Weather forecast for Zardab

Paris Sülh konfransına iştirak etmiş zərdablı

Ə.Topçubaşovun şəxsi katibi


Səffət Həsən bəy oğlu Məlikov
   Zərdablıların fəxr etdiyi şəxslərdən biri də Səffət bəydir. 
 Səffət bəy Həsən bəy oğlu Məlikov 1886-cı ildə Göyçay bölgəsinin Zərdab kəndində anadan olub. O, Bakı Real Gimnaziyasını bitirib.
 Xaricdə Ali Mühəndislik İnstitutunu bitirmiş, memar ixtisasına yiyələnmişdir. Səffət bəy ali təhsil yolunda çox çətinliklərdən keçmişdir. Belə ki, Səffət bəy Həsən bəy oğlu Məlikzadə 1915-ci ilin aprel ayından 1917-ci ilin əvvəllərinədək Bakı şəhər İdarəsi tərəfindən atası H.B.Zərdabinin adına təqaüdlə ayrılmış azad təqaüdlə Riqa Politexnik İnstitutunda təhsil alıb. Rusiyada hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra o, Riqadan Bakıya qayıdıb.
   1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasılə Səffət bəyi də siysai meydanına atılır. O, Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris Sülh konfransına gedəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə katib kimi daxil edilir və konfransda işritak edir. 
    Bu, Türkiyənin Boğaziçi Universitetində çalışan həmyerlimiz Vüqar İmanovun 2003-cü ildə Əlimərdan bəy Topçubaşovla bağlı çap etdirdiyi monoqrafiyada rəsmi sənədlərlə təsdiqlənib. Ə.Topçubaşovun şəxsi katibi kimi diplomatik fəaliyyət göstərən Səffət bəy,  bir müddət nümayəndə heyətinin maliyyə məsələlərinə də rəhbərlik edir  (mənbə: Zerdab.com saytı,  Akif Aşırlı:“Səffət Zərdabi Türkiyənin tanınmış memarı, mühacirət mətbuatımızın qurucularındandır”).

Maarif komissarlığına məktub

   Onun İstanbulda olduğu müddətdə anası Hənifə xanım Məlikzadə - Zərdabi 16 avqust 1919-cu ildə Azərbaycan Respublikasının maarif nazirinə müraciət edir:
Ali təhsilini başa vurmaq arzusunda olan oğlum Səffət bəy hal-hazırda Konstantinopolda Xarici İşlər Nazirliyində xidməti işdədir. Təbiidir ki, o, tezliklə Sizə yazılı müraciət etmək imkanından məhrumdur. Ona görə ki, oğlumun əvəzinə mən, onun anası Sizdən xahiş edirəm ki, Səffət bəyi də xaricə ali təhsil almağa göndərəsiniz.
   Səffət bəy İstanbuldan qayıtdıqda artıq Azərbaycan bolşeviklərin hakimiyyəti altında idi. Yaranmış siyasi vəziyyəti nəzərə alan Səffət bəy 7 fevral 1921-ci il tarixdə Azərbaycan SSR Maarif komissarı Dadaş Bünyadzadənin adına  məktub göndərir. Bu məktubda o qeyd edir :  “Dördüncü kursun tələbə-arxitektoru olan mənim inqilab nəticəsində təhsilimi qurtarmaq imkanım olmadı.
  Mən tələbə olarkən, politexnikum özünün istedadlı tələbələrindən biri kimi təhsilimi başa çatdırmaq üçün məni Almaniyaya göndərmək istəyirdi. Lakin 1917-ci ilin fevral inqilabı nəinki mənim xarici səfərimə, ümumiyyətlə, təhsilimi başa vurmağa mane oldu.
... İndi texniki mütəxəssislərə necə böyük ehtiyac yarandığını və Azərbaycan sovet hökumətinin təcrübəsindən xarici ölkələrə tələbə ezam etmək hallarının olduğunu bilərək, Sizin köməyinizə arxalanaraq xahiş edirəm ki, məni Almaniyaya ezam edəsiniz. Təhsilimi tamamlamaq üçün mənə il yarım-iki il vaxt kifayətdir. Bu müddətdən sonra mən arxitektor-mütəxəssis kimi geri qayıdacağam.”
Azərbaycanın dipıomatik heyyəti
Parisdəki Azərbaycan diplomatik heyəti. Soldan sağa:
 Əlimərdan bəy Topçubaşı, Abbas bəy Atamalıbəyov,
 Rəşid Topçubaşı, Səfvət Məlikov-Zərdabi
   Azərbaycan SSR Xalq Maarif Komissarlığının 1921-ci il 1 mart tarixli iclasında bu məktub müzakirə olunaraq, qərar qəbul edilir:
  "Tələbə Məlikovun 4-cü kursun dinləyicisi olduğunu, təhsilini başa çatdırdıqdan sonra Azərbaycan Respublikası üçün faydalı olacağını nəzərə alaraq, təhsilini davam etdirmək üçün məqsədilə xaricə ezam olunsun".
  1967-ci ilin yanvarın 1-də nəşr olunan “Türkiyə mühəndislik xəbərləri” dərgisinin yubiley sayında Səffət bəy Həsən bəy oğlu Məlikov  özü haqqında belə yazır : “1314 sənəsində Qafqaz Azərbaycanında mülkümüz olan Zərdabda doğulmuşam. İlk və orta təhsilimi Azərbaycanda-Bakıda aldıqdan sonra təhsilimi Riqa Ali Mühəndislik məktəbində davam etdirmişəm. Rusiyada 1917-ci il inqilabından sonra məktəbi və məmləkətimi tərk etməyə məcbur qalmışam. Bundan sonra Almaniyada Karleruhe Ali Mühəndislik məktəbinin memarlıq şöbəsini bitirdikdən sonra 1928-ci ildə Türkiyəyə gəlmiş və burada fasiləsiz olaraq məsləyimdə çalışmışam”. (Zerdab.com saytı,  Akif Aşırlı :  “Səffət Zərdabi Türkiyənin tanınmış memarı, mühacirət mətbuatımızın qurucularındandır”).

     Türkiyə həyatı 

 Akif Aşırlının təqdim etdiyi məlumatlarda qeyd edilir ki, əsasən Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə 1949-cu ildə yaradılan “Azərbaycan kültür dərnəyi”nə paralel qurulan “Azərbaycan Milliyyətçilər dərnəyi” 1952-ci ildə Ankarada təsis olunur və  Türkiyə Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Dərnəyin 11 nəfər qurucusundan biri  də Səffət bəy Zərdabidir. Bu dərnəyin qurucuları sırasında Azərbaycanın istiqlal savaşını aparan xeyli sayda tanınmış isimlər var. İsgəndər xan (Xoyski), “Azadlığa uçan” ilk azərbaycan türkü Mehmet Altunbay, Əhməd Ulusoy, Hidayət Turanlı kimi xalqımızın cəsur övladlarının yaratdığı dərnək qarşısına böyük məqsədlər qoydu: 
Böyük türk aləminin bir parçasını təşkil edən Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını araşdırmaq və yaymaq.
  1928-ci ildə Türkiyəyə dönən Səffət bəy Ankarada bir çox binaların baş memarı olur və Türkiyə Mühəndislər Ocağının əsas qurucuları sırasına qatılır. Səffət Zərdabi İnşaat sektorunda Ankarada maarif vəkalətli inşaat şöbəsinin müdiri, İnhisarlar Birliyinin inşaat şöbəsi rəisi, Sumerbank inşaat bölümünün direktoru kimi mühüm vəzifələr icra edir, Türkiyənin bir çox sənaye obyektlərinin baş memarı olur. Eyni zamanda ictimai-siyasi proseslərə qatılan Səffət bəy Azərbaycan mühacirlərinin bir araya gəlməsində, mühacirət mətbuatının formalaşmasında naşir-yazar kimi çalışır.
  “Azərbaycan Milliyyətçilər Dərnəyi”nin rəhbər heyətində təmsil olunan S.Zərdabi təşkilatın mətbu orqanı olan “Türk izi” dərgisinin nəşrində iştirak edir. 1952-1954-cü illərdə çap edilən, cəmi 10 sayı işıq üzü görən “Türk izi” radikal millətçi mövqeyi ilə  seçilir. Mühacir yazarlardan Niyazi Kürdəmirin, Hidayət Turanlının, A.Çəmbərəkəndlinin ərsəyə gətirdiyi dərginin nəşrində Səffət bəy böyük rol oynayıb.
  “Türk izi” bağlandıqdan sonra “Azərbaycan Milliyyətçilər Dərnəyi”nin ətrafında toplaşanlar “Mücahid” adlı dərginin çapına icazə alır. 1955-ci ilin iyulunda ilk nömrəsi işıq üzü görən “Mücahid” mühacirət mətbuatımızın ən uzun ömürlü  nəşrlərindən biridir. Aylıq ictimai fikir məcmuəsi kimi oxuculara təqdim olunan “Mücahid”in əsas şüarı Azərbaycan milli birliyi fikrini yaymaq və bütün Rusiya məhkumu islam-türk aləminin hürriyyət və qurtuluşu idi. 1962-ci ilə qədər 59 sayı çap olunan jurnalın təsisçisi və müdiri Çingiz Göygöl yenə də Müsavat Partiyası və onların liderlərinə qarşı kəskin müxalif mövqe nümayiş etdirirdi. “Yeni mətbəə”də çapa hazırlanan “Mücahid” bir müddət Səffət Zərdabinin rəhbərliyi ilə oxuculara çatdırılıb.

Qardaş nisgili

Səffət Məlikovun ailəsi
Hənifə xanım qızı Qəribsoltan xanım
və oğlu Siffət bəy ilə
  Zərdabi irsinin tədqiqatçılarından biri, Eldəniz Həsənov zerdab.com-da qeyd edir ki, Səffət bəylə bağlı bəzi mənbələrdə bildirilir: “Qəribsoltan xanım qardaşı Səffət bəyin həsrətindən çox üzülübmüş.
 Şahidlər söyləyirlər ki, ikinci dünya müharibəsindən sonra əsirlikdən qayıdan bir neçə nəfər Qəribsoltan xanımı taparaq ona Səffət bəyin salamını çatdırmışlar.
  Onlar demişlər ki, biz Fransada əsirlikdə olanda Səffət bəy alman komandanlığından icazə alıb bizi qonaq aparıb, Zərdab, zərdablılar, Azərbaycan haqqında danışmağımızı xahiş edib, qürbətdə yaşamağa dözə bilmədiyini söyləyib. "
   Eldəniz Həsənov öz araşdırmalarına  əsaslanaraq Siffət bəyin həmin insanlara dediyi bu sözləri də vurğulayır:
Allahdan bircə arzum var ki, heç olmazsa mən öləndə cəsədimi yandırıb külümü Kürə səpmək mümkün olaydı…
  Həmçinin bu sətrlərin müəllifi Zərdabinin yaxın qohumu Həmdullah bəyinHəsən bəy Zərdabinin qardaşı Səfəralı bəyin oğlu, 1890-cı ildə dünyaya gəlmiş, 1977-ci ildə vəfat etmişdir) və yaxınlarının danışdıqlarından xatırlayır ki, ölüm ayağında olan Qəribsoltan xanıma, onun son günlərindək qayğısına qalmış  bəstəkar Rauf Hacıyev  bir şəkil təqdim edərək , xaricdən əldə etdiyini bildirir.
   Bəıkə də, bu son günlərini yaşayan bir bacını sakitləşdirmək üçün edilən addım idi, bilmirəm. Amma, həmin şəkili göz yaşları içərisində Qəribsoltan xanımın sinəsinə sıxdığını Həmdullah bəy göz yaşı içərisində danışarmış.
    Rauf Soltan oğlu Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olmuşdur. Üç yaşınadək gözləri görməyib, sonrandan görmə qabiliyyəti açılıb. Onu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb. İkinci Dünya müharibəsi illərində görkəmli bəstəkarın anası Nanə xanımla (Nanə xanım Zərdablı olduğu üçün) Qərubsoltan xanım  Zərdabda orta məktəblərdə müəllim kimi çalışmışlar.  

  Araşdırılmağa ehtiyacı olan tarix

    Azərbaycanın bu intellektual mübariz oğlunun ailə həyatı və dünyasının nə zaman dəyişməsi hələ də öyrənilməyib. Faktlar onu deməyə əsas verir ki, S.Zərdabi 1970-ci ilə qədər yaşayıb. “Türkiyə Mühəndislik Xəbərləri” dərgisinin 1969-cu ildə buraxılan sayında S.Zərdabinin Türkiyə Mühəndislər cəmiyyətinin üzvü olduğu və 1130 saylı üzvlük vəsiqəsi daşıdığı məlum olur.   S.Zərdabi Nəsrin adlı xanımla ailə həyatı qursa da, bu evlilik barədə, övladlarının olub-olmaması haqda da məlumat yoxdur.
   Ümid edək edək ki, Zərdabişünaslar, tədqiqatçı alimlər, qələm sahibləri bundan sonra daha dərin araşdırmalar aparacaq, Həsən bəy Zərdabinin kiçik oğlu Səffət bəy Məlikovun kim olması faktlarını arxiv materialları əsasında xalqımıza çatdıracaq və bunun nəticəsində onun tarixi xidmətləri müstəqil görmək istədiyi Azərbaycan Respublikasında öz layiqli qiymətini alaraq tarixi şəxsiyyətlərimiz sırasında onun xatirəsi daima yad ediləcəkdir.
Paris Sülh konfransına iştirak etmiş zərdablı Paris Sülh konfransına iştirak etmiş zərdablı Reviewed by Camil Asad on 29.10.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.