Weather forecast for Zardab

“Xruş”un islahatları və Zərdab rayonunun ləğv edilməsi

 Stalinin “Xruş”, çoxlarının “Stalinin təlxəyi” adlandırdıqları Nikita Xruşşov, Ukrayna rəhbəri Kaqanoviçin və Nadejda Alliluyevanın rəyi ilə Stalinin sevimlisinə çevrilmişdir. Məddahlığı ilə rəhbəri ovsunlamağı bacaran Nikita, balalaykada çalaraq ədəbsiz çastuşkalarla Stalini əyləndirər, bəzən isə yarıya qədər soyunub rəqsini davam etdirərdi.

  Xruşşov latın hərflərini tanımırdı. 1929-cu ildə təhsil aldığı Sənaye Akademiyasının rektoru bunu öyrəndikdən sonra, təhsil müəssisəsində ingilis dilinin tədrisini dərs proqramından çıxarmışdır.

 “Xruş” isə hər zaman sahibinin yanında sadiq kölə kimi xidmət edərdi. Stalin də onu Moskva vilayətinin və Ukraynanın rəhbəri təyin etdi. “Sahibi”nin ölümündən sonra Nikita, güclü düşməni Beriyanı aradan götürməyi bacardı. Sonralar marşal Jukovu da zərərləşdirməyi də bacarmışdı. Düz on il qırmızı imperiyanı idarə etdi və BMT-də ayaqqabısını çıxarıb masaya döyəclədi.

 Böyük vətən müharibəsində az qala almanlara əsir düşəcəkdi, son anda mühasirədən çıxmağı bacarmışdı. Sərxoşluqla məşğul olan oğlu isə, adam güllələməkdə ittiham olunaraq cəbhəyə göndərildikdən sonra, təyyarə ilə almanların tərəfinə keçmişdi. Əsirlərin dəyişdirilməsi nəticəsində Stalin Xruşşovun oğlunu almanlardan geri alır və güllətdirir. Nikita gələcəkdə Stalindən oğlunun intiqamını artıqlaması ilə alır.

 Eyni taleni fərqli şəkildə yaşayan Qorbaçov istisna olmaqla, pensiyaya göndərilən yeganə Baş katib olan Xruşşov, SSRİ vətəndaşlarının 1980-ci ildə kommunizmdə yaşayacaqlarını bəyan edir. Ölkədə apardığı islahatlar (o cümlədən “qarğıdağı islahatı”) nəticəsində aclıq başlayır. 1962-ci ildə Novoçerkassk şəhərində baş tutan etiraz tətili ordu tərəfindən dağıdılır, 24 nəfər öldürülür.

  1962-1963-cü illərdə Baş katib və həmçinin Nazirlər Sovetinin sədri Xruşşovun təşəbbüsü ilə SSRİ-nin inzibati ərazi bölgüsündə islahatlar aparıldı, rayonlar birləşdirilərək, sayları azaldırdı. Azərbaycanda cəmi 23 rayon ləğv edilmişdir ki, bu rayonlardan biri də, 01 yanvar 1963-cü il tarixdə ləğv edilərək Ucar rayonu ilə birləşdirilən Zərdab rayonu idi.

  Rayonların birləşdirilməsi ciddi çətinliklər yaratmışdı və nəticədə haqlı etirazlara səbəb oldu. Etirazçılar 1964-cü ildə təşkilatlanmağa başladılar. “Yuxarı”dan da gizli şəkildə etirazçılara dəstək gəlirdi. Zərdab rayonunda da nüfuzlu şəxslərin iştirakı və rəhbərliyi ilə dərnəklər yaradıldı və rayonun statusunun bərpası üçün fəaliyyətə başladılar. O dövrdə baş verən hadisələr barədə, indi fəaliyyətini dayandıran “zardab.com.az” saytında, tanınmış ziyalı, rayon Dövlət Arxivinin keçmiş müdiri Mirağa Bağırovun araşdırma yazısı yerləşdirilmişdir. Müəllif yazır ki, əvvəlcə Azərbaycan Sovet Sosialist Respubliksının rəhbərliyinə, Respublika Kommunist Partiyasının Mərkəzi Komitəsinə müraciətlər ünvanlandı. Nəticəsiz qalan bu müraciətlərdən sonra Moskvaya, SSRİ rəhbərliyinə ərizələr, şikayətlər, müraciətlər göndərildi. Bu da nəticə vermədikdə, cana doymuş adamlar Zərdaba gələn şose yolunu (“Dördyol” deyilən ərazini) bağladılar, burada şlaqbaum, keçid məntəqəsi yaratdılar. 1964-cü ilin dekabrında Zərdabın Ucar rayonundan ayrılması işinə rəhbərlik edən qərargah yaradıldı. Qərargahın üzvləri Qədim Qədimov, Məcid Cavadov, Şahgəldi Məmmədov, Ağahüseyn Ağayev, Namizəd Abdullayev, Babaş Babaşov, Fəzayıl Mahmudov, Cəbi Abdullayev və başqaları idilər.

  M.Bağırov bildirir ki, 16 nəfərlik nümayəndə heyətinin Azərbaycan rəhbəri Vəli Axundovla görüşü də nəticə vermir.  Qərargah Zərdab əhalisinin etirazını SSRİ-nin mərkəzi hakimiyyət orqanlarına bildirmək üçün nümayəndə heyəti yaratdı. Moskvaya yollanan nümayəndə heyətinə Məcid Cavadov, Şahgəldi Məmmədov, Babaş Babaşov, Ağahüseyn Ağayev, Asiya Məmmədova və başqaları daxil edildilər. Nümayəndə heyəti Moskvaya yola düşərək, 1964-cü il dekabr ayının axırından 1965-ci ilin yanvar ayına qədər orada fəaliyyət göstərmişdir. Zərdablıların nümayəndə heyətini o vaxtkı SSRİ rəhbəri Brejnevin köməkçisi Starçenko qəbul edib dinləmişdi.

 Zərdab rayonunun ziyalılarından biri olan Dünyamalı İsmayılov bildirir: “Həmin dövrdə Zərdab sakinləri şanlı bir tarix yazdı! Bu hadisələrdə bütün sakinlər bir yumruq kimi birləşmişdi. Zərdabda hamı tətil edirdi, idarələr işləmirdi, dərslər dayandırılmışdı. Ucara heç kim işə getmirdi, daha doğrusu, rayondan buraxmırdılar. Düzdü, ştreykbrexerlər (satqınlar) də tapılırdı. Hətta belə birinin evini də yüngülcə yandırmışdılar ki, başqalarına da görk olsun. Vəzifəsindən asılı olmayaraq hamı bir-birinə can deyib, can eşidirdi, əlbir, dilbir idi. Partiya işçisi Sona xala Mahmudovanın da, idarə müdirlərinin də, sadə peşə sahiblərinin də bir istəkləri vardı - “Ucardan ayrılmaq!”

 Qışın oğlan çağında üstüaçıq maşının kuzovunda Moskvaya şikayətə getmək qərarı vermək tətil komitəsi üzvləri üçün nə ilə nəticələnəcəyini indiki nəsil təsəvvür də edə bilməz - bu kəfəni boğazına dolamaq kimi bir şey idi. Zərdablıların bu şücaəti o biri rayonlara da sirayət etmişdi. Repressiyalar olmadı, “Biz birlikdə güclüyük” şüarı o vaxt kütləvi həbslərin qarşısını aldı. Xalq qalib gəldi!"

 Artıq hakimiyyətdən uzaqlaşdırılan Xruşşovun inzibati islahatları nəticəsiz qaldı və 1964-cü ilin sonunda, 1965-ci ilin əvvəlində ləğv edildi. 06 yanvar 1965-ci il tarixdən isə  Zərdabın müstəqil rayon statusu bərpa edildi.

     Hazırladı: Bəxtiyar Əsədli


 

“Xruş”un islahatları və Zərdab rayonunun ləğv edilməsi “Xruş”un islahatları və Zərdab rayonunun ləğv edilməsi Reviewed by Bəxtiyar on 5.1.21 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.