Bu günlrdə hamı Tosu Zəngilanlının (Əbülfət Abbasov) ölümündən yazır. Mən də "Allah rəhmət eləsin!" deyirəm. Bu yazılar mənə Etel Lilian Voyniçi xatırladı. O da nə vaxtsa yazıb - taleləri onunla oxşar olanlar haqqında. Səbriniz çatarsa, buyurun, oxuyun
Etel Lilian Voyniç : “Ovod”
(Seçmələr)
Sirkə getmək istəyirsinizmi? Cemma təəccüblə ona baxdı. Cavab verməmişdi ki, Ovod yenə soruşdu:
- Siz heç sirk tamaşaları görmüsünüzmü?
- Yox, görməmişəm. Bu tamaşalar məni
maraqlandırmayıb.
- Nahaq! Bunlar çox maraqlı olur. Mənə elə gəlir
ki, bu tamaşaları görmədən xalqın həyatını öyrənmək olmaz. Köçəri sirk öz
çadırını şəhər qapısından bayırda qurmuşdu. Ovodla Cemma oraya yaxınlaşanda, skripkaların
zəhlətökən səsi, təbil gumbultuları tamaşanın başlandığını xəbər verdi. Tamaşa
çox bəsit idi. Bütün truppa – bir neçə oyunbazdan, təlxəkdən, akrobatdan, çənbər
içindən tullanan atlıdan, bəzək-düzək vurulmuş kolombinadan, bir də cansıxıcı və
axmaq-axmaq zarafatlar edən qozbeldən ibarətdi. Zarafatlar ümumiyyətlə öz
kobudluğu ilə həqarətli deyildi, ancaq onlar, adi həyatda çox-çox təkrar
olunduğundan bayağılaşmış, zəhlətökən şeylərdi; ümumiyyətlə, bütün oyunlarda dözülməz
bir bayağılıq vardı. Camaat, toskanalılara xas olan bir nəzakətlə gülür,
oyunçuları alqışlayırdı. Lakin onları ən çox əyləndirən qozbelin çıxartdığı
oyunlardı. Cemma onun bu oyunlarında nə məzəli, nə də gülməli bir şey görürdü.
Onun çıxartdığı oyunlar bir sıra kobud, çirkin əzilib-büzülməkdən ibarətdi.
Camaat ona öcəşirdi, uşaqları çiyinlərinə qoyub bu «kifir adamı» onlara göstərirdilər.
Ovod çadırın ağac dayağına söykənib durmuşdu. Cemma ona sarı dönərək soruşdu: —
Sinyor Rivares, siz burada maraqlı nə görürsünüz? Mənə elə gəlir ki..
Cemma onun üzünü görüb birdən susdu: bu
vaxta qədər o, insan sifətində belə dərin, belə ümidsiz bir iztirab görməmişdi:
yalnız bunu Livornoda, bağ qapısı yanında Montanellinin üzündə görmüşdü. Budur,
oyunbazlardan biri qozbelə bir dürtmə vurdu. Qozbel havada mayallaq vurub,
yumaq kimi, yöndəmsiz halda, diyirlənədiyirlənə meydandan çıxdı. Sonra iki
oyunbaz arasında söhbət başlandı. Ovod yuxudan ayılmış kimi qımıldandı.
- Gedək, – dedi– bəlkə, siz yenə baxmaq istəyirsiniz?
Mən getməyi üstün tuturam. Çadırdan çıxıb, kölgəli yaşıllıq içindən keçərək
çaya sarı getdilər. Onlar bir neçə dəqiqə susdu. Ovod soruşdu:
- Tamaşa xoşunuza gəldimi?
- Çox ağır tamaşa idi, bəzən də adamı lap
iyrəndirirdi.
- Nə iyrəndirirdi?
- O əzilib-büzülmələr. Bunlar lap biabırçı
idi. Heç birində məzəli bir şey yox idi.
- Siz qozbeli deyirsiniz? Cemma Ovodun şikəstliyini
xatırladan hər şeyə iztirablı həssaslıq göstərdiyini bilirdi, buna görə
tamaşanın qozbelə aid olan hissəsindən daha az danışmaq istəyirdi. Lakin indi
Ovod özü bunu soruşurdu.
- Bəli, hamısından pisi bu idi, – deyərək
onun sözünü təsdiq etdi.
- Axı camaatı da elə hər şeydən çox o əyləndirirdi.
- Doğrudur; buna da ancaq təəssüf etmək
lazımdı.
- Niyə? Ona görə ki, bunda kobud zövqlərin tələbi
nəzərdə tutulur?
-Y-yox. Bütün tamaşada kobud zövqlərin tələbi
nəzərdə tutulmuşdu.
Lakin buna rəhimsizlik də əlavə edilmişdi.
Ovod gülümsədi.
- Rəhimsizlik? Qozbelə qarşı?
- Mən demək istəyirəm ki.. O özü, əlbəttə,
buna tamamilə sakit baxır.
Atlı üçün tullanmalar, aktrisa üçün
kolombina rolu qazanc mənbəyi olduğu kimi, bu əzilib-büzülmələr də onun üçün
qazanc mənbəyidi. Ancaq adam ona baxanda qəlbində bir ağırlıq hiss edir. Onun
rolu adamı alçaldan bir roldu; bu rolda insan ləyaqəti tapdalanır. .
- Yəqin ki, onun bu rolda gördüyü həqarətlər
– truppaya girməmişdən əvvəl gördüyü həqarətlərdən çox deyil. Bizim həm
birimizin insanlıq ləyaqəti onsuz da müxtəlif yollarla tapdalanır.
- Bu doğrudur. Amma burda. . Mənim bu deyəcəyim
söz bəlkə də sizə mənasız görünəcək, lakin, məncə, insan bədəni müqəddəs
olmalıdı, insan bədəni lağa qoyulanda, qəsdən eybəcər şəklə Salınanda mən dözə bilmirəm.
- İnsan bədəni! Bəs insan qəlbi?
Ovod birdən dayandı, əlini sahil küçəsinin
daş sürahisinə söykəyib, Cemmanın düz gözləri içinə baxdı, ondan cavab gözlədi.
Cemma da dayandı, təəccüblə ona baxaraq dedi:
- Bəs insan qəlbi?
Ovod sərt bir hərəkətlə qollarını açıb sözünə
davam etdi:
- Yoxsa bu vaxta qədər heç sizin ağlınıza gəlmirdi
ki, bu zavalı oyunbazın da, bir parça əyri-üyrü ağac kötüyünə oxşayan bədəninə
zorla yerləşdirilmiş, ona köləlik etməyə məcbur olan, mübarizə edən canlı insan
qəlbi var? Siz ki hər şeyə belə həssassınız, sizin ki belə gülünc, zınqırovlu paltar
geydirilmiş bu bədənə yazığınız gəlir, bəs necə olur ki, onun zavalı qəlbini
yaddan çıxarırsınız, – elə bir qəlb ki, onun müdafiəsiz qalan çılpaqlığını gizlətmək
üçün heç təlxəklik bəzək-düzəyi də yoxdur! Bir düşünün: onun bu çılpaq qəlbi
soyuqdan üşüyür, hamının gözü qabağında utanıb xəcalət çəkir, tamaşaçıların
istehzası onu bir qamçı kimi parçalayır, onların gülüşü, odda qızarmış dəmir
kimi onu yandırır! Bir düşünün: o, aciz-aciz ətrafındakı dağlara, daşlara
baxır, bu dağlar nə üçün yerindən qopub onun üstünə tökülmür, onu bu əzab verən
insanların əlindən xilas etmir, bu daşların nə üçün yazığı gəlmir, niyə uçub
onu öz altında basdırmır! O, siçovullara da həsəd edir: çünki siçovulların yer
altında yuvası var, qaçıb orada gizlənə bilərlər! Bunu da unutmayın ki, qəlbin
axı dili yoxdur, səsi yoxdur, o çığıra bilmir. O gərək səbr etsin, səbr etsin, səbr
etsin. . Mən boş-boş şeylər danışıram. . Siz niyə gülmürsünüz? Məzəli söhbətlər
sizə təsir etmirmi?
Cemma bir söz deməyib geriyə döndü, sahil
küçəsi ilə yavaşyavaş getməyə başladı. Onlar gəzməyə çıxandan bəri Cemmanın heç
ağlına gəlməmişdi ki, Ovodun keçirdiyi bu anlaşılmaz həyəcanın bəlkə də köçəri
sirklə bir əlaqəsi var; indi Ovodun birdən belə odlu-odlu danışması Cemmanın
qarşısında onun daxili aləminin qaranlıq bir guşəsini işıqlandırdı, onun Ovoda
yazığı gəldi, ona təsəlli üçün, bircə kəlmə də deməyə söz tapmadı.
*********************
*********************
- Sizinlə bərabər sirkə getmişdik ha, yadınızdadırmı? Elə bir sirk idi, ancaq ondan da pis, ondan da bayağı. Məramnamədə, əlbəttə, öküz döyüşü də vardı. Sirkin truppası gecələmək üçün böyük yolun kənarına düşmüşdü. Mən onların çadırına yaxınlaşıb sədəqə istədim. Hava yaman isti idi. Aclıq məni lap əldən salmışdı, elə çadırın ağzında özümdən gedib yıxılmışam. O zaman mən, möhkəm korset bağlamış institut qızları kimi, tez-tez özümdən gedirdim. Məni çadırın içinə aparıb araq verdilər, doyunca yedirtdilər, səhərisi də təklif etdilər ki.. O susdu.
— Onlara cırtdan, ya qozbel, ya da eybəcər
bir adam lazımdı ki, tamaşaçıları əyləndirmək üçün ona narınc qabığı da ata
bilsinlər. Siz onda qozbeli gördünüzmü? İki il mən də elə qozbel oldum.
Xırda-para bəzi oyunlar çıxartmağı öyrəndim. Ancaq mənə hələ lazımi qədər eybəcər
deyildim. Buna da əlac tapdılar: dalıma yumru bir şey qoyub məni qozbel elədilər,
axsaq ayağımdan, şikəst qolumdan da mümkün qədər istifadə etməyə çalışdılar.
Tamaşaçılar çox da elə tələbkar deyildi: az şeylə kifayətlənirdilər, ancaq bunu
istəyirdilər ki, incitmək, əzab vermək üçün onlara canlı bir məxluq versinlər.
Geydiyim təlxək paltapı mənim bağışlayacağım təsiri tamamladı. Bircə çətinlik
burasında idi ki, tez-tez xəstələnirdim, belə olanda səhnəyə çıxa bilmirdim. Elə
də olurdu ki, truppanın başçısı, halım pis olanda da səhnəyə çıxmağımı tələb
edirdi, mənə elə gəlirdi ki, tamaşaçılar ən çox belə axşamlarda həzz alırdı. Yadımdadır,
bir gün bədənimdə şiddətli ağrılar başlamışdı. Mən səhnəyə çıxdım, tamaşa verilən
yerdə birdən özümdən gedib yıxıldım. Özümə gələndə gördüm ki, bütün tamaşaçılar
ətrafıma toplaşıblar: hamısı da çığırır, nərə çəkir, üstümə şey atırdılar. .
— Bəsdi! Mən daha qulaq asa bilmirəm!. Siz
Allah, bəsdir! Ovod astadan dedi:
— Gör mən nə sarsağam! Cemma pəncərənin
qabağına getdi, üzünü döndərmədən bir neçə dəqiqə orada durdu. Çevriləndə gördü
ki, Ovod yenə də oturub, stola dirsəklənib, əli ilə gözlərini örtüb. Sanki Cemmanın
burada olduğunu unutmuşdu.

Hiç yorum yok: