Tərtər – Kəlbəcər
yolunun cənubunda, Laçın-Kəlbəcər yolunun üstündə yerləşən tunel Kəlbəcərin 35
kəndini rayon mərkəzi ilə birləşdirirdi. İşıqlandırılmayan və eni yalnız bir
avtomobilin hərəkətinə imkan verən tunelin uzunluğu təxminən iki kilometrdir.
31 mart 1993-cü il tarixdə, Kəlbəcər rayonunun işğalı
ərəfəsində bütöv bir nəsli təşkil edən bir neçə ailə maşınlarla doğma
yurdlarını məcburi şəkildə tərk edərkən, bu tuneldə ermənilər tərəfindən atəşə
tutulmuşdular. Maşında olan dinc sakinlərin bir neçə nəfəri yerindəcə güllələnərək
meyitləri yandırılmış, sağ qalan 60-a yaxın şəxs isə girov götürülmüşdür. Həmin
insanların bir neçəsinin taleyi bu gün də məlum deyil. Girov götürülənlərin
arasında qadın və uşaqlar da vardır. Ermənilər güllələdikləri dinc sakinləri
yük avtomobilinə yığaraq, maşınla birlikdə yandırmışdılar. Həlak olan və
yandırılan insanların demək olar ki, yarısı qadınlar və uşaqlar idi.
Kəlbəcər
rayonunun Çorman kənd sakini 3 yaşlı Quliyeva Aygün Qara qızını böyük bacısı və
4 qardaşı ilə birlikdə girov götürüb, işğal olunmuş Vəng kəndində birlikdə
saxlayıblar. 11 gündən sonra Aygünü bir erməni qadına veriblər. Bu günə qədər də
Aygünün taleyi naməlum olaraq qalır.
Ramil Eldar
oğlu Hüseynov 1979-cu il dekabrın 25-də Kəlbəcər rayonunun Kilsəli kəndində
anadan olub. Hadisənin şahidi olan Ramil Hüseynov qətliam zamanı 14 yaşında
idi.
Ramil bəyin
söylədiklərindən.
Martın 30-da
günorta Ağdərə istiqamətindəki atışmanın səsi artıq kəndimizdə eşidilirdi. Axşama
yaxın isə kənddən bir qədər yuxarıya iki top mərmisi düşdü. Kəndimizin böyükləri
yaşlıları, qadınları, uşaqları təcili təhlükəsiz yerə çıxarmağı qərara aldılar.
Kənddən təcili çıxarılacaq 25 nəfərin siyahısı tutulmuşdu, mənim də adım
siyahıya daxil edilmişdi. Səhər saat 6 radələrində bizi yola salmaq üçün hamı məktəbin
həyətinə toplaşdı. Yola həmkəndlimiz Qoşqarın QAZ 53 markalı yük maşını ilə
çıxacaqdıq. Siyahıda adı olanlar öz ailə üzvləri, qohumları, kənd adamları ilə
sağollaşdılar və maşına mindilər. Hamı kövrəlmişdi, sanki camaatın ürəyinə
dammışdı ki, bir neçə saatdan sonra bu insanlardan bəziləri qətlə yetiriləcək,
bəziləri də əsir düşüb, uzun müddət erməni faşistlərinin işgəncələrinə nəruz
qalacaqdılar.
Saat təxminən
7-yə işləyəndə maşın kənddən çıxdı. Yeddi kilometrlik məsafəni qət edib, Comərd
kəndinə çatdıq. Burada yol tunelə girirdi. Həmin gün, martın 31-də səhər tezdən
ermənilər Ağdərə istiqamətindən gəlib artıq tunel ərazisinə çatmış və “Tunel
dairəsi” deyilən yerdə pusqu qurmuşdular.
Bizim maşını
görən kimi atəş açmağa başladılar. Maşını yolun ortasında saxlayıb yerə düşən
Qoşqarı dərhal vurdular. Özünü maşından yerə atan ikinci adam Əsgərxan dayı
oldu. Onu da ayağından vurdular. Mən də aşağı tullandım və o dəqiqədə maşının
körpü hissəsi ilə arxa təkəri arasında dar bir yerə girib orada gizləndim. Bir
saata yaxın davam edən gülləbaran nəticəsində bizim maşında yaralanmayan adam
qalmamışdı, kimisinə bir, kimisinə isə dörd-beş güllə dəymişdi. Ən ağır yara
alan Cəmilə adlı qadının yanında kiçiyi 9, böyüyü 14 yaşında olan dörd uşağı
vardı.
Maşının yük
yerindən kürəyimə qan damcılayırdı. Yolda insan qanı, sanki sel kimi axırdı.
Ah-nalə ərşə dirənmişdi. Yaralılar “su” deyib qışqırırdılar.
Bu vaxt tuneldən üstü adamla dolu daha bir yük maşını çıxdı.
Onun sürücüsü vəziyyəti başa düşüb, xilas olmaq məqsədilə sürəti artırdı. Lakin bizim yanımızdan keçəndə gördüm ki, ermənilərin
atdığı güllələrdən təkərləri deşilmiş maşın diskin üstündə gedir. Bu vəziyyət də
gedərək 10-15 metrdən sonra dayandı. Onun arxasınca gələn, içərisində qadın və
uşaqların da olduğu UAZ markalı minik maşını irəliyə gedə bilmədi. Hər üç maşın
atəş altındaydı, güllə yağış kimi yağırdı. Bizdən qabağa keçmiş yük maşınını
ermənilər qumbaratanla vurub partlatdılar və maşın yanmağa başladı.
Saat 12-yə
yaxın atəş kəsildi və 20 nəfərə qədər erməni pusqudan çıxdılar. Əvvəlcə,
qapıları açılmış, içərisindəki adamların meyitləri aşağı sallanan UAZ-a tərəf gəldilər.
Sonralar bildim ki, həmin maşındakılar Laçın rayonunun Şam kəndindən olan Yusif
Əliyev və ailə üzvləri olublar. Ermənilər onların hamısının öldüyünü görüb,
bizdən qabağa keçib yanan yük maşınına yaxınlaşdılar. Sonradan öyrəndiyimə görə,
həmin maşında 52 nəfər varmış və əksəriyyəti Laçın rayonu işğal olunandan sonra
gəlib, Kəlbəcərin Çobangərəhməz kəndinə sığınıblarmış. Maşında iki hərbçi də
var idi və məhz onlara görə ermənilər maşını qumbaratanla vurmuşdular.
Yanğından xilas ola bilməyən, yaralanmış insanlar alovların içərisində dəhşətlə
bağırırdılar.
Ermənilər
bizim maşında da hərbçilərin olduğunu güman edib, qumbaratanla atəş açmağa
hazırlaşanda mən gizləndiyim yerdən çıxdım. Elə bu anda qohumum Ofeliyanın səsini
eşitdim. “Ramil, hardasan mənə kömək elə düşüm”. O, qolundan yaralanmışdı. Kömək
etdim, maşından düşdü. Mənim də üst-başım qana bulaşdı. Həmin vaxt yerdə yaralı
vəziyyətdə uzanmış Əsgərxan dayı ermənilərin niyyətini başa düşüb, əlindəki
papağı yelləyərək qışqırdı ki, bizim maşında hərbçi və silah-sursat yoxdur. Ermənilər
maşının banına baxdılar və gördülər ki, orada ancaq yaralılar və bizim əşyalarımız
var.
Bizimlə Azərbaycan
dilində, aralarında isə öz dilləri ilə danışan ermənilərin içərisində iki nəfərin
dəstə başçıları olduğu hiss edilirdi. Birinə Karo, digərinə Avo deyə müraciət
edirdilər. Əmrləri onlar verirdilər. Bizi təhqir edir, yaralılara işgəncələr
verir, yaralarının üstünə botinkalı ayaqlarını basır, təpikləyirdilər. Onu da
qeyd edim ki, partlayış dalğası qumbaratanla vurulan yük maşınından yeniyetmə
bir qızla bir oğlanı aşağıdan axan Tutqu çayına atmışdı. Sonradan öyrəndim ki,
onlar Yeganə və Müşfiq adlı bacı-qardaşdırlar.
Qorxudan
donub qalmışdım, kənddə qalan valideynlərimin, qardaşımın, qohum-əqrabanın da,
indi də olmasa, sabah gəlib buradan keçəcəklərini düşündükcə hövllənirdim.
Saat 15 radələrində
Ağdərə istiqamətindən zirehli texnikanın müşayiəti ilə çoxlu sayda erməni əsgəri
gəldi. Ermənilər özlərinin yük maşınlarını bizim maşının yanına sürüb
saxladılar və vəhşicəsinə davranaraq, sağ qalanları, yaralıları oraya yığmağa başladılar.
Yaralıların başından, ayağından yapışıb, maşının yük yerinə atırdılar. Yaralı,
sağ qalanları maşının yük yerində bir-birinin üstünə qalaqladılar. Həmin o
bacı-qardaşı da gətirib oraya atdılar.
Bunu görəndə əsir
düşməmək üçün özümü çaya atmaq barədə düşündüm. Fikirləşdim ki, sağ qalsam,
gedib kəndə xəbər verərəm. Yerdə iki həmkəndlimin meyiti qalmışdı. Ermənilər
onlara tərəf gələndə mən yavaş-yavaş maşının arxa hissəsinə keçib, təxminən
25-30 metr yüksəklikdən özümü çaya atdım. Ermənilər bunu görüb, arxamca
qışqırmağa və güllə atmağa başladılar. Birtəhər çaydan çıxdım, beş-on dəqiqə
özümə gələndən sonra çayyuxarı qayıtmağa başladım. Ermənilərin məni görə bilməyəcəklərinə
əmin olduqdan sonra tunelə girdim, geriyə, kəndimizə sarı qaçmağa başladım. Bu
zaman Comərd kəndi tərəfdən bir neçə maşının gəldiyini gördüm. Onlara əl edib,
qışqırdım ki, dayanın, getməyin, tunelin çıxışını ermənilər tutublar. Həmin
maşınlardan biri ilə Comərdə çatdım. Camaata şahidi olduğum hadisəni danışdım və
orada qalmayıb, piyada öz kəndimizə yollandım. Yeddi kilometr yolu dayanmadan
gedib, axşamtərəfi kəndə çatdım. Hamı başıma yığışdı, əhvalatı danışdım. Elə
oradan da heç kim evinə qayıtmadı, kəndi tərk etməyə başladıq. Dörd gün ərzində
dağlarla ailə üzvlərimiz və həmkəndlilərimiz ilə birlikdə Göygöl rayonunun
Toğanalı kəndinə gəlib çıxa bildik.
Müşfiq və
onun bacısı Yeganə Əliyeva Laçın rayonunda doğulublar. 2 ildən artıq erməni əsirliyində
olan Əliyevlər dəhşətli işgəncələrə məruz qalıblar.
Yeganə
Əliyevanın söylədiklərindən.
Laçın rayonu
işğal olunduqdan sonra, 1993-cü il mart ayının 28-də ailəliklə Kəlbəcərə
getdik. Orada da vəziyyət gərgin idi. Ona görə də Kəlbəcəri də tərk etməli
olduq. Atam, anam, 2 qardaşım, mən və
digər qohumlarımız, təxminən 30 nəfər bir “KamAZ” maşınına mindik. “Tunel” adlanan yerdən keçəndə ermənilər
bizim maşını da hər iki tərəfdən atəşə tutdular və nəticədə sürücü maşını
dayandırdı. Anamı, atamı və digər qohumlarımı öldürdülər. Mən və qardaşlarım isə
ağır yaralandıq. Mənə 8 güllə dəymişdi. Aralarında bir qadın da olan ermənilər
mənim və o biri yaralıların saçından
tutaraq maşından yerə atdılar, daha sonra maşını yandırdılar. 11 yaşlı
kiçik qardaşım yaralansa da, hələ sağ idi. Onu erməni əsgərləri təpiklə döydülər,
sonra da maşına atıb diri-diri yandırdılar. Digər qardaşım Müşfiq ayağından yaralanmışdı. Cəmi
5 nəfər sağ qalmışdıq. Bizimlə bərabər olan Səma adlı bir hamilə qadın və onun
2 kiçik qızı da yaralı idi. Ermənilər hamilə qadının qarnından güllə ilə vurmuşdular.
Bizi sırayla
yerə düzdülər. Əvvəl tankla üstümüzdən keçmək
istədilər, ancaq sonra fikirlərini dəyişərək bizi bir maşına “yığıb” Ağdərəyə
apardılar. Səmanın 3 yaşlı ağır yaralı qızını zibil vedrəsinə atdılar. Erməni əsgərləri
bizi döyür, təhqir edirdilər. Sonra məni meşəlikdəki hərbi hissəyə apardılar.
Orada çoxlu rus var idi, demək olar tibb bacılarının hamısı ruslar idi. Meşədə
məndən başqa da Arzu adlı Şəmkirdən hərbi əsir olan bir oğlan vardı. Bizi erməni
əsirləri ilə dəyişmək üçün sağ saxlayaraq Xankəndinə apardılar. Orada ac və
susuz saxlanılan yüzdən çox əsir uşaq gördüm. Ağır vəziyyətdə olan qardaşım
Müşfiqi tapdım, ayağındakı güllə yarası çirk vermişdi. Ermənilər onun ayağını kəsmək
istəyəndə mən bunu etməmələri üçün çox yalvardım.
Əsirlərin bir
çoxu işgəncələr altında dünyasını dəyişirdilər. Ermənilər onların damarlarına
iynə ilə benzin yeridir, bədənlərinə qaynar alətlərlə dağ basırdılar. Dəhşətli
günlər idi. Hamısı da gözlərimizin qarşısında baş verirdi. Bir dəfə iki əsiri
ayaqlarından asıb, altlarında tonqal qalayaraq diri-diri yandırdılar. Belə işgəncələri
seyr etmək üçün adi mülki ermənilər də gəlib qəddarlıqla baxırdılar. Əsirləri
erməni evlərində boğazlarına ip bağlayıb it yerinə saxlayırdılar. İp dərilərini
yara edirdi. Harasa işlətməyə aparanda da boğazlarındakı ipdən tuturdular.
Beynəlxalq
Qırmızı Xaç Komitəsi həftədə bir dəfə əsirlər üçün yemək və dərman gətirirdi.
Amma onlar gedən kimi gətirilənləri əlimizdən alırdılar. Beynəlxalq Qırmızı Xaç
Komitəsi əsirlərin siyahısını tərtib edərkən, ermənilər əsirlərin hamısının
adlarını onlara vermirdilər. Ona görə də Azərbaycanda əsirlərin çoxunu itkin
düşmüş güman edirdilər.
Müşfiq
Əliyevin söylədiklərindən.
Ayağımın
yarasından qan axırdı. Qanı kəsmək üçün buz kimi soyuq suyu yaramın üstünə
tökürdülər. Əsirlərə tək erməni əsgərləri yox, “həkimlər” də işgəncələr
verirdilər. Bir gənc “həkim” arabir gəlib yaramı bərk-bərk sıxaraq mənə əziyyət
verirdi. O zaman 16 yaşım vardı. Keyidici, ağrıkəsici olmadan “həkim” yara olan
ayağımın ətini doğramağa başladı. Ağrıdan qışqıranda isə məni möhkəm döyür və nəfəsim
kəsilənədək boğurdu. Beləcə ayağımın ətini doğrayıb, sümüyümü sındırıb hissə-hissə
qopardı. İndi də ayaq sümüyümdə 5 santimetr əksikdir. Sümüyümü qoparandan sonra
iynəylə ətimi tikdi.
Erməni əsgərləri
məni və başqa yaralı əsirləri işlətmək üçün aparırdılar. Mənim yaram çox pis vəziyyətdə
idi, çirk verirdi. İşləyə bilməyəndə döyürdülər, ona görə də məcbur qalıb odun
daşımağa başladım.
Əsirləri sıra
ilə düzüb sonra təlim keçmiş itləri onların üstünə buraxırdılar. İtlər əsirləri
parça-parça edirdi. Bəziləri dözmür özlərini elektrik cərəyanına verərək
öldürürdülər.
Ermənilər Azərbaycana qayıdandan sonra yaşamamaları üçün azadlığa buraxdıqları əsirlərin venasına benzin və ya başqa maye də vururdular.
Tunel qətliamından sonra itkin düşənlər.
Alışova Vəsilə Cəfər qızı - 1976-cı ildə
doğulub
Alışova Qumru Qəmbər qızı - 1973-cü ildə
doğulub
Alışova Cahan Məşədi qızı - 1937-ci ildə
doğulub
Cəmilova Məsmə Hidayət qızı - 1969-cu
ildə doğulub
Əliyev Tural Nadir oğlu - 1982-ci ildə
doğulub
Əliyeva Qənirə Zülfüqar qızı - 1975-ci
ildə doğulub
Əliyeva Nüşabə Məhəmməd qızı - 1950-ci
ildə doğulub
Quliyev Məzahir Qara oğlu - 1983-cü ildə
doğulub
Quliyev Yaşar Qara oğlu - 1981-ci ildə
doğulub
Quliyeva Aygün Qara qızı - 1990-cı ildə
doğulub
Zeynalov Hafiz Davud oğlu - 1984-cü ildə
doğulub
Zeynalova Təranə Davud qızı - 1965-ci
ildə doğulub
Zeynalova Röya Abbasəli qızı - 1959-cu
ildə doğulub
Zeynalova Qədəmkar Salman qızı - 1936-cı
ildə doğulub
Mənbələr:
Camal Zeynaloğlu,
“Qarabağ dərdi - Erməni vandalizmi, (Tarixi həqiqətlər, faktlar...)"
Orxan Aslan,
“Tuneldə qətliam - Kəlbəcər”, "Vətən səsi", 07 may 2021-ci il, N17,
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin saytı

Hiç yorum yok: