Taleh Əliyev bildirir ki, Zərdab adına yazılı mənbə baxımından XV əsrə aid Bədr Şirvaninin Divanında rast gəlinir. Oqtay Əfəndiyevin "Azərbaycan Səfəvilər dövləti" əsərində də Zərdabın adı çəkilir. Osmanlıların hakimiyyətində olan Şamaxı bəylərbəyliyinin sancaqlarından biri Zərdab sancağı adlanırdı. Bu əsərdə müasir Zərdab ərazisində olduğu söylənilən “Qoyun ölümü” keçidi barədə də məlumat verilir. Oqtay Əfəndiyev I Şah Təhmasibin Gürcüstan yürüşündən qayıdarkən “Qoyun ölümü”ndan keçdiyini yazır. Osmanlı mənbələri də Şah Təhmasibin 2 fevral 1547-ci ildə “Qoyun ölümü”ndən keçərək Şirvan ölkəsinə gəldiyini yazır.
I Şah İsmayılın da "Qoyun ölümü"ndən Kürü keçərək
Şamaxıya getdiyi bildirilir. Araşdırmaçı Ozan Sönməz cəsusların, Şah İsmayıl
ordusunun Kürün “Qoyun ölümü”ndən keçərək ölkəyə daxil olacağı barədə Şirvanşaha
bilgi vermələrini yazır. Buket Gündüz I Şah İsmayılın 10 may1501-ci ildə “Qoyun
ölümü” keçidini keçdiyini və Gülüstan qalası yaxınlığında, Cabanidə Şirvanşah
ordusunu məğlub etdiyini yazır.
Osmanlı mənbələrində Osmanlı
və Səfəvilərin “Qoyun keçidi”ndəki savaşı barədə məlumat verilir. Tərəflər
9 sentyabr 1578-ci il tarixdə “Qoyun keçidi”ndə qarşılaşıblar. Osmanlı ordusuna
Özdəmiroğlu Osman paşa rəhbərlik edirdi. İki saat davam edən döyüşdə Səfəvilər
məğlub olublar. Cənubi Azərbaycanı ələ keçirən osmanlılar, Dağıstan və Şirvanı
birləşdirərək, Özdəmiroğlu Osman paşanın başçılığı ilə böyük bir Bəylərbəyliyi
qurmuşdular. Oqtay Əfəndiyev
yazır ki, əks hücuma keçən qızılbaşlar Mirzə Salman və digər əmirlərin
başçılığı ilə Qarabağdan təcili hərəkətə başladılar və “Qoyun ölümü” keçidindən
Kürü keçərək Şirvana daxil olaraq, Osman paşanı Şamaxı qalasında mühasirəyə
aldılar.
Hazırladı: Bəxtiyar Əsədli
Hiç yorum yok: