Weather forecast for Zardab

Zərdab rayonu Lələağacı kəndi


 Lələağacı Zərdab rayonu inzibati ərazi vahidində kənddir, Şirvan düzündə, rayon mərkəzindən 10 kilometr cənub qərbdə, Kür çayının sahilində yerləşir. Kənd Yarməmmədbağı kənd inzibati ərazi dairəsinin tərkibindədir. Ərazisi 836,43 hektar, əhalisi təxminən 660 nəfərdir. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, bostançılıq, taxılçılıq, yemçilik, quşçuluq, pambıqçılıq, baramaçılıq, balıqçılıqdır.
 Kəndin adı Lələ adlı şəxslə bağlıdır, yəni Lələnin ağacı. Lələ sözü keçmişdə birinci variantda kübar və varlı ailələrdə oğlan uşağının tərbiyəsilə məşğul olan adama verilən titul kimi, ikinci variantda isə böyüyə, yaşlı kişilərə müraciət zamanı işlədilmişdir. Yerli sakinlərin bildirdiyinə görə bu ərazilərdə Lələ adlı şəxs bağ salmış və ərazi Lələağaclığı adlandırılmışdır. Bir çox ailəlr bu bağın ətrafında yurd salaraq yaşayış məskəni yaratmışdılar.
 Digər ehtimal əl ağacı ilə bağlıdır. Deyilənlərə görə bayatı ustası Aşıq Lələ Azərbaycanı qarış-qarış gəzib və olduğu yerlərdə özündən sonra bir iz qoyub. Rəvayətə görə Lələ yüksəklikdən əl ağacını atarmış, hara düşsə, oranı özünə qonalqa seçərmiş. Bir dəfə sazlı-söhbətli Şirvan ellərini gəzəndə atdığı ağac Zərdabın bu bölgəsinə düşüb. Bir müddət sonra ora bir el dayağı olub və Lələağacı adlanıb. Rəvayətə görə bir vaxtlar Zərdab ərazisində Lələpaşa kəndi də olub.
 Lələağacının yaşlı şəxslərinin söylədiklərinə görə kənd ərazisi Zərdab kənd sakinlərinin bağ yerləri olub. XIX əsrin sonlarında Zərdab kəndindən çıxan ailələr burada yurd salmışdılar. Lələağacı kəndinin yaxınlığında, kəndin qərbində Qaravəlli yurdu, Qaravəlli qalası adlanan ərazi var. Bəzi mənbələr yaşayış məntəqəsinin əvvəllər Qaravəlli adlandığını da bildirirlər. Bir zamanlar bu ərazidə Qaravəlli Tapdıq oba ailələrinin yurd saldığını ehtimal etmək olar. Qaravəlli Tapdıq obası XIX əsrin ortalarında Şamaxı quberniyasının Xançoban mahalında məskunlaşmışdılar. Çar İmperiyasının sənədlərinə əsasən bu oba ailələri sonrakı illərdə, 1870-ci ildə, Göyçay qəza mərkəzindən 55 verst məsafədə, Bərgüşad bölgəsində, Kür sahilində yaşamışdılar. Bu məsafə və coğrafi ərazi indiki Lələağacı kəndinin ərazilərinə uyğun gəlir. Sənədlərə əsasən Qaravəlli Tapdıq obası sonralar şimala doğru yerini dəyişmiş, Çallı kəndinin yaxınlığında yurd salmış və Xələc kənd icmasına daxil edilmişdir.
 XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Lələağacı əraziləri Göyçay qəzasının tərkibində II Zərdab kənd icmasına daxil edilib. İcmanın mərkəzi Gəlmə kəndi idi. İndiki Gəlmə kənd sakinlərinin ata-babalarının bir zamanlar yaşadığı Köhnə Gəlmə adlanan yurd yeri də Lələağacının yaxınlığında, Kür sahilindədir. 1929-cu ilədək Göyçay qəzasının və 1929-1935-ci illərdə Göyçay rayonunun tərkibində yerləşən Lələağacı, 1935-ci ildən yeni yaradılan Zərdab rayonuna daxil edilib. 1917-ci il sənədlərində Lələağacı kəndində 12 ev olduğu bildirilir. 1921-ci ildə isə kənddə evlərin sayının təxminən 6 dəfə çox, 75 ev olduğu qeyd olunub.
 1961-ci ildə Lələağacı kəndi Məmmədqasımlı, Gödəkqobu, Pərvanlı, Yarməmmədbağı kəndləri ilə birlikdə Məmmədqasımlı sovetliyinin tərkibinə daxil edilmişdir. 1977-ci ildə isə kənd Yarməmmədbağı, Qoruqbağı, Sarıqaya, Pərvanlı kəndləri ilə birlikdə Yarməmmədbağı sovetliyinin tərkibində yerləşmişdir. Lələağacı kəndi hazırda da Yarməmmədbağı kənd inzibati ərazi dairəsinin tərkibindədir.
 Lələağacı kəndi ilə Yarməmmədbağı kəndinin sərhədində sıx bitmiş yulğun ağacları ilə örtülü ərazi var. Yerli əhali buranı pir adlandırırlar. Deyilənlərə görə XIX əsrin ortalarında çar Rusiyasına qarşı baş verən Şirvan üsyanının rəhbərlərindən biri olmuş Hacı Əhməd əfəndi rus hökumətinin təqibindən qaçaraq burada gizlənmişdir. Kənd ərazisində Lağar sahə adlanan ərazi də var. “Lağar” sözü “çökək” mənasındadır, ərazi “çökəklik sahə” anlamını verir.
 Kənd sakini Əziz Nuhov Qarabağ müharibəsində şəhid olub.
 Azərbaycanda “Lələ” sözü ilə bağlı kifayət qədər yer, məkan adları var. Laçın rayonunda Lələbağırlı, Lerik rayonunda Lələduran, Lələkəran, Qax rayonunda Lələli, Lələpaşa, Astara rayonunda Lələkəpeştə, Ərdəbilin Ərşaq mahalında Lələli, Gürcüstanın Bolnisi rayonunda Lələpaşa kəndləri var. Qərbi Azərbaycanda da Lələkənd, Lələguğ kəndləri mövcuddur. "Guğ" ermənicə kənd deməkdir, ermənilər azərbaycanlılar yaşayan bu kəndin adını öz dillərinə tərcümə ediblər və Lələkəndin də adını dəyişib Vazaşen qoyublar. Zərdab rayonunun Dəli Quşçu kəndi XX əsrin əvvəllərinə qədər Lələ Əhmədli adlanıb.
 Füzuli rayonunda Lələli oymağı, Cəbrayıl rayonunda Cavanşir elinin Köçərli oymağının yaşadığı Lələ məzrəsi, düzənliyi, Laçın rayonunun Qazıdərə kəndində Lələ abidəsi, Lələbağırlı oymağı, Füzuli rayonunun Əhmədallar kəndində Lələ qəbri (Buna Aşıq qəbri də deyirlər), Yağlıvənd kəndində Lələli məhəlləsi, Füzuli rayonu ilə Cəbrayıl rayonu arasında Lələ dağı (buna Lələ təpəsi də deyirlər), Böyük Bəhmənli kəndində Lələş tayfası var.

   Bəxtiyar Əsədli


 Zərdab rayonu Lələağacı kəndi

    İstifadə olunan mənbələr:
1. Çar imperiyasının arxiv sənədləri
2. Nazim Tapdıqoğlu (Vəlişov) “Zərdab ensiklopediyası”
3. Azərbaycanın yaşayış məntəqələrinin siyahısı, 1917 və 1921
4. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1961)
5. Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsü (01 yanvar 1977)
Zərdab rayonu Lələağacı kəndi Zərdab rayonu Lələağacı kəndi Reviewed by Bəxtiyar on 6.8.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.