Azərbaycanın eyni adlı kəndləri
Zərdab rayonunun inzibati ərazi vahidi olan Salahlı kəndi dördyol adlanan ərazinin 2 kilometrliyində, Ağcabədi istiqamətində yerləşir. Qarasu (Türyançay) çayının sahilində yerləşən bu kəndin əhalisi heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, baramaçılıq, bostançılıqla məşğul olurlar.
Kəndin ərazisində bələdiyyə, əsas məktəb, klub, kitabxana, həmçinin kənd məscidi dini icması fəaliyyət göstərir. XX əsrin 90-cı illərində Salahlıda bişmiş kərpic (qırmızı kərpic) istehsal edən zavod vardı. Təəssüf ki, hazırda həmin zavodun xarabalıqları qalıb.
Azərbaycanın müxtəlif rayonlarında Salahlı adı ilə bağlı kəndlərə rast gəlmək mümkündür
Tarixi mənbələrdə 1799-cu ildə gürcü çarı İraklinin təqibinə məruz qalan qazax tayfalarının bəzilərinin Azərbaycanın müxtəlif bölgələrinə köç etməsi barədə məlumat var. Salahlılara gəlincə, Qazax-Borçalı mahalının türk tayfası olan bu əhalinin bir hissəsinin 1759-cu ildə digər tayfalarla bərabər Qarabağa köçdüyü bildirilir.
Yevlaxın Salahlı kəndində yaşayan 1936-cı il təvvəllüdlü Rəhim Əhmədov deyir ki, 18-ci əsrin əvvəllərində Qazağın Daş Salahlı və Qıraq Salahlı kəndlərindən köçüb gələn müxtəlif tayfalar burada məskunlaşıblar.
"O vaxtı Mollalar, Talıblı, Eminli, Qaranəsibli, Göyüşlü, Nazarlı, Sadıxlı kəndlərinidən 1764-cü ildə bura gəlib yerləşiblər. O köçün səbəbləri gürcü basqınları və həmçinin o zamanlar Gürcüstan ərazisindən keçib Azərbaycana hücum edən qaçarların hücumu idi. Basqınlardan baş götürüb gələn camaat burada yerləşib" - deyə kənd sakini Rəhim Əhmədov bildirib.
Rəhim Əhmədov Zərdab rayonun Salahlı kəndinin də hazırkı sakinlərinin vaxtilə Qazax mahalından gələnlərin nəslindən olduğunu deyir. İnsanlar arasında bu kənd "Salahlı Eli" kimi də tanınır. Deyilənlərə görə, bu kəndlərə verilən Salahlı adı keçmişdə Qazax mahalında yaşamış eyni adlı şəxslə bağlıdır.
Sabirabad rayonu ərazisində Şıx Salahlı kəndi vardır. Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünüb. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı.
Qazax xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları Salahlı xalçaları adlanır. Aveydağ mağaraları qrupundan olan ən iri mağara Daş Salahlı mağarası adlanır.
İndi İcevan adlanan Karvansaray (Gəncə quberniyasının Qazax qəzası) rayonundada azərbaycanlılar yaşayan Salah adlı kənd olmuşdur. 1988-ci ildə bu kəndin əhalisini ermənilər talan və qarət edərək qovmuşlar.
Salahlı adında kəndlərə isə Yevlax və Zərdabla yanaşı, Ağdam, Samux, Ağstafa rayonlarında da rast gəlmək mümkündür.
Hazırda Yevlaxın Salahlı kəndində 1800, Zərdabın eyni adlı yaşayış məskənində isə 530 nəfər insan yaşayır.
Uzun illərdir Zərdab rayonun Salahlı kəndində məskunlaşan sakinlər qonşu kəndlərə və rayon mərkəzinə gəlmək üçün Aşağı Şirvan kollektoru üzərində körpü olmadığına görə 3-5 kilometrə qədər əlavə yol getməli olurdular. Kənd sakinlərin bu problemi kənd ziyalılarının və əslən bu kənddən olan, hazırda Bakıda yaşayan Akif müəllimin köməyi ilə həll edilib. Həmin kanalın üzərində salınan körpü kəndi Zərdab-Ağcabədi magistralından ayrılan yolla birləşdirir. Aşağı Şirvan kollektorunun üzərindən Uzunluğu 50 m, eni isə 10 metr olan əsaslı beton körpüdən sakinlər rahat şəkildə istifadə edirlər.
Zərdab rayonu, Salahlı kəndi
Reviewed by Zardob
on
25.11.19
Rating:
Hiç yorum yok: