XIX-XX əsrlərdə Tiflis şəhərində çap edilən “Qafqaz” qəzetində müasir Zərdab kəndləri haqqında müntəzəm olaraq bilgilər dərc edilirdi.
22 iyul 1850-ci il
Şamaxı qəzasının Zərdab və Əlvənd kəndində taxılın necə əkilməsi
haqqında yazı dərc edilmişdir.
24 iyul 1851-ci il
Qafqaz Qubernatorunun tapşırığı ilə 1846-cı ildə Kür çayının
naviqasiya üçün yararlığı araşdırılmışdır. Dərc edilən yazıda kapitan-leytenant
Zelenarın rəhbərliyi ilə “Volqa” gəmisinin Mingəçevirdən və Salyandan Zərdab kəndinə
qədər üzməsi və xəritə hazırlaması barədə də məlumat verilir.
27 iyul, 24 avqust 1861-ci il
Kənddə yaşayan Karl Şulstun Zərdab kəndi haqqında yazıları dərc
edilmişdir.
02 iyul 1871-ci il
Bölgənin yeganə mağazası olan Zərdab mağazası haqqında, bu
mağazadan ətraf qəzalara göndərilən yüklər barədə yazı və elanlar dərc
edilmişdir.
17 oktyabr 1875-ci il
Zərdab-Təbriz yolunun layihəsi haqqında və bu yolun Təbrizə
gedən digər yollardan daha qısa və daha əlverişli olacağı barədə geniş yazı (müəllif Y.P.Proçenko) dərc edilmişdir.
29 iyun 1880-ci il
Zərdab və Körpükənd balıq vətəgələri haqqında məlumat dərc
edilmişdir.
28 iyun 1881-ci il
1861-ci ildə Xəzər dənizində baş verən zəlzələ və bu zəlzələdən
sonra Zərdab kəndi yaxınlığında yerləşən Gözəl-Çuxur-Axmaz limanının suyunun
azalması, çəkilməsi barədə yazı dərc edilmişdir.
13 sentyabr 1881-ci il
Zərdab yaxınlığında çox əhəmiyyətli limanların olması
haqqında məlumat verilir.
05 fevral 1885-ci il
Zərdab və Körpükənd balıq vətəgələri haqqında məlumat dərc
edilmişdir.
16 noyabr 1889-cu il
Həsən bəy Zərdabinin hazırladığı yüksək keyfiyyətli arpa və
buğdanın, “saluf” adlanan yemin və yüksək keyfiyyətli samanın bürünc medala, bəyin
rəhbərlik etdiliyi sexlərdə toxunan yun kilimlərin və ipək cicimlərin kiçik
gümüş medala layiq görülməsi barədə məlumat dərc edilmişdir.
08 yanvar 1891-ci il
Bıçaqçı və Körpükənd kəndlərindəki qaçaq hərəkatı haqqında
yazı dərc edilib. Yazı ilk dəfə “Yeni icmal” qəzetində Zərdab müxbiri tərəfindən
dərc edilməsi bildirilir.
10, 11, 13 yanvar 1891-ci il
Stepan Abramovu öldürməkdə ittiham edilən Göyçay qəzasının Lələ
Əhmədli kənd sakini, 22 yaşlı İsrail Xəlil oğlunun axtarışı barədə məlumat dərc
edlmişdir.
07 iyun 1891-ci il
Müəllifi S.İ.Qulişambarova olan yazıda, Zərdab kəndlərinin də
daxil olduğu Kür sahili vətəgələrin Hindistandan olan Sabro Maqundasov tərəfindən
icarəyə götürülməsi haqqında məlumat verilir.
28 iyun 1908-ci il
Dərc edilən felyetonda Zərdab kəndi haqqında da yazılmışdır.
17 aprel 1915-ci il
Qubernator Şurasında Bakı quberniyasının Göyçay qəzasının Zərdab-Gəndəbil
kənd icmasının Nəzəralı kəndində, Kür çayında bərənin quraşdırılması müzakirə
edilib.
(Bu bilgilər qəzetdə çap edilənlərin az bir qismidir)
Hazırladı: Bəxtiyar Əsədli
Hiç yorum yok: