Weather forecast for Zardab

Zərdab, Səfəvi-Osmanlı müharibəsi və Qoyun ülümü

Zərdab, Qoyun keçidi

Bir çox tarixi mənbələrdə Zərdabın adı “Qoyun ölümü” (yaxud “Qoyun ülümü”) ilə yanaşı çəkilir. Türk mənbələrinə görə Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) ikinci böyük döyüşü, “Koyun Geçidi Muharebesi” məhz bu ərazidə, Kür çayının ən böyük sol qolu olan Qanıq çayının sahilində, Qoyun keçidi məntəqəsində baş tutmuşdur.
[CƏ1] Döyüş Osmanlı ordusunun qələbəsi ilə bitmiş, onlar üçün Şirvana gedən yolu açmışdır.

Bəziləri Qoyun keçidi (Qoyun ölümü yaxud Qoyun ülümü) adlanan bu ərazinin Zərdabın Körpükənd kəndi, digərləri Lələ Əhmədli (indiki Dəli Quşçu) ərazisində yerləşdiyin sübut etməyə çalışır. Bəziləri isə bunun belə olmadığın iddia edir.

Həmin fikirləri nəzirənizə çatdırmazdan öncə, qeyd edim ki, biz çox zaman tarixi faktları şərk edərkən, unuduruq ki, “hər şey axır, hər şey dəyişir”, bu axının içərisində Kürün yatağı da dəyişib, Körpükənd kəndinin yeridə dəyişə bilər (ona görə, “bilər” yazıram ki, dəqiq bilmirəm, amma məncə dəyişib). Bu “dəyişmə” prosesində fakt odu ki, belə bir keçid olub, həmin keçiddə iki böyük türk dövlətinin ordusu, təəssüf ki, üz-üzə gəlib. Bu “təəssüf” olmasaydı, bəlkə də, tarixin axarı başqa istiqamətdə axardı.  Amma “yazan-yazıb”...

Bir də digər fakt odu ki, bu günkü Zərdabın ərazisi, bu torpaq bu döyüşlərə şahidlik edib, bu ərazilərdə eyni millətin düşmən ordusunun əsgərləri torpağa tapşırılıb.

 

Həmi keçid barədə iki baxış bucağını sizə təqdim edirik. Məlumatlar “Zərdab Videoçarxlar” Facebook səhifəsindən götürülüb.

 ““Qoyun ölümü” keçidi

"Qoyun ölümü" keçidinin keçmiş Zərdab kəndinin və eləcə də Lələ Əhmədli (Dəli Quşçu) kəndinin ərazilərində yerləşdiyini yazanlar var. Mənbələrə baxdıqda bunun yanlış olduğu məlum olur. "Qoyun ölümü" keçidi haqqında məlumat verilən sənədlərə əsasən bu keçidin Ərəş bölgəsində yerləşdiyini söyləmək olar. Zərdabın indiki Körpükənd, Bıçaqçı, Yuxarı Seyidlər və Sileyli kəndlərinin əraziləri də əvvəllər Ərəş bölgəsinin tərkibinə daxil idi.

Qaynaqlarda Kür çayı bəzən “Qoyunkeçidi” çayı şəklində də keçməkdədir.

Həm Səfəvi, həm də Osmanlı mənbələrində “Qoyun ölümü” keçidinin adına rast gəlinir. Müəllifinin kimliyi tam bəlli olmayan “Sahibqiran xaqanın dünyanı tutması” əsərində Şah İsmayılın Kürü keçməsi təsvir edilir. Əsərdə yazılır: "Şah əmrinə əsasən Bayram bəy Qaramanlı o biri sahildə mühafizə təşkil etmək məqsədilə Kür çayı sahilinə göndərilmişdir. Kür sahilinə, “Qoyun ölümü” keçidinə gələn Şah İsmayıl isə atını çaya sürür. Ordu da heç tərəddüd etmədən onun arxasınca atlarına suya salırlar və onların hamısı sağ-salamat çaydan keçirlər."

Qaynaqların yazdığına görə, Şirvanşaha cəsusluq edən bir xəbərçi Şirvan üzərinə irəliləyən Şah İsmayıl haqqında bilgi vermişdir. Verilən xəbərə görə Səfəvilər “Qoyun ölümü” keçidindən Kür çayını keçərək Şirvana daxil olacaqlar.

Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” əsərində də bu keçid haqqında yazır: “Gürcüstan yürüşündən qayıdan Şah Təhmasib Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı. Zilhiccənin 11-də (fevralın 2-də) “Qoyun ölümü” keçidinin yanında Kürü keçdi və Ərəşi ötərək Əli Şabana (bəzi mənbələrdə Ali Çobana) gəldi.”

Krım tatarlarının Mollahəsən yaxınlığında darmadağın edilməsindən də yazan Oqtay Əfəndiyev, Mirzə Salmanın və əmirlərnin Qarabağdan təcili hərəkətə başladıqlarını və “Qoyun ölümü” keçidindən Kürü keçərək Şirvana daxil olduqlarını yazır.

1578-ci ildə Səfəvilər və Osmanlılar arasında baş verən savaş “Qoyun keçidi” savaşı kimi tarixə daxil olmuşdur. Osmanlı mənbələrinin bildirdiklərinə görə, “Qoyun keçidi” savaşı günümüzdəki Mingəçevir dənizinin yerləşdiyi bölgənin şimalında, Kür, Qanıx və Qabirri çaylarına yaxın bir bölgədə baş vermişdir. Bu savaşın müasir Gürcüstanda, Vaşlovani Milli Parkının yerləşdiyi ərazidə baş verdiyini də yazırlar.

Bu savaş haqqında Osmanlı mənbələrində geniş məlumat verilir. 1555-ci ildə Osmanlı imperatorluğu və Səfəvi dövləti arasında imzalanan sülh sazişi 1578-ci ildə pozuldu və osmanlılar Səfəvilər dövlətinin ərazisinə hücum etdilər. Tiflisdən yola çıxan Osmanlı ordusu ilk öncə Qabirri (İori) çayını keçmiş, bu çayla Qanıx (Alazan) çayları arasındakı Şırak düzünə daxil olmuşdular. Ordu osmanlı mənbələrində “Şirvan hüdudu”, “Şirvan qapısı” adlanan Qanıx çayı boyunca irərilədilər. Daşqın səbəbindən bir-neçə gün Qanıx və Qabirri çayları arasındakı yarımadada düşərgə saldılar. Osmanlı ordusu Qanıx və Qabirri çaylarının arasındakı bölgəyə çatdığı zaman, Səfəvilərin Təbriz hakimi Əmir xan 20 min nəfərlik bir ordu ilə Qarabağda yerləşmişdi. Kür çayı sahillərinə gələn Əmir xan, qüvvələrini Qabirri və Qanıx çaylarının birləşdiyi nöqtəyə yaxın bir yerdən, “Qoyun ölümü” keçidindən qarşı sahilə keçirdi.

Kür çayını keçən və sayca az olan Səfəvilər müharibə üçün əlverişsiz bir ərazidə basqın edərək Osmanlıları məğlub etmək istəyirdilər. Səfəvilər ilk olaraq ərzaq axtaran öndə olan birliklərə və heyvanları yemləyən dəstələrə, daha sonra əsas Osmanlı ordusunun üzərinə hücum etdilər. Səfəvi ordusunun ön hissələrinin hücumu xəbərini alan Lələ Mustafa Paşa ordusunu hərəkətə keçirdi.

Osmanlı ordusu tərəfindən sıxışdırıran Səfəvi ordusu tab gətirməyərək Kür çayına doğru geri çəkildilər. Əmir xan və əsgərləri keçiddə qaldıqları üçün geri çəkilə bilmişdilər. Amma oğlu Muğan hakimi Murad xanın rəhbərliyi ilə irəli göndərdiyi dəstə geri çəkilərkən keçidi tapa bilməmiş, Osmanlıların sıxışdırmaları səbəbindən çaya atılmışdılar. Murad xan da daxil olmaqla səfəvi əsgərlərinin əksəriyyəti Kür çayında boğularaq həlak olmuşdular. Osmanlı mənbələri savaşda səfəvilər tərəfindən 5000 nəfərin öldürüldüyünü, 5000 nəfərin yaralandığını və geri çəkilənlərin Kür çayında boğulduğunu yazsa da, öz itkiləri haqqında məlumat vermirlər.

"Qoyun keçidi” savaşından sonra Osmanlılar ələ keçirdikləri Şirvan və Dağıstanı birləşdirərək böyük bir bəylərbəyliyi yaratdılar, Özdəmiroğlu Osman Paşa isə Şirvan bəylərbəyi təyin olundu.

 Qulu Zərdabi Zərdab Videoçarxlar ilə birlikdədir.

27 Fevral 2023  ·

Qoyun Ölümü keçidi. Bir vaxt Qızıl Arslan bu keçidi keçib, Qara Su çayının Kürə tökülən yerinə gəlir. O yerlərin təbiəti Şahın o qədər xoşuna gəlir ki, çadır qurub bir neçə gün orda qalır. Ən maraqlısı odur ki, orda heyvanlar və quşlar insanlardan qorxub qaçmırmış.

Bəs harda olub Qoyun Ölümü keçidi?  Deyilənə görə bu keçid Zərdab rayonunun Körpükənd kəndinin ərazisində olub. Bəs bu kənd o ərazidə nə zaman məskunlaşıb? Axı kəndin ərazisində körpü üçün əlverişli yer yoxdur. Bundan əlavə, Kür çayı 1000 il əvvəl indiki yatağında olubmu? Xeyir. Əminliklə deyirəm ki, Kür öz indiki yatağından kilometrlərlə şimalda olub. Xüsusilə də Zərdab və Ağdaş rayonları ərazisində. Kürün axma istiqamətini təyin etmək üçün, axmazları tədqiq etmək kifayət edər. Yevlax, Ağdaş və Zərdab rayonunu ərazisində olan axmazlar buna sübutdur. Məsələn, Ağdaş rayonun Kotan Arx kəndindəki axmaz. Yəni Kür yeri. İndiki Kür çayından çox uzaqdır. Təxminən 20 km. Həmin rayonun Ağzıbir, Kotavan, Zərdab rayonunun Yuxarı Seyidlər kəndindəki Qanlıca gölü, Gödək Qobu kəndindəki axmaz Kürdən xeyli aralıda yerləşir. Deməli Kür indiki yatağından çox aralıdan axıb.

Bəs qədim Kür qırağında yaşayış məntəqələri olubmu? Əlbəttə olub. Zərdab rayonunun Körpükənd, Bıçaqçı və Yuxarı Seyidlər kəndi ərazilərində qədim yaşayış məntəqələri olub. Bunlardan biridə, Bıçaqçı kəndinin ərazisində Gümüşlü düzündə Yarayıc şəhəri olub. Sovet dövründə ərazidə aparılan meliorasiya işləri zamanı Yarayıcdan küplər tapılıb. Çox təəsüf ki tapılan hər şey məhv edilib.

Bəzi mənbələr şəhəri Bərzənc, bəziləri Bərciz kimi göstərib. Əslində hər üç söz, Yaraıc, Bərcis və Bərzənc eyni mənanı verir.

Bərzənc yəni Bərəkənd, Körpü kənd. Yaraız. Çox güman ki, Bərəüz, bərəüzən deməkdir. Yəqin ki Bərcizdə eyni mənanı verir.

Yaraıc demək olar ki ölkənin coğrafi mərkəzində yerləşib. Beş böyük şəhərin, Şamaxı, Qəbələ, Gəncə, Bərdə və Beyləqan şəhərlərinin əhatəsində olub. Bu şəhərlərin yaratdığı böyük darirənin mərkəzi olub. Bu şəhərlər buri biri ilə əlaqə yaratmaq üçün, ticarət etmək üçün yalnız Yaraıcdan keçməli idilər. Şəhər o qədər inkişaf edibmiş ki, deyilənə görə, şəhərdə kanalizasiya sistemi var imiş. Şəhərdən bir neçə km qərbdə Yasər və Suffin yaşayış məntəqələri olub.

Yəmənli Üveys Qəraninin ( Veyis Baba) o ərazidə dəfn olunması, həmin ərazilərdə iri və inkişaf etmiş yaşayış məntəqələrinin olmasına işarədir. Təbəri Üveysin Suffində xəstələnərək öldüyünü deyir.

Deyilənə görə şəhər zəlzələ nəticəsində dağılb. Ola bilər. Əgər zəlzələ nəticəsində Kür öz yatağını dəyişibsə, deməli yüz illər boyu Kür qırağında yaşamış Bərzənc əhalisi, yenədə Kür qırağına köçməli idilər. Çünki Kür gəmiçilik, balıqçılıq, əkinçilik, heyvandarlıq üçün böyük sərvət idi. Bundan əlavə insanlar içməli su ehtiyacını Kür suyu ilə ödəyirdilər. Beləliklə insanlar Yaraıcdan təxminən üç km cənuba, indiki Zərdab rayonunun Körpükənd ərazisinə köç etdilər. Qoyun ölümü keçidi isə tarixə qovuşdu. Əgər tədqiqatçılar zəhmət çəkib Bərzənc şəhərini tədqiq eləmək istəsələr, və ya tarixçilər zəhmət çəkib araşdırma aparsalar, çoxda uzağa getməyə ehtiyac yoxdur.  O yerlərin doğrudan da təqiqata ehtiyacı var.”

 

Zərdab, Səfəvi-Osmanlı müharibəsi və Qoyun ülümü Zərdab, Səfəvi-Osmanlı müharibəsi və Qoyun ülümü Reviewed by Camil Asad on 5.1.24 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.