1918-ci il iyun
ayının axırlarında Sorsor istiqamətində Türk-Müsavat qüvvələri, Azərbaycan kəndlərini
çapıb talayan erməni dığalarını sıxışdıraraq Qarasu nohurunda batırmışdılar. Bu
gün də həmin ərazi "ermənibatan" yer kimi tanınır. Bu döyüşlərdə Saday
bəy də fədakarlıq göstərmişdi.
Saday bəy keçən əsrin
əvvəllərində Kürqırağı ərazilərdə, o cümlədən Kürdəmir, Zərdab, İmişli, Ağcabədi
ərazilərində rus - sovet rejiminə qarşı mübarizə edən qaçaqlardan biri idi. Mənbələrin
verdiyi məlumatlara görə Saday bəy qorxmaz, cəsur, iradəli, sədaqətli şəxs
olmuşdu. Sözü bütöv adamlara həmişə hörmətlə yanaşarmış. Qaçaqlıq etdiyi dövrdə
heç vaxt həbs edilməmiş, öz əcəli ilə ölmüşdür.
Ağsaqqallara hörmətlə
yanaşan Saday bəy dostluqda sədaqətli
olub. Bir dəfə Təhlə muğanlıları
necə olursa, Saday
bəyin adamlarından birini öldürürlər. Dostu olan, nüfuzlu yüzbaşı
Xanalı kişini onun yanına minnətçi göndərirlər. Saday bəy onu yaxşı qarşılayır və nə özü, nə də Xanalı
yüzbaşı gəlişinin məqsədini
açıqlamırlar. Xanalı kişi yola
düşəndə gəlişinin səbəbini Saday bəyə danışır. Saday bəy onun gəlişinin
məqsədini əvvəlcədən bilirmiş
kimi deyir ki, Xanalı
kişi, sən bu qədər yolu nahaq əziyyət
çəkib gəlibsən, elə bir nəfərdən sifariş etsəydin mən sənin xatirinə, o qandan keçərdim.
Deyilənlərə görə
Saday bəy Bədəl adlı bir şəxsin qızını istəyir. Qız ondan çox kiçik olur. Bədəl
qızı vermir və bunların arasında ziddiyyət yaranır. Bədəl Bakı
komissarlığına şikayət verir ki, Saday bəy bizi çapıb talayır. Saday
bəy o vaxtdan qaçaq düşür, çoxlu qanlar axıdır, Bədəli də öldürür. Qaçaq
Sadayın kəndini isə Qazaxıstana sürgün edirlər. Yerli əhali danışırmış ki, düşmən
kəsiləndən sonra Bədəl Saday bəyə demişdi ki, sənin yurdunu yulğunluğa çevirəcəyəm. Saday
bəy də buna
deyib ki, sənin qarnını
balıq kimi cıracağam.
İkisi də dediyini
elədi. Bədəl Saday bəyin yurdunu
yulğunluğa çevirdi, Saday bəy isə Bədəli öldürdü.
Sərvaz adlı müəllif “Ədəbiyyat” qəzetində "Vaxtdan ucada
dayananlar” məqaləsində yazır ki, Saday bəyin haçansa həbs edildiyi, əsir
götürüldüyü faktı gərək ki olmasın. Kürətrafı meşədə ruslarla atışma zamanı
Saday bəyin silahdaşları vurulduqdan sonra o, sal üzərində üzüb Kürün Şirvan tərəfindəki
qaçaq dəstəsinə qoşulub. Onlara inanmadığından patrondaşlarını alıb özündə
saxlayırmış. Öz əcəli ilə öldüyü söylənilir. "Yetimlər dəstəsi" deyilən
qaçaqlar yalnız Saday bəy öz əcəli ilə öləndən sonra onun cəsədinə toxuna
biliblər. Üzə çıxmaq, bəraət almaq üçün "Saday bəyi biz öldürdük" deyə
ruslara təhvil vermişdilər. Ancaq tibbi ekspertiza aydınlaşdırmışdı ki, Saday bəy
öz əcəli ilə ölüb.
Yazıçı Anar “Qarabağ
şikəstəsi” məqaləsində yazır: “Şahverən kişi gənclik illərindən, komsomol
vaxtlarında qaçaqlarla mübarizə aparmasından, Saday bəyin qaçaqlığından
danışır. O vaxt kənddən də bəzi adamlar qaçaqlara qoşulmuşdu. Saday bəyin qaçaq
dəstəsində səkkiz yüzə qədər atlı vardı, maksim pülemyotu vardı, biçirdi bizi.
O vaxt atlarımızı öyrətmişdik, "yat" deyən kimi yerə yatırdılar, yatmasaydılar pülemyot onları da biçib
qırardı. Heç bilmirəm Saday bəyi kim vurdu, amma meyidini gətirib üç gün divara
dirədilər.”
Bir-neçə il öncə
zardab qom az saytında Təzəkənd kolxozuna Türfə adlı qadının sədr seçilməsi və
"qadından kolxoz sədri olmaz” düşüncəsində olan Saday bəy haqqında bir
yazı getmişdir. Qadının kolxoz sədri olmasını pis nümunə hesab edən Saday bəy
Türfəni öldürmək məqsədilə kəndə, sədrin yaşadığı həyətə gəlir. Haradansa Saday
bəyin kəndə gəldiyini bilən silahlı milis işçiləri də həyətə daxil olurlar.
Milis işçiləri kolxoz sədrinə Saday bəyin kənddə olduğunu, onu axtardıqlarının
bildirirlər. Saday bəyin öz həyətində gizlənməsinə şərait yaradan Türfə milislərə,
“Saday bəy mənim qorxumdan bu kəndə gələ bilməz” cavabını verir. Silahlılar gedəndən sonra Saday bəy gizləndiyi
yerdən çıxır, üzünü qadına tutaraq deyir: ”Sən kişi qeyrətli qadınsan, mən səni
öldürməyə gəlmişdim, sən isə mənə həyat bağışladın, sənə bir can borcluyam”.
Türfə ona “bir də bizim kəndə yaxın düşmə» cavabını verir. Deyilənlərə görə,
Saday bəy bir daha Təzəkəndə üz tutmur.
Saday bəyin qan
düşmənləri çox olub. Azərbaycan Milli Elmlər Akademiyasının “Folklor da bir
tarixdir” kitabında məlumat verilir ki, Saday bəy Seyid Rəsul adlı bir şəxsi
öldürür və onun qohumları da ondan intiqam alırlar. Onlar qaçaqların gediş-gəliş
yerlərini bilirdilər və oraya hökümət əsgərlərinin, o cümlədən bir
pülemyotçunun pusqu qurmasına köməklik edirlər. Saday bəyin bacısı oğlu Musanı
öldürürlər, özü isə yaralı-yaralı mühasirədən çıxıb qaçır. Meyidini Ağcabədi
atryadı bir qamışlıqda tapır. Meyidi
qoyurlar arabaya, gətirirlər
Qaradonnu bazarına. Divara söykəyib
camaata nümayiş elətdiriblər. Onun meyidini görənlər deyir, o qədər uzun idi ki, ayaqları dizdən aşağı arabadan çölə
çıxmışdı.
Qohumlarının
bildirdiyinə görə, atışmada ölən Saday bəy olmayıb, Saday bəy sərhəddi keçərək,
Türkiyəyə və ya İrana getmişdir.
Hiç yorum yok: