Weather forecast for Zardab

Zərdabın ərazisi, əhalisi, tarixi ( qısa xülasə)

 Zərdab -aydan arı, sudan duru  ('Beynəlnehreyn' ) adlandırılan məkan

 Zərdab inzibati-ərazi vahidi Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar inzibatı rayonlarını və Əli-Bayramlı, Mingəçevir, Yevlax şəhərlərini əhatə edən Aran iqtisadi rayonunun tərkibində, Mərkəzi-Aranda, Şirvan düzündə yerləşir.


Zərdab rayonu

     Rayonunun yerləşdiyi Mərkəzi-Aran, Kur-Araz çökəkliyinin Xəzər sahillərindən başlamiş 0 metr yuksəkliyə qədər sahələrini əhatə edir. Aran iqtisadi rayonun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir. İqtisadi rayonun yalnız ətraf dağlara yaxın hissələrinin səthi mailidir. Bu çökəklikdə yerləşən ərazilərdə neft yataqlari var.
  Region üçün əsasən quru subtropik iqlim xarakterikdir. Əsas çayları Kür-Araz və onlarin qollarıdır. Bütün çaylar düzənlikdən kənarda, dağlarda yaranir. Mərkəzi-Aran respublikamızın mühüm pambıqçılıq mərkəzidir. Ərazinin təbii şəraiti üzümçülük, taxılçılıq, quru subtropik bitkilər üçün olduqca əlverişlidir. Aran rayonunun şoranlı yarımsəhraları maldarlıq üçün qış otlaqlarıdır.
  Zərdab rayonu Ucar dəmir yolu stansiyasından 35 km, Bakıdan 285 km aralıdadır. Rayonun səthi düzənlikdir, ərazinin çox hissəsi okean səviyyəsindən alçaqdadır. Sərhəddindən Kür çayı axır. Rayondan axan Qarasu çokəkliyi Kürün qədim dərəsidir. Qış və yay otlaqları bütün il boyu heyvandarlığın inkişafına şərait yaradır. Sututarları balıq yetişdirilməsi üçün əlverişlidir. Ərazidə neft-qaz yataqları aşkar edilmişdir. 

   Ərazisi: Bir tərəfdən Aran iqtisadi rayona daxil olan Kürdümir, Ağdaş, Ucar, digər tərəfdən isə, təbii sərhəd olan Kür çayı nəzərə alınmazsa, İmişli, Bərdə, Ağcabədi rayonu ilə sərhədlənərək (Zərdab və Ağcabədini Kür üzərindəki körpü birləşdirir) 860 kv.km əraziyə malikdir. Rayonun ərazisi respublika ərazinin təxminən 1 % faizini, yerləşdiyi iqtisadi rayonun ərazisinin isə təxminən 4% faizini təşkil edir.


Zərdab rayonu çay sahili
İqlimi: Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi xarakterikdir (bu iqlimə quru subtropik iqlim də deyilir). Bu iqlim zəif nəmliyi, yayın isti keçməsi ilə səciyyələnir. Yay aylarında havanın tempraturu 35-40 S-yə çatır. Mütləq maksimum tempratur 41-44 S-dək yüksəlir. Havanın orta aylıq tempraturu yanvarda +3 C, iyulda +27 s-dir. İllik yağıntı 335 mm-dir. Bu iqlim şəraiti pambıq, üzüm, meyvə-tərəvəz, quru subtropik bitkilərin yetişdirilməsi üçün əlverişlidir.


    Torpağı: Boz-çəmən torpaqlarıdır. humusun miqdarı (bitki və orqa-nizm qalıqları) 2 faizdir.

  Bitki ortüyü: Yovşanlı-şoranlı, yovşanlı-efemerli yarımsəhra bitkiləri üstünlük təşkil edir. Ümumiyyətlə yarımsəhra bitkilərin inkişaf etdiyi bu zona məhsuldar qiş otlaqlarıdır. Əkin sahələri genişləndikcə yarımsəhra bitkilərin arealı kiçilir. Kür çayı yatağına yaxın sahələrdə axmaz və göllərin ətrafında gilli-qamışlı bataqlıq çəmən-çöl bitkilərinə rast gəlinir. Kür çayı boyunca Tuqay meşələri uzanır. Yarımsəhrada təbiətin insanlara payı olan yaşıl zolaq həm torpaqqoruyucu, sahilbərkidici rol oynayır, həm də ətrafın iqlimini yumuşaldır. Təssüflər olsun ki, insan təbiətin əvəzsiz payı ilə amansız rəftar edir. Bu da öz əks təsirini iqlimə və torpağın məhsuldarlığına göstərir.

   Əhalisi: 2008-ci ilin əvvəlinə rayon əhalisinin sayı təxminən 51.8 min nəfər olmuşdur ki, bu da respublika əhalisinin təxminən 0.6 faizini təşkil edir. Əhalinin ümümi sayının təxminən 17 %-i şəhər və təxminən 73%-i kənd sakinindir. Əhali Zərdab şəhərində, bir qəsəbədə və 39 kənddə məskunlaşıb.

  Tarixi: Zərdab öz coğrafi mövqeyinə görə bir zamanlar Kürdən əlverişli keçid kimi mühüm strateji rol oynamışdır. Zaman-zaman uzaq ölkələrdən yola çıxan səyyahlar, karvanlar və qoşunlar Kür çayını Zərdab ərazisindən keçmişlər.
  Mənbələrdə göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları 1500 -1501-ci illərdə Ərzincandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından (“Qoyun ülumu”ndan) Kürü keçmiş, Şamaxıya getmişdir. I Şah Təhmasib öz ordusuyla Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan Kürü keçmiş, Zərdaba (“Qoyun ülumu”) gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Professor Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” əsərində belə yazır: - I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı... Zilhiccənin 11-də (fevralın 2-də) “Qoyun ülumu” (bu, tarixi mənbələrdə Zərdabın qədim adını ifadə edir) keçidinin yanından Kürü keçdi... Əli Şabana gəldi”.
Zərdab Kur daşqınından sonra
  Ötən əsrin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qadın bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzə çıxırdı və indi bunların bir çox nümunələri Zərdab tarix diyarşunaslıq muzeyində eksponad kimi nümayiş etdirilir. Ümumiyytlə 1578-ci ilə aid tarixi mənbələrdə Zərdabın adına rast gəlinir.
   Bir çox mənbələr Zərdab adını fars dilində zərd (sarı)ab (su) sözlərinin birləşməsindən yarandığını göstərir, xəstəlik yayan sarı su mənasını verdiyini bildirir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə mənasında işlədildiyini iddia edirlər. Amma yararlı boş sahələr olduğu halda insanların özləri də "xəstəlik yayan sarı su" adlandırdıqları yerdə məskunlaşmaları təbii suallar doğurur və o qədər də ağıla batmır. N. Zeydlisin "Bakı quberniyası" kitabındakı izahat isə maraqlıdır. N. Zeydlis yazır ki, ilk vaxtlar Zərdab sözü soyuq su mənasında işlədilmişdir. Həmin kitabda qeyd olunur ki, müəllifə yer adlarının izahında Mirzə Fətəli Axundov kömək etmişdir.
   Bir fərziyyəyə görə Zərdab qızıl (zər) və su (ab) mənasını verir. Çünki o vaxtlar Kür və Qarasu çayları daşırdı. Çökəklərdə-axmazlarda qalan su əkinlər və əkinçilər üçün qızıl qədər əhəmiyyətli idi. Hər il öz bəndlərini aşıb daşan bu sular torpaqlqrı yuyaraq həm həqiqi, həm də məcazi mənada təmizləmişlər. Ola bilsin ki, bəzi tədqiqatçıların Zərdabı 'Beynəlnehreyn' (aydan arı, sudan duru) adlandırnası da məhz bundan irəli gəlib. Olsun ki, məhz bu təmizlik bir sıra müqəddəs insanları bu torpağa çəkmişdir. Bunu bu torpaqda uyuyan neçə-neçə övliyalar, seyidlər, şıxlar da sübut edir.
   'Allahın dostları' kitabında göstərilir ki, Hicrətin 30-cu ilində (Miladi 650-ci illər) Həzrəti Əlinin başçılıgı ilə ərəblər islamı yaymaq üçün Azərbaycana gəlmişlər, Tuqay meşələri yaxinliğindakı Suffin şəhəri ərazisində Suffin döyüşü olmuşdur. Bu ərazi Zərdabın indiki Yuxarı Seyidlər kəndinin yerində olan Yasər şəhərinin bir hissəsidir. Deyilənlərə görə pegəmbərimizn müridi Veysəl Qərani də burada şəhid olmuşdur. Neçə illərdir ki, bu yerlər ziyarətgaha (Veysəlqara ziyarətgahı) çevrilmişdir.
    İbn Cövşən və Əli İstəxrinin kitablarında Bərzəng (Bərzənd yaxud Bərdic) adlı şəhərdən söz açılır ki, bu da XII-XIII əsrin ən böyük şəhərlərindən hesab edilmişdir. Bu şəhər Zərdabın indiki Körpükənd kəndinin ərazisində olmuşdur.
Zərdab Əllvənd kəndi
   Zərdabın diğər kəndi - Əlvəndin də qədim tarixə malik olması söylənilir. Şərqdə ilk ipək, biyan kökü və qənd ustehsal edən sexlər bu kənddə açılıb. A.Bakıxanov 'Gülüstani-İrəm' əsərinə göstərir ki, Ağası xan 1775-ci ildə Əlvən kəndində oturub bütün Şirvanı idarə edərmiş. Əlvənd bazarı həm də Şərqin ən böyük bazarlarından olmuşdur.
  Əjdər Fərzəli özünün 'Nizami zirvəsi' əsərində Nizaminin Qızıl Arslanla bu kənddə görüşdüyünü yazır. Əgər bu sadəcə yazıçı təxayülü deyilsə, biz dahi Nizami Gəncəviin Zərdab torpaqlarında olması ilə fəxr edə bilərik. 
Tarixin sonrakı səhifələrində də Zərdab rayonunun adına rast gəlinir. 'Bakı quberniyası' adlı kitabda göstərilir ki, Zərdab kəndi xanlıqlar dövründə iri yaşayış məntəqəsi olub və zərdablılar əkinçilik , ipəkçilik , maldarlıqla məşğul olublar.
      XIX-XX əsrlərdə Göyçay qəzasının iri kəndləırindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilmişdir. Hazırda Zərdabın ərazisi - 860 kv.km-dir, əhalisinin sayı - 50000 nəfərdən çoxdur. İnzibati mərkəzi - Zərdab şəhəridir. Rayon Bəyimli qəsəbəsini və Bıçaqçı, Yuxarı Seyidlər, Sileyli, Körpükənd, Məlikli, Burunlu, Qoruqbağı, Sarıqaya, Məmmədqasımlı, Gödəkqobu, Yarməmmədbağı, Lələağacı, Pərvanlı, Gəlmə, Salahlı, Hüseynxanlı, Xaməmmədli, Əlibəyli, Allahqulubağı, Çallı, Məlikumudlu, Birinci Alicanlı , İkinci Alicanlı, Cülovxanlı, Dəliquşçu, Dəkkəoba, İsaqbağı, Qərəvəlli, Böyük Dəkkə, Nəzəralı, Şıxbağı, Gəndəbil, Ağabağı, Şahhüseynli, Şəftəhal, Aşağı Seyidlər, Əlvənd, Otmanoba kəndlərini özündə birləşdirir.
Zərdabın ərazisi, əhalisi, tarixi ( qısa xülasə) Zərdabın ərazisi, əhalisi, tarixi ( qısa xülasə)  Reviewed by Camil Asad on 18.10.16 Rating: 5
Blogger tarafından desteklenmektedir.