Sevil Gültənin “Uşaqlıq illərimin şəkilləri” kutabı haqqında
Hər dəfə Bakıdan Moskvaya qayıdarkən keçirdiyim hissləri açıqlamaqda acizəm. Tək onu deyə bilərəm ki, hər qayıdışda camadanımdakı yükün yarıdan çoxu kitab olur və dostlarımın bu qiymətsiz hədiyyələri olur məni ovudan, Vətənmlə növbəti görüşədək yaşadan.
Qələm yoldaşlarım, özləri də bilmədən, bəlkə də bilərəkdən, qəlblərinin
istisini, mehr-məhəbbətini kitablarına hopdurub qürbətimə ünvanlayırlar və,
onlar da, mənim gecələr gündüzüm, qışda baharım olurlar. Hər birini sevgi və
hörmətlə oxuyur, bəzən də, məni titrədən misralara biganə qala bilməyib ürək sözlərimi
kağıza köçürürəm.
Bu dəfə qürbətdə sirdaşlıq edəcəyim kitablardan biri - Sevil Gültənin “Uşaqlıq illərimin şəkilləri” adlı kiçik hekayələr toplusu oldu; sadə, amma çox qəribə üslubda, gözəl şeir qədər axıcı dildə yazılmış hekayələr...
Sevil haqda yazarkən Tomas Karleylin sözlərini xatırlayıram: “Bəşər övladının
yaradıcılıq nümunələrindən ən maraqlısı və diqqətəlayiqi – kitabdır. Kitablarda
keçmişin düşüncələri yaşayır; ruhları artıq çoxdan bir yuxu kimi göylərə çəkilmiş
insanların səsi açıq-aydın eşidilir. Bəşəriyyətin bacardığı, icad etdiyi, nail
olduğu hər şey – bir möcüzə kimi, kitab səhifələrində saxlanılıb”.
Müəllifin varaqlara süzülən “dünən”i bugün olub qarşımıza çıxır, hər birimizin
iç dünyasıyla ortaqlaşır, ümumiləşir. “Uşaqlıq illərimin şəkilləri” kitabı
ikinci dəfə oxuyarkən, adətim üzrə özüm bəzi qeydlər etmişdim və indi də
onlardan bir neçəsini sizinlə paylaşacağam.
Əvvəla onu deyim ki, bu kitab, Eyvaz Zeynalovun “Cəza” hekayəsindən sonra
oxuduğum ən yaxşı nəsr nümunələrindən idi. Son vaxtlar esse yazaraq, cümlələri
alt-alta misralayaraq adına şeir demək dəbə düşüb. Sevil Gültən isə bu lirik,
axıcı və səmimi hekayələrə esse demək cürəti tapıb özündə, yazıçılıq
dəyərlərinə qiymət verib, hekayə janrını bir daha sevdirib bizlərə. Əsər
qıtlığı olmayan bir dövrdə nəsrin bütün gözəlliklərini ortaya çıxarmaq - Sevil
xanımın üstünlüklərindən biridir.
Hekayələr heyranlıq, şükranlıq və rəhm doludur. Oxuduqca, təsvir olunan bütün
səhnələr, qəhrəmanlar dəqiqliyilə yadda qalır.
Mən rəhmətlik İsmayıl Şıxlının tələbəsi olmuş, tam qırx il Azərbaycan dili və
ədəbiyyatından dərs demiş bibim – Afitab xanım Şıxlinskayanın tərbiyəsini
almışam. Odur ki, müəllim adı mənim üçün hər zaman uca olub! Məktəb illərini,
müəllim həyatını əks etdirən “Dərs” hekayəsi kövrək xatirələr canlandırdı
yaddaşımda:
“Sinfimizə, çox pis oxuyan və səliqəsiz geyinən, Vahid adlı bir oğlan gəlmişdi.
Hər dəfə dərs danışmağa durğuzanda başını aşağı salıb “oxumamışam” deməyindən
müəllimlər də, biz də zinhara gəlmişdik. Bəzən ürəyimdə arzu edirdim ki, kaş
möcüzə baş verəydi və Vahid heç olmasa bir dəfə dərsə hazır gələydi.
Bir gün, ədəbiyyat dərsindəvAfitab xanım (bibim mənim də ədəbiyyat müəllimim
idi) Vahidi ayağa qaldırıb Füzulinin “Məni candan usandırdı” qəzəlini oxuyub
oxumadığını soruşdu. Vahid gözlərini bərəldib qəzəlin adını belə təkarlaya
bilmədiyində bütün uşaqlar gülüşdülər. O özü də, utanmaq əvəzinə, arsızcasına
gülməyə başladı. Müəllimə hirslənib Vahidin qolundan yapışdı və direktorun
yanına aparmaq istədi. Bu zaman oğlanın köhnəlib əfrimiş məktəbli geyiminin
qolu müəllimənin əlində qaldı. Bircə onu xatırlayıram ki, Vahid partaya çökdü
və başını qucaqlayaraq hönkür-hönkür ağlamağa başladı. Hamımız kövrəlmişdik.
Məlum oldu ki, o, çox kasıb, güclə dolanan çoxuşaqlı bir ailənin sonuncu
övladıdır. Anası işləmir, yaşlı fəhlə atası isə zavodda çalışır. Və böyük
qardaşlarından qalan bu köhnə pencəyin cırılması Vahid üçün əsil faciə idi.
Bibim onu birtəhər sakitləşdirdi. Dərsdən sonra evimizə aparıb pencəyin qolunu
tikdi, onun süzülmüş pioner qalstukunu çıxarıb, əvəzində mənim təptəzə
qalstuklarımdan birini verdi və həmin il, imkansız ailələr üçün nəzərdə tutulan
pulsuz məktəbli geyimlərindən bir dəst Vahidə verildi...”
Bu sətirləri yazarkən sanki özüm də keçmişə qayıtdım və Sevil Gültənin
səbəbkarlığı ilə, mən də uşaqlıq illərimin albomunu vərəqləmiş oldum...
“Sevda, nisgil, giley...” Bu hekayəni təkcə bədii əsər nümunəsi deyil, həm də
Sevil xanımın dilçilikdə araşdırma işi kimi qəbul edə bilərik.
Müəllifin “Könül dəftərimin saralmış vərəqləri”, “Keçmişdən gələn qız”,
“Ünvanına çatmayan kitab” adlı kövrək hekayələri; vətən və onun vətəndaşlarını
anladan “Haradan başlanır Vətən?”, “Kim deyir ki, müharibələr qurtarır?!”,
“Nurməmməd əmi”; ülvi və müqəddəs məhəbbət mövzulu “Qoşa qarıyanlar”, “Kakay –
ölmüş bir sevginin ruhu” , eləcə də digər hekayələri, onu yaxşı müşahidəçi,
gözəl bir rəssam kimi tanıdır bizə. Kitab, məişət qayğılarını və mürəkkəb insan
xarakterlərini anladan hekayələrlə də zəngindir.
Haqqında söhbət açdığım “Uşaqlıq illərimin şəkilləri” “Kitabsız evlər”
hekayəsilə tamamlanır. Məncə bu heç də təsadüfi deyil. Ümumiyyətlə, uca “Kitab”
məfhumu – bu kitabın baş qəhrəmanıdır desəm – yanılmaram, çünki, Sevil xanım
onu ən böyük dəyər, ən qiymətli xəzinə, insan ola bilmək üçün ən başlıca amil
hesab edir! “Kitab
olmayan ev – ruhsuz bir bədən misalıdır!” – demişdir dahi Siseron. Həqiqətən
də, ev – onun sakinlərinin aynasıdır. Kitab olmayan ev isə bu sakinlər haqda
bizə nələr deyir, nələr söyləyir...
“Dahiyanəlik – ilhamın bircə faizidir, qalan doxsan doqquzu isə əməkdir” –
demişlər. Sevil xanımın tanıyan hər kəs onun həm istedadlı, həm də çalışqan
olduğunu çox yaxşı bilir. Onun gecə-gündüz bilmədən ədəbiyyata və tərcümə işinə
qurban etdiyi ömür, göstərdiyi fədakarlıq nəzərdən kənarda qala bilməz. Lakin,
əlbəttə ki, zamanımızın müxtəlif çətinlikləri yazı adamlarının layiq olduqları
səviyyədə yaşaya bilməsinə əngəllər törədir. Kitabı yaradan müəllif olsa da,
onun taleyini cəmiyyət həll edir. Və çox heyif ki, bir çox dəyərli
müəlliflərimizin həyat tərzi onların istedadları ilə düz mütənasib deyil! Amma
gələcəyə inamla yaşamaq da bir bacarıqdır! Ümid və inam isə uğurun meyarlarıdır!
Mən inanıram ki, hörmətli qələm dostumuz Sevil Gültənin necə ki, köhnə, eləcə
də yeni şəkillərlə dolu albomlarını hələ çox varaqlayacağıq!
Afaq Şıxlı: "Şeir kimi hekayələr"
Reviewed by Camil Asad
on
22.11.16
Rating: