Weather forecast for Zardab

Zərdabda nələr olub: 2009-cu ilin noyabr ayı

Zərdab xəbərları: zardab.com.az-ın arxivindən 

 /01.11.2009/ Zərdablı sahibkarlara da kredit verildi

  Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir Ağcabədidə keçirilib. Fonddan www.zardab.com.az-a verilən məlumata görə, burada 100-ə yaxın sahibkara güzəştli kreditlər verilib. Sonda müvəkkil kredit təşkilatları vasitəsilə Ağcabədi, Füzuli, Beyləqan, Zərdab, Bərdə, Yevlax, İmişli, Ucar, Biləsuvar və Neftçalanın 100-dən çox sahibkarına 1 milyon manata yaxın kreditlər verildi. Kreditlər vasitəsi ilə bu rayonlarda 150-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qeyd edək ki, ölkənin istənilən ərazisindən stasionar və mobil telefonlardan 195-2 telefon xidmətinə zəng etməklə müraciətlərə cavab almaq mümkündür. Təmənnasız telefon xidməti iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir. 

/05.11.2009/ Pərvanlı kəndində sakinlərlə görüş keçirib

        Noyabrın 4-də Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Pərvanlı kəndinə gələrək sakinlərlə görüş keçirib. www.zardab.com.az-a bu barədə Məmməd Rahim adına Pərvanlı kənd orta məktəbinin dil-ədəbiyyat müəllimi İntiqam İsmayılov məlumat verib. Məlumata görə, tədbirdə çıxış edən Lütvəli Babayev son illər Zərdabda görülən işlərdən danışıb. Prezident İlham Əliyevin tapşırığı ilə rayon icra hakimiyyəti başçılarının ayda 4 dəfə sakinlərlə görüşlər keçirdiklərini qeyd edən icra başçısı növbəti belə görüşün Pərvanlıda baş tutmasından məmnunluğunu qeyd edib. İcra başçısı 2010-cu ildə Pərvanlıda yeni məktəb binasının tikilib istifadəyə veriləcəyini qeyd edib. Onun sözlərinə görə, köhnə məktəb binasında isə kənd xəstəxanası və uşaq bağçası yerləşəcək. Daha sonra çıxış edən sakinlər göstərdiyi diqqətə görə, Lütvəli Babayevə minnətdarlıqlarını bildiriblər. Tədbirdə kənd sakinlərini narahat edən problemlər də müzakirə edilib. 

/09.11.2009/ Zərdabda "donuz qripi" şoku

        Noyabrın 8-də Zərdab rayon Mərkəzi Xəstəxanasına şübhəli qrip virusuna yoluxduğu ehtimal edilən 1966-cı il təvəllüdlü bir nəfər yerləşdirilib. Həmin şəxs bu il noyabrın 5-də Rusiyanın Novosibirski vilayətindən Ukrayananın Kiyev şəhərinə gəlib. Oradan da bilet alaraq Azərbaycana daxil olub. Yaşadığı Zərdab rayonuna gələn şəxsdə ağır qrip simptomları müşahidə olunduğu üçün o, Zərdab rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Füzuli Abdullayev deyib ki, xəstədən alınan qan nümunələri təhlil edilməsi üçün Bakıdakı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib: "Bu barədə Səhiyyə Nazirliynə xəbərdarlıq edilib. Xəstə izolyasiya olunub, hazırda onun vəziyyəti kafidir". Son məlumatlara görə, Zərdab rayon Mərkəzi Xəstəxanasına şübhəli qrip virusuna yoluxması səbəbindən yerləşdirilən 1966-cı il təvəllüdlü şəxsdən götürülmüş qan nümunələri analiz edilib. Zərdab rayon Mərkəzi Xəstəxanasının baş həkimi Füzuli Abdullayevin sözlərinə görə, təhlil zamanı məlum olub ki, xəstədə H1N1 virusu yoxdur. O, sadəcə ağır qripə yoluxub". 

/16.11.2009/ Nazir zərdablı gənci mükafatlandırdı

    Zərdab rayon musiqi məktəbində xanəndəlik ixtisası üzrə təhsil alan Fikrət Telman oğlu Vəlizadə bugünlərdə "İstedadlı uşaqlar" ümumrespublika müsabiqəsinin qalibi olub. F. Vəlizadə bu mükafata yüksək ifaçılıq məharətinə görə layiq görülüb. İstedadlı həmyerlimiz Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin qərarı ilə xüsusi diplomla təltif olunub. 

/23.11.2009/ Zərdabda arıçılıq inkişaf etdirilir

    Son illər Zərdab rayonunda arıçılığın inkişafı üçün müəyyən tədbirlər görülür. Zərdab rayon İcra Hakimiyyətindən www.zardab.com.az-a verilən məlumata görə, bu məqsədlə rayonda görülən işlər də iqlim şəraiti də nəzərə alınıb. Ümumilikdə isə 2015-ci ilədək Zərdabda arı təknələrinin sayının 410-a çatdırılması proqnozlaşdırılır. İndiyədək isə Burunlu, Məlikli, Körpükənd, Birinci Alıcanlı, Pərvanlı, Siləyli, Kəndəbil, Məlikmudlu, Şahhüseyinli, Çallı kənd və Zərdab şəhər bələdiyyələrində fiziki şəxslər tərəfindən 200 arı ailəsi yaradılıb. Qeyd edək ki, hər il respublikada keçirilən yarmarkalarda rayonumuzun arıçıları da öz məhsulları ilə iştirak edirlər. 

Zərdabda nələr olub: 2009-cu ilin noyabr ayı Zərdabda nələr olub: 2009-cu ilin noyabr ayı Reviewed by Camil Asad on 12.11.18 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.