Weather forecast for Zardab

XIX əsrin ən böyük Azərbaycanlısı

 Azərbaycan maarifçilik tarixində bir çox "ilk"lərə umza atmış zərdablı

Həsən Bəy Məlikov Zərdabi

   
     Həsən bəy Zərdabi (Məlikov) 1837-ci il noyabrın 12-də qədim Şirvanda, Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Onun babası Rəhim bəy və atası Səlim bəy elmə, maarifə xüsusi maraq göstərən insanlar idilər. Atasının təşkil etdiyi məclislərdə iştirak edən o dövrun savadlı insanları, bu məclislərdəki söhbətlər, mübahisələr balaca Həsənin formalaşmasınə təsirsiz otməyə bilməzdi. Həsənin təhsili ilə ilk öncə atası Səlim bəy məşğul olur, sonradan o, Zərdab kəndindəki mədrəsədə təhsilini davam etdirir.

     Hənifə xanım Məlikova Həsən bəy Zərdabinin tərcumeyi halında xatırlayır:

   Onun ilk müəllimi atası Səlim bəy olmuşdur. Uşaq (Həsən bəy) atasının ulu babalarının həyatından danışdığı əhvalatlara, rusların Qafqaza gəlməsi barədə söhbətlərə maraqla qulaq asarmış. Atası söyləyərmiş ki, dayısı Paskeviçi salamlayaraq bir qrup erməni məktəblisini göstərib demişdir: “Biz yaşayacağıq və bizimlə yalnız o vaxt hesablaşacaqlar ki, bizim uşaqlar da bu məktəblilərin cərgəsində olacaqlar".
  Bu həmin o Rəhim bəydir ki, İran şahzadəsi Xosrov Mirzə Rusiyanın paytaxtı Peterburqa gedərkən Şirvan bəylərinin sırasında Qarabağa şahzadəni qarşılamağa göndərilmişdi.
  H.Zərdabi ibtidai təhsilini molla məktəbində almış, 1854-cü ildə isə 4 sinifli ali Şamaxı məktəbi nəzdində təşkil olunmuş pansiona qəbul olunmuşdur. O, 1857-ci ildə pansionu bitirmiş, 1858-ci ildə Tiflis Qəza Gimnaziyası yanında Blaqorodnı Pansionunun beşinci sinfinə daxil olmuş, 1861-ci ildə isə Qəza gimnaziyasını müvəffəqiyyətlə bitirmişdir. Məhz yüksək savadına gorə dövlət hesdabına Moskva Universitetinə göndərilmişdir. 

Tələbəlik illəri 

  Həsən bəy 1861-ci ilin avqust ayında Moskva Universitetinin fizika-riyaziyyat fakultəsinin “təbiiyyyat” şöbəsinə daxil olur. 1865-ci ildə bu universiteti namizədlik diplomu ilə bitirərək həyatının birinci “ilk”inə imza atır : Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi. Moskva Universitetini bitirdikdən sonra ona Moskvada qalmaq təklif edilir. Lakin Həsən bəy doğma vətəninə - Azərbaycana qayıdır və bütün ömrünü xalqın maariflənməsi işinə sərf edir.

 Hənifə xanım Məlikova Həsən bəy Zərdabinin tərcumeyi halında xatırlayır:

 “Həsən bəy tələbəlik illərini qabaqcıl ziyalılar arasında keçirmişdir. O, tarixçi Solovyovun və şair Pleşeyevin ailələrində əziz bir qonaq olmuşdur. Solovyovlar Şərqlə, xüsusən, İslamla çox maraqlanırmışlar. Onlar Həsən bəyin Qafqaz, onun adətləri, əxlaqı barədə söhbətlərinə böyük məmnuniyyətlə qulaq asırmışlar. Solovyov tez-tez Həsən bəyin İslama aid məsələlərə verdiyi izahata qulaq asar, eşitdiklərini razılıqla qeyd edərmiş."
 Sonra o yazır:
 Həsən bəy Solovyovların evlərinə tez-tez gedib-gəldiyindən onların qızına möhkəm aşiq olubmuş. Qız da Həsən bəyi çox sevirmiş. Lakin Həsən bəy ilk təhsil almış müsəlman kimi xristian qızı almaqla geridə qalmış xalqı özündən və arvadından uzaqlaşdıracağından ehtiyat edərək çox sevdiyi qızla evlənməkdən imtina etmiş, təhsilini bitirən kimi öz xalqına xidmət etmək üçün Vətəninə qayıtmışdır. “ 

Dövlət məmuru

   Təhsildən qayıtdıqdan sonra Zərdabi Tiflis “Mecevoya palata” idarəsinin 8-ci mecevoy komissiyasında səkkizinci komissiyanın məhkəmə üzvü vəzifəsinə düzəlir. O, Borçalı sahəsində işləyirdi, burada yerli mülkədarların, çar çinovniklərinin özbaşınalığının, kəndlərdə hökm sürən hüquqsuzluğun bilavasitə şahidi olur.
   Yoxsul kəndlilərin müdafiəçisi kimi çıxış edən Zərdabi , kəndlilərin hüquqlarını onlara başa salır. Mərd insan olan Zərdabi dövlət xidmətində olarkən mülkədarlar və çar məmurları ilə açıq mübarizəyə girişir. Nəticədə 1867-ci ildə bəylər Həsən bəyi kəndlilərin tərəfini saxlamaqda təqsirləndirib öz narazılıqlarını bildirlər.
 Mecovoy palatanın rəisi ona ultumatum verir: “Ya rəisləri ”öyrətməkdən" və kəndliləri korlamaqdan əl çəkmək və ya qulluqdan çıxmaq".
   Həsən bəy ikincini seçir. 1867-ci ildə Həsən bəy yeni qurulmuş Quberniya idarəsinə xidmətə düzəldi. Burada da kəndliləri müdafiə etməsi qubernator Qulibyakinin qəzəbləndiriridi və sondan “Ya mən qubernator olacağam, ya da sən burada qulluqda qalacaqsan” deyən qubernatorla mubarizə apara bilməyəcəyini anlayan Həsən bəy qubernator idarəsindəki xidmət yerini tərk etməli olur.
  Qubada mülki hakim yanında məhkəmə katibi vəzifəsinə düzələn Həsən bəy xalqa yeni qanunları öyrədir, onları insafsız vəkillərin, tərcüməçilərin, polislərin əlindən qurtarırdı. Buna da ona çoxlu düşmən qazandırırdı. 1868-ci ilin mart ayında onun həyatına sui-qəsd edilir.Güllə Həsən bəyin başından yuxarı ötərək ona dəymir.
  1868-ci ilin 4 oktyabrında “Məndən məmur olmaz” deyən Zərdabini məzuniyyətdən sonra işə başlamadığına görə işdən çıxardılir. 

İlk müsəlman müəllimi

  “Ey müsəlmanlar! Gərək zəmanə ilə saziş etmək! Zəmanənin təqazasına görə iş görmək! Əgər görməsək, zəmanə özü-özünə bizsiz iş görüb, fəqət bizi əzər, bizi döyər, keçər”-
 deyən Həsən bəy Zərdabi , zamanla uyğunlaşmaq üçüm müsəlmanlar arasında maarifi yaymaq barəsində düşünür.
  O, birinci növbədə xalq məktəbləri açmağa çalışır. Əslində məktəblər açmaq təşəbbüsü ilə o, Qubada, məhkəmə məmuru işləyərkən çıxış etmişdir.
  Həsən bəyin Bakıda nəşr olunan kiçik “Bakinski listok” qəzetinə birinci məqaləsi Quba dövlətlilərinin Qubada məktəb açmaq üçün vəsait buraxmalarını təvəqqe etmisindən , onların Həsən bəyin bu çağırışına səs verməmsindən ibarət idi.

Hənifə xanım Məlikova Həsən bəy Zərdabinin tərcumeyi halında xatırlayır:

     “O vaxtlar müsəlmanlar üçün hökumət tərəfindən açılan məktəblərdən başqa heç bir xüsusi və ya ictimai məktəb yox idi. Xalq hökumətin açdığı məktəblərə az inanırdı. Hökumət isə müsəlmanlara nəinki məktəblərdə müdirlik etmək, hətta müəllimlik etməyə belə icazə vermirdi. Həsən bəy idarələrdə qulluq etməklə bərabər təsadüfi bazarlarda, evlərdə yeri gəldikcə maarif barəsində təbliğat aparır və cavanları başa sala bilirdi. Məktəb vasitəsilə o, maarifçiliyi daha da cenişləndirmək istəirdi. Həsən bəy, Bakı gimnaziyasında müəllimliyə girməyə çalışırdı. Gimnaziyada müsəlman uşaqlar çox az idi. Müsəlmanlar ruslaşmaqdan ehtiyat edərək uşaqları məktəbə buraxmırdılar. Həsən bəy hökumətə sübut etdi ki, gimnaziyada müsəlman müəllim yoxdursa, müsəlman şagird də olmayacaq. Müsəlman şəhərində heç olmasa bir müsəlman müəllimi, ümumiyyətlə, müsəlman qulluqçusu olmayan gimnaziya mənasız işdir. Gimnaziyaya müsəlmanları cəlb etmək üçün heç olmazsa bir müsəlman müəllim mütləq lazımdır. “ 
       Zərdabi 1869-cu il noyabrın 18-də Qafqaz məktəb dairəsinin müdirinin əmri ilə Bakı realnı gimnaziyasına təbiiyyat tarixi müəllimi vəzifəsinə təyin edilir. O, ilk müsəlman müəllim kimi tarixə düşür. Bu Həsən bəy Zərdabinin Azərbaycan tarixində novbəti “ilk” –lərindən biri idi. 

İlk xeyriyyə cəmiyyəti 

    60-70-ci illərdə şəhər və kədlərdə uşaqları pulsuz oxudan məktəblər demək olar yox idi. Gimnaziyada oxuyan azsaylı müsəlman şagirdlərinin çoxu varlı ailələrə mənsub idi. Dərslər isə rusdilli idi. Həsən bəy yoxsul uşaqlarını təhsilə cəlb etmək üçün çox fikirləşirdi.

Hənifə xanım Məlikova Həsən bəy Zərdabinin tərcumeyi halında xatırlayır:

      “1872-ci ildə Həsən bəy Zərdabi müsəlman tələbələrinə yardım cəmiyyəti təşkil edir. O, bu barədə qəzetlərə yazsa da, ona cavab verən olmurdu. Bu vaxt Həsən bəy şagirdlərindən Nəcəf bəy Vəzirovla və Əsgər Adıgözəlovla birlikdə bütün yayı Azərbaycanın şəhər və qəsəbələrini gəzib cəmiyyət üçün ianə yığmağa başladı. Cəmiyyətin təşkilinə razılıq almaq çox çətin idi. Dövlət, müsəlmanların hər hansı bir təşəbbüsünə mane olurdu. Buna görə də cəmiyyətə üzv olmaq istəyən yox idi. Həsən bəy dövlətlilərin xasiyyətini və xüsusən, xəsisliyini yaxşı bilirdi. Onları cəmiyyətə üzv yazarkən eyni zamanda ildə müəyyən qədər üzvlük haqqı verəcəklərinə dair onlardan yazılı kağız alırdı. O, beləliklə 1.600 manata qədər pul yığa bildi. Bu toxunulmaz fondun faizi ilə bir-iki uşaq oxutmaq olardı.“
     Bünovrəsi 1972-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulan "Cəmiyyəti-Xeyriyyə", təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində müsəlman xeyriyyəçilik hərəkatının ilk qaranqushu idi. 

Azərbaycan dilində ilk teatr tamaşası

    Xalqın tərəqqisi üçün təsirli vasitələrindən biri də teatrdır. 1873-cü ildə Həsən bəy öz tələbəsi Nəcəf bəy Vəzirovla birlikdə Mirzə Fətəli Axundovun “Hacı Qara” komediyasını tamaşaya qoyur. Bu ilk azərbaycan dilli tamaşa idi. 
  Zərdabi bu barədə yazırdı: “Mən Tiflisdə qulluq edən vaxtda mərhum M.F.Axundov öz komediya kitabının bir cildini mənə vermişdi. Gimnaziyada 50-yə qədər müsməlman şagirdləri var idi. Onların 30-u pansiyonda (məktəbin leyli və nəhari şöbəsində) padşahlıq xərci ilə oxuyurdular. Onlardan 10-15-i axırıncı klaslarda idilər. Bir neçə gün onları yığıb Mirzə Fətəlinin komediyalarını onlara oxuyub təvəqqe eylədim ki, onların birisini seçib oynasınlar. “Hacı Qara”nı seçdilər. Sonra rolları paylayıb, bayram günləri onları yığıb öyrədəndən sonra elamnamələr yazıb payladıq ki, filan günü, filan yerdə müsəlmanlar teatr çıxardacaq... Oynayanlar çox yaxşı oynadı. Ələlxüsus Əsgər bəy Adıgözəlov Hacı Qaranı. 40-50 manata qədər vüsul oldu. Oynayan uşaqlara vüsul olan məbləği verib tapşırdım ki, öz füqəralarına paylasınlar".
   Bakıda Azərbaycan dilində teatr çıxarılması o zaman fövqəladə bir hadisə idi. Azərbaycanda teatr sənətinin əsasının qoyulmasının dahi M.F.Axundova nə qədər böyük təsir bağışladığını qeyd edərək Zərdabi yazır:
   Biz Bakıda müsəlman teatrı çıxarmağımızı Tiflis qəzetlərinə yazmışdılar. Mərhum Mirzə Fətəli onu oxuyub mənə bir uzun kağız yazmışdı və çox razılıq eləmişdi ki, öz sağlığında onun komediyasını müsəlmanlar öz türk dilində çıxartdılar və çox heyfsilənmişdi ki, mən ona piş əz vaxt yazmamışam ki, özü də onu gəlib öz gözləri ilə görəydi. 

İlk milli qəzet - “Əkinçi”

    “Əkinçi”nin birinci nömrəsi 1875-ci il iyulun 22-də Bakıda çapdan çıxmışdır. Bu Azərbaycan dilində ilk milli qəzet idi. Zərdabi məqalələrinin birində yazırdı:
    “Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun... yaxşı-yamanlığını aşkar eləsin”, xalqın “hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün”. Qəzet ayda iki dəfə çıxır və böyük rəğbətlə qarşılanırdı. 
   Bəlkə də, çoxları bilmir ki, redaksiyanın heyəəti cəmi bir nəfərdən - Həsən bəyin Zərdabidən ibarət idi. O, həm məqalələrin əksəriyyətinin müəllifi, həm redaktor, həm korrektor, həm də mətbəə fəhləsi idi. 
  Zərdabi qəzetin bütün xərcini öz maaşından ödəyirdi. Bütün bu fədakarlığı edən isə hələ 40 yaşı tamam olmamış Moskva Universitetinin məzunu, tanınmış bəy ailəsinin övladı idi.
  Milli qəzetin yaradılması hər bir xalqın milli varlığının ən böyük göstəricisi, tərəqqi və təkamülünün vacib şərtidir. Həsən bəy Zərdabinin xidməti məhz bundan ibarətdir ki, o, çox çətin olan bu yolda ilk əməli addım atmışdır.
   Ancaq “Əkinçi”nin ömrü elə də uzun olmadı. 1877-ci ilin sonlarında “Əkinçi”nin senzura tərəfindən təqibi o dərəcəyə çatdı ki, H.Zərdabi həmin ilin sentyabrında qəzeti bağlamağa məcbur oldu. 

Zərdabda ilk məktəb

     Çar orqanları “Əkinçi” qəzetini bağlatdıqdan sonra, H.Zərdabinin Azərbaycandakı ictimai fəaliyyətini dayandırmaq üçün onu Bakı gimnaziyasından Yekaterinodar (indiki Krasnodar) gimnaziyasına dəyişdirmək haqqında əmr verirlər. 
   Bu əmr əslində, H.Zərdabini sürgün etmək demək idi. Öz xalqı qırılmaz tellərlə öz xalqı ilə bağlı olan H.Zərdabi ondan ayrılmamaq üçün müəllimlikdən istefa verir. Müəllimlikdən istefa verdikdən sonra H.Zərdabi Bakıdan köçüb, 16 il doğma kəndi Zərdabda yaşadı. Zərdabda Həsənbəy arvadı Hənifə xanım ilə birlikdə böyük çətinşliklə balaca bir məktəb açıb, kənd uşaqlarına savad öyrətməyə başlayır.
 Onun məktəb açmasından narazı olan kənd qolçomaqları və polis məmurları hökumətə.....donos verdilər. Bu donosu yoxlamaq üçün qubernator özü Zərdab kəndinə gəldi. Yazıq qoca qubernator.... Həsən bəyə atılmış böhtanın ağ yalan olduğunu görüb onu yanına dəvət etdi və 1878-ci ildə fransız müxbirin söyləmiş olduğu kimi dedi: “Görünür, siz bu zavallı xalqı çox sevirsiniz ki, həm iqlimdən, həm də ləyaqətsiz adamlardan gələn bu qədər bəlalara dözürsünüz və bütün hallarda kəndi tərk etmirsiniz”.
   1896-cı ildə Həsən bəy ailəsi ilə bərabər Bakıya köçüb gimnaziyada xidmətə başladı. 

....və digər “ilklər”

   Yuxarıda sadaladıqlarımız Zərdabinin həyatının müəyyən anlarıdır. Bu anları daha da artırmaq olar. Məsələn:

  •  Fəaliyyətinin ilk dövründə azərbaycanlı qızlar üçün məktəb açmaq fikri ilə yaşayan Zərdabinin təşəbbüsü ilə 1901-ci ildə ilk qız məktəbi açılmışdı.
  •  1906-cı ildə, avqust ayının 15-də Bakıda keçirilmiş Birinci Azərbaycan Müəllimlər Qurultayının da təşəbbüskarı, təşkilatçısı və sədri H.Zərdabi olmuşdur.
  •  Torpaqşünaslıq,ekologiya, seleksiya sahəsində ilk Azərbaycanlı alim və sair və digər ilklər...
    Uzatmaq istəmədik. Səbəbi ilə maraqlananlara, Sizlərə və bizlərə R.Bədlovun  “ Bir elektron nəşrdə Zərdabi haqqında, onun yaşadığı məkan və zaman haqqınada, Zərdabi fəaliyyətinin nəticələrinin müasir Azərbaycana göstərdiyi (yaxud göstərmədiyi) təsirlər haqqında danışmağın mənim tərəfimdən sadəlövh bir cəhd olduğunu başa düşürəm. Bunun üçün, Azərbaycanın bütün humanitar elmlərinin nümayəndələrini, lazim gələrsə xarici ölkələrin alimlərini cəlb etməklə roman, bəlkə də bir neçə roman yazmaq lazımdır.” – sözlərini xatırlatmaq istərdik.
 
Zərdabinin dəfni
 Amma, son nöqtəni qoymamışdan öncə jurnalist Qaşımbəy Bəzirovun Həsən bəy Zərdabi haqqında söylədiyi sözləri əlavə etmək istədik: «Həsənbəyin mənzuri pul deyil idi, Həsənbəy əvvəldən axıradək pul adamı olmadı, pula etina etmədi. İstəsəydi, Həsənbəyin indi Bakının əvvəlimci milyonerlərindən olmağı asanlıqla mümkün idi. Öz niyyəti, öz müqəddəs təriqəsi və məsləki yolunda Həsənbəy Məlikov nə qədər etirazata, nə qədər əziyyət və azara mübtəla olduğunu yazsaq, qəzetimizdə yer tapılmaz.»
    
    Həyatı boyu bir cox sualların həllinə çalışmış insan bizi suallar qarşısında qoyuraq 28 noyabr 1907-ci ildə Bakı şəhərində vəfat etdi.
    «Yetmiş sinninə çatan, bir böylə zəhmət və bəlalara səbir edən kişi axır gərək öləydi, bizi düşündürən, bizi ağladan millətimiz içində bu növ ürəyi, dili, əfalı, məsləki bir qorxusuz, sözün açlq-açlqlna deyən millət mücahiddinin qaib olmasıdır. Çoxdurmu belə iş görənlərimiz? Çoxdurmu belə saf, sadiq, biqərəz iş dalınca gedənlərimiz? Əfsus, həzar əfsus, çox azdır...» (Qaşımbəy Bəzirov)

...çoxdurmu? ...azdırmı? ...vardırmı?

XIX əsrin ən böyük Azərbaycanlısı XIX əsrin ən böyük Azərbaycanlısı Reviewed by Camil Asad on 27.10.16 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.