Muradalı Şavaqat oğlu Heydərov 1922-ci il mart ayının 18-də Zərdab
rayonunun Məmmədqasımlı kəndində anadan olmuşdur. 1937-ci ildə 7-ci sinifi,
sonra isə traktorçu peşə kursunu bitirmişdir. Nərimanov adına kolxozda
çalışmışdır. 1942-ci ildə Böyük Vətən
müharibəsinə çağırılmış, 416-cı Azərbaycan diviziyasının tərkibində döyüş yolu
keçmişdir. Böyük Vətən müharibəsi illərində göstərdiyi şücaətlərə görə Şöhrət
Ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Bu Sovet İttifaqı Qəhrəmanı
adına bərabər tutulur.
Muradalı Heydərov Zaqafqaziya, Cənub, 4-cü Ukrayna, Birinci Belorusiya
cəbhələrində müharibənin son gününə qədər qəhrəmanlıqla vuruşmuşdu. Terek və
Don çaylarının sahillərində gedən döyüşlərdə, Ukrayna və Moldovanın azad olunmasında
iştirak etmiş, Dnepr, Visla, Oder
çaylarını döyüşərək keçmişdi. Dəfələrlə yaralanmasına baxmayaraq, döyüş
meydanını heç vaxt tərk etməmişdir.
1944-cü ilin yanvar ayında Ukraynada, Zaporojye oblastının Dnepropetrovsk
şəhərinin 15 kilometr cənub şərqində gedən döyüşlərdə Muradalı Heydərovun
batareyası mühasirəyə düşdü. Baş leytenant Abdullayevin komandir olduğu
batareya qat-qat üstün olan düşmənin hücumlarını 3 sutka dəf edə bildi.
Mərmilər qurtarırdı, vəziyyət çox ümidsiz idi.
Heydərov 6 əsgərlə gecə ikən faşistlərin yanlarından keçib qonşu
batareyaya adlayaraq, aldıqları mərmiləri sürünə-sürünə batereyaya çatdırdılar.
Gətirdikləri mərmilərlə sübhə qədər düşmənin qarşısını aldılar. Düşmən hücumunu
dəf edərkən dəqiq top atəşi ilə 2 düşmən tankını vurub sıradan çıxarmışdır. Bu
döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Muradalı Heydərov, 20 fevral 1944-cü
il tarixdə “3-cü dərəcəli Şöhrət” ordeni ilə təltif edilmişdir.
Cənubi Ukraynanın, Odessanın, Kişinyovun azad olunmasında iştirak edən
Heydərov 1944-cü ilin aprel ayında yaralandı. Hospitalda müalicə olunduqdan
sonra cəbhəyə yollandı. 01 may 1944-cü il tarixdə “Qafqazın müdafiəsinə görə”
medalı ilə təltif edilmişdir.
1944-cü ildə 5-ci zərdə ordusu Belorusiya cəbhəsinə daxil edildi. Serjant
Muradalı Heydarov 416-cı diviziyanın 1374-cü atıcı polkunun topçu-nuşançısı
oldu. 07 dekabr 1944-cü il tarixdə topçu nişançı Muradalı, göstərdiyi
qəhrəmanlıqlara görə, “2-ci dərəcəli Vətən müharibəsi” ordeni ilə təltif
edilmişdir.
14 yanvar 1945-ci ildə Polşa ərazisində düşmən müdafiəsini yararkən
Muradalı ayağından yaralandı. Hospitala getməkdən imtina etmiş, yarası
sarınandan sonra top arxasına keçərək düşmənə atəş açmaqda davam etmişdir. 10
fevral 1945-ci ildə baş serjant Muradalı Heydərov “2-ci dərəcəli Şöhrət” ordeni
ilə təltif edilmişdir.
Faşist Almaniyası ərazisində döyüş gedərkən Muradalı Heydərov bir neçə
döyüşçüsü ilə pusqu quraraq 13 düşmən əsgərini məhv etmiş, 18 əsgər və 3 zabiti
əsir götürmüşdülər. Berlin uğrunda gedən döyüşlərdə, 1945-ci ilin aprel ayının
24-dən may ayının 2-dək, Heydərovun komandiri olduğu top heyəti düşmənin 6
pulemyotunu, döyüş sursatı ilə dolu 6 avtomobilini, 2 topunu və 20-yə yaxın
əsgər və zabitini məhv etmişdir. 1945-ci ilin ilk may günündə düşmənin atəşi
altında topunu irəli çəkərək, 40 metr məsafədən atıcı bölmələrin irəliləməsinə
mane olan istehkam qurğularını dağıtmışdı. 9 may 1945-ci il tarixdə "1941-1945-ci
illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
ilə, 15 may 1946-cı il tarixdə isə “1-ci dərəcəli Şöhrət” ordeni ilə təltif
edilmişdir.
Muradalı Qələbə gününü Berlində,
Brandenburq darvazaları önündə qarşıladı. Reyxstaqın divarına adını süngü ilə
yazmışdır. 9 iyun 1945-ci il tarixdə “Berlinin alınmasına görə” və “Varşavanın
azad edilməsinə görə” medalları ilə təltif olunmuşdur.
Muradalı Heydərovun adı Rusiyanın, Ukraynanın, Moldovanın və Avropanın bir
çox şəhər və kəndlərində Böyük Vətən müharibəsində Qələbənin şərəfinə tikilmiş
xatirə memorial lövhələrində yazılmışdır.
1946-cı ildə ordudan tərxis olunmuşdu. Cəhbədən doğma rayonuna, Məmmədqasımlı
kəndinə əsil qəhrəman kimi, SSRİ-nin çoxlu sayda orden və medalları ilə qayıtmışdı.
11 mart 1985-ci il tarixdə, Qələbənin 40 illiyi ərəfəsində “1-ci dərəcəli
Vətən müharibəsi” ordeni ilə də təltif edilmişdir.
Veteran müharibə illərini xatırlayarkən, dəfələrlə mühasirədə qaldıqlarını,
ac vaxtları ölmüş topdartan atların ətini yeməyə məcbur olduqlarını danışardı.
Düşmən arxasında qaldıqlarını və 4 nəfər döyüşçü yoldaşı ilə birlikdə
yandırılmış əkin sahəsindən tapdıqları 1 baş qarğıdalının dəni ilə qidalanaraq
3 gecə və gündüz yol getdiklərini, döyüşlərin birində isə düşmənlə əlbəyaxa
vuruşmağa məcbur olanda faşist əsgərinin xirtdəyini dişi ilə qopararaq
öldürdüyünü xatırlayırdı.
1995-ci ildə Moskvada keçirilən qələbə paradının iştirakçısı olmuşdu, fərdi
Prezident təqaüdçüsü idi.
21 noyabr 2013-cü il tarixdə Hərbi attaşe, polkovnik Vladimir Çernenko
başda olmaqla Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndə heyəti Muradalı
Heydərovla görüşmək üçün Zərdab rayonunda olmuşdur. Çernenko müharibədə
göstərdiyi igidliyə görə Heydərova dərin təşəkkürünü bildirmişdir. Səfirliyin
nümayəndələri Muradalı kişiyə maddi yardım göstərmiş, Rusiya Federasiyası
Müdafiə Nazirliyi adından ona xatirə hədiyyələri təqdim etmişdilər.
Böyük Vətən müharibəsində cəmi 16 nəfər Azərbaycan döyüşçüsü “Şöhrət”
ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdu və həmin qəhrəmanların həyatda
qalan sonuncu nümayəndəsi məhz həmyerlimiz Muradalı Heydərov idi. 94 yaşlı
Muradalı Heydərov 01 yanvar 2016-cı il tarixdə vəfat etmişdir.
Hazırladı: Bəxtiyar Əsədli

Hiç yorum yok: