Weather forecast for Zardab

Sevil Gültən Hekayələr, məqalələr ...

 "Mənim duyğularım"       

    Duyğularım şeirə dönməyəndə ağır xəstə kimi oluram. Ağrılardan zarıyıram. Ölüm arzulayıram özümə. Şeirə çevrilməyən duyğularım ağrıya dönüb başımın bir yerində gizlənir. Başımın həmin yeri ürək kimi döyünür.O döyüntülər elə bil nəsə demək istəyir mənə. Ağrılarım haray çəkir. Heç kim, heç nə kömək edə bilmir ağrılanma.

      Duyğularım şeirə çevrilə bilməyəndə göz yaşlarıma dönür. Harada olmağımdan asılı olmayaraq acgözcəsinə yanaqlarımı öpür. Yanaqlarım göz yaşlarımdan içib sərxoş olur.
     
Duyğularım şeirə çevrilə bilməyəndə elə bil qanımı içir, qanım azalır. Gözlərimə qaranlıq çökür. Ətrafımda nə varsa, qaranlıqda görünməz olur.
     Duyğularım şeirə çevrilə bilməyəndə yox olub gedirəm bu dünyadan, gedirəm öz dünyama. Gedirəm mənə əzab verən duyğularımla dalaşmağa.
     Duyğularım şeirə çevrilə bilməyəndə heç nə deməyin mənə! Dindirməyin məni! Çünki cavab verməyə taqətim olmayacaq. Lal oluram duyğularım şeirə çevrilə bilməyəndə

"Bir lalın dil açan, danışan duyğuları"

Hərdən susuram balıq kimi, hərdən isə quş kimi qanadlanıram. Səbəbkarı Sənsən!

 * * *   
Quş harada qanad açar? - Havada. Sən mənim üçün havasan. Sonsuz məkansan. Uçmaq üçün ən gözəl bir yer ... 
 * *   
Səndən əvvəl qəlbimdə o qədər lazımsız duyğular var idi ki ... Sənə olan sevgim yox etdi onları. Qəlbimdə indi yalnız yaxşı duyğular yaşayır.İstəmərəm ki, qəlbimdə pis bir şey olsun. Axı sevgimin evidir qəlbim ... 

Sənə olan sevgim işıqdır - gur bir işıq. Ən zülmət gecələrimi də nurlandırır...Soyuqdan tir-tir əsəndə qızdırır məni. 

* * * 
Hara getsəm tək getmirəm. Xəyalın məni hamıya qısqanır. 

* * * 
Bu gecə gözlərimdən soruşdum: -"Nə üçün yumulmursan?" Gözlərim cavab verdi: "Korsanmı, görmürsənmi sevdiyimin xəyalı yanımdadır?" 

* * *
Hər səhər yuxudan durub güzgüyə baxıram. Güzgüdən bir qadın boylanır mənə tərəf - Seydiyinin xəyalına qovuşrnuş bir qadın. Onun üzündə həm xoşbəxtlik ifadəsi var, həm də küskünlük, 

* * * 
Kim mənim qədər ağlasaydı çoxdan kor olardı. Mən isə heç vaxt kor olmaram. Çünki gözlərimin Səni görmək həsrəti o qədər böyükdür ki ... 







elektron kitaba kecid


sevil gulten esse

* * *  
Bircə dəfə gözlərinə doyunca baxa biləydim ... Bircə dəfə gözlərim sevinəydi. Onda gözlərimin nuru butun dünyaya bəs edərdi. . 

* * *
Hər dəfə ağ saçlarını görəndə kədərlənirəm. Ağaran hər saçın mənim Sənə qovuşmaq ümidimdir. Sanki onların üstündən bir qara xətt çəkilir. 

* * * 
Məndən hər şey soruşa bilərsən. Amma heç vaxt soruşma ki, Səni niyə sevirəm, nə üçün sevirəm və nə vaxta qədər sevəcəm. Çünki cavab verə bilmərəm. 

* * *
Hər gecə xəyalın qonağım olur. Hər gecə. Xəyalın gecəni mənimlə keçirir. Xəyalın dodağımdan öpür, saçlarımı sığallayır. Gözümün yaşını öpüşü ilə qurudur. Səhərlər ayılanda xəyalının əlləri dəyən yerləri bir daha nəzərdən keçirirəm. ƏlIərinin izini axtarıram. Görə bilməyəndə aldandığımı başa düşüb ağlayıram. Göz yaşlarımı heç kəs silmir.

* * * 
Ürəyim bomboşdur. Ümidlərim tərk edib ürəyimi. 

* * *
Bax elə bu an Sən ürəyimdən çıxıb getdin. Bir an ürəyim döyunmədi. Döyünə bilmədi.

* * *
Hər ğün səni bir az itirirəm. Mənə dediyin hər acı söz ürəyimdə cücərən neçə şirin sözlərimi dəfn edir.

* * *
Birdən Sənin üçün o qədər darıxıram ki... Az qalır ki, ürəyim köksümdən çıxsın. ürəyimdə olan sevgi ürəyimi özümə qaytarır.

* * *
Dünən səsini eşitmədim. Səs payını əsirgədin məndən. Mən Sənin üçün hər şeydən keçərəm. Sən isə səsini də 
qıymırsan mənə.

* * *
Görəsən indi haradasan, haralardasan?.. Nə düşünürsən, kimi düşünürsən... Əgər bilsəm ki, xəyalım Sənin qonağındır,  
dəli olaram sevincimdən.

* * *
Gözlərimə payız gəldi. Gözlərimdən ürəyimə yaüışlar yağdı - ürəyimin tozu-torpağı yatdı...

* * *
Səni unutmaq istədim. Səni necə unutmaq üçün yollar arayaraq xəyala getdim... Bir də gördüm ki, Sən yanımdasan, mən isə özümü unutmuşam.

* * *
Xəyalən dodaqlarından o qədər öpmüşəm ki... Dodaqlarının dodaqlarıma çöxlu öpüş borcu var... Dodaqlarım kasıblayıb, dodaqlarına de ki, borclarımı qaytarsın.

* * *
Gözlər ürəyin tərcüməçisidir, dodaqlar isə dilin.

* * *
Bəzən susmuş dodaqlar daha şox danışırlar. Bircə baxışın dediyini min sözlə demək olmur.

* * *
Yerlə Göyün arasında sıxıla-sıxıla qalmışam. Ya gəl məni Göylərə qaldır, ya da ki, birdəfəlik Yerə çırp!

* * *
Kimisini paltarından Sənə bənzədirəm. Kimisinin duruşu Sənin duruşuna oxşayır. Kimisini eynəyindən Sənə bənzədirəm. Səsinə bənzəyən səs eşitmədim, gözlərinə bənzər gözlər görmədim. Sənin üzündə olan işığı heç kəsdə görmədim.

* * *
Payız gəlir. Çoxları artıq payız paltarlarını geyinir. Hələ də yay paltarındayam. Mənim içimdə həmişə qışdır. Nə qədər geyinsəm də içimdəki üşütmə keçməz.

* * *
Sevgimlə həsrətim ürəyimdə yanaşıdır. Həsrətim buz kimi soyuq, sevgim od kimidir. Ona görə də hərdən od tutub yanıram, hərdən isə bədənim buza dönür.

Allahım! Deyirlər ki, Sən nə verirsənsə geri alırsan. Elə isə al mənə verdiyin dərdləri!

* * *
Ey Allah! Sualıma cavab ver! Bilmək istəyirəm ki, mən ömrümün baharını yaşayıram, yoxsa qışını? Mənim ömrümün yayı arxada qalıb, yoxsa qışı?
* * *

Nə vaxtdır ki, ruhumu axtarıram. Tapa bilmirəm. Ruhundan soruş. Bəlkə o bilər mənim ruhumun yerini.

* * *
Yenə yuxuda gördüm Səni. Gözlərimi daha geniş açdım ki, Səni daha yaxşı görüm. Gözlərimi açdım, ayıldım. Xəyala dönüb getdin keçmişə.

* * *
Sevgi dolu ürəyimə  həsrət sarınıb. Həsrət-ürəyimin nişan üzüyü. Qaşı ayrılıqdan... ürəyimin nişan üzüyü sıxır ürəyimi. Sevgimin gücü çatmır onu qırmağa.

* * *
Səni ürəyimdən çıxarmaq üçün gərək ürəyimi köksümdən çıxaram. Gəl, ürəyimi köksümdən qopar! Gəl, özünü ürəyimdən qopar! Bacararsanmı? Sən sevgimdən zəifsən, gücün çatmaz ona.

* * *
Hər dəfə Səni görmək üçün gözlərimi yumuram. Xəyalına qovuşuram. Yuxularım - Səninlə görüş yerim.

* * *
Hərdən istəmirəm ki, gözlərimi açım. Bilirəm ki, Səni görməyəcəyəm. Elə isə niyə ayrılım xəyalından?

* * *
Hərdən xəyalının saçlarını sığallamaq istəyirəm. Gözlərimi saçlarına doğru uzadıram. Amma toxunmuram. Qorxuram ki, gerçəyə dönüb ayrılarsan məndən. Hər gecə əllərim saçlarına həsrət qalır. Gerçəyi görmək istəmirəm. Ondansa xəyalın daha yaxşıdır.

* * *
Bu gecə doyunca baxdım xəyalının gözlərinə. Gözlərim nurlandı. Gözlərimin səhəri açıldı.

* * *
Ən şirin vüsal sevən xəyalların vüsalıdır. Nə qədər qovuşsalar da vüsala yetişmirlər. Ən şirin vüsal - xəyalların vüsalı. Sonu olmayan vüsal!

* * *
Xəyalına qovuşmaq üçün dərimi də soyundum. Qovuşa bilmədim. Bütün paltarlarımı əynimə geyinib duyğularımı soyundum. Qovuşdum Sənə.

* * *
Hara baxıramsa Səni görürəm. Sən gözlərimin içindəsən. Sən ürəyimdəki qansan.

* * *
Bu gecə yanımda idin yenə. Əllərin sərin su kimi bütün duyğlarıma sərinlik gətirdi. Həsrətimi yandırıb külə döndərdi.
* * *
O gün şəklinə baxdım. Bircə anlıq da olsa qayıtdım keçmişə. Keçmişimlə gələcəyim qarışıb bir-birinə… Bircə mənim indim uzaq düşüb keçmişdən.  

* * *
Hərdən Sənin özünün də xəbərin olmur. Sənin səsinlə mənim nəfəsim bir-birinə qovuşur. Səsinin hərarətindən ürəyimdə Sənə deyiləsi sözlər əriyir. Heç nə deyə bilmirəm Sənə. Sözlərim yox olur. Eləcə nəfəsim qalır. Səsinə qovuşan nəfəsim.

* * *
Saçlarından öpərəm... Ağarmış tellərinin  rəngi qaralana qədər... Gözlərindən öpərəm... Kədərli gözlərindən sevinc göz yaşları axana qədər... Yanaqlarından öpərəm... Yanaqların opüşlərimdən yorulana qədər...dodaqların dodaqlarım üçün darıxana qədər...Dodaqlarımın Sən həsrətli yaraları sağalana qədər... Sağalana qədər…

* * *
İnsan cismən qovuşanda bircə anlıq da olsa vüsaldan doyur... Xəyalən qovuşanda doymaq olmur. Cismən qovuşmaq istəmirəm Sənə.

* * *
Hər gecə xəyalın yanaqlarımı öpür. Qorxuram ki, yanaqlarımdakı öpüş yerlərini kimsə görə bilər. Ona görə də hər gecə ağlayıram. Göz yaşlarım yuyur öpüşünün yerlərini...

* * *
Ürəyim yaralarla doludur... Amma o yaralarım da əzizdir mənə. O yaraları Sən vurmusan axı...

* * *
Əgər bisəm ki, haradasa ikinci Sən vasan... Onda gecə-gündüz yol gedərəm ikinci Sənə qovuşmaq üçün...Bilirəm ki,ikinci Sən yoxdur.

* * *
Allah məni kişi yaratsaydı, yəqin ki, Səni də qadın yaradardı...

* * *
Mən öləndə vəsiyyət edəcəm ki, mənə iki başdaşı qoysunlar. Birinə özümün şəklimi vórsunlar... O birinə isə Sənin xəyalının şəklini... Mənim cismimdə həm də Sənin xəyalın var olub axı....

* * *
Səsini eşitdim... ürəyimdəki arzularımın yazı gəldi... Arzularım çiçək açdı. Duyğularım sel kimi aşıb - daşdı. Göz yaşlarım yağış kimi axdı. Səsini eşitdim... Könlümün yazı gəldi.

* * *
Bu gecə xəyalını öpmək istədim. Gözümə dolmuş göz yaşlarım sənin gözlərinə doıdu. Ona görə də opmədim səni. İstəmirəm ki, gözlərində yaş olsun.
Sevil Gültən Hekayələr, məqalələr ... Sevil Gültən Hekayələr, məqalələr ... Reviewed by Camil Asad on 1.12.16 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.