Belə bir deyim var ki, XX əsrin əvvəllərində
ali təhsilli azərbaycanlı fizik və riyaziyyatçıları bir divanda oturtmaq mümkün
idi. Azərbaycanın ilk fizika alimlərindən biri də Rəhim bəy Məlikov olmuşdur.
O, tanınmış publisist, teatrşünas, milli ali təhsil qurucularından biri idi.
Rəhim bəy 02 may 1886-cı il tarixdə
Göyçay qəzasının Zərdab kəndində anadan olub. Dövlət idarələrində tərcüməçi işləyən
atası Mehrəli bəyin ermənilər tərəfindən öldürüldüyü bildirilir. Atası vəfat edəndən
sonra əmisi Həsən bəy Zərdabinin himayəsində tərbiyə və təhsil alaraq, 1906-cı
ildə Bakı real gimnaziyasını bitirib.
1912-ci ildə isə Kazan
Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, təyinata uyğun olaraq
Şimali Qafqazın bir sıra şəhərlərində fəal pedaqoji iş aparmıdır. Terek Xalq
Maarif Şöbəsi onun iş təcrübəsinin yaymışdır. 1912-1913-cü illərdə Qroznı,
Maykop və Pyatiqorsk şəhərlərində ali kurslarda fizika və riyaziyyat fənnlərini,
1920-1923-cü illərdə isə M.Lermontov adına Xalq Universitetində fizika fənnini
tədris etmişdir. Kazanda məşhur inqilabçı S.Əfəndiyevlə dostluq etmişdir. Hamlet
İsaxanlı Rəhim bəyin Varşava Universitetində də təhsil aldığını yazır.
1923-cü ildə vətənə qayıdır və Azərbaycanın
görkəmli fizikşünaslarından biri olur. Ali Pedaqoji İnstitutunda fizika müəllimi kimi
fəaliyyətə başlamışdır. 1927-ci ildə Ali Pedaqoji İnstitutun (indiki ADPU) Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) tərkibinə
qatılması ilə əlaqədar olaraq, 1930-cu ilə qədər fəaliyyətini orada davam
etdirmişdir. 1930-1936-cı illərdə Pedaqoji İnstitutun fizika kafedrasının
müdiri olmuşdur. 1935-ci ildə institutun elmi şurası alimin elmi və pedaqoji sahədəki
xidmətlərini nəzərə alaraq ona fizika üzrə professor elmi rütbəsinin verilməsi
barədə qərar çıxarmışdır. Pedaqoji İnstitutun tarixində Rəhim bəy Məlikov bu
ada layiq görülmüş ilk azərbaycanlı alim idi.
Azərbaycanın bir çox ali məktəblərində
və texnikumlarında, o cümlədən, Azərbaycan Neft və Kimya İnstitutunda (indiki
Neft Akademiyası), Sovet Ticarəti İnstitutunda dərs demişdir. Tələbələri onu həmişə
iftixarla “Azərbaycan müəllimlərinin müəllimi” adlandırmışlar.
Respublikada fizika və
riyaziyyata dair dərs vəsaitlərinin hazırlanması sahəsində fəal çalışıb, bir
sıra dərslikləri azərbaycan dilinə tərcümə edib. Azərbaycan dilində ilk dəfə
istilik fizikasına dair dərslik yazan (əlyazma şəklində) müəllif kimi də tarixə
düşmüşdür. Fizika və riyaziyyata dair terminlər lüğəti, çox dəyərli elm proqramı
da tərtib etmişdir.
Jurnalist fəaliyyətinə 1905-ci il
inqilabından sonra başlayıb. Azərbaycan və rus dillərində çıxan qəzetlərdə (“Vestnik
Baku”, “Kaspi”, “Bakı” və sairə) publisist, ədəbi-tənqidi məqalələri, teatr
resenziyaları və digər yazıları çap olunmuşdur. Onun ilk teatr resenziyaları
1905-ci ildə “Kaspi” qəzetində dərc olunmuşdur. Professor Şamil Qurbanov Rəhim
bəy Məlikovun Bakı qəzetində yazdığı məqalələri toplamış və 1987-ci ildə kitab
şəklində nəşr etdirmişdir.
“Kaspi”də nəşr etdirdiyi məqalələrində
Kazan Universitetindəki inqilabi tələbə hərəkatından bəhs edər, əksinqilabi
qüvvələri pisləyərdi. Belə məqlələrin birində əksinqilabçılar haqqında yazırdı:
“Onlar heç bir elmi dəlil gətirmədən, ancaq bazar arabaçılarına xas olan söyüşlərlə
Marksı, Plexanovu tənqid edirdilər” (“Kaspi”, qəzeti 1906, №257).
Xaricdə təhsil alan əmisi
oğullarından fərqli olaraq bolşevik inqilabını dəstəkləmiş, N.Nərimanov, S.Əfəndiyev
və başqaları ilə yaxınlıq etmişdir. N.Nərimanov məqalələrindən birində onun
milli burjuaziyanı ifşa etməsinə yüksək qiymət vermişdir.
Rəhim bəy ədəbi-mədəni fikrimizin
inkişafında M.F.Axundzadənin xidmətlərini yüksək qiymətləndirmişdir. 17 oktyabr
1911-ci il tarixdə "Bakı" qəzetində çap etdirdiyi "Unudulmaz
xatirə" məqaləsində, M.F.Axundzadənin anadan olmasının 100 illiyinin Azərbaycan
xalqının mədəni və ictimai həyatında oynadığı rolu haqqında bəhs etmiş, ədibin
irsini toplamaq, nəşr etmək, öyrənmək və ona “xalq abidəsi ucaltmaq” fikrini irəli
sürmüşdür. “Unudulmuş xatirə” adlı məqaləsində yazırdı: “Bu il gərək qırılmaz
surətdə bizim tərəqqimizlə, xalqın ictimai şüurunun oyanması ilə, ümumən bütöv
bir millətlə, onun ən yaxşı meylləri, arzulan və ümidləri ilə bağlı olsun.
Çünki, bizim ən yaxşı xatirələrimiz M.F.Axundzadənin adı ilə bağlıdır, biz
Axundzadəsiz tərəqqi edə bilmərik”. Tiflisdə "Bakı" qəzetinin müxbiri
olan Məlikov, Əbdürrəhimbəy Haqverdiyevin Bakıda görkəmli dramaturqun təntənəli
yubileyinə hazırlaşdığını da yazmışdı.
Rəhim bəy teatr tənqidçisi kimi də
məqalələr yazmaqla yanaşı, həvəskar artist kimi də Azərbaycan teatrının tərəqqisinə
töhfələr vermişdir. Polumordvinovun yazdığına görə, üç pərdəlik “Mərizlər”
pyesini də tərcümə etmişdir. Azərbaycan ədəbiyyatı nümunələrindən rus dilinə də
tərcümə etmişdir.
İ.Aşurbəyovun “Nicat” xeyriyyə cəmiyyətinə
başçılıq etdiyi zaman, cəmiyyətin tutduğu yolu tənqid etmişdir. Rəhim bəy yazırdı
ki, aşurbəyovlar xalqın gözündən pərdə asır, səhnə sənətinin müqəddəs
qanunlarını tapdalayırlar. Bakıya qastrola gələn İ.İ.Çirikov və digər artistlərin
oyunlarını da tənqid etmişdir.
Rəhim bəy mollanəsrəddinçilər,
N.Vəzirov, N.Nərimanov haqqında iftixarla danışar və yazardı. Hələ Kazan
Universitetində təhsil alarkən “Molla Nəsrəddin” jurnalının Kazan regionu üzrə
müxbiri kimi, “Bayquş” imzası ilə
yazılar dərc etdirmişdir. Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” və “Ailə tərbiyəsi”
əsərlərinin tatar dilinə tərcümə edilib səhnələşdirilməsi də Rəhim bəyin adı ilə
bağlıdır. 20 noyabr 1920-ci il tarixdə “Bakı” qəzetində dərc etdirdiyi məqalədə
də Azərbaycanda teatr tamaşasının ilk təşəbbüskarlarından biri olan, dramaturq
Nəcəfbəy Vəzirovdan aldığı təəssüratlar haqqında yazmışdır. Bir çox yazarlara,
o cümlədən Nəcəf bəy Vəzirova, Qara bəy Qarabəyova hörmət etsə də, bəzi fikirlərini
tənqid etməkdən çəkinməzdi. Həcəf bəyi qadın azadlğına qarşı çıxmaqda, çadranı
müdafiə etməkdə təqsirləndirmişdir.
Tağıyev-Behbudov məsələsi ilə
bağlı Bakı qəzeti üçün yazdığı silsilə yazılarda Rəhim bəy, Behbudovun cəmiyyətin
təhsilli bir üzvü olmasını dəfələrlə vurğulayaraq, zorakılığın yolverilməz
olduğunu qeyd etmişdir. Behbudovun Tağıyevin arvadı ilə uyğunsuz münasibətdə
günahkar olduğunu bildirsə də, ona qarşı zorakılığı pisləyirdi. Məqaləsində yazırdı
ki, “Heç Behbudovu müdafiə etmək niyyətim də yox idi, çünki mənə görə cənab
Behbudov qaldırdığım sual üçün subyektdən başqa bir şey deyil… Cənab Behbudov mənim
dostum və ya qohumum deyil, sadəcə bir dəfə qarşılaşmışıq deyə onunla
tanışlığım var. Müsəlman tələbələrin xatirə toplantısındakı ilk tanışlığımızdan
sonra (deyəsən, 1905 və ya 1906-cı ildə) mətbuatda onun haqqında mənfi fikrimi
ifadə etməli oldum.”
Rəhim bəy satirik jurnal “Zənbur”un
redaksiya mövqeyini, o cümlədən müsəlman regionalizmini tənqid edən polemik məqaləsində
yazırdı: “Azsaylı təhsilli müsəlmanlar icması uzun müddətdir ki, düşmənçilik və
fitnə-fəsadlarla pozulub. Bu yaxınlarda Bakı intellektualları arasında bir
bölünmə yaradıldı: “bakılılar” və “gəlmələr”. İctimai işlərdə şöhrət axtaran və
başqalarının uğurlarına dözə bilməyən alçaq və çirkin ruhlu insanlar gördükləri
işlərdən narahat olduqları həmin intellektuallara qara yaxmaq üçün hər vasitədən
istifadə ediblər. İndi isə “Zənbur” ən sonuncu çirkin karikaturaları və məqalələri
ilə həmin şəxslərin düşərgəsinə qoşuldu”
Qəzetlərdə Rəhim bəyi “pozğun”, “cəmiyyətdən
qovulmuş müsəlman ziyalısı”, “millətini satan sərxoş” kimi ifadələr ilə təhqir
edərək nüfuzdan salmağa çalışırdılar.
Bolşeviklər tərəfindən 2 dəfə həbs
olunmuş, əmisi oğlu Midhət bəyin əleyhinə izahat yazmasına məcbur edilmişdir. 1936-cı
il fevral ayının 23-də Bakıda vəfat etmişdir.
Hazırladı: Bəxtiyar Əsədli

Hiç yorum yok: