Azərbaycanın teatr tarixində iz qoymuş zərdablı
“O, jurnalist olmaq istəyirdi, amma imtahandan keçə bilmədi. Sonra Mədəniyyət və İncəsənət İnstitutuna qəbul olundu, təbii ki, incəsənətə də marağı var idi". – bu sözləri mərhum aktyor, respublikanın əməkdar artisti Azər Mirzəyevin bacısı Esmira Mirzəyeva qardaşı haqqında danışarkən söyləyib. (versus.az/article/az/9512).
Əlvənd kəndi nəinki Zərdabın, həm də Azərbaycanın qədim kəndlərindəndir. Qədim tarixə malik bu kənd həm də çoxsaylı ziyalıları ilə tanınır. Onlardan biri də 1952-ci il may ayının 12-də anadan olan, atasının işi ilə əlaqədar sonradan ailəsi ilə Sabirabad rayonuna köçən Azər Mirzəyevir.
Orta məktəbi bitirdikdən sonra jurnalist olmaq arzusunu reallaşdıra bilmir. Amma” hər işdə bir xeyir var” deyib atalar. Azər Mirzəyev 1968-ci ildə "Azərbaycanfilm"də fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub və burada SSRİ xalq artisti Adil İsgəndərovdan aktyor sənətinin incəliklərini öyrənməyə başlayıb.
1970-ci ildə bu studiyanı bitirən Azər Mirzəyev İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olur. Burada o, respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan dərs alır.
1974-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına təyinat alır. Teatrın səhnəsində T.Vəliyevanın “Mənim ağ göyərçinim” (Qürbət Musayev), Ə.Orucoğlunun “Pul dəlisi” (Teymur), Ə.Əmirlinin “Bala bəla sözündəndir” (İzzət Nəfisli), A.Şaiqin “Danışan gəlincik” (Kərim), Ə.Dəmirçizadənin “Dədəm Qorqud” (Qaraca çoban), H.Mirələmovun “Yaddaş ağrısı” (Murad), S.S.Axundov, A.Şaiqin “Qaraca qız” (Hüseynqulu bəy), M.Haqverdiyevin “Ah qadınlar, qadınlar” (Kişi) tamaşalarında bədii cəhətdən inandırıcılığı, emosionallığı, hisslərin dərinliyi, zəngin ifadə vasitələri ilə səciyyələnən maraqlı obrazları ilə tamaşaçıların yaddaşında iz qoyub.
Bu teatrda yaratdığı obrazlarla yanaşı, televiziya və kino filmlərdə də özünü sınayıb: “Nekroloq” (2001), “Qeybdən gələn səs” (2002), “Yaşıl eynəkli adam-3” (2002), “Dəvətnamə” (2003), “Yol yoldaşları” (2003), “Mükafat” (2004), “Böyük ömrün davamı” (2007), “Mürafiə vəkillərinin hekayəti” (2011), “Sübhün səfiri” (2012).
Azər Mirzəyev teatrda işləməklə yanaşı AzTV-nin "Gənclik" baş redaksiyası ilə əməkdaşlıq edir, verlişlərə ssenarilər yazırdı. Veriliş hər ay bir universitetdə hazırlanırdı. "Birimiz hamımız", "Xoş gördük, tələbə", "Sabahın ustaları" adlı verilişlərin ssenarisini hazırlamaqla yanaşı, həmçinin bu verlişlərdə aparıcı olurdu.”
2006-cı ildən Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsində çalışıb. 2012-ci ildə də səhhəti ilə əlaqədar öz ərizəsi ilə bu vəzifədən azad olunur və aktyor kimi fəaliyyətini davam etdirir.
Tanıyanlar onu gözəl ailə başçısı, yaxşı qadaş, sadiq dost, sözü üzə deyən insan kimi xarakterizə edirlər. Dostlarının dediyinə görə mülayim xasiyyətli, zarafatcıl insan idi. Kimisə qanıqara görsəydi zarafat edər, onun kğnlünü açardı.
Bacısının sözlərinə gğrə Azər Mirzəyev yubiley yaşlarını qeyd etməyi sevirdi, 60 illik yubileyini ailə, qohum, dost-tanış arasında keçirdi. Ad gününün ertəsi işdən evə gələn Azər Mirzəyev sol tərəfində keylik hiss etdiyini deyir. Ailə üzvləri həkim çağırır və Azər Mirzəyevin insult olduğu üzə çıxır.
1 il 8 ay evdən çıxa bilməsə də, ssenarilər yazır. Əslində bu sahə onun üçün yeni deyildi. Belə ki, Azər Mirzəyev əvvəllərdə bu sahədə qələmini sınaməşdı. Onunla Mədəniyyət və İncəsənət Universitetində eyni dövrdə təhsil amış xalq artisti, Azər Mirzəyevin yaxın dostu Yasin Qarayev bu barədə belə xatırlayır:
"...Azər əvvəlcə jurnalistikaya maraq göstərib. Həmişə deyirdi ki, məktəbdə oxuğu vaxtlarda divar qəzetlərinə yazılar verərdi və müəllimləri də israrla onun jurnalist olmağını istəyərdi. Yəni Azər yaxşı "qələm sahibi" ola bilərdi. Deyirdi ki, onun Həsən bəy Zərdabi ilə qohumluğu var. Azər həmişə televiziyalarda da ssenarilər yazır, veriliş layihələri hazırlayırdı. Hamı da onun yazılarını bəyənirdi. İndi düşünürəm ki, deməli onun yazmaq qabiliyyəti Zərdabidən, yəni gendən gələn məsələ idi".
Xəstə olduqda da ümidini üzmür, səhnəyə qayıdacağına inanırdı, soruşanlara da belə cavab verirdi:
-"Gəzə bilmirəm, ayağa duranda divardan tuta-tuta yeriyirəm. Amma həkimlər bir aya yaxşılaşacağıma söz veriblər. Özümü normal hiss edən kimi səhnəyə qayıdacam. Hələ ki evdəyəm, amma Allah kərimdir".
Yasin Qarayev onun son günü belə xatırlayır.
"Azərin son günündə bizim kollektivin 5-6 nəfər işçisi - o vaxtkı müdirimiz Mübariz Həmidov, Almaz Mustafayeva, Şəfəq Əliyeva, mən və digərləri - onun yanına getmişdik. Biz Azərlə görüşməyə gedəndə o çox pis vəziyyətdə idi, hissiyatı yox idi, adam tanımırdı. Girdik yanına, anası bizi görüb qışqırdı ki, "Azər dostların gəlib!". Mən qabağında diz çökdüm, əlini tutdum, anası "Yasin gəlib!" deyəndə hissiyatı olmayan insanın gözünün altı tərpəndi. İnsult olandan sonra onda bu hal başlamışdı, sinir sistemində problem yaranmışdı və gözünün altı atırdı. Mən onun əlini tutanda bunu hiss elədi, gözü tərpəndi və gördüm ki, əlimi qaldırıb öpmək istəyir, qoymadım.
Bizimlə İradə adlı işçimiz də Azərə baş çəkməyə getmişdi, inanclı xanım idi. O baxdı və "Azər, kəlmeyi-şəhadət oxuyaqmı?!" dedi. Azər onun gözünün içinə baxıb işarə elədi ki, "hə". İradə kəlmeyi-şəhadəti deyirdi və Azərin də dodaqları tərpənirdi. Hiss edirdik ki, içində oxuyur. İncəsənət aləmində yeganə insan sanıram ki, Azər kəlmeyi-şəhadətini aktyor dostları ilə birgə oxudu. Allah Azərə rəhmət eləsin".
19 iyul 2014-cü ildə ürək çatışmazlığından Bakıda dünyasını dəyişən aktyor Sabirabad rayonunda dəfn olunub.
Dostları Azər Mirzəyevi belə xatırlayırlar.
Əməkdar artist Elxan Quliyev: “Azər müəllimlə İncəsənət Universitetinin birinci kursuna qəbul olunandan ta dünyasını dəyişənə qədər yaxın dost olmuşuq. O, çox gözəl dost və mükəmməl insan idi. Biz onunla dostdan da artıq idik, hər gün görüşür, başımıza gələn maraqlı əhvalatlar danışırdıq. Bütün respublika onu çox gözəl tanıyırdı. Bölgələrə gedəndə onu öz doğmaları kimi qəbul edirdilər. Bu sənətdə hər sənətkarın öz yeri, öz dəsti-xətti var. Düzdür, gənc aktyorlar yetişir, ancaq Azərin yerini doldura bilmir”.
Azər Mirzəyevin uşaqlıq dostu Cabir Əsədov: “Azər gözəl insan kimi, yaxşı dost kimi yaddaşımızda qaldı. Azər Mirzəyev mənim 50 illik dostum olub. Çox ziyalı ailədə böyüyüb. Çox mərd və ən sadiq dostlardan biri idi. İndiki zamanda belə dostları əl-əl axtarırlar. Onun haqqında danışmaq mənim üçün çox çətindir”.
Xalq artisti Yasin Qarayev: “Azər verilişlərin ssenarisini yazır, jurnalistlik edirdi. O, həm aparıcı kimi, həm də yaxşı ssenarist kimi dövlət tədbirlərində iştirak edirdi. Biz gözəl bir insanı Azərbaycanın teatr incisini öz əlimizlə torpağa tapşırdıq. Azər Mirzəyevin ölümü ilə Azərbaycan teatrı gözəl insanı, gözəl aktyoru itirdi.”
Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov: “Azər Mirzəyevin həyatının 30 ildən artıq dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlı olmuşdur. İstedadlı aktyor, sədaqətli dost, qayğıkeş ailə başçısı idi. Səhnə fəaliyyətindən başqa onda peşəkar jurnalistlik, səlis nitq qabiliyyəti və mükəmməl aparıcılıq səriştəsi də vardı. Zahirən ciddi adam təsiri bağışlayırdı, amma güclü yumor hissinə malik idi. Səhnədə yaratdığı bütün obrazlarda bu keyfiyyət özünü büruzə verirdi. Amansız əcəl hələ bundan sonra neçə-neçə zəngin xarakterlər yarada biləcək bir insanı aramızdan vaxtsız apardı”.
Jurnalist olmaq istəyən zərdablı əməkdar artist
Reviewed by Zardob
on
29.10.19
Rating:
Hiç yorum yok: