İnsanların
yaşaması üçün vacib olan bütün şərtlərə malik olan Zərdab rayonunun ərazisi
arxeoloji cəhətdən demək olar ki öyrənilməmişdir. Ərazidə tapılan küp qəbirlər
və qalıqları, sikkələr, məişət əşyaları, qədim əmək alətləri, hələ də izləri
qalan kütləvi qəbristanlıqlar, kurqanlar Zərdabın qədim yaşayış məskəni
olduğundan xəbər verir. Zərdab ərazisi antik və erkən orta əsrlər dövrünü əhatə
edən Alban-Küp qəbirləri arxeoloji mədəniyyətinin tərkib hissəsinə daxil
edilir.
Eramızdan əvvəl
IV-III əsrlərdə Azərbaycan ərazisində Qafqaz albanlarının dövləti, Albaniya
dövləti yaranmışdır. Müasir Zərdab ərazisi Albaniya dövlətinin Əcəri vilayətinin tərkibinə
daxil edilmişdir. Alban küp qəbirləri arxeoloji mədəniyyətinin tərkib hissəsi
olan Zərdabda tapılmış küp qəbirlər, ərazinin yerli alban əhalisinə məxsus
olduğunu göstərir.
Keçən əsrin
ikinci yarısında Xanməmmədli kəndində kollektorlar qazılarkən, 1,5 m dərinlikdə
tapılan küp qəbir eramızdan əvvəl II - I əsrlərə aid edilmişdir. Qəbrdə tapılan
sikkənin aversində Parfiya Arşakilərindən olan hökmdar I Orodun adı, reversində
isə günəş təsvir olunmuşdur. Qəbirdən kənarda ocaq izləri və üzərində ərəb əlifbası
ilə yazı olan məişət qabları və çıraqlar da aşkar olunmuşdur. Kənd sakini Cəlil
müəllimin əməyinin nəticəsi olaraq Zərdabın bu ərazisi arxeoloji məntəqə kimi
qeydə alınmış, aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli
daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.
1956-cı ildə
Əlvənd kəndindəki köhnə qəbristanlığın ətrafında aparılan qazıntı işləri zamanı
aşkara çıxan küp qəbirlər isə, bu kəndin tarixinin eramızdan əvvələ gedib
çıxdığını sübut edir.
Alıcanlı kəndlərinin
də yerləşdiyi ərazilər qədim yaşayış məskənləri olub, küp qəbirləri mədəniyyətinin
yayıldığı ərazilərdəndir. Yaşayış məntəqələrinin daxil edildiyi Əlican və
Türyançay hövzəsində tapılan küp qəbirlər həm antik, həm də ilk orta əsr dövrlərinə
aid edilmişdir.
Çallı kənd ərazisində
yerləşən Ağayar adlanan ərazidən də küp qırıqları və başqa gil qablar, Adsız təpədə
isə müxtəlif tarixi dövrlərə aid edilən məişət, bəzək və əmək alətləri tapılıb.
İndiki Təzəkənd
ərazisində, Zərdab-Mollakənd yolunun sağ hissəsində də kiçik küp qəbir aşkar
edilmişdir. Təəssüf ki, şumlama prosesi zamanı qəbir dağıdılmışdır. Ərazidən
tapılan boğaz hissəsi dar olan tayqulp qab isə son antik və ilk orta əsrlərin
başlanğıcına aid edilmişdir.
XX yüzilliyin
70-ci illərində görülən meliorasiya işləri zamanı Dəli Quşçu kənd ərazisindən
keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, çini və saxsı
qablar, Azərbaycan Atabəyləri və digər
hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək, məişət və mədəniyyət
əşyaları tapılmışdır. Kənd ərazisində kütləvi qəbiristanlıq, “Ağtəpə” adlanan
kurqan bu gün də mövcuddur. Burada əsaslı tədqiqat işləri aparılmamadığı üçün,
kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur.
Müasir Zərdab
rayonunun Çallı kəndinin türkdilli çul alban tayfası tərəfindən salındığı və kəndin
adının “çul” etnonimindən götürüldüyü ehtimal olunur. Tarixi mənbələrdə Alban şəhəri
haqqında da məlumatlar verilir. Bəzi tətqiqatçılar Alban şəhərinin
Alvan-Alvand-Əlvənd kimi təhrif olunduğunu bildirirlər və Zərdabın indiki Əlvənd
kəndi ilə eyniləşdirirlər.
639-cu ildə ərəblər
Azərbaycana daxil oldular. 90 illik kəskin mübarizədən sonra xilafət orduları
Azərbaycanın istilasını başa çatdıra bildilər. Ərəblər türk əhalinin yaşadığı Arran
adlandırılan Albaniyanı, Adərbayqanı, Göyçə mahalını, Ağrıdağ vadisini, Şərqi
Gürcüstanı və şimalda Dərbəndə kimi olan əraziləri Azərbaycan adlandırmışdılar.
İndiki Zərdab ərazisi Arran inzibati ərazisinin tərkibində Ərəb xilafətinə
daxil olmuşdu.
Mənbələrdə
işğal dövrü zamanı mövcud olan, indisə adları yalnız kağız üstə qalan onlarla
yaşayış məntəqələrinin adları çəkilir. Səyyahlar Kür çayı vadisində, indki Zərdab
rayonu ərazisində yerləşdiyi ehtimal olunan Azərbaycanın orta əsr qədim şəhəri
haqqında məlumat verirlər və bu şəhəri Bərdic, Bərzənc və ya Bərzənd
adlandırırlar. Tarixi sənədlərə əsasən Zərdab ərazisində mövcud olduğu ehtimal
edilən bu şəhər, X-XIII əsrin böyük şəhərlərindən biri olub və şəhərin adı Təbriz,
Dərbənd, Bərdə və digər böyük şəhərlər ilə yanaşı çəkilərmiş. Hüdudül-Aləm müəllifinin
rifah və nemətlər şəhəri adlandırdığı Bərdic, Azərbaycanın əsas ticarət şəhərlərindən
biri olub.
Orta əsrlərdə,
indiki Zərdab ərazisində mövcud olduğu ehtimal edilən digər iri şəhərlərdən
biri də Suffindir. Deyilənlərə görə, Suffin Zərdab ərazisində böyük ticarət mərkəzi
hesab edilib və Şirvanda İslam dinini yaymaq üçün aparılan Suffin döyüşü bu şəhərin
adı ilə belə adlanıb. Yasər adlanan şəhərin də indiki Zərdab ərazisində mövcud
olduğu güman edilir. Deyilənlərə görə, bu şəhər də böyük ticarət mərkəzlərindən
biri olub və Suffin şəhəri ilə qonşuluqda yerləşib.
İndiki Zərdab
ərazisində mövcud olan orta əsr şəhərlərindən biri də Yarayız, Yarayıc və ya
Yerağzı adlanan qədim şəhərdir. Şəhərin mövcudluğu X əsrlərə və ondan əvvəllərə
gedib çıxır. Bu qədim şəhərdə hətta kanalizasiya sistemi olduğu bildirilir. Şəhər
qanlı müharibələr nəticəsində dağıdılmışdır.
861-ci ildə
Ərəb Xilafətinin zəifləməsi nəticəsində Kürdən Dərbəndə qədər olan ərazilərdə
Şirvanşahlar dövləti yaranır. İndiki Zərdab ərazisi XVI əsrin 30-cu illərinin
sonuna kimi bu dövlətin tərkibinə daxil olmuşdur. Şirvanşahlar dövründə indiki
Zərdab ərazisində Kür çayı vasitəsilə Qarabağa bir-neçə keçid olmuş və
bunlardan “Qoyun ölümü”nün adı tarixi sənədlərdə
qeyd olunmuşdur. I Şah İsmayılın Şamaxıya doğru yürüşü zamanı və eləcə də I Şah Təhmasibin Gürcüstan
yürüşündən qayıdarkən “Qoyun ölümü”ndən keçdiyi bildirilir.
Azərbaycan qədim
dövrlərdən türklərin, o cümlədən oğuzların vətəni olmuşdur. XI əsrdə Səlcuqların
gəlişi ilə Azərbaycan türkləri Cənubi Qafqazda başlıca etnik və siyasi amilə
çevrildi. Səlcuq türkləri Oğuz türklərinin Qınıq tayfasına mənsubdular. Bu
tayfa adını türk sərkərdəsi olan Səlcuğun adından götürmüşdür. XI – XIII əsrlərdə
Zərdab ərazisi Şirvanşahlar dövlətinin tərkibində Səlcuq imperiyasına və Azərbaycan
Atabəylər dövlətinə tabe edilmişdir. Azərbaycan Atabəyləri və ya Eldəgəzlər
1136-1225-ci illərdə Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli
idarə etmiş tarixi türk qıpçaq imperiyasıdır. İmperiyanın əsası Şəmsəddin Eldəniz
tərəfindən qoyulmuşdur. İndiki Zərdab ərazisindən Atabəylər dövrünə aid edilən
xeyli mis pullar tapılmışdır.
Mənbələr
indiki Əlvənd ərazisindəki Qətran qalası barədə məlumat verirlər. Abbasquluağa
Bakıxanov “Gülüstani-İrəm” əsərində Əlvənddəki Qətran səngəri haqqında yazıb.
Tanınmış yazar Mehman Əlvənd müsahibələrinin birində, Əlvənd kəndinin
yaxınlığında yerləşən, məşhur şairimiz Qətran Təbrizinin şərəfinə tikilmiş Qətran
qalasının çox böyük tarixi sirlərin daşıyıcısı olduğunu bildirir. Türk dilində
yazan Qətran Təbrizi səlcuqlar dövründən əvvəl yaşayıb. Bu fakt, türklərin səlcuqlardan daha əvvəl Azərbaycan ərazilərində,
o cümlədən indiki Zərdab və Əlvənd ərazilərində yaşadığını göstərir.
Mənbələrdə
Nizami Gəncəvinin Atabəy Qızıl Arslanla görüşdüyü barədə məlumatlar var. Nizami
Gəncəvi poemalarından birində şahın ona Həmdünyan adlı kənd bağışladığını qeyd
edib. Mehman bəy müsahibəsində deyir: “Qızıl Arslan məhz Qətran qalasında
Nizami Gəncəvi ilə görüşüb və ona Həmdünyan kəndini bağışlayıb. Sonralar Həmdünyan
kəndinin adı təhrif olunaraq Ülviyyən adlandırılıb.”
XIII əsrin II
yarısı və XIV əsrdə Zərdab ərazisi Şirvanşahlar dövlətinin tərkibində Hülakülərdən
və Cəlairilərdən asılı vəziyyətə düşmüşdür. XIV əsr Hülakü mənbələrində adı çəkilən
və “70 göl” mənasını verən Delan Naur ərazisinin qərb hissəsi Zərdab torpaqları
olduğu bildirilir. Yazılanlara görə, 1293-cü ildə Dalan Naurda olan Keyxatu xan
Kür çayı sahilində Qutluq-Balıq adlı böyük bir şəhər inşa etməyə başlamışdı. Şəhərin
Kürün şimal sahilində, adı çəkilən göllər ilə Girdimançay arasında olduğu
bildirilir. Tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev yazır ki, bu şəhər indiki Zərdab
rayonunda yerləşən Gur-gur yaşayış yerində inşa edilmişdir. Gur-gurda Qarqar
tayfasının nümayəndələrinin də məskunlaşdığı söylənilir.
Əlvənd kəndi
yaxınlığındakı Yarqıçı çökəyi kəndin Hülakilərin dövründə böyük yaşayış məntəqəsi
olmasından xəbər verir. “Yarqıçı” sözü qədim türk dilinə məhkəmə termini kimi
daxil olub. Hülakilər dövründə yarqı və ya yarqu məhkəməsi nisbətən böyük
yaşayış məntəqələrində həyata keçirilib.
Osmanlılar ilə
müharibədə yaranmış fasilədən istifadə edən səfəvi şahı I Şah Təhmasib Şirvanı
öz dövlətinə birləşdirdi. Şirvan taxtı Şeyxşahın böyük oğlu Sultan Xəlilə,
yaxud onun rəsmi adı ilə deyilərsə, II Xəlilullaha keçdi. 1535-ci ildə II Xəlilüllahın
vəfat etməsi ilə Şirvan taxtı varissiz qalmış və Şirvanşahlar dövlətində
qarışıqlıq başlamışdır. Bundan yararlanan I Şah Təhmasib Şirvanşahlar dövlətini
rəsmi olaraq ləğv etmiş və bəylərbəylik kimi Səfəvilər dövlətinin tərkibinə qatmışdır.
Beləliklə, indiki Zərdab ərazisi Səfəvilər dövlətinin tərkibinə daxil oldu.
Müasir Zərdab rayonunun qərb ərazisi Ərəş sultanlığına tabe idi. Ərəş
sultanlığı Səfəvilər dövründə təşkil edilmişdir və Şirvan bəylərbəyliyinin
tabeliyində idi. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş
sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının
vassalına çevrildi. 1795-ci ildə isə Sultanlıq mahal kimi Şəki xanlığına
qatılmışdır.
XVI əsrdən
etibarən “Zərdab” adına rast gəlinir, köçəri tayfaların yaşadığı indiki ərazidə
“Zərdab” adlanan kənd formallaşmağa başlamışdır. Müasir Zərdab rayonunun adı Zərdab
kəndinin adından götürülmüşdür. Zərdab kəndi XIX əsrin sonlarına qədər Kür
sahili boyunca 50 verstlik məsafəni əhatə etmişdir.
“Zərdab”
sözünün mənası müxtəlif mənbələrdə müxtəlif şəkildə izah olunur. “Zərdo” sözündən
götürüldüyü ehtimalı var. Əvvəllər Kür və Qarasu çaylarında baş verən
daşqınlardan sonra, Zərdab ərazisindəki torpaqlarda “zərdo” maddəsinə oxşar qat
yaranardı. Elə bu səbəbdən ərazi “Zərdo - Zərdob - Zərdab” adlandırıldığı söylənilir.
Zeydlisin "Bakı quberniyası" kitabındakı izahatına əsasən isə “Zərdab”
sözü “soyuq, qızıl su” mənasında işlədilmişdir. Həmin vaxtlar Kür və Qarasu
çayları daşarkən, çökəklərdə, axmazlarda qalan su əkinlər və əkinçilər üçün
qızıl qədər əhəmiyyətli idi. Bəzi mənbələr Zərdab adını fars dilində “xəstəlik
yayan sarı su” mənasını verdiyini bildirirlər. Amma yararlı boş sahələrin yetərincə
olduğu halda, insanların "xəstəlik yayan sarı su" adlandırdıqları
yerdə məskunlaşmaları inandırıcı deyil. Digər ehtimala görə isə fars sözü olan
zərd birinci halda sarı, ikinci halda isə əti yeyilən quş, əncirquşu mənasını
verir. Tuqay meşəsi ərazisində salınmış yaşayış məskənində əncirquşu çox olmuş
və bu səbəbdən də zaman keçdikcə bu quşların adının yaşayış məskəninin adına
çevrilməsi güman edilir.
Zərdabın adı
Osmanlı mənbələrində də çəkilir. Osmanlı mənbələri Şirvan ərazisi haqqında
yazılarında Zərdabın adını qeyd edirlər. Osmanlılar, XVI əsrdə Səvəfi-Osmanlı
müharibəsindən sonra, Azərbaycan ərazilərinə hakim olmuşdular. Osmanlıların həyata
keçirdiyi inzibati bölgüyə əsasən, Şamaxı əyaləti 16 sancaqlığa bölünmüşdü.
İndiki Zərdab ərazisi Zərdab və Ərəş sancaqlarına daxil edilmişdir.
Zərdab ərazisi
I Şah Abbasın hakimiyyəti zamanı yenidən Səfəvilərin ərazisinə daxil
edilmişdir. 1736-1747-ci illərdə isə indiki Zərdab rayonunun ərazisi Nadir
şahın yaratdığı Əfşarlar imperiyasının tərkibində
yerləşirdi.
XVIII əsrin
ortalarında Azərbaycanda feodal dövlətlər, xanlıqlar yaradıldı. İndiki Zərdab ərazisinin
böyük hissəsi Şamaxı xanlığının tərkibində yerləşirdi. Zərdabın qərb ərazisi isə
müxtəlif illərdə həm Şamaxı, həm də Şəki xanlığının tərkibinə qatılmışdır.
Müasir Zərdab
ərazisndə yerləşən Əlvənd, Zərdab, Xələc, Çallı, Şahsünlü kəndləri Şamaxı
xanlığının iri yaşayış məntəqələrindən biri idi, Qaravəlli, Əlicanlı, Müskürlü,
Lələ Əhmədli oba ailələrinin nümayəndələri onlara məxsus qışlaqlarda məskunlaşmışdılar.
Zərdab ərazisinin böyük hissəsi Şamaxı xanlığının Qarasubasar mahalına, şimal-şərqdəki
bir hissəsi Şamaxı xanlığının Xançobanı mahalına, qərbdəki bir hissəsi isə Şəki
xanlığının Ağdaş mahalına daxil idi.
Şamaxı
xanlığındakı çəkişmələr zamanı Əlvənd bir müddət Şirvan xanlığının mərkəzi
olmuşdu və Ağası xan, Şirvan elitası Qətran qalasında mövqe tutmuşdular.
Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək
yazır ki, “1775-ci ildə Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran
oldu”. Drenyakin isə yazırdı ki, Ağası xan Fətəli xan ilə Məhəmmədsəidin qohum
olduğunu və Şamaxıda hakimliyin Məmmədrzaya verildiyini eşitdikdə təcili Əlvənddən
Şamaxıya gəldi və böyük qardaşından hakimiyyəti tələb etdi. Fətəli xan növbəti dəfə
Şamaxıya hücum edərkən Ağası xan yenidən Əlvəndə çəkilmişdi. Əlvənddə sığınacaq
tapan Ağası xan çox keçmir ki, Qarabağ xanı İbrahimxəlil xan tərəfindən qardaşı
Mehrəli bəyin öldürülməsinə cavab olaraq qətlə yetirilmişdir.
1790-cı ildə
Əsgər xan və Mustafa bəy arasında hakimiyyət uğrunda gedən çəkişmələr zamanı da
Əlvənd kəndi münaqişələrin içərisində idi. Ağası xanın oğlu Mustafa xan bir
müddət Əlvənddə məskən salır. Serebrov yazır ki, Əsgər xan ilə qardaşı Qasım
xan arasında hakimiyyət uğrunda aparılan mübarizədən Ağası xanın Əlvənddə olan
oğlu Mustafa bəy istifadə edərək hakimiyyəti ələ keçirdi. Fituni bildirir ki,
1792-ci ildə əhali öz qəddarlığı ilə ad çıxarmış Qasım xanı devirib, Mustafa bəyi
Əlvənddən Şamaxıya dəvət etdi. Göründüyü kimi Əlvənd kəndi Şirvan xanlığında
baş verən hadisələrdən kənarda qalmayıb və bəzi vaxtlarda mərkəzdə olub.
Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində bunu təsdiqləyir:
“Bir həftədən sonra Ali-Sərkar gəlib Ağsu şəhərini aldı, zəif təbiətli və tədbirsiz
Manaf xanı öldürdü. Bunların hamısından böyük olan Əsgər xan Məhəmmədsəid xan
oğlunu hökumətə oturtdular. Mustafa bəy Əlvəndə gedib Qətran səngərində
oturdu... Qasım xan, Mustafa bəyin səngərinə
hücum etmək üçün Əlvəndə getdisə də məğlub olub geri qayıtdı.... Nəhayət, hicri 1206-cı ildə, Şirvan əyanının
və xüsusilə Yüzbaşı bəy Hövzü və Ömər Sədarinin təklifilə, Mustafa bəy Əlvənddən
gəlib şəhərdə hökumət bayrağını yüksəltdi”.
Şirvan xanı
Ağası xanın və övladlarının Əlvənd bəyləri ilə qohumluq əlaqələri olub. Ağası
xan, oğulları Mustafa xan, Haşım xan, nəvəsi Əbil bəy Haşım xan oğlu Əlvənd bəylərinin
qızları ilə evlənmişdilər. Şirvan xanlarının nəslindən olan Əhməd xanın oğlu Fəti
xan və Mustafa xanın nəvəsi Hacı bikə 1856-cı ildə evlənərək Əlvənd kəndində
yaşayıblar. Fəti xanın və xidmətçilərinin yaşadığı məntəqə sonralar Fətixanlı
adlandırılmış və Əlvənd kənd icmasına daxil edilmişdir. Hazırda bu kənd Köhünlü
adlanır və Kürdəmir rayonunun ərazisində yerləşir.
Əlvənd kəndi
Şirvan xanlığının inkişaf etmiş mühüm məntəqələrindən biri olub. XVIII əsrə aid
sənədlərdə Əlvənddən ipəkçilikdə, ticarət və gəmiçilikdə müəyyən rolu olan yer
kimi danışılır. Mənbələrdə yazılır ki, həmin vaxtlar burada ipək emalı müəssisəsi,
gəmi dayanacağı, çoxlu karvansara, ticarət məntəqələri, Qarabağa gedib gəlmək üçün
bərə vardı. Əlvənddə fəaliyyətdə olan bazara hər şənbə Azərbaycanın müxtəlif
yerlərindən alverə gələrdilər. Bu yerlərin kənd təsərrüfatı məhsulları Əlvənddə
toplanır və gəmilərlə uzaqlara daşınırdı.
Kür sahilində
yerləşən və Şirvanla Qarabağ arasında qapı olan Zərdab, Cavad və Əlvənd kəndləri
tacirlərin dayanacaq və keçid yeri olub. Bu kəndlərindən keçərək Şamaxıya mal
aparan tacirlərdən xüsusi vergi alınırdı. Əlvənd kəndi ərazisində Kür çayının
suyunun lal axması səbəbindən, bu ərazi Kür çayından keçid üçün əlverişli yer
sayılırdı.
Zərdab kəndi
də Şamaxı xanlığının Qarasubasar mahalının iri yaşayış məntəqələrindən biri
idi. Mahal əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olurdu. Kür
çayında gəmiçiliyin inkişafı, yelkənli gəmilərin burada dayanması, bərələr
vasitəsilə Qarabağa yüklərin daşınması Zərdabın sürətlə böyüməsinə səbəb
olmuşdur.
İran və
Rusiya arasında aparılan müharibə Zərdab kəndindən də yan ötməmişdir. 1816-cı
il dekabrın 4-də Qafqazdakı rus qoşunlarının baş komandanı general Yermolov
Şamaxı xanı Mustafa xanla Zərdab kəndində
görüşüb və Şamaxı xanlığının gələcək statusunu müzakirə ediblər. Məhz bu
görüşdən sonra Mustafa xan bir daha əmin olur ki, xanlığın müstəqilliyi uzun
sürməyəcək.
İndiki Zərdab
ərazisində yerləşən iri yaşayış məntəqələrindən biri də Şahsünlü kəndi idi. Azərbaycan
Rusiya və Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində olduğu
vaxtlar, Şahsünlü tayfası Osmanlı dövlətinə qarşı çıxmışdı. Osmanlı divan
toplantılarında qəbul edilən qərarların toplandığı dəftərlərdə, Təbriz əyalətinin
Qarabağ xanlığında yaşayan Şahsünlülər haqqında sənədlərə rast gəlinir.
Osmanlıların cəzalandırdıqları Şahsünlülər, Azərbaycanın müxtəlif bölgələrinə
köçmüşdülər. Şahsünlülər Şirvana da gəlmiş, Azərbaycanda feodal dövləti olan
Şamaxı xanlığınının Xançoban mahalında, indiki Zərdab rayonu ərazisində məskən
salmışdılar. Osmanlı dövləti Şahsünlü ailələrinin təqib edilməsi üçün Şirvan
hakimlərinə hökm də göndərmişdir.
Qafqaz
Albaniyasının şimal-şərqində yaşayan çul tayfa nümayəndələri də Şamaxı
xanlığının Qarasubasar mahalında da məskunlaşmışdılar. “Çul” etnonimi öz
varlığını bu gün də Azərbaycanda mövcud olan kəndlərin adlarında, o cümlədən
indiki Çallı kəndinin adında da saxlamışdır. Professor Mirzəyev müxtəlif elmi
faktlara istinadla “çul” sözünün qədim türk tayfasının adı olduğunu təsdiqləyir.
Xanlıqlar
dövründə indiki Zərdab ərazisində yerləşən, oğuzların xalac tayfasının adını
özündə əks etdirən Xələc kəndi də Qarasubasar mahalının iri yaşayış məntəqələrindən
biri idi. Xələclər XVIII-XIX əsrlərdə
oturaq həyat tərzinə keçiblər, əhalisinin çox hissəsi əkinçiliklə məşğul
olurdu.
Xanlıqlar
dövründə Müskürlü tayfasını təmsil edən Müskürlü Kirli obasının da adı çəkilir.
Köçəri həyat keçirən bu oba XIX əsrin sonlarında Zərdab rayonunun indiki Məlikli,
Burunlu və Qoruqbağı kəndlərinin ərazilərində daimi məskunlaşmışdılar.
Xanlıqlar
dövründə Xançobanı mahalında yaşayan Qaravəlli, Əlicanlı, Lələ Əhmədli,
Müskürlü və digər tayfa, nəsil nümayəndələri tədricən Qarasubasar mahalına köç
etmiş, XIX əsrin sonlarında indiki Zərdab rayonu ərazilərində daimi məskunlaşmışdılar.
Zərdab
rayonunun qərbində yerləşən indiki Körpükənd, Bıçaqçı, Yuxarı Seyidlər kəndlərinin
əraziləri müxtəlif illərdə həm Şamaxı, həm də Şəki xanlıqlarına daxil
edilmişdir. Bu kəndlərin ərazilərində hələ orta əsrlərdən ticarət mərkəzləri
hesab olunan iri yaşayış məntəqələri, şəhərləri mövcud olub. XIX əsrin əvvəllərinə
aid siyahıyaalınma sənədlərində Körpükənd və Pıçaxçı kəndlərinin adlarına rast
gəlinir. Zərdabın indiki Bıçaqçı kəndi əvvəllər Pıçaxçı adlanırdı. Bu yaşayış məntəqəsinin
qıpçaqlar tərəfindən salındığı və onların şərəfinə Pıçaxçı adlandırıldığı söylənilir.
Qıpçaqların “ağ qıpçaq” qrupunun qəbilələrindən biri olan pıçaqçı əhalisinin
dili türk dilidir.
XIX əsrin əvvəllərində
Azərbaycan Çar Rusiyası tərəfindən işğal olundu. 1805-ci ildə indiki Zərdab
rayonunun ərazisinin də daxil edildiyi Şamaxı və Şəki xanlıqları Rusiyadan
vassal asılılığına düşdü. 12 oktyabr 1913-cü ildə İran və Rusiya arasında
bağlanan Gülüstan müqaviləsinə əsasən 8 Azərbaycan xanlığı, o cümlədən Şamaxı və
Şəki xanlıqları Rusiya imperiyasının tərkibinə qatıldı. Rusiya öz hiyləgər
siyasətinə uyğun olaraq ilk əvvəl bu xanlıqların daxili müstəqilliyinə toxunmadı. Lakin imperiya bölgədə öz mövqelərini
möhkəmləndirdikdən sonra, 1819-cu ildə Şəkidə, 1820-ci ildə isə Şamaxıda xanlıq
üsul-idarəsini ləğv etdi. İşğal edilmiş xanlıqların ərazilərində yeni inzibati ərazilər
yaradılmışdır. Şimali Azərbaycan torpaqlarında Bakı, Quba, Şirvan, Şəki,
Qarabağ və Talış əyalətləri, Yelizavetpol və Car-Balakən dairələri, İrəvan
vilayəti, Qazax və Şəmşədil inzibati əraziləri yaradılmışdır.
İndiki Zərdab
rayonu ərazisinin böyük hissəsi Şirvan əyalətinə, qərb hissəsi isə Şəki əyalətinə
daxil edilmişdir. Əyalətlərin rəhbərliyi Qafqazın Baş komandanı tərəfindən rus
ordusunun zabitlərindən təyin edilmiş komendantlara həvalə olunmuşdur. Yerlərdə
köhnə idarəetmə bölgüsü saxlanılmış, əyalətlər mahallara bölünmüşdür. Mahallar
yerli bəylərdən təyin edilmiş naiblər tərəfindən, kəndlər isə yüzbaşı və kəndxudalar
tərəfindən idarə olunurdu. Müasir Zərdab ərazisi Şirvan əyalətinin Xançobanı və
Qarasubasar, Şəki əyalətinin Ağdaş mahallarına daxil edilmişdir.
1840-cı ildə
Qafqazın yerli idarəetmə sistemində əhəmiyyətli dəyişiklik edildi və Rusiyanın
quberniyalarında olduğu kimi vilayətlər, qəzalar və bölgələr yaradıldı. 22
aprel 1840-cı il tarixdə, I Nikolayın fərmanı ilə Cənubi Qafqazda Kaspi (Xəzər)
vilayəti təşkil edilmişdir. Vilayətin inzibati mərkəzi Şamaxı şəhəri idi. 1846-cı
ilə qədər mövcud olmuş vilayət inzibati
cəhətdən 7 qəzadan, Şamaxı, Qarabağ, Şəki, Talış, Bakı, Quba və Dərbənd qəzalarından
ibarət idi. İndiki Zərdab rayonunun ərazisi Şamaxı və Şəki qəzalarına daxil
edilmişdir. 14 dekabr 1846-cı ildə təsdiq edilmiş “Zaqafqaziya diyarının bölünməsi
haqqında əsasnamə”yə uyğun olaraq Qafqazda qəzalardan ibarət olan Tiflis,
Kutaisi, Şamaxı və Dərbənd quberniyaları yaradılmışdı. İndiki Zərdab rayonunun ərazisi
Şamaxı quberniyasının Şamaxı və Nuxa qəzalarına daxil idi. Şamaxı quberniyasına
daxil edilərkən Şəki qəzası Nuxa qəzası adlandırılmışdır. 1859-cu ildə Şamaxı zəlzələ
nəticəsində dağılandan sonra Şamaxı quberniyasının mərkəzi Bakıya köçürüldü və
quberniya Bakı quberniyası adlandırıldı. 1867-ci ilin dekabrında, Yelizavetpol
quberniyası təşkil edildikdən sonra, Şuşa və Nuxa qəzaları Bakı quberniyasından
ayrılıb bu quberniyaya daxil edildi. Bakı quberniyasında isə yeni qəzalar,
Cavad və Göyçay qəzaları yaradıldı və müasir Zərdabın ərazisi, qərb hissəsi
istisna olunmaqla, Göyçay qəzasına daxil edildi. XIX əsrin son illərində Əlvənd
və Şahsünlü icması Şamaxı qəzasına daxil edilsə də, XX əsrdə yenidən Göyçay qəzasının
tərkibinə qatıldı. 1873-cü ildə çar hökümətinin Qafqazda həyata keçirdiyi
inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası
yaradılmışdı. Nuxa qəzasının tərkibində yerləşən Zərdabın indiki Körpükənd,
Bıçaqçı, Yuxarı Seyidlər və Siləyli kəndlərinin əraziləri Ərəş qəzasının tərkibinə
daxil edilmişdir.
Çar hökuməti
Rusiyada təhkimçilik hüququnun ləğv edilməsi haqqında verdiyi manifestdən
sonra, kəndlilərin mülkədarlardan şəxsi asılılığı ləğv olundu. XIX əsrin
sonlarında kəndlilər Kür sahili boyu yerləşən bağlarda yurd salmağa başladılar
və nəticədə Zərdab kəndinin əhalisi azalmağa başladı. Əvvəllər Kür sahili
boyunca 50 verstlik məsafəni əhatə edən Zərdab icmasının ərazilərində yeni
yaşayış məntəqələri, kəndlər yarandı. 1879-cu ildə 17 məntəqədən ibarət olan Zərdab
icmasının ən böyük yaşayış məntəqələri Zərdab, Gəndəbil və Gəlmə kəndləri idi.
Sonralar Zərdab icması üç icmaya, Gəndəbil, Gəlmə və Zərdab icmalarına
bölünmüşdür. Gəlmə kəndi əvvəllər Kür sahilində, indiki Lələağacı kəndi
yaxınlığında yerləşib. Köhnə Gəlmənin yeri bu gün də “yurd yeri” adı ilə
tanınır. Bu “yurd yeri”nin hətta qədim və orta əsrlərdə insan məskəni olması
barədə məlumatlar var. Kənd əhalisinin XVIII əsrin sonlarında, Qarabağdan və
Ağsu kəndlərindən, hətta Yaxın və Orta Şərqdən də gəldikləri bildirilir. Yerli
sakinlərin məlumatlarına görə isə kəndin tarixi daha qədimdir. Gəndəbil kəndinin
ərazisi də qədim insan məskəni olub və əvvəllər indi kənd bağı adlanan ərazidə
yerləşib. Kənd sakini Abdul Qasımovun bildirdiyinə görə, yaşayış məntəqəsinin
adı “gəndə, bir qədər kənarda bulunan yer” mənasındadır. Əslən Gəndəbil kəndindən
olan Qızxanım Salmanova isə, bir zamanlar yaşayış məntəqəsində Dəbil əmirliyinin
mərkəzi olan Dəbil şəhərindən gələn insanların məskunlaşdığını və bu səbəbdən kəndin
“uzarda olan Dəbil” mənasını verən Gəndəbil adlandırıldığını bildirir. İndiki Zərdab
rayonunun ərazisində bu icmalar ilə yanaşı, Əlvənd, Xələc, Lələ Əhmədli,
Şahsünlü, Körpükənd icmaları da təşkil edilmişdir.
XIX əsrin
ikinci yarısından etibarən müxtəlif türk tayfalarının müasir Zərdab ərazisinə
axını güclənmişdir. Quşçu tayfasının nümayəndələri olan Lələ Əhmədli ailələri
indiki Dəli Quşçu, Xanməmmədli, Hüseynxanlı, Dəkkəoba, Qoşaoba və eləcə də bir
zamanlar Zərdabın yaşayış məntəqələri olan Nəcəfalılı, Vəlixanlı kəndlərində
yurd salmışdılar. Bayat tayfasının nümayəndələri olan Bayat-Məlik Umud obası
indiki Məlikumudlu kəndində, Bayat-Nadir Hüseynbəy obası isə Çallı kəndi
yaxınlığında məskunlaşmışdılar. Müskürlü elinin nümayəndələri olan Müskürlü,
Müskürlü-Gəraybəyli və Müskürlü Kirli obaları indiki Məmmədqasımlı, Gödəkqobu,
Məlikli, Burunlu və Qoruqbağı kəndlərində daimi yurd salmışdılar. Qaravəlli
tayfasının nümayəndələri olan Qaravəlli Xanlıq obası indiki Qaravəlli kəndində,
Qaravəlli Tapdıq obası əvvəl Kür sahilində, sonra isə Çallı kəndinin
yaxınlığında, Qaravəlli Ağaməmməd obası isə indiki Alıcanlı kəndlərinin
yaxınlığında məskunlaşmışdılar. Şahsevən elinin nümayəndələri olan Əlicanlı ailələri
indiki Alıcanlı kəndlərinin ərazilərində, Salahlı elinin nümayəndələri indiki
Salahlı kəndində, Seyyidlər adlanan tayfa nümayəndələri indiki Aşağı və Yuxarı
Seyidlər kəndlərində, Bəyimlixanımlı obasının ailələri isə indiki Bəyimli qəsəbəsində
yurd salmışdılar. Zərdabın indiki Sileyli və hazırda mövcud olmayan Rəhmətli kəndlərində
hapıt ailələrinin qışlaq yurdları olmuş, XX əsrdə isə hapıtlar bu kəndlərdə
daimi məskunlaşmışdılar. İndiki Zərdab rayonu ərazisinə Qarabağdan, Şamaxıdan,
Ağsudan, Azərbaycanın şimal rayonlarından, indi Ermənistan adlanan Qərbi Azərbaycandan,
Cənubi Azərbaycandan və digər ərazilərdən də müxtəlif nəsil və ailələr də köçüb
gəlmişdilər.
Kür sahilində
yerləşən indiki Zərdab rayonunda əsrlər boyu limanlar, keçidlər və bərələr fəaliyyət
göstərmişdir. Ticarət və digər gəmilər bu limanlarda dayanar, keçidlər isə
Qarabağa körpü funksiyasını yerinə yetirərdi. Müasir Zərdab ərazisindən ticarət
yolları da keçərmiş. Bəzi tarixçilər qeyd edir ki, Əlvənd kəndi qədim İpək
yolunun üstündə yerləşərək böyük ticarət mərkəzinə çevrilmişdir. İndi də
Qarabağ ərazisində "Əlvənd yolu" deyilən qədim bir yol da var. Orta əsrlərdə
Təbriz-Ərdəbil-Beyləqan-Bərdə-Şamaxı-Dərbənd ticarət yolunun da Zərdabdan
keçdiyi söylənilir. İndiki Dəli Quşçu kəndinin yaxınlığından bir zamanlar
Şamaxıya, xanın iqamətgahına gedən və Şah yolu adlanan qədim yol keçirmiş.
Şərqin Təbriz
kimi ən böyük, ən qədim bazarları ilə belə müqayisə olunan Əlvənd bazarı bölgənin
ən böyük bazarlarından biri olub. Tacirlər Əlvənd bazarından Zərdabın məşhur
tut bəkməzini, qurudulan yerli meyvələr, yerli ipək və yundan toxunan geyimləri,
Əlvənd şalını, Həsən bəy Zərdabinin yetişdirdiyi çəyirdəksiz gilası, balıq kürüsü
alıb aparırdılar. Ermənilərin təhriki ilə silahlı dəstələr dəfələrlə Əlvəndə və
bazara basqın ediblər. Tədricən bazar öz ticari əhəmiyyətini itirib və Əlvənddə
yaşayan yəhudi əsilli tacirlər Göyçaya, Oğuza, Bakıya köçüblər.
Zərdabda həm əkinçilik,
həm də baramaçılıq inkişaf etmişdir. Kəndlilər 3 batmana qədər barama
toplayardılar. Ən yaxşı yarpaq Zərdab kəndində olardı. Kürün aşağı hissələrində
isə tez-tez daşqınlar baş verdiyi və torpaq Kür suyu altında qaldığı üçün tut
ağacları zəif inkişaf edərdi. XIX əsrdə yerli əhali getdikcə taxılçılığa daha
çox üstünlük veriblər. Həsən bəyin hazırladığı yüksək keyfiyyətli arpa və
buğda, “saluf” adlanan yem və yüksək keyfiyyətli saman bürünc medala təqdim
olunub. Taxıl əkini əsasən daşqınlarından əvvəl başlayar, toxum sahələrə səpilər
və daşqın zamanı Kür yatağından qalxan su bu sahələrə daxil olardı.
XIX əsrdə
indiki Zərdab rayonunda yun toxuculuğu, eləcə də ipək qatışığı ilə alabəzək
cecim toxuculuğu geniş yayılmışdı. 1889-cu ildə Həsən bəy Zərdabinin rəhbərlik
etdiliyi sexlərdə toxunan yun kilimlər və ipək cicimlər kiçik gümüş medala
layiq görünüb. Şirvan bölgəsində cecimin mürəkkəb bəzək kompozisiyasına malik
növündən istehsal edilən “Əlvənd şalı” çox məşhur idi. Əlvənd şalları nəinki Azərbaycanda,
digər ölkələr də tanınırdı.
Zərdabda
balıqçılıq da inkişaf etmiş, balıq vətəgələri fəaliyyət göstərmişdir. Kür
çayında müxtəlif növ balıqlar, naqqa, sazan, kütüm, xəşəm, ilanbalığı, ağ balıq
və digər balıq növləri bol olardı. Kürdə tutulan balıqların kürüsü ən keyfiyyətli
qida hesab olunurdu. Balıqlar müxtəlif məqsədlər üçün də istifadə edilirdi. Məsələn,
ilanbalığı yerli əhali tərəfindən qida kimi istifadə edilməz, ruslara və ermənilərə
satmaqla yanaşı, qurudularaq şam kimi istifadə olunardı. Balıqların kürüləməsi
dövründə balıq ovuna qətiyyən icazə verilmirdi.
XIX əsrin
60-cı illərində indiki Zərdabda biyan kökü şirəsi istehsal etməyə başlayıblar.
Zərdabın demək olar bütün su tutar ərazisində yetişən, təbii çoxalan biyan kökü
şəkər istehsalı üçün əvəzsiz xammal kimi kəşf edildikdən sonra, onun sənayedə
istifadə olunması zərurəti meydana çıxdı və biyan kökü tədarük etmək zərdablılar
üçün yeni bir istehsal fəaliyyəti növünə çevrildi.
Zərdab kəndində
toxunan xalçalar Bakı quberniyasında ən yaxşı xalçalardan hesab olunurdu.
Alizarin boyaq maddələrindən istifadə olunması xalçaların maya dəyərinin aşağı
düşməsinə səbəb olmuşdur.
Bölgənin ən
böyük mağaza və dövlət anbarı Zərdabda
yerləşirdi. Bu mağaza gömrük, keçid statusuna malik idi. Kür çayı vasitəsilə gələn
ərzaq, geyim və digər təsərrüfat malları bu anbarda toplanardı. Yerli əhalinin
tələbatını ödəməklə yanaşı, bu mağazadan və anbarından digər bölgələrə, qəza və
quberniyalara ərzaq və digər geyim və təsərrüfat malları göndərilirdi. Zərdab
mağazası və anbar hərbi hissələrin də tələbatını ödəyərdi.
Rus və
bolşevik işğalından sonra indiki Zərdabın qərbindəki orta əsr şəhərlərinin
qalıqları dağıdılmış, ruslar tərəfindən Əlvənd Vat adlandırılan Qətran qalası,
ticarət yolları boyunca yerləşən karvansaraylar yer üzündən silinmiş, Üçtəpə
yaşayış yerinin bir təpəsi əkin məqsədilə düzlənmiş, şumlama zamanı ərazidəki
küp qəbirlər məhv edilmişdir. Zərdabdakı bir çox yaşayış məntəqələri
dağıdılmış, əhali repressiya olunmuş, bir çox yaşayış məntəqələrinin adları isə
ya təhrif edilmiş və ya dəyişdirilmişdir.
Azərbaycan
Xalq Cümhüriyyəti dövründə indiki Zərdabın rayonunun böyük hissəsi Bakı
quberniyasının Göyçay qəzasının tərkibində, qərb hissəsi isə Gəncə
quberniyasının Ağdaş qəzasının tərkibində yerləşirdi. Cümhüriyyət dövründə
Yelizavetpol quberniyası Gəncə quberniyası, Ərəş qəzası isə Ağdaş qəzası
adlandırılmışdır.
Azərbaycanın
bolşeviklər tərəfindən işğal edilməsindən sonra quberniya idarəetmə üsulu ləğv
edilsə də, qəza idarəetmə üsulu saxlanılmışdır. Müasir Zərdab ərazisi Göyçay qəzasının
Zərdab və Mollakənd bölgələrinin, eləcə də Ağdaş qəzasının Ləki bölgəsinin tərkibinə
daxil edilmişdir. Kəndlərdə isə kənd şuraları, sovetliklər yaradılmışdır.
1929-cu ildə Azərbaycanın rayonlaşdırılması başlamış və Zərdab bölgəsinin kəndləri
Göyçay rayonunun, Ləki bölgəsinin kəndləri isə Ağdaş rayonunun tərkibinə daxil
edilmişdir. 1935-ci ildə isə mərkəzi Zərdab kəndi olmaqla, Zərdab rayonu təşkil
edilmişdir. Rayon 01 yanvar 1963-cü il
tarixdə ləğv edilərək Ucar rayonu ilə birləşdirilmişdir. 06 yanvar 1965-ci il
tarixdən Zərdabın müstəqil rayon statusu bərpa edilmişdir. Zərdab kəndinə 24
sentyabr 1960-cı il tarixdə şəhər tipli qəsəbə statusu, 15 mart 1968-ci il
tarixdə isə şəhər statusu verilmişdir. Rayon təşkil edildiyi ilk vaxtlarda ərazidə
5 sovetlik, XX əsrin ikinci yarısında isə əvvəl 9, daha sonra isə 14 sovetlik fəaliyyət
göstərmişdir.
Hazırda müstəqil
Azərbaycan Respublikasının rayonu olan Zərdabda, 1 şəhər, 1 qəsəbə və 40 kənd
olmaqla 42 yaşayış məntəqəsi var, 28 inzibatı ərazi dairəsi, 27 bələdiyyə fəaliyyət
göstərir. Yaşayış məntəqələrinin yarıdan çoxu, 22-si Kür çayı sahilində yerləşir. Aran iqtisadi
rayonunun tərkibində, Mərkəzi-Aranda, Şirvan düzündə yerləşən Zərdab rayonu
Kürdəmir, Ağdaş, Ucar, təbii sərhəd olan Kür çayı nəzərə alınmazsa, Beyləqan,
İmişli, Bərdə, Ağcabədi rayonları ilə həmsərhəddir. Kür çayı üzərində tikilmiş
körpü, rayonu Ağcabədi ilə, ümumən isə Qarabağla birləşdirir. Ərazisi 860
kvadrat kilometr olan rayon, respublika ərazisinin təxminən 1 faizini, yerləşdiyi
iqtisadi rayon ərazisinin isə təxminən 4 faizini təşkil edir. Poçt indeksi AZ
6300, zona telefon kodu 02029-dur. Bakıdan şosse yolu ilə məsafəsi 231 kilometrdir.
Ərazidə
neft-qaz yataqları aşkar edilmişdir. Kür və Qarasu çayları Zərdabda qovuşur. Qışı
mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi xarakterik olan
rayonun səthi düzənlikdir. Rayon mərkəzi dəniz səviyyəsindən 11 metr aşağıda
yerləşib. Torpaqları boz-çəmən torpaqlarıdır, yovşanlı-şoranlı,
yovşanlı-efemerli yarımsəhra bitkiləri üstünlük təşkil edir. Kür çayı boyunca
Tuqay meşələri uzanır.
Bəxtiyar Əsədli
İstifadə
olunan kitab, yazı, tərcümə, müsahibə, bilgilərin müəllifləri – Abbasquluağa Bakıxanov,
Ziya Bünyadov, Nailə Bayramova, Nazim Tapdıqoğlu, Taleh Əliyev, Oqtay Əfəndiyev,
Mehman Əlvənd, İsaməddin Əhmədov, Fariz Xəlilli, Osman Ciner, Ahmet Erol, Cəlil Bəşirov, Sarvan Kərimov, Fərasət Bilalov, Qulu Zərdabi, Əyyub Əzizov, Abdul Qasımov,
Qızxanım Salmanova)
Rus
İmperiyasının arxiv sənədlərindən, Osmanlı imperiyasının divan dəftərlərindən də
istifadə edilmişdir.
Hiç yorum yok: