Yəqin ki, Zərdabın mərkəzində, mədəniyyət evinin qarşısında ucalan abidəni zərdablıların əksəriyyəti görüb - başında buxara papaq, əllərini çənəsinə söykəmiş bir ağsaqqal, kitablardan oxuduğumuz BƏY təmkini, ağalığı ilə öz kürsüsündə əyləşərək düşüncəli baxışları ilə bizləri süzür.
Onun süzdüyü bizlər isə bu baxışlara fikir vermədən sadəcə gündəlik qayğılarımızın mənğənəsində ötüb keçirik, güya ki, harasa tələsirik.
Hər bir şəxs öz vətəninin tarixində heç olmasa bircə dəfə nəyinsə ilkini, təməlini qoymaq istəyir, amma Tanrı bunu hamiya qismət etmir. O kişiyə isə qismət edib. Onun tərcümeyi halına özünüz fikir verin:
- Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin “təbiiyyat” şöbəsinə daxil olmuş və bu universiteti namizədlik diplomu ilə bitirən ilk müsəlman, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, müsəlman dünyasının ilk təbiətşünas alimi;
- Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869-cu il) ;
- Təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə",1872) ;
- 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində birinci olaraq teatr tamaşası göstərən mədəniyyət xadimi (1873-cü il) ;
- Rusiyada ilk turkdilli qazetin - "Əkinçi"-nin naşiri, Azərbaycan mətbuatının banisi (1875-ci il iyul ayının 22-si) ;
- Azərbaycanda ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarı, təşkilatçılarından biri;
- Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri(1906-cı il);
- XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəllərində Bakının etnik və mədəni baxımdan Azərbaycan şəhərinə çevrilməsində böyük rol oynayan vətənpərvər: “Onun təkidli tələbləri nəticəsində şəhər dumasına seçilən azərbaycanlı üzvlərin sayı ümumi tərkibin yarısına çatdırılmışdı. Şəhərə içməli su gətirilməsi, təhsil və səhiyyə ocaqlarının açılması, abadlıq işlərinin görülməsi və s. məsələlərdə Həsənbəy həmişə fəal vətəndaş mövqeyindən, milli maraq və mənafelərdən çıxış etmiş, erməni mafiyasının timsalında özünə çoxlu düşmənlər qazanmışdı”. (Quliyev V. Tarixdə iz qoyan şəxsiyyətlər. Bakı, Ozan, 2000).
Bəs nədən oz vətəninin tarixində bu cür izlər qoymuş bir şəxs - Həsən bəy Məlikov - Zərdabi - bizləri duşuncəli, fikirli baxışlarla süzür?
Bəlkə dayandığımız yerdə başımızı azacıq qaldıraq və soruşaq, soruşaq ki, nə dərin fikirlərə dalmısan, Bəy?
Tanrının hökmü ilə özünə yüksəltdiyin əzəmətli zirvədə əyləşib nə fikirləşirsən? Yenədəmi “göstərirsən – görmürlər, deyirsən- еşitmirlər”? Yəni ötən müddətdə biz heç deyişməmişik?
O isə susur, müdrikcəsinə susur.
Bəlkə biz də susaq ONUN bu əzəzmətli zirvəsi qarşısında? Susaq və başımızı qaldırıb HƏSƏN BƏY ZƏRDABİ zirvəsinə baxmazdan öncə öz iç dünyamıza enək, özümüzlə söhbət edək, bu sualların cavabını axtaraq?
Bizcə pis olmaz… ancaq bir şərtlə… Bu söhbətdə öz laqeyidliyimizə, unutqanlığımıza, dünya malına hərisliyimizə və daha nələrə-nələrə haqq qazandıran kiçik və böyük bəhanələr axtarmayaq….
Bəlkə susaq və sakitcə baş əyək Həsən bəy Zərdabi təmənnasızlığı qarşısında? Susaq və kimləri isə günahlandırmadan soruşaq: biz ANA adalndırdığımız doğma TORPAQ üçün ONUN etdiklərinin cüzi bir hissəsini etmişikmi?
Nədən hələ də bir çoxlarımız “elmdən vəba naxoşluğundan qaçan kimi qaçır” ?
“Dili məhv olanın beli qırılır, dili və mədəniyyəti gedənin özü məhv olduğunu” bilərək, yenə də dilimizin, mədəniyyətimizin qorunmasını bir-iki nəfərin vəzifəsi hesab edirik?
Nədən yenə də “Hər kəs öz qara sandığının üstə oturub onun içində olana səcdə edir və sandığı doldurmaq fikrindədir”?
Yenə də "biz bir-birimiz ilə xoruz-beçə kimi cəmaətin, ələlxüsus xaricilərin hüzurunda döyüşmyi” eyib saymırıq. Yenə də “biz öz nəfsimizi öldürə bilməyib qeyri vacibli işləri kənara qoyub bir-birimiz ilə tutuşub qeyriləri özümüzə güldürürük”. Nədən hələ də “Bəsdir, belə məsləkdən əl çəkəlim" deyə bilmirik?
28 iyun Zərdabinin doğum günüdür, 22 iyul isə Tanrının xeyir-duası ilə öz zirvəsinə yüksəlmiş Həsən bəy Məlikov - Zərdabi dühasının kiçik zərrəsini özündə əks ekdirən, Azərbaycan tarixində böyük bir səhifə olan "Əkinçi"-nin ilk nömrəsinin nəşr olunduğu gündür. Əli bəy Hüseynzadənin “Aləmi-islam bir qaranlıq içərisində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışmışdır. O məşəl nə idi? Əvvəlinci mətbu bu kəlam idi...” kəlmələrinin işığında gəlin biz də hələ də aktual olan bu suallara cavab axtaraq - ANA TORPAQ üçün nəsə edənləri tanımaq, tanıtmaq, fəxrlə “biz onların həmyerliləriyik" deməyi bacarmaq üçün.
Həsən bəyin vaxtı ilə cavab tapa bilmədiyi sualların cavabı əslinə bizə lazımdır. Özümüz üçün, övladlarımız üçün, gələcəyimz üçün...
Cəmil Əsədov - zardob.blogspot.com üçün.
Cəmil Əsədov - zardob.blogspot.com üçün.
Özünə abidə ucaldan insan
Reviewed by Camil Asad
on
21.7.18
Rating:
Hiç yorum yok: