Xalqını maarif nuruna çıxmağa səsləyən insan
Amalıyla, əməliylə və qələmiylə xalqını, millətini, məmləkətini, Vətənini cəhalət zülmətindən maarif nuruna çıxarmaq üçün təknəsinin çörəyini, ürəyinin sevgisini, gözünün nurunu, barmaqlarının gücünü əsirgəməyən, heyfsilənmədən, təəssüflənmədən sərf edən - Həsən bəy Zərdabi - ölkəsində mədəni inqilaba səbəb olmuş bu genişqəlbli, dərintəfəkkürlü, uzaqgörən, fədakar və dahi insan onun dəyərini bilən ziyalılar və həmvətənləri tərəfindən hər zaman ehtiramla xatırlanmaqdadır. "Həsən bəy Zərdabi: seçilmiş məqalələri və məktubları" adlı tərcümə kitabı da dahi həmyerlimizə ziyalı həmyerlisi İsaməddin Əhmədov tərəfindən böyük hörmətin nişanələrindəndir.
Keçən il həmyerlimiz Elman Qasımovun Bakıda rəhbəri olduğu "Zərdabi LTD" MMC nəşriyyatında şair, jurnalist, Həsən bəy Zərdabi irsinin araşdırmaçı- tədqiqatçısı, onun təsis etdiyi, rayonumuzda nəşr olunan eyniadlı "Əkinçi" qəzetinin redaktoru, həmyerlimiz, Ali Media mükafatçısı İsaməddin Əhmədovun tərcüməçiliyi və Əməkdar jurnalist, Həsən bəy Zərdabi və Ali Media mükafatçısı, zərdabişünas, tədqiqatçı- jurnalist Tahir Aydınoğlunun redaktorluğu ilə "Həsən bəy Zərdabi: seçilmiş məqalələri və məktubları" adlı 280 məqalə və məktubun yer aldığı, 912 səhifədən ibarət nəşr olunan tərcümə kitabı zərdabişünaslara yeni nəfəs, zərdabisevərlərə xoş müjdə və zərdablılara isə dəyərli hədiyyədir.
Tərcüməsiylə bərabər, tərtibat, şərh və izahları da İsaməddin Əhmədova məxsus olan kitabın çoxsaylı oxucu kütləsi tərəfindən seviləcəyinə əminik.
Kitabda Həsən bəy Zərdabinin 1881-1895-ci illərdə doğma yurdunda-Zərdabda sürgündə olarkən "Kaspi" qəzetinə göndərdiyi və "Zərdabdan məktublar" başlığı altında , həmçinin Bakıya qayıdandan sonra "Kaspi" qəzetinin redaktoru işlədiyi illərdə həmin və eləcə də, "Qafqaz" qəzetində, "Trudı Kavkazskoqo obşestva selskoqo xozyaystva" nəşrində dərc olunan məqalə və müxbir məktubları toplanmışdır. Dövrünün tələbiylə rusca yazdığı məqalə və məktubları keçən əsrin ortalarında zərdabişünas alim Ziyəddin Göyüşov toplayıb kitab halına salaraq nəşr etdirmişdir.
Kitabın ana dilimizə tərcümə olunması böyük və xoş bir hadisədir. Çünki Həsən bəy Zərdabinin çoxşaxəli və coxsahəli fəaliyyətinin, onun hərtərəfli elminin, dərin biliyinin, ensiklopedik savadının göstəricilərindən biri olan məqalə və məktubların zaman keçdikcə itib-bataraq yoxa çıxma və unudulma təhlükəsi vardı. Bu isə onu sevənləri-məhz onlardan biri olan İsaməddin müəllim tərəfindən qəbuledilməz idi. Qeyd edək ki, Həsən bəy Zərdabinin 25 illik bir dövr ərzində qələmə aldığı 280 məqalə və məktubu İsaməddin Əhmədov 6-7 il ərzində ana dilimizə təkbaşına tərcümə etmişdir. Sonra bu məqalə və məktublar silsilə şəklində rayonumuzda çıxan və İsaməddin müəllimin özünün redaktoru olduğu "Əkinçi" qəzetinin 2009-2016-cı illərindəki sayında çap olunmuşdur. Xatırladaq ki, məqalə və məktublar qəzetdə dərc olunarkən oxucuları tərəfindən hər dəfə maraqla qarşılanmışdır. Oxucularının onları bəyənmələri və təqdir etmələri tərcüməçinin zehni əməyinin və fiziki işgüzarlığının nəticəsidir.
Bildiyimiz kimi, bir kitabı digər dilə çevirmək asan iş deyildir. Çünki hər bir dilin özünəməxsus qrammatikası və lüğəti vardır. İsaməddin Əhmədov da kitabı tərcümə edərkən onun ilkin qrammatik-lüğəvi mənalarını qorumaqla yanaşı, orijinaldakı ruhuna toxunmamaq şərtilə texniki və bədii cəhətdən cümlələrin əslinə uyğun olmasına görə əlindən gələni əsirgəməmiş, məqalə və məktublarda yer alan bəzi termin və sözlərin hazırkı rus dilində işlənməməsi, əvvəlki mənalarını verməməsi, çıxarıldığı üçün müasir rus dili lüğətlərində yer almaması, arxaik sözə keçməsi və ya bir sözün müxtəlif məna çalarlarına malik olması, eyni zamanda da o sözlərin bir neçəsinin həmin cümləyə müvafiq gəlməsinə görə bütövlükdə məzmuna uyğun seçilib mənalandırılması problemlərinin öhdəsindən uğurla gəlmişdir.
Buna görə də kitabdakı məqalə və məktubların hər bir cümləsinin texniki və bədii cəhətdən ustalıqla tərcümə edilməsi onun üslubunun səmimi və anlaşılan dildə olmasını təmin edir. Yəni, kitabı oxuyarkən o, insanda elə səmimi hiss və duyğular doğurur ki, sanki özün də Həsən bəy Zərdabinin təsvir etdiyi hadisələrin birbaşa iştirakçısı və ya şahidisən.
Həsən bəy Zərdabi məmləkətində baş verən dövrünün eybəcərliklərini, cahilliyini, geridəqalmışlığını məqalə və məktublarında necə böyük ürəkağrısı və təəssüflə qeyd etmişdisə, İsaməddin Əhmədov da tərcüməsində Həsən bəyin ürəkdən, yana-yana qələmə aldığı acı gerçəklikləri - xalqının yaşadığı çətinlikləri dərindən duyub təəssüflənən Həsən bəy Zərdabinin yaşadığı ruhi-mənəvi iztirabları - eynilə özünün də dərindən duyması ilə parlaq şəkildə canlandırmışdır. Məhz tərcümənin uğurlu alınması səbəblərindən biri də budur. Həsən bəy Zərdabinin 25 il ərzində qələmə aldığı məqalə və məktubları tərcüməçisinin 7 il zaman çərçivəsinə sığdırması və tərcüməsində sanki onları yaşayırmış kimi səmimi hisslərlə, həmçinin, oxucuda yaşatması da İsaməddin Əhmədovun bu işə böyük sevgisini və ciddi məsuliyyətini əks etdirən göstəricilərdəndir.
Ümumilikdə, kitabda yer alan məqalə və məktubların həm elmi-fəlsəfi, həm ruhi-mənəvi, həm sosial-iqtisadi, həm də siyasi-ictimai cəhətdən aktual olması və indiki dövrümüzlə ayaqlaşması onun maraqlı cəhətini artıran səciyyəvi xüsusiyyətlərdən biridir. Bu məqalə və məktublarda millətini aldadan, vəzifələrindən və səlahiyyətlərindən istifadə edərək onu istismar edən hakim dairələrin, rüşvətxor məmurların, süründürməçi məhkəmə, savadsız təhsil və məsuliyyətsiz səhiyyə sistemlərinin, xalqın cəhalətinə səbəb olan xürafat və mövhumi şeyləri "din" adıyla təqdim edən din xadimlərinin, fırıldaqçı tacirlərin, kasıb təbəqənin yolunu kəsib olan-olmazını əlindən alan qaçaq-quldurların, əhalinin yoxsullaşmasının səbəblərindən biri olan, məmləkətin sərvətini və varidatını talayan əcnəbi iş adamlarının və bütün bunlara "qismətdir, qismətdən artıq yemək olmaz" düşüncəsiylə hər cür zülmə boyun əyərək təhsil, məktəb, bilik və elmi "küfr" və "küfr vasitələri" sayan avam xalqın cəhaləti aydın şəkildə göstərilmişdir.
Kitab IXX əsr Azərbaycan xalqının milli-dini, maddi-mədəni, ruhi-mənəvi, tarixi- fəlsəfi, etnoqrafik-statistik --bütün məişətini aydın şəkildə əks etdirməsi baxımından nəinki ziyalılar, ümumiyyətlə, o dövrün həyat tərziylə maraqlanan hər bir insan üçün əsl sənədli mənbədir. Hər hansı bir mütəxəssis onda öz ixtisasına dair faydalı mövzulara və lazımi məqamlara rast gələ bilər. Elə buna görə də kitabın kütləvi oxucu tərəfindən marağına və bəyənilməsinə səbəb olacağını düşünmək olar. O, nəinki jurnalistlər üçün tədqiqat və araşdırma, eləcə də, ədəbiyyatçılar üçün bədii mövzu qaynağıdır.
Məzmunca mən bu kitabı İsmayıl Şıxlının hamı tərəfindən sevilən "Dəli Kür" əsərinə bənzədirəm: eyni məmləkət, eyni dövr, eyni problemlər. Formaları fərqli olsa da, milli qaynaq hər iki kitabın məzmun cəhətdən ortaq nöqtəsidir. Xalqımızın IXX əsrdəki məişətini əks etdirən "Dəli Kür" romanı əsasında vaxtilə eyni adla çəkilən film necə maraqla qarşılanıb sevildisə, nədənsə, mənə elə gəlir ki, bu kitab əsasında bədii-sənədli film çəkilsə, o da eyni məhəbbətlə qarşılanıb sevilər. Çünki hər ikisi xalqımızın milli-mənəvi tarixini əks etdirir və gələcək nəsillər üçün o dövrü yaxından tanıdan sənədli və bədii-tarixi qaynaqlardandır.
Düzü, dəbdəbəli paytaxt və iri şəhərlərlə müqayisədə kiçik əyalət sayılan doğma Zərdabımızda mənəvi dəyəri böyük olan belə kitabın tərcümə edilib ərsəyə gətirilməsi "Əkinçi" qəzetinin redaktoru İsaməddin Əhmədov tərəfindən çətin bir işə məsuliyyətlə qoyulmuş qol, doğru yola müvəffəqiyyət və uğurla atılmış addım və imzadır--ümumilikdə mükəmməl bir çalışmadır.
Başqalarından fərqli olaraq, bizim üçün-"Əkinçi"nin kiçik kollektivi, Zərdabi vurğunu olan əməkdaşları üçün bu, sadəcə, nəfis şəkildə tərtib və nəşr olunmuş bir kitab deyil, qiymətindən, ümumiyyətlə, həddindən də çox dəyərlidir. Çünki kitab kommersiya məqsədilə deyil, zərdabisevərlərə və zərdabişünaslara--bir sözlə, xalqın elə Həsən bəyin özü kimi düşünən ziyalı təbəqəsinə onun, tərcümə olunmuş bu məqalə və məktubları vasitəsilə daha yaxından tanınmasına, böyük düha və parlaq ziya sahibi olduğunun bir daha sübutuna yönəlmiş və məqsədyönlü şəkildə həyata keçirilmiş misilsiz bir əməkdir.
Sonda kitabdan dövrümüzü də əks etdirən bəzi aktual sətirləri sizə təqdim edirik:
"Bizlərdə təhsil məsələsi hələ də rüşeym halındadır."; səh:128.
"Səhiyyə sahəsində də bizlərdə vəziyyət acınacaqlı, bəlkə lap ondan da betərdir."; səh:129.
"Bizim məhkəmələrdə də heç bir dəyişiklik baş verməyib..."; səh:129.
"Nə qədər ki, bizlərdə mövcud olan bu qaydalar, daha dəqiq desək, qaydasızlıqlar davam edəcək, heç bir qayğı və cəhdlər, heç bir zəhmət və vəsait bizləri kamilləşmə və tərəqqi yoluna çıxara bilməyəcək."; səh:158.
"Hamımız bilirik ki, diyarımızda baş verən hadisələr barədəki statistik məlumatlarımız düzgün deyil. Digər tərəfdən də, çoxları elə düşünür ki, guya bizlərdə yalnız az əhəmiyyətli cinayətlər açılmamış qalır, quldurluq, qətl və başqa bu cür cinayətlər isə aşkarlanır və bu cinayətləri törədənlər tapılaraq, layiqincə cəzalandırılır." ; səh:259.
"Əlbəttə, təkcə təlimati əmr və sərəncamlar, müxtəlif göstərişlər kifayət etmir; işin yaxşı təşkili üçün elmi bilik çox vacibdir, bu biliyə sahib olmadan heç bir tədbiri icra etmək mümkün deyil. Amma çox təəssüf ki, bizim rəhbərlərimizin bu işlərə diqqət verməyə vaxtları yoxdur. "; səh:358.
Züleyxa Teyyubzadə, "Əkinçi"-nin müxbiri
Həsən bəy Zərdabi: seçilmiş məqalələri və məktubları
Reviewed by Camil Asad
on
11.8.17
Rating:
Hiç yorum yok: