Weather forecast for Zardab

Hamlet İsaxanlı: Yanğıdan doğan şeirlər

 Sevil Gültən: "Mən göylər qızıyam"   

Hamley isaxanli sevil gulten haqqında
Bu yaxmlarda Zərdabdan bir məktub və bir dəftər aldım. Sevil Gültən, Sevil Məmmədqızı, Sevil Nuriyeva adları ilə imzalanmış 48 səhifəlik dəftərin üstündə "Tanrım, məni quş eylə!" sözləri yazılmışdı. Içində isə səliqəli xətlə yazılımş şeirlər vardı.Şerilər məni tutdu.
Keçir ömrüm vallah, röyalar kimi,
Eh, kim vurdu kor bəxtimə kilidi.
Ağlar qəlbim kim deyir ki, kiridi
Bir gün görəm qolum qanad kimidi-
Tanrım, məni quş eylə!
   Şerilərdə ürəkağrıdan bir üzüntü vardı. Sanki qəfəsə salınmış bir quş göylər həsrətilə ağlayırdı, qəfəsə salınmış aslan nərə çəkirdi. Yaradıcılıq eşqi ilə döyünən, sevilmək və sevmək xoşbəxtliyindən aralı qalmış, amma ümidini üzməyən, gündəlik qayğıların adiliyindən, təkrarından bezmiş bir çılğınlıq hiss olunurdu bu şerilərdə.
Göylər qızıyam -
hava acıyam,
genişlik möhtacıyam.
... Bir güin soyunub atacağam paltarlarımı,
çıxarıb tullayacağam ayaqqabılarımı .
Qollarımı qanad kimi açacağam,
əvvəl havanı qucaqlayacağam,
sonra uçacağam.

   Ailə səadəti uzun sürməyib. İki qızını tək böyüdür. Təklik, təkliyin döğurduğu zəhmət və məsuliyyət, zamanın başgicəlləndirici sürəti qarşısında nə edə bilərik? İstedad varsa, sözə, şeirə dönmək, xəyallarını və düşüncələrini özünə sirdaş etmək insanın qarşısında tək yoldur.

Cavan idim, tez qarıdım,
Bircə anamdan yarıdım.
Yüz yaşasam, qocalmazdım,
Qocaldım ev tikə-tikə.
  Sevil xanımın şeriləri onun çox həssas və kövrək olduğunun sübutudur. O, acı küləklərdən qorunmaq istəyir. Zərif qəlbinə həmdəm axtarır:
…Bir çiçəyəm – köməksizəm,
qırma məni!
Əgər bacarsan, qoru məni,
Qoru məni acı küləklərdən,
yoldan ötənlərdən.
… Qoru məni yağışdan,
yaza çıxart məni qarlı qışdan.
….Bir çiçəyəm qırma məni,
əgər qırsan, atma məni,
köksündə gizlət məni.
Qəlbindəki məhəbbətlə
Isit məni, yaşat məni!
   Xəbər göndərdim. Gəldi. Girişsiz, diplomatiyasız söhbətə başladı. Sürətlə danışırdı, gah tutulur, gah açılırdı. Şerin vurğunu olmaqla kifayətlənmir, poetik mühüt arzulayır. Məktubunda yazdığı kimi: “Balıq dəryada böyüyər, tale məni ğölməçəyə saldı”.
  Görüşümüzdən bir neçə gün keçmiş daha üç dəftər göndərdi.İki şagird dəftərində şeirlər yazılmışdı. Birində isə Lord Bayrondan etdiyi sətri tərcümələr verilmişdi. Sonralar talenin dönüklüyümü, yoxsa Sevil xanımın həvəssizliyimi, onun ifasında Bayronun azərbaycancaya poetik tercümelerine gətirib çıxarmayıb.
  Sevil xanımın şeirlərində bəzən hekayəçilik əlamətləri görünür, bəzi şeirləri mənsur şeirlərə də bənzəyir. Amma o, ancaq hisslərini yazır, qafiyə arxa planda qalır, şablondan qaçır və çox zaman da buna müyəssər olur.
Hər gün günəş gizlənəndə,
bağlara qaranlıq çökəndə
kövrəlir bu ağac-
Bəxtindən gileylənir bu ağac.
Bu ağac bezib
bir yerə yapışıb qalmaqdan,
bezib həmişə eyni otlara baxmaqdan.
Bezib sevincini, kədərini içində saxlamaqdan
Bu ağac yerimək istəyir,
bu ağac gəzmək istəyir.
  Təbiətlə, onun müxtəlif təzahürləri ilə insan taleyi arasında oxşarlıqlar həmişə şairlərin sevdiyi mövzu olub.
Builki qış
atamı aparmağa gəlmişdi,
apardı, əbədi apardı.
Builki qış yağan yağış
evimizin divarlarına,
bacılarımın yanaqlarına
Atamızı hamımızdan az görmüş
kiçik qardaşımın gözlərinin içinə-
ürəyinə yağdı.
   Sevgi hissi şairi heç vaxt tərk etmir. 0, həmişə gözləyir, ümid edir:
... Sən məni sevsəydin, sevsəydin, Allah,
Xoşbəxtlər xoşbəxti olardım bəlkə.
Hansına çatdım ki, arzularımın
Mənim arzularım ölür bələkdə.
  Adətən cəmiyyətin davranış formaları fərdlərdən cəmiyyət içərisində öz hisslərini cilovlamağı tələb edir. Şeirdə isə müəllif açıq və səmimi ola bilir. (müəllif özü səmimidirsə ... ) Şeirdə hisslər cilovlanmamış haldadır, təbiidir. Sevil xanım heç həyatda da öz hisslərini cilovlamağa xüsusi səy göstərmir. Şeirdə isə o, tam sərbəstdir, azadlığın dadını özü də duyur, oxucularına da çatdırır. Şeirləri qulaq üçün deyil, (bu azərbaycan şerinin böyük qisminə xasdır) ruha yönəlmişdir.
  Azərbaycan xalqının böyük qisminin şeir yazdığı, peşəkar adlanan şairlərlə həvəskar adlanan şairlərin arasındakı fərqlərin az qala yoxa çıxdığı bir dövrdə həqiqətən istedadlı şairlərə, tutarlı fikirlə zərif formanı birləşdirə bilən şairlərə ehtiyac duyulur. Sevil xanımın şeirləri seviləcək, düşündürəcək, ağlada bilmək qüdrəti ilə yadda qalacaq, buna şübhəm yoxdur.
İstedadlı şairə Sevil xanım, Sevil Gültən insana, təbiətə, şeirə vurğundur. Bu vurğunluğun və talenin qaladığı yanğının yeni gözəl şeirlər doğurmasını arzulayıram.

Hamlet İsaxanlı. 1 fevral 2003-cü il. "Xəzər-Xəbər" jurnalı

 Sevil xanım barədə daha çox məlumat almaq üçün

Sevil Gültənin şeirlərinin bir hissəsi toplanmış elektron

          

sevil gulten sheirler


   Elektron kitabdan seçmələr






MƏN GÖYLƏR QIZIYAM

... Mən göylər qızıyam - 
                göylər üçün doğulmuşam
Ona görə Yer üzündə 
             başa düşmürlər məni 
... Ona görə hər acı söz . 
             üşüdür qəlbimi ... 
... Mən göylər qızıyam -
            heç kəsin xəbəri yoxdur məndən
                      xəbəri yoxdur düşüncələrimdən
...Mən mələyəm - 
              gərək həmişə düzünü söyləyəm
              əfsus ki, Yer üzündə kölə kimiyem
... Mən mələyəm - 
              onun üçün geydiyim paltarlar bədənimi sıxır
              paltarlar qoymur bədənimi 
                 günəşlə isinməyə 
Ayaqqabılar ayağımı sıxır 
           qoymur ayaqlarımı istədiyi yerə getməyə 
... Göylər qızıyam - 
             hava acıyam,
              genişlik möhtacıyam 
...Bir gün soyunub atacağam paltarlarımı
Çıxarıb tullayacağam ayaqqabılarımı
Qollarımı qanad kimi açacağam 
Əvvəl havanı qucaqlayacağam - 
                      sonra uçacağam ...
Mən göylər qızıyam - 
                      göylər üçün doğulmuşam
Dostlarım, bir gün görəcəksiniz
yox olmuşam 
                                             28 oktyabr 1990 






TANRIM, MƏNİ QUŞ EYLƏ!
İnsan kimi yaşamaqdan yoruldum
Tanrım, məni quş eylə! 
İnsan olub qovuşmadım sevgimə
Quş eyləsən, sevdiyima tuş eylə - 
                       Tanrım, mənİ quş eylə! 

Ağlayıram, göz yaşımı silən yox 
Nə çəkirəm, vallah, bircə bilən yox.
Sevincini mənlə yarı bölən yox
"Yarım" deyib məndən ötrü ölən yox - 
                       Tanrım, məni quş eylə! 
 
Yeriməkdən yorulubdur ayağım
Yıxılanda yoxdur mənim dayağım
Gecə-gündüz həsrət mənim qonağım
Göz yaşımdan heç qurumur yanağım- 
                     Tanrım, məni quş eylə! 

Qanad çalıb uçaram oba-oba 
Yorulanda qonnam yaşıl budağa
Yarəb, məni nə çox çəkdin sınağa 
Könlüm dözmür bu ağrıya, bu aha- 
                   Tanrım, məni quş eylə! 

Həsrət ilə çox baxmışam göylərə
Noolar, bir gün baxım göylərdən yerə
Uçub gedim xəyal çatmaz yerlərə 
Bir quş tapım öz dərdimi deməyə - 
                   Tanrırn, məni quş eylə! 

Keçir ömrüm, vallah, röyalar kimi
Eh, kim vurdu kor bəxtimə kilidi
Ağlar qəlbim kim deyir ki, kiridi 
Bir gün görəm, qolum qanad kimidi
                  Tanrım, məni quş eylə! 

Ruhum uçub, gör haçandır göydədir
Ruhsuz ürək heç bilmirəm, mən nədir
Tanrım, eşit, gör mən bəndən nə deyir
Mən bəxtsizi bu yer üzü neyləyir - 
                  Tanrım, məni quş eylə, 
                  Quş eyləsən, sevdiyimə tuş eylə! 
                                               avqust 1997

TƏZAD
Həm ağam,
            həm qara
Həm sağam, 
          həm dərine işləmiş yara.
.... Həm qaram, 
       yay günü buza dönüb ələnərəm yer üzünə
Həm odam, 
      qış günü köz olub girərəm ürəklərə
Həm yağışam, 
      leysan kimi yağaram quru səhralara
Həm səhrayam, 
       yağış həsrətilə baxaram göy səmaya
 ... Gah yazam, 
           günəşi duyub açılan təzə çiçəyern
Gah payızam, 
          soyuqdan titrəyən sarı ləçəyəm
Gah dəliyəm, 
         bilmirəm nə söyləyirəm
Gah müdrikəm, 
          kiməsə nəsihət verirəm
Təzadam - 
      bir gözüm yaşla dolub 
     bir gözüm sevgidən odlanıb
Mən Seviləm - 
            ikiyə bölünmüş kimiyəm. 
                                     7-8 dekabr 2003 


KÜSÜB GETMƏK İSTƏYİRƏM DÜNYADAN
Küsüb getmək istəyirəm dunyadan
Mən çıxmışam Allahımın yadından. 

       Gecələrim aysız qalıb, 
       Gündüzlərim qaralıb, 
       Güvəndiyim o dağlara qar yağub-
       Küsüb getmək istəyirəm dünyadan. 

Ürəyimin sevgi payı gəlmədi, 
Qara bəxtim düyün düşmüş ilmədi
Hər dəqiqəm bir əsrdir, il nədir- 
       Küsüb getmək istəyirəm dünyadan.
 
Elə bildim, bəxt ulduzum parlayar,
Harda olsam, gəlib məni arıyar
Məlhəm qoyub hər yaramı sarıyar- 
         Küsüb getmək istəyirəm dünyadan. 

Xoşbəxtliyim çin çıxmamış yuxu oldu
Şimşək kimi qəfil çaxdı, yox oldu
Sınıq qəlbim nədən belə yuxaldı?- 
         Küsüb getmək istəyirəm dünyadan. 
                          oktyabr 2003 

MƏN BELƏ QİSMƏTLƏ NECƏ BARIŞIM?
Gecikmiş məhəbbət düşüb bəxtimə
Əlim həsrət sevdiyimin əlinə
Boğuluram min əzablar selındə 
             Mən belə qismətlə necə barışım?
 
Tanrım mənə nə verdisə, gec verdi
Baharımda gur yağışım gecikdi
Mənim baxtim taleyindon Incikdi-
              Mən belə qismətlə necə barışım?

Görüş yerim - xəyalların qanadı
Ağlar sevgim neçə dərdə anadı
Ha sarıdım, yaram yenə qanadı-
            Mən belə qismətlə necə barışım?

Nə uzunmuş, səhər olmur gecəlr
Mənim yatağımda həsrət gecələr
Hələ görəcəyəm sərt-sərt gecələr- 
           Mən belə qismətlə necə barışım?

Ayrılıq var bu sevdanın sonunda
Eşqim qonaq gəldi qara donunda
Gecələr yataram hicran qoynunda 
        Mən belə qismətlə necə barışım?
       Əzaba, ağrıya necə qarışim? 
                            18 fevral 2004  
.
GƏL SEVGİ OYUNU OYNAYAQ
Gəl sevgi oyunu oynayaq,
        ömrün qışını unudaq
... Mən "sevirəm" - deyim,
       sən de: "sevmirəm". 
Mən "sevmirəm"- deyim
         sən de: "sevirəm". 
Tez bağlayım gözlərinin qapaqlarını 
      və öpüm "sevirəm" pıçıldamış dodaqlarını . 
.. . Açma gözlərini, 
qorxuram orada oxuyam "sevmirəm" sözlərini. 
                                        may 2006 

ÇAGIR MƏNİ
Nə olar, bir gün
     unut işi, 
     unut keçmişi, 
               unut dünyanı,
               çağır məni yanına. 

Dünyanın o başında olsam da
İnan ki, 
    uça-uça gələrəm yanına. 
Xəyalını qucaqlaya -qucaqlaya gələrəm.
Nə olar, bir gün 
       çıxıb gedək bu dünyadan
gedək mənim dünyama- 
bircə gecə qulaq as mənim sevgi nağılıma. 
                                          16 fevral 2004 

BIR ÇİÇƏYƏM
Bir çiçəyəm, qırma məni
       Anam torpaqdan ayırma məni
Qəlbi kövrəyəm,
    İntizarda saxlayıb
             ağlatma məni
Soyuq baxıb yaralama qəlbimi
…Hər gün sığal çək ləçəklərimə,
            sevinc bağışla gözlərimə
…Bir çiçəyəm – köməksizəm,
                                qırma məni!
Əgər bacarsan, qoru məni!
Qoru məni acı küləklərdən,
              yoldan ötənlərdən
… qoru məni yağışdan,
         yaza çıxart məni
qarlı qışdan
… Bir çiçəyəm , qırma məni
        əgər qırsan, atma məni
  köksündə gizlət məni
      Qəlbindəki məhəbbətlə
İsit məni,
            yaşat məni!
                                       may 1986 
Hamlet İsaxanlı: Yanğıdan doğan şeirlər Hamlet İsaxanlı: Yanğıdan doğan şeirlər Reviewed by Camil Asad on 1.8.16 Rating: 5
Blogger tarafından desteklenmektedir.