Weather forecast for Zardab
Results for Zərdaba gedirəm

Zərdab rayonu Sarıqaya kəndi

19.9.20

 

Sarıqaya Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Şirvan düzündə, rayon mərkəzindən 17 kilometr cənub-qərbdə, Kürün sahilində yerləşir. Ərazisi 795,75 hektar, əhalisi təxminən 700 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, baramaçılıq, bostançılıq, balıqçılıqdır.

Yaşayış məskəninin adı rəng bildirən “sarı” və coğrafi termin olan “qaya” sözlərinin birləşməsindən ibarətdir. Hər iki söz türk mənşəli sözdür, “qaya” böyük daş anlamındadır. “Sarı” sözü rəng bildirməklə yanaşı, “böyük, geniş, uca” anlamında da açıqlanır. Kür sahilində yaşayan əhali, axının əmələ gətirdiyi yarğanlara qaya deyirlər. Sarıqaya yaşayış məntəqəsi torpağının rəngi sarı rəngdə olan yarğanların yanında salındığı üçün belə adlandırılmışdır.

Yaşayış məntəqəsinin ərazisi qədim insan məskəni olub. Taleh Əliyev Sarıqaya ərazisində ilk orta əsrlərdə əkinçiliklə məşğul olan albanların yaşadığını bildirir. Taleh bəy həmçinin XII əsr tarixçilərinə istinad edərək yazır ki, Mərvan ibn Məhəmməd Xəzərlər ölkəsindən 40 min əhali gətirərək Samur və Şəbəran çayları arasında, Ləkz vilayətində yerləşən düzənlikdə məskunlaşdırıb. XIX əsrdə həmin vilayətdən, Türyançay hövzəsinə aid edilən Zərdabın Qoruqbağı və Sarıqaya kəndləri ərazilərinə əhali köçürülmüşdür. T.Əliyev xəzərlərin davamçılarının da indiki Sarıqaya ərazilərində yaşadıqlarını ehtimal edir.

XIX əsrin ikinci yarısından etibarən, Zərdab kəndindən çıxan ailələr də Sarıqaya ərazilərində məskunlaşmışdılar. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində yaşayış məskəninin əraziləri Göyçay qəzasının II Zərdab kənd icmasının tərkibinə daxil idi. Azərbaycan Cümhiriyyətinin dövründə və eləcə də Azərbaycanda Sovet hakimiyyətinin ilkin dövrlərində, 1929-cu ilədək Göyçay qəzasının tərkibində yerləşib. 1929-cu ildə Göyçay rayonunun, 1935-ci ildən isə yeni yaradılan Zərdab rayonunun ərazisinə daxil edilib. Sarıqaya kəndində 1917 və 1921-ci illlərdə 45 ev olub. 1933-cü ildə kənddə hələ kollektivləşmə aparılmamışdır, 44 fərdi təsərrüfatda 144 kişi, 121 qadın olmaqla 265 nəfər əhali yaşayıb.

1961-ci ildə Məlikli kənd sovetliyinin, 1977-ci ildə Yarməmmədbağı kənd sovetliyinin,  XX əsrin sonlarında isə Qoruqbağı kənd inzibati ərazisinin tərkibində yerləşən Sarıqaya kəndi, 17 iyun 2003-cü il tarixdə Qoruqbağı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılmış və Sarıqaya mərkəz olmaqla kənd inzibati ərazi dairəsi yaradılmışdır.  

Artıq rəsmi olaraq bir kənd kimi mövcud olmayan Yastıyolun Kürün sol sahilindəki ərazilərinin bir hissəsi Sarıqaya kəndi ilə bir təsərrüfatda birləşdirilmişdir. 

Kənd sakini Qarayev Mənsur Şirvan oğlu Qarabağ müharibəsində şəhid olub. Sarıqaya kənd orta məktəbi Mənsur Qarayevin adını daşıyır.

“Sarı” və “qaya” sözləri ilə adlandırılan xeyli sayda coğrafi yer, məkan qeydə alınıb. Samux rayonunda, Cənubi Azərbaycanın Marağa, Sərab və Məlikan şəhristanları ərazilərində Sarıqaya kəndi var. İrəvan əyalətində də Sarıqaya adlı kənd olub. Masallı rayonunun Əmirtürbə kəndində Sarıqaya icması yaşayır. Ordubad, Yardımlı rayonlarında Sarıqaya dağı, Zəngilan ərazisində Sarı baba dağı, Laçın, Şuşa ərazisində Sarı baba dağ silsiləsi, Xələc kəndində Sarı dərəsi, Zəngilanda Sarıbaba düzü, Qafan ərazisində Sarı qışlağı, Qubadlı və Laçın rayonlarında Sarı yoxuşu, Qafan ərazisində Sarı yurdu var. Cənubi Azərbaycanda türk mənşəli Sarıqaya toponimi farslaşdırılmış və Sariqiyyə adlandırılmışdır.



Zərdab rayonu Sarıqaya kəndi Zərdab rayonu Sarıqaya kəndi Reviewed by Bəxtiyar on 19.9.20 Rating: 5

Zərdab rayonu Lələağacı kəndi

6.8.20

 Lələağacı Zərdab rayonu inzibati ərazi vahidində kənddir, Şirvan düzündə, rayon mərkəzindən 10 kilometr cənub qərbdə, Kür çayının sahilində yerləşir. Kənd Yarməmmədbağı kənd inzibati ərazi dairəsinin tərkibindədir. Ərazisi 836,43 hektar, əhalisi təxminən 660 nəfərdir. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, bostançılıq, taxılçılıq, yemçilik, quşçuluq, pambıqçılıq, baramaçılıq, balıqçılıqdır.
 Kəndin adı Lələ adlı şəxslə bağlıdır, yəni Lələnin ağacı. Lələ sözü keçmişdə birinci variantda kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəsilə məşğul olan adama verilən titul kimi, ikinci variantda isə böyüyə, yaşlı kişilərə müraciət zamanı işlədilmişdir. Yerli sakinlərin bildirdiyinə görə bu ərazilərdə Lələ adlı şəxs bağ salmış və ərazi Lələağaclığı adlandırılmışdır. Bir çox ailəlr bu bağın ətrafında yurd salaraq yaşayış məskəni yaratmışdılar.
 Digər ehtimal əl ağacı ilə bağlıdır. Deyilənlərə görə bayatı ustası Aşıq Lələ Azərbaycanı qarış-qarış gəzib və olduğu yerlərdə özündən sonra bir iz qoyub. Rəvayətə görə Lələ yüksəklikdən əl ağacını atarmış, hara düşsə, oranı özünə qonalqa seçərmiş. Bir dəfə sazlı-söhbətli Şirvan ellərini gəzəndə atdığı ağac Zərdabın bu bölgəsinə düşüb. Bir müddət sonra ora bir el dayağı olub və Lələağacı adlanıb. Rəvayətə görə bir vaxtlar Zərdab ərazisində Lələpaşa kəndi də olub.
 Lələağacının yaşlı şəxslərinin söylədiklərinə görə kənd ərazisi Zərdab kənd sakinlərinin bağ yerləri olub. XIX əsrin sonlarında Zərdab kəndindən çıxan ailələr burada yurd salmışdılar. Lələağacı kəndinin yaxınlığında, kəndin qərbində Qaravəlli yurdu, Qaravəlli qalası adlanan ərazi var. Bəzi mənbələr yaşayış məntəqəsinin əvvəllər Qaravəlli adlandığını da bildirirlər. Bir zamanlar bu ərazidə Qaravəlli Tapdıq oba ailələrinin yurd saldığını ehtimal etmək olar. Qaravəlli Tapdıq obası XIX əsrin ortalarında Şamaxı quberniyasının Xançoban mahalında məskunlaşmışdılar. Çar İmperiyasının sənədlərinə əsasən bu oba ailələri sonrakı illərdə, 1870-ci ildə, Göyçay qəza mərkəzindən 55 verst məsafədə, Bərgüşad bölgəsində, Kür sahilində yaşamışdılar. Bu məsafə və coğrafi ərazi indiki Lələağacı kəndinin ərazilərinə uyğun gəlir. Sənədlərə əsasən Qaravəlli Tapdıq obası sonralar şimala doğru yerini dəyişmiş, Çallı kəndinin yaxınlığında yurd salmış və Xələc kənd icmasına daxil edilmişdir.
 XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Lələağacı əraziləri Göyçay qəzasının tərkibində II Zərdab kənd icmasına daxil edilib. İcmanın mərkəzi Gəlmə kəndi idi. İndiki Gəlmə kənd sakinlərinin ata-babalarının bir zamanlar yaşadığı Köhnə Gəlmə adlanan yurd yeri də Lələağacının yaxınlığında, Kür sahilindədir. 1929-cu ilədək Göyçay qəzasının və 1929-1935-ci illərdə Göyçay rayonunun tərkibində yerləşən Lələağacı, 1935-ci ildən yeni yaradılan Zərdab rayonuna daxil edilib. 1917-ci il sənədlərində Lələağacı kəndində 12 ev olduğu bildirilir. 1921-ci ildə isə kənddə evlərin sayının təxminən 6 dəfə çox, 75 ev olduğu qeyd olunub.
 1961-ci ildə Lələağacı kəndi Məmmədqasımlı, Gödəkqobu, Pərvanlı, Yarməmmədbağı kəndləri ilə birlikdə Məmmədqasımlı sovetliyinin tərkibinə daxil edilmişdir. 1977-ci ildə isə kənd Yarməmmədbağı, Qoruqbağı, Sarıqaya, Pərvanlı kəndləri ilə birlikdə Yarməmmədbağı sovetliyinin tərkibində yerləşmişdir. Lələağacı kəndi hazırda da Yarməmmədbağı kənd inzibati ərazi dairəsinin tərkibindədir.
 Lələağacı kəndi ilə Yarməmmədbağı kəndinin sərhədində sıx bitmiş yulğun ağacları ilə örtülü ərazi var. Yerli əhali buranı pir adlandırırlar. Deyilənlərə görə XIX əsrin ortalarında çar Rusiyasına qarşı baş verən Şirvan üsyanının rəhbərlərindən biri olmuş Hacı Əhməd əfəndi rus hökumətinin təqibindən qaçaraq burada gizlənmişdir. Kənd ərazisində Lağar sahə adlanan ərazi də var. “Lağar” sözü “çökək” mənasındadır, ərazi “çökəklik sahə” anlamını verir.
 Kənd sakini Əziz Nuhov Qarabağ müharibəsində şəhid olub.
 Azərbaycanda “Lələ” sözü ilə bağlı kifayət qədər yer, məkan adları var. Laçın rayonunda Lələbağırlı, Lerik rayonunda Lələduran, Lələkəran, Qax rayonunda Lələli, Lələpaşa, Astara rayonunda Lələkəpeştə, Ərdəbilin Ərşaq mahalında Lələli, Gürcüstanın Bolnisi rayonunda Lələpaşa kəndləri var. Qərbi Azərbaycanda da Lələkənd, Lələguğ kəndləri mövcuddur. "Guğ" ermənicə kənd deməkdir, ermənilər azərbaycanlılar yaşayan bu kəndin adını öz dillərinə tərcümə ediblər və Lələkəndin də adını dəyişib Vazaşen qoyublar. Zərdab rayonunun Dəli Quşçu kəndi XX əsrin əvvəllərinə qədər Lələ Əhmədli adlanıb.
 Füzuli rayonunda Lələli oymağı, Cəbrayıl rayonunda Cavanşir elinin Köçərli oymağının yaşadığı Lələ məzrəsi, düzənliyi, Laçın rayonunun Qazıdərə kəndində Lələ abidəsi, Lələbağırlı oymağı, Füzuli rayonunun Əhmədallar kəndində Lələ qəbri (Buna Aşıq qəbri də deyirlər), Yağlıvənd kəndində Lələli məhəlləsi, Füzuli rayonu ilə Cəbrayıl rayonu arasında Lələ dağı (buna Lələ təpəsi də deyirlər), Böyük Bəhmənli kəndində Lələş tayfası var.

   Bəxtiyar Əsədli


 Zərdab rayonu Lələağacı kəndi

    İstifadə olunan mənbələr:
1. Çar imperiyasının arxiv sənədləri
2. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
3. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
4. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1961)
5. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1977)
Zərdab rayonu Lələağacı kəndi Zərdab rayonu Lələağacı kəndi Reviewed by Bəxtiyar on 6.8.20 Rating: 5

Hapıtların məskunlaşdığı Sileyli kəndi

27.7.20


  Siləyli Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Zərdab rayon mərkəzindən 34 kilometr şimal-qərbdə, Qarasu çayının (Türyançayın) sahilində yerləşir. Ərazisi 998,77 hektar, əhalisi təxminən 500 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, quşçuluq, meyvəçilik, baramaçılıq, bostançılıqdır.
  Yaşayış məntəqəsi əvvəllər Sileyli adlandırılmışdır. Sileyli kəndinin əraziləri Nuxa və Ərəş (Ağdaş) qəzasının tərkibində yerləşmişdir. 1935-ci ildən yeni yaradılan Zərdab rayonunun kəndidir. Sakinlərinin söylədiklərinə görə kənd Qəbələ rayonunun Siləyli kənd əhalisinin qışlaq əraziləri olub. Yerli məlumata görə, Siləyli kənd sakinləri yayı Qəbələdəki, qışı Zərdabdakı kəndlərdə keçirirdilər. Sonralar oturaq həyat tərzinə keçmələri ilə əlaqədar əhalinin bir hissəsi Zərdabda, bir hissəsi isə Qəbələdə daimi məskunlaşmışdır. Mənbələrin yazdıqlarına görə isə, Sileyli oba ailələrinin həm Qəbələdəki, həm də Zərdabdakı eyniadlı yaşayış məntəqələrində yurd salmaları təxminən eyni vaxtlara təsadüf edir.
  1869-cu ilə aid sənəddə Siləyli (Sileyli) haqqında məlumata rast gəlinir. Sənəddə Nuxa qəzasında yerləşən Məlikli, Rəhmətli, Sileyli obalarının hapıtlara məxsus olduğu bildirilir. Dağıstan dilli əhali qrupuna daxil edilən hapıtların tarixi vətənləri Baş Qafqaz silsiləsinin şərq yamacları olub və bəzi mənbələrdə qrız-hapıtlılar kimi də qeyd olunurlar. Mənbələr Ağdaş, Qəbələ, Oğuz, Zərdab, İsmayıllı və Şəkidə hapıtlı ailələrinin yaşayış məskənlərinin olduğunu yazırlar. İsmayıllının Qalacıq kəndinin yaxınlığında Hapıt qəbiristanlığı var və bu ərazidə əvvəllər Hapıt yaşayış məskəni olduğu söylənilir. Mənbələr hapıtların Quba rayonundan köçüb İsmayıllıya gəldiklərini yazırlar.
 Şəki xanlığı XIX əsrdə bölgələrə, mahallara bölündü. Bir çox bölgələrdə kifayət qədər ləzgi dilinin və adətlərinin daşıyıcıları olan əhali qrupları yaşayırdı. Onların Şəki xanlığının ərazilərinə köçmələrinin əsas səbəbi vergilərdən azad edilmələri idi. Qrız-hapıtlılar Ərəş bölgəsində kiçik qış yaşayış məntəqələrində yaşayırdılar. Ağdaş, Alpout, Padar mahallarındakı qışlaqlarda yaşayan dağıstan dilli əhali haqqında isə rəsmi olaraq məlumatlar yox idi. Səbəbi hapıtların və digər dağıstan dilli əhalinin əksəriyyətinin Şəki xanlığının, əyalətinin ərazilərində ancaq qış aylarında yaşamaları idi.
 Məlumatlara əsasən, Sileyli yaşayış məskəninin hapıtlar tərəfindən salındığını söyləmək olar. Hapıtlar Yelizavetpol quberniyasının Nuxa və Ərəş qəzasına daxil edilən indiki Siləyli kəndinin ərazilərində daimi deyil, qış aylarında yaşayıblar. Qəbələdəki yurd yerləri isə hapıtlıların Sileyli obasının yaylaq əraziləri olub. Sileyli sakinləri oturaq həyata XX əsrin əvvəllərində keçiblər. Çox güman ki, Zərdabın Sileyli kəndində daimi yaşayış XX əsrin 20-ci illərinin ortalarından başlayıb. Belə ki, 1921-ci il yaşayış məntəqələri haqqında sənədlərdə Sileyli yaşayış məntəqəsi haqqında rəsmi məlumat yoxdur.
  Siləyli (Sileyli) kəndi uzun müddət Bıçaqçı kənd sovetliyinin tərkibində yerləşib. 14 iyul 1998-ci il tarixdə Siləyli və Yuxarı Seyidlər kəndləri Bıçaqçı inzibati ərazi dairəsinin tərkibindən ayrılıb və Yuxarı Seydlər mərkəz olmaqla yeni kənd inzibati ərazi dairəsi yaradılıb.
 Əslən Yuxarı Seyidlər və Bıçaqçı kəndindən olan Sarvan Kərimov və Qulu Zərdabi, hapıtların məskunlaşdığı Rəhmətli kəndinin də bir zamanlar indiki Zərdab ərazilərində yerləşdiyini bildirirlər. 1921-ci ildə Rəhmətli kəndində 16 ev olub. Həmyerlilərimiz bildikdiklərinə görə, 1935-1937-ci illərdə Rəhmətli kəndini Kür daşqını aparıb və əhali Ağdaşın indiki Xınaxlı kəndinə və digər ərazilərə köçüblər.

   Bəxtiyar Əsədli

Hapıtların məskunlaşdığı Sileyli kəndi Hapıtların məskunlaşdığı Sileyli kəndi Reviewed by Bəxtiyar on 27.7.20 Rating: 5

Qoruqbağı yoxsa Qovruqbağı?

11.6.20

Zərdab Ağcabədi yolunda yerləşən son iri kənd Qoruqbağıdır. Bu yoldan eyni zamanda zardabın digər kəndləri - Məmmədqasımlı, Godəkqobu, Pərvanlı, Yarməmmədbağı, Lələağacı kəndlərinə də yollar ayrılır.
   Qoruqbağı kəndi Zərdab rayonu inzibati ərazi vahidində kənddir. Rayon mərkəzindən 17 kilometr cənub-qərbdə, Şirvan düzündə, Kür çayının sol sahilində yerləşir. Ərazisi 2019 hektar, əhalisi təxminən 1550 nəfərdir. Kənd əhalisi əsasən heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, pambıqçılıq, baramaçılıq, balıqçılıqla məşğuldur.
   Qoruqbağı sözü “qoruq” (mühafizə olunan yer) və “bağ” sözlərindən düzəlmiş, “qoruq”, “qorunan bağ” mənasındadır. Bu ərazilərin hakim siniflərə məxsus yer, bağ sahəsi olduğunu və bu səbəbdən də Qoruqbağı adlandırıldığını bildirirlər. Lakin, həm XIX əsr, həm də XX əsrin əvvəllərinə aid sənədlərdə kəndin adı Qovruqbağı kimi yazılmışdır. Həsən bəy Zərdabi XIX əsrdə yazdığı məktublarında və məqalələrində  yaşayış məntəqəsini Qovruqbağı adlandırmışdır. Azərbaycanın yaşayış məntəqələrinin 1917 və 1921-ci illərə aid siyahısında da kənd Qovruqbağı kimi qeyd olunub. Bunlardan əlavə, rus arxiv sənədlərində Böyük Vətən müharibəsində iştirak edən kənd sakinlərinin bəzilərinin doğulduqları yer Qovruqbağı kimi yazılıb. Dilimizdə “qovruq” sözü işlənmişdir, keçmişdə otun çətin bitdiyi və heyvanların gec yetişdiyi, böyüdüyü ərazilər “qovruq” adlandırılmışdır.
     Qoruqbağında məskunlaşan ailələr

   XIX əsrin əvvəllərində Kür sahili boyu 50 verstlik məsafədə yerləşən torpaqlar vahid yaşayış məntəqəsi hesab olunan Zərdab kəndinin əraziləri olub. Axmazlardan, əkin və bağ sahələrindən ibarət olan indiki Qoruqbağı kəndinin əraziləri də Zərdab kəndinə daxil idi. Əsrin ortalarından başlayaraq bu ərazilərə, Xançobanı mahalından və digər ərazilərdən ailələr köçüb gəliblər və yaşayış məntəqəsində müxtəlif tayfaların nümayəndələri məskən salıblar.
   Qoruqbağı ərazilərində məskunlaşan ailələrin bir qismi müskürlü tayfalarının nümayəndələri olub. Quba qəzasının Müskür mahalında yaşayan ailələr, XIX əsrin ortalarında Şirvanın Xançoban mahalına, daha sonra isə Qarasubasar mahalına köçüb gəlmişdilər. İndiki Zərdab rayonu ərazisində müskürlü tayfalarının Müskürlü və Müskürlü Kirli adlanan obaları məskən salmışdılar. Əksəriyyəti Zərdabın indiki Müskürlü (Məmmədqasımlı, Gödəkqobu, Məlikli, Burunlu) kəndlərində yaşayan bu oba ailələrinin nümayəndələri, indiki Qoruqbağı kəndində də yurd salıblar. A.Bakıxanov “Gülüstani-İrəm” əsərində Müskür mahalında yaşayan əhalinin türk olduğunu və Azərbaycan türkcəsində danışdığını, islam dinininə mənsub olduğunu yazır.
   İndiki Qoruqbağı ərazilərində qədim türk tayfası olan Qaravəlli ailələrinin nümayəndələri də məskunlaşıblar. Qaravəlli tayfası Azərbaycanın müxtəlif ərazilərində yaşayan türk əhalisidir, yaşı min ildən çoxdur. Tayfanın mənşəyi haqqında əksər məlumatlar rəvayət xarakterlidir və müxtəlifdir. Qaravəlli tayfaları indiki Zərdab ərazilərinin də daxil olduğu Şirvanın Qarasubasar və Xançobanı mahallarında da yaşayıblar. İndiki Zərdab ərazilərində Qaravəlli tayfalarının Qaravəlli Tapdıq, Qaravəlli Ağaməmməd, Qaravəlli Xanlıq obaları yurd salmışdılar. Qaravəlli Tapdıq obası 1870-ci ildə qəza mərkəzindən 50-55 verst məsafədə, Kür sahilində, indiki Qoruqbağı kəndinin yaxınlığında məskunlaşmışdır. Hazırda Lələağacı kəndi yaxınlığında Qaravəlli yurdu, qalası adlanan ərazi də var. Qaravəlli Tapdıq obası sonralar Çallı kəndinə doğru yerini dəyişmiş və Xələc kənd icmasına daxil edilmışdir.
   Qoruqbağında Xəlilli tayfa ailələrinin nümayəndələri də məskən salıblar. Xəlillilərin Göyçay qəzasında Xəlilli Qasımbəy (Girdiman çayı sahilində), Xəlilli İbrahimbəy (Kür çayı sahilində) obaları olub. Sənədlərə əsasən Xəlilli İbrahimbəy obası 1911-ci ildə Əlvənd kənd icmasına daxil edilmişdir.
   Hazırda Kür çayının digər sahilində yerləşən, Ağcabədi rayonun kəndi olan Nəcəfqulubəyli kəndində yaşayan Qaradolaq tayfasının nümayəndələri də Qoruqbağı kəndinə köçüb yurd salıblar.
   XIX əsrin ikinci yarısından etibarən, kəndlilərin bəylərin himayəsindən azad edilməsindən sonra Zərdab kəndinin sakinləri azalmağa başladı. Kəndlilər Kür sahili boyu yerləşən bağlarda yurd salmağa başladılar və nəticədə indiki Zərdab rayon ərazisində yeni yaşayış məskənləri, kəndlər yarandı. Zərdab kəndindən çıxan ailələrin bir hissəsi Qoruqbağı ərazisinə də köçüblər.
   XIX əsrin ikinci yarısında çar fərmanı ilə Göyçay qəzasında kənd icmaları və oba birlikləri yaradılmışdır. Qoruqbağı ərazilərinin daxil edildiyi II Zərdab kənd icmasının mərkəzi Gəlmə kəndi idi və Gəlmə kənd icması da adlandırılmışdır. O dövrdə Gəlmə kəndi indiki ərazidə deyil, Zərdabın indiki Lələağacı kəndinin yaxınlığında yerləşirdi. İcmaya daxil edilən kənd əvvəl I və II Qoruqbağı olmaqla 2 məntəqəyə, bir qədər sonra isə 3 məntəqəyə bölünmüşdür. Kəndin məntəqələrə bölünməsi, ərazidə məskunlaşan ailələrin müxtəlif tayfaların nümayəndələri olmaları və bu ailələrin bir-birindən nisbətən aralı məsafələrdə məskən salmaları ilə də əlaqədar ola bilərdi. XIX əsrin sonlarında kənddə 100-dən çox təsərrüfat olub. Həsən bəyin “Kaspi” qəzetinin 20 dekabr 1886-cı il tarixli 279-cu nömrəsinə yazdığı məktubunda deyilir ki,  Zərdab kəndi 18 bölmədən ibarətdir, bunlardan 50 evdən ibarət olan ikisi Qovruqbağı adlanır.

    Qoruqbağı XX əsrdə

   1917 və 1921-ci illərdə yaşayış məntəqəsi Qovruqbağı adlandırılmış və  Aşağı, Yuxarı və Orta Qovruqbağı olmaqla üç məntəqəyə bölünmüşdür. Aşağı Qovruqbağında 1917-ci ildə 46 ev, 1921-ci ildə 67 ev, Yuxarı Qovruqbağında 1917-ci ildə 42 ev, 1921-ci ildə 45 ev, Orta Qovruqbağında isə 1921-ci ildə 33 ev olub.
  Yaşayış məntəqəsi Azərbaycan Cümhiriyyəti (1918-1920) dövründə və sovet hakimiyyətinin ilk illərində Göyçay qəzasının Zərdab bölgəsinin tərkibində yerləşib. Kənd Azərbaycanın rayonlaşdırılmasından sonra Göyçay rayonunun tərkibinə (1929-1935-ci illər) daxil edilmişdir. Qoruqbağı 1935-ci ildən yeni yaradılan Zərdab rayonunun kəndidir.
   1933-cü ildə Zərdab rayonunda Qoruqbağı, Qoruqbağı -2, Qoruqbağı-3 adlanan yaşayış məntəqələri qeydə alınıb. Bu məntəqələrdə hələ də kollektivləşmə aparılmamışdır. Birinci yaşayış məntəqəsinin 54 fərdi təsərrüfatında 267 nəfər əhali, ikinci məntəqənin 78 fərdi təsərrüfatında 434 nəfər əhali, üçüncü məntəqənin isə 34 fərdi təsərrüfatında 187 nəfər əhali yaşayıb.
   1961-ci ildə Zərdab rayonunda 9 sovetlik fəaliyyət göstərib. Qoruqbağı kəndi Məlikli, Burunlu və Sarıqaya kəndləri ilə birlikdə Məlikli kənd sovetliyinin tərkibində yerləşib. 1977-ci ildə Zərdab rayonunda 14 sovetlik olub və Qoruqbağı kəndi Yarməmmədbağı, Lələağacı, Sarıqaya və Pərvanlı kəndləri ilə birlikdə Yarməmmədbağı kənd sovetliyinə daxil idi. Keçən əsrin sonlarında mərkəzi Qoruqbağı olmaqla inzibati ərazi vahidliyi yaradılmış, bu inzibati əraziyə Qoruqbağı və Sarıqaya kəndləri daxil edilmişdir. 17 iyun 2003-cü il tarixdə Sarıqaya kəndi Qoruqbağı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılmış və Sarıqaya mərkəz olmaqla kənd inzibati ərazi dairəsi yaradılmışdır.

   Meşə, axmaz, liman və körpü

   Kənd ərazisində Qoruqbağı meşəsi adlanan hektarlarla meşə sahəsi var. Taleh Əliyev T.C. Rəsulova istinad edərək yazır ki, Qoruqbağı meşəsi Kür çayının sağ sahilində Qaradolaq tayfasının məskunlaşdığı Qaradolaq bəylərindən olan Nəcəfqulu bəyin adı ilə adlanan Nəcəfqulubəyli kəndinin ərazisində yerləşmişdir. Kür çayı sahilində süni üsulla düzləndirmə işləri aparılmış və çayın sahilində qalan meşənin bir hissəsi Şirvan ərazisinə qatılmışdır.
   Kür çayının axın istiqaməti Qoruqbağı ərazisində də bir-neçə dəfə dəyişdirilmiş və nəticədə kənd ərazisində göllər, axmazlar yaranmışdır. Ərazidə yerləşən bu axmazlar Qoruqbağı axmazı adlanır.
   XIX əsrin 60-cı illərində Qoruqbağı yaxınlığında, Zərdab kəndindən təxminən 2 ağac yarım məsafədə Axmaz və ya Gözəl-Çuxur-Axmaz limanı olub. Bu limanın adına Çar imperiyasının atlaslarında və eyni zamanda səyyahların qeydlərində rast gəlinir.
   Qoruqbağı kənd sakinləri, eləcə də digər ərazilərdən gələnlər bir vaxtlar bərələr vasitəsilə Kür çayını keçib Qarabağa gedərdilər. Bu su nəqliyyat vasitəsindən istifadə zamanı dəfələrlə insan tələfatları olurdu. 1985-ci ildə Qoruqbağı kəndi ərazisində, həm Qarabağ, həm də Şirvan əhalisi üçün müstəsna əhəmiyyəti olan, Zərdab və Ağcabədi rayonlarını birləşdirən körpü salınmışdır. Bu körpünün salınmasında o dövrdə müxtəlif məsul vəzifələrdə çalışmış İnqilab Nadirovun xüsusi xidmətləri olub və el arasında bu körpüyə “İnqilab” körpüsü də deyilir. Hazırda Ucar-Zərdab-Ağcabədi şossesi yenidən qurulur və bu körpünün yanında yeni, müasir tipli körpü salınır.
   Qoruqbağı kəndində anadan olan İmanov Yavər Həsən oğlu və İsmayılov Babək Mehdi oğlu Qarabağ uğrunda döyüşlərdə şəhid olublar. Zərdab şəhəri ərazisindəki küçələrdən biri Babək İsmayılovun adını daşıyır.

Bəxtiyar Əsədli




İstifadə olunan mənbələr.
1. Həsən bəy Zərdabinin məqalə və məktubları (tərcüməçi İsaməddin Əhmədov)
2. Abbasquluağa Bakıxanov “Gülüstani İrəm” 
3. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
4. Taleh Əliyev “Qoruqbağı əhalisinin etnogenizi haqqında”
5. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
6. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1977)
7. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1961)
Qoruqbağı yoxsa Qovruqbağı? Qoruqbağı yoxsa Qovruqbağı? Reviewed by Bəxtiyar on 11.6.20 Rating: 5
Blogger tarafından desteklenmektedir.