Midhət bəy inqilabçılara nifrət edərdi.
Söyləyərdi ki, inqilabçılar ölkədə anarxiya yaradacaqlar. Çarı devirən rusların
cəzalanacaqlarını söyləyən Midhət bəy, heç vaxt bolşeviklərin “işıqlı gələcəyinə”
inanmayıb.
Həyatda iki ölüm (bu ölümlər eyni dərəcədə
olmasa da) onu sarsıtmışdı. Atasının ölümü və P.A.Stolıpinin öldürülməsi.
Stolipinin öldürülməsindən sonra Midhət bəy, Murtuza bəyə söyləmişdir ki,
inqilabçılar müdafiəsiz çarı öldürəcəklər, yer üzündə öz “cənnətlərini”
quracaqlar və bu bizim üçün cəhənnəm olacaqdır. Sən indi öz qalanı tikirsən,
amma sənin bu qalana da gələcəklər, özü də silahla gələcəklər. Çoxlarını öldürəcəklər
və öldürməyə də bir səbəb tapacaqlar. Yəhudi, gürcü, erməni, litvalılardan ibarət
olan bu banda bir-biri ilə də dil tapa bilməyəcəklər, hər şeyi, kitabxanaları,
kilsələri, məscidləri dağıdacaqlar. Midhət bəy Murtuza bəyə məsləhət görmüşdü
ki, öz gözəl xanımını da götürüb İtaliyaya və ya Fransaya getsin.
Murtuza bəy soruşur ki, əgər belə
ağıllısan, bəs özün niyə ölkədən getmirsən, alman dilini də gözəl bilirsən.
Midhət bəy cavab vermişdir ki, anam atamın məzarından ayrılmaz və mən gedərəmsə,
məni də bağışlamaz. Səfvət hələ kişikdir, Qərib Soltan nasazdır, anamı onlarla
tək qoyub gedə bilmərəm.
Bolşeviklərin hakimiyyətə gəlməsindən
sonra da öz əqidəsindən dönmədi, inqilabçılar ilə ulduzu barışmadı. Ailə həyatı
qurmuşdu, Fatimə adlandırdıqları qızı dünyaya gəlmişdi. Lidiya xahiş edərdi ki,
qızlarının xətirinə, güllələnməsin deyə belə dəhşətli sözlər danışmasın.
Həbs olunduqdan sonra da dövlətə, Stalinə
qarşı “küfr” danışdı. Barmaqlarını sındırdılar, odur ki, ifadəsini yaza bilmədi.
Müstəntiq onun söylədiklərini öz xətti ilə kağıza köçürməkdən belə qorxdu. Odur
ki, güllələnmədi, Sibirə sürgün olundu.
Midhət bəyin nəvəsi, hələ uşaq olarkən, doğmalarının ona Midhət bəyin “təhlükəli
insan” olduğunu söylədiklərini yazır. Midhət bəy həyat yoldaşı Lidiyaya deyərmiş
ki, siz ruslar atanızı (çarınızı) öldürdünüz və “7 noyabr” adlanan bayram
keçirirsiniz. Evdəki axtarışdan, həyat yoldaşının həbsindən sonra, Lidiya
qorxmuş və Midhətin bütün şəkillərini məhv etmişdir.
Atasızlıq Fatimənin taleyinə təsir
etmişdir. Zahirən nənəsi Hənifə xanıma bənzəyən Fatiməni anası tərbiyə elədi və
Azərbaycan dilini öyrənə bilmədi. Ruslar da onu yad kimi qəbul edirdilər.
Atasının həbsi uşaqlığının ən canlı xatirəsi oldu. Yad insanlar onların evlərinə
gəldilər, rəflərdə nə var idi dağıtdılar, onlara lağ etdilər və onlardan biri
atasının iş otağındakı toxunulmaz əşyaları dağıtdı. Heç vaxt sakitliyini və
yumor hissini itirməyən atası solğun və üzgün idi, sanki, ondan və anasından
üzr istəyirdi. Axtarış uzun müddət, səhərə qədər davam etdi. Formalı insanlar
özləri ilə gətirdikləri çamadandan bir uzun bıçaq və qorxunc görünüşlü tapança
çıxartdılar. Gələnlərin başçısı axtarışda iştirak edən gənc çekist qadına
baxaraq dedi ki, indi bu Məlikov bəraət ala bilməyəcək, çünki, onun Azərbaycanda
Sovet rejimini devirmək istədiyi silahını tapıblar. Şahid kimi gətirilən
insanlar da razılaşaraq başlarını salladılar. Çağırılmamış qonaqlar getdilər və
atasını da özləri ilə apardılar. Anası stolun üstündə qalan siqareti götürdü və
çəkməyə başladı. Fatimə həyatın bitdiyini anladı, çünki, atasını yad insanlar
götürüb apardılar və anası siqaret çəkməyə başladı.
Həbsindən beş il sonra atasından xəbər gəldi.
Anası və bibisi ilə birlikdə yaşadığı evə Sibir cəhənnəmindən bir nəfər gəlmişdi.
Midhətin sağ olduğunu və dustaqlar arasında böyük hörmətinin olduğunu söylədi.
Sovet rejimi öz ideologiyası ilə, təhdidləri ilə Fatimə xanımı da qorxu içərisində yaşamağa məcbur etmişdi. Sovet dövründə Həsən bəyin Zərdabda yaşayan qohumları (əsasən qadın qohumları) Bakıya səfər edərkən Qərib Soltan, Fatimə ilə görüşərdilər. Həsən bəyin qardaşı oğlunun gəlini olan Şərqiyyə xalanın bu görüşlərin biri haqqında danışdığını xatırlayıram. Şərqiyyə xala Fatiməni Zərdaba dəvət etdiklərini söyləyirdi. Hələ də 30-cu illərin təsiri ilə yaşayan Fatimə Zərdaba getmək istəməmişdir. Xeyli əhalisi olan Bakıda onu tanımaya bilərdilər, Zərdabda isə Midhətin, “xalq düşməni”nin qızı olduğunu hamı biləcəkdir.
Fatimənin oğlu Məmməd Əli Səfərov Bakı səfərində
nənəsinin məzarını ziyarət etdiyini yazır. Nənəsinin məzarı rus qəbiristanlığında yerləşir və ziyarətdən
öncə çox narahatçılıq keçirib. Narahatçılığına səbəb xarici mətbuatlarda Bakı şəhərindəki
qeyri müsəlman qəbiristanlıqlarının dağıdılması barədə yazılan yalan məlumatlar
idi. Ziyarət zamanı məzarlara toxunulmadığının şahidi oldu. Nənəsinin məzarı, məzarı
ziyarət etməsi haqqında yazan Səfərov, anasının məzarı haqqında fikir
bildirmir. Fatimənin məzarı Bakı şəhərində olsa idi, yəqin ki, Məmməd Əli bəy
bu məzarı da ziyarət edər və məzar haqqında yazardı.
(Midhət bəyin nəvəsi Məmməd Əli Səfərovun xatirələrindən istifadə olunub)
Hiç yorum yok: