Həsən bəy Zərdabiyə zadəganlıq, xalqına sevgi, maarifçilik gendən gəlib. Həm atası, həm də babaları yaşadıqları bölgənin nüfuzlu bəyləri idilər, elmə, təhsilə önəm vermişdilər.
Həsən bəyin babası Rəhim bəy Məlik Fətəli bəy oğlu XVIII əsrdə anadan
olmuşdu. Şirvan bölgəsinin nüfuzlu bəylərindən biri idi, Rəhim bəy Zərdablı
kimi də tanınırdı. XVIII əsrdə yaşayan və Şamaxı xanlığının öndə gedən bəylərindən
biri olan Fətəli bəyin əslən Əlvənd kəndindən olması söylənilir. Fətəli bəy “Məlik”
titulunun daşıyırdı, odur ki, əminliklə söyləmək olar ki, müəyyən bir ərazinin
naibi, məliyi olmuşdur. Fətəli bəyin yaşadığı bölgədə ən iri yaşayış məntəqələri
Əlvənd və Zərdab kəndləri idi. Sənədlərə əsasən, XVIII əsrin sonlarında, XIX əsrin
ilk illərində Əlvənd kəndini Məlik Məhəmməd bəy və Məlik Mahmud bəy idarə
etmişdilər. Böyük ehtimalla, Fətəli bəy Zərdab kəndinin sahibi, naibi idi. Zərdab
kəndinin bu ailəyə mülk kimi verildiyini də ehtimal etmək olar.
1816-cı il dekabrın 4-də Qafqazdakı rus qoşunlarının baş komandanı
general Yermolov Şamaxı xanı Mustafa xanla Zərdab kəndində görüşüblər. Bu görüşdən sonra xanlığın müstəqilliyinin
uzun sürməyəcəyinə əmin olan Mustafa xan, 1820-ci ildə yaxın qоhumları və 200
atlı ilə Kür çayını keçərək İrana getdi. Şirvanda xanlıq üsul idarəsi ləğv
edildi və Mustafa xanla gedənlərin əmlakları müsadirə оlundu. Artıq Şamaxı
xanlığının müstəqilliyindən söhbət gedə bilməzdi və Şirvan bəyləri seçim
qarşısında qalmışdılar, ya Mustafa xan ilə birlikdə İrana gedərək farslar ilə,
ya da doğma yurdlarında qalıb ruslar ilə müttəfiqlik etməli idilər. Şirvanın
bir çox bəyləri kimi Rəhim bəy və Novruz Əli bəy də yurdlarında qalaraq ruslar
ilə müttəfiqlik etməyi qərara almışdılar. Bu qərar ilə onlar həm kəndlərinin, əmlaklarının
yağmalanmaqdan, həm də bəlkə də kənd sakinlərini, qohumlarını ölümdən xilas
etmiş oldular. Rəhim bəy Zərdab kəndinə, Novruz Əli bəy isə Əlvənd kəndinə naib
təyin edilmişdilər. İrana gedən Mustafa xan da 1831-ci ildə Şamaxıya qayıtmaq
istəyir. Amma ruslar onun Şamaxıya yerləşməsinə icazə vermirlər, ömrünün sonuna
qədər indiki Beyləqan ərazisində yerləşən Yeddibulaqda yaşamağa məcbur olur.
İrana gedən Mustafa xan ilə Rəhim bəy əks cəbhələrdə olmasına
baxmayaraq, xanın oğlu Əliqulu bəy Zərdabda sığınacaq tapmışdır. Sonradan
Əliqulu bəy öz xidmətçiləri ilə birlikdə sağ-salamat Mustafa xanın yanına
yollanmışdır.
XIX əsrin 20-ci illəri qarışıq dövr idi. Bu illərdə İran sərbazları
tez-tez Kür sahili kəndlərə basqınlar təşkil edirdilər. Rəhim bəyin və Novruz Əli bəyin, eləcə də Ləmbəran naibi Məmməd
Hüseyn bəyin, Qarabağ naibləri Qasım bəyin, Məlik Aslan bəyin və başqalarının
yaratdıqları atlı dəstələr Kür sahillərində mövqe tutaraq kəndləri İran sərbazlarının
hücumlarından müdafiə etmişdilər. Kür sahillərinə kəşfiyyata göndərilən Rəhim bəyin
oğlu Məhərrəm bəy tapşırığı yerinə yetirərkən öldürülmüşdür.
Gürcü çarının dəstələri də Şəki əyaləti istiqamətində Kür sahili kəndlərə
basqınlar edirdilər. Rəhim bəy və Novruz Əli bəyin yaratdıqları atlı dəstələr
bu basqınların da qarşısının alınmasında iştirak etmişdilər. Bu atlı dəstələrin
tərkibində Rəhim bəyin övladları Mirzalı bəy, Səlim bəy, Qasım bəy, Əhməd bəy də
döyüşmüşdülər. Səlim bəy Həsən bəy Zərdabinin atasıdır, uzun müddət rus
ordusunun zabiti olub.
Rəhim bəyin naibliyi dövründə Zərdab kəndi inkişaf edərək, bölgənin
iri yaşayış məntəqələrindən birinə çevrilmişdir. Bölgənin yeganə mağazası Zərdabda
inşa edilmişdir. Sonradan kənddə anbar da tikilmişdir. Bu anbar və mağaza
gömrük, keçid statusuna malik idi. Kür çayı vasitəsilə gələn ərzaq, geyim və
digər təsərrüfat malları bu anbarda toplanardı. Yerli əhalinin tələbatını ödəməklə
yanaşı, bu mağaza və anbardan digər bölgələrə, qəza və quberniyalara ərzaq və
digər geyim və təsərrüfat malları göndərilirdi. Zərdab mağazası və anbar hərbi
hissələrin də tələbatını ödəyərdi.
Zərdabda ipəkçilik də sürətlə inkişaf edirdi. Zərdabda bitən tut
ağacının yarpağı baramaqurdunu yetişdirmək üçün ən keyfiyyətli yarpaq hesab
olunurdu. Əsasən heyvandarlıqla və bostançılıqla məşğul olan sakinlər, getdikcə
taxılçılığa da üstünlük veriblər. Təsadüfü deyil ki, sonrakı illərdə, Rəhim bəyin
nəvəsi Həsən bəyin (Zərdabi) rəhbərlik etdiliyi sexlərdə istehsal edilən yun
kilimlər və ipək cicimlər kiçik gümüş medala, bəyin yetişdirdiyi yüksək keyfiyyətli
arpa və buğda, “saluf” adlanan yem və yüksək keyfiyyətli saman bürünc medala
layiq görülüb.
Rəhim bəy məclislər qurmağı xoşlayırdı. Bu məclislərdə tanınmış
aşıqlar, müğənnilər, şairlər iştirak edərdi. Təhsilə də önəm vermişdir.
Övladları üçün xüsusi müəllimlər tutmuş, onlara yüksək təhsil və tərbiyə
vermişdir. Verilən təhsilin və tərbiyənin nəticəsi olaraq, Rəhim bəyin soyundan
gələn onlarla şəxs həm ölkəmizdə, həm də xaricdə tanınmış, nüfuz qazanmışdır.
Daşıdığı “Məlik” tituluna görə Rəhim bəyin soyundan gələnlər Məlikov
soyadını daşıyıblar. Bu nəsildən olan və Məlikov soyadını daşıyan şəxslərin bir
qismi sovet repressiyalarından qorunmaq üçün soyadlarını dəyişmiş, fərqli
soyadlar daşımışdılar.
Bəxtiyar Əsədli
Hiç yorum yok: