Seyidlər, Sovla, I
Ucarlı, Fətixanlı, I Xəlilli, Şahsoltanlı, Şahsünlü, Ebəyli yaşayış məntəqələri
daxil ediimişdir. Şahsünlü hazırda Şahhüseynli adlanır və kənd haqqında "Zərdab
rayonu Şahhüseynli (Şahsünlü) kəndi" səhifəsindən məlumat əldə edə bilərsiniz. Fətixanlı
yaşayış məntəqəsi hazırda Kürdəmir rayonunun tərkibində yerləşir və Köhünlü
adlanır.
I
Ucarlı
1911-ci ildə Hacı Səmədli kənd icmasına daxil olan I Ucarlı qəza mərkəzindən 75 verst məsafədə yerləşib, 19 təsərrüfatında 107 nəfər əhali yaşayıb. Çox güman ki, Hacı Səmədli ailələrinin qışlaq ərazisi olub. Hazırda Ağsu rayonunda Hacı Səmədli kəndi var. 1921-ci ildə 19 evdən ibarət olan I Ucarlı Kürdəmir inzibati ərazisinə daxil edilmişdir.
Şahsoltanlı kəndi
Çox
güman ki, qışlaq ərazi olan Şahsoltanlı yaşayış məntəqəsi İsmayıllı inzibati ərazisinə
daxil idi və 1921-ci ildə kənddə 67 ev olub. Hazırda da Göyçay rayonunda
Şahsoltanlı kəndi var.
Ebəyli
kəndi
İsmayıllı
inzibati ərazisinə daxil edilən Ebəyli yaşayış məntəqəsi 1921-ci ildə 13 evdən
ibarət olub. Bu kəndin də qışlaq ərazisi olduğunu ehtimal etmək olar.
Kirəşli
kəndi
1949-1950-ci
illərdə Ermənistandan deportasiya edilmiş və Zərdab rayonuna göndərilən ailələrin
bir qismi Əlvənd kəndi yaxınlığında məskunlaşmışdılar. 36 evdən ibarət olan kənd
Kirəşli adlanırdı.
Hiç yorum yok: