Weather forecast for Zardab

Sağlam olmaq istəyirsən? Daxili qorxularını dəf et!

CƏMİL Əsədov, asadovcamil@gmail.com

Zərdab feyk koronovirus


Deyirlər ki, səyyah bir-neçə gün qonaq qaldığı şəhərdən çıxıb yolla gedərkən, şəhərə tərəf gələn Vəba ilə rastlaşır. Oradan-buradan söhbət açan səyyah öyrənir ki, Vəba şəhərə "iş dalınca" - 5  min adamın canını almağa gedir. 
Bir müddət sonra səyyah şəhərə qayıdır. Yolda şəhəri tərk edən Vəba ilə rastlaşır. Şəhərdəki durumdan xəbəri olan səyyah Vəbaya öz etirazını bildirir: "Heç utanmırsan? 5 min adamın canını alacağını demişdin, amma 50 min adamın canını almısan!". 
Vəba gülür: "Yox, mən sözümü tutdum, cəmi 5 min adamın canını aldım, qalanları isə qorxudan öldü!".

Bizi öldürə bilən düşüncələr

Xəstəlik barədə düşüncələr insanı öldürə bilər. Düşünmədən, həvəslə göydə tutduğumuz fikirlər, rəylər, qorxular bizim üçün dəhşətli sonluqla nəticələnir.
Çox vaxt  xəstəliyi gözləmək xəstəliyin özündən daha təhlükəli olur.  
Məlumdur ki, bəzən insan özünü dərmansız müalicə edir, yaxud öz sağlamlığına ziyan vurur. Bunun səbəbi insanın daxilində, onun özünə, onu əhatə edən mühitə münasibətindədir. 
Düşüncənin gücü sağalmaq üçün güclü stimul da ola bilər, yaxud, əksinə, xəstəliyin yaranma səbəbinə də çevrilər. 
Mütəxəssislər buna ad qoyublar. Psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti Plasebo, əks effekti isə Notsebo adlanır. Hər iki effekt haqqında internetdən geniş məlumat əldə etmək olar. Qısaca olaraq natsebo effektinə nəzər salaq.

Natsebo effekti 

"Notsebo effekti beyinin gücünü nümayiş etdirir – Afina hərbi-dəniz hospitalının həkimi bu haqda yazır. – Biz onu hələlik tam izah edə bilmirik”.
Mütəxəssislər  deyirlər ki, notsebo effektinin yayılması, gücünü göstərməsi üçün çox şey lazım deyil. Hətta adi şayiə belə insanın düşüncələrini xəstəliyə nizamlaya bilər.  Həm də tək düşüncəni yox, onun bütün orqanizmi bu nizma tabe olur – unutmayaq, insan, əslində, düşüncələrinin məhsuludur. 
“Təcrübələr notsebo effektinin təsiri altında orqanizmin ekstremal təhdidlərə cavab verən sahələrində, hipotalamus, hipofiz və böyrəküstü vəzilərində, zəncirvari reaksiyanın əmələ gəldiyini ortaya çıxartdı. Əgər qorxu və inam kifayət qədər güclüdürsə, orqanizminin hazırladığı hormonlar toplusu insan üçün ölümcül təhlükəli ola bilər” – bu Turin universitetinin əməkdaşı, həkim Benedettinin fikridir. 
Hipotalamus beyin mərkəzləri arasında rabitə yaradır. Bədən temperaturunu, periferik sinir sistemini və hipofizin işini idarə edər. Susuzluq, acma hislərinin mərkəzi olub bədən istiliyini və qan təzyiqini tənzimləyər, karbonhidrat-yağ-protein maddələr mübadiləsini tənzimləyir. Daxili tarazlılığı qoruyur, duyğuların fiziki təməlini dəstəkləyir.
Hipofiz və ya beyin artımı  lobya böyüklükdə girdə ya oval formada tək üzvdür, funksiyaları müxtəlifdir. Vücudun inkişafına, boyatma prosesinə təsir edən, orqanizmin tələbatını ödəyən müxtəlif hormonlar ifraz edir. Hormonal pozuntular zamanı müxtəlif xəstəliklər (şəkərsiz diabet, uşaqlarda ifrat piylənmə və sair) yarana bilər.
Böyrəküstü vəzilərin quruluşu mürəkkəb, vəzifəsi də çox əhəmiyyətlidir. Funksional pozuntusu insanda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. 
Həkim Bendetti bu effekti öyrənmək üçün müxtəlif təcrübələr aparıb. Bu təcrübələrin birində o, 100-ə yaxın tələbəni Alp dağlarına, 3 min metrlik yüksəkliyə yürüşə dəvət edir. Səyahətdən bir neçə gün öncə həkim iştirakçılardan birinə belə yüksəklikdə havanın miqren yarada biləcəyi haqqında danışır. Bu barədə tək bir iştirakçıya danışmasına baxmayaraq, səyahətin ilk günü iştirakçıların 25 faizindən çoxu artıq bu haqda məlumatlı idi. Yürüş zamanı məhz onlarda baş ağrıları digərlərinə nisbətən daha çox və daha güclü idi.  
Üstəlik, analizlər onlarda beyinin biokimyasının dəyişdiyini, yüksəklik qorxusu ilə bağlı fermentlərin səviyyəsini artdığını göstərirdi. 
Başqa sözlə desək, xəstəlik haqqında yayılan zərərli fikirlər yoluxucu ola bilər. “Dostların, qonşuların və digərlərinin xəstəlik haqqında söylədiyi zərərli fikirlər (şayiələr)  çox böyük sürətlə yayılır və çoxsaylı insan qruplarında sosial notsebo effekti ( psixoloji təsir nəticəsində neqativ fizioloji dəyişmə) yaradır” – Benedetti bunu əminliklə təsdiq edir.
Loru dildə desək, şayiələr çox böyük sürətlə yayılır, bu azmış kimi, insanlara psixoloji təsir edərək, hətta onları ölüm həddinə çatdıra bilər.

“İnformasiya pandemiyası”

Bəs nə etməli? Şayiələrə, yalan, feyk xəbərlərə necə uymamalı, onlarla necə mübarizə aparmalı? Əslində, feyk xəbərlərin yaşı qədimdir, şayiələr, yalan xəbərlər insan cəmiyyəti ilə yaşıddır. Sadəcə, yaşadığımız sürətlə dəyişən texnologiyalar dövründə onların yayılma sürəti yüksək, əhatə dairəsi böyükdür. 
CoVİD-19 adı verilən koronovirusla bağlı şayiələr isə o qədər böyük sürətlə yayılır ki, ÜST onu “infodemiya” – “informasiya pandemiyası” adlandırıb. 
Məhz bu səbəbdən ÜST paralel olaraq feyk xəbərlərlə mübarizəni koronovirusla mübarizədə özünün əsas prioritetlərindən biri elan edib. Bizim dövlət qurumları da öz işlərini məhz bu istiqamətdə qurur, həm ölkə daxilində, həm də digər ölkələrdə yaşayan vətəndaşlarına sahib çıxırlar. Xaricdə yaşayan həmvətənlərimizin yazdıqlarına görə, bu bizdə digər ölkələrdən daha uğurla həyata keçirilir. https://musavat.com/news/azerbaycan-kokenli-isvecre-vetendasi-ele-seylerden-yazdi-ki_687263.html
Amma bu məsələdə bütün problemlərin həllini bütünlüklə dövlət qurumlarının üstünə atmalıyıqmı? Bəs biz vətəndaşlar? Bəs xəbər daşıyıcılar – KİV, sosial media?
Gəlin məsuliyyət hissini itirməyək. Bizim, sosial medianın, KİV-lərin məsuliyyətli davranışı ən azından yeni zəhərli şayiələrin qarşısını ala bilər. 
Unutmayaq, feyk xəbərlər olub və olacaq. Bəzən insanlar bunu qorxudan edirlər, bu onların qorxuya qarşı reaksiyasıdır. Bəzən bu insanın özünü təsdiq reaksiyasıdır. 
Bəzən də bu kiminsə qazanc mənbəyidir. Təsadüfü deyil ki,  bu günlərdə Amazon internet-şirkəti milyona yaxın yüksək qiymətə qoyulmuş tibbi maskaları, dezinfeksiya vasitələrini, koronovirusla qarşı saxta dərmanları  satışdan çıxarmalı olub.
Bəzən isə bu cəmiyyətdə, insanlar arasında panika , qorxu, çaxnaşma yaratmaq üçün qəsdən edilir.

Feyk xəbərlərdən necə qorunmalı?

Koronovirus pandemiyasından qorunmaq üçün ÜST müxtəlif təlimatlar işləyib hazırlayıb, dövlət qurumlarımız operativ olaraq əhalini təlimatlandırırlar. Bəs “infodemiya” – “informasiya pandemiyası”-ından necə qorunaq? 
Ekspertlər bunun bir neçə yolunu göstərirlər:

- ilk öncə yalnız rəsmi məlumatlara inanın, hansısa “tanışımın tanışının” dediyi xəbərlərlə özünüzü məşğul etməyin;

- şayiə yayanlara uymayın, onların yaydıqları, epidemiyaya çevrilə bilər, sizə və sizin yaxınlarınızın  fiziki və psixi tarazlığına mənfi təsir göstərər;

- informasiya gigiyenasına əməl edin, ilkin mənbəni araşdırın – informasiyanı kim yayır, hansı KİV-lər onu çap edir yaxud paylaşır, bu KİV-lərin imici necədir.  Messengerlərdə paylaşılan informasiyanın mənbəyini demək olar ki, təyin etmək mümkün deyil, amma bir çox informasiyanı internetdə yoxlamaq olar.

- tənqidi təfəkkürü inkişaf etdirin, tarixlə maraqlanın. Bir çox şayiələr müxtəlif ölkələrdə, müxtəlif mədəniyyətlərdə süjet xətti eyni olmaqla əsrdən əsrə ötürülür. Məsələn, qadın səsi ilə paylaşılan “etibarlı mənbədən” alınan, “hamını qorumağa çalışan” , sonda “bunu maksimum paylaşmağa” səsləyən eyni süjet xəttinə malik fərqli zamanlarda fərqli məzmuna malik müraciətlərlə hamımız rastlaşmışıq.
- gördüyünüz, eşitdiyiniz yaxud oxuduğunz informasiyanın sizdə oyatdığı hisslərə diqqət edin. Əgər siz qəzəb yaxud qorxu hiss edirsinizə, çox güman ki, bu, informasiya ilə manipulyasiyanın tipik nümunəsidir. Qəzəb və qorxu panilka yaradır.  Belə informasiyanı kiminləsə bölüşməzdən öncə, bir anlıq dayanın, informasiyanı analiz edin: bu informasiyanı paylaşmaq lazımdırmı? 

Eyni zamanda bu dünyada hər şeyin ikili yarandığını da unutmayaq - psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət nəticəsi də ola bilər. Plasebo effekti yaxud insanda ümid, inam yarada biləcək informasiyanın paylaşması bu qəbildəndir. 

Almaniyada vərəm dispanserində belə bir şayiə yayılmağa başlandı ki, bir qrup alim vərəmi sağaldan mövcüzə dərman hazırlayıblar. Bir müddət dərmanın üstünlükləri haqqıda danışıldı. Daha sonra xəstələrə bildirildi ki, bu həblər klinika tərəfindən alınıb. Həbləri qəbul edən xəstələrin 90% sağalmağa başladı. Əslində isə heç bir möcüzəli həb icad edilməmişdi–onlar adi aspirin idi. Demək ki, onları sağaldan həb deyil, həbə olan inanc idi.

İnancımızı itirməyək, insanlara inam təqlid edək. 

Və sonda...

Beyinin gücü, kollektiv şüur, kollektiv duaların təsiri haqqında filmlər çəkilib, kitablar yazılıb. Gəlin bəlaya qarşı birgə dua edək:

"Ey çətinliklər düyününü açan! Ey çıxılmaz hallarda yol göstərən!
Ey sıxıntıdan çıxmaq üçün əl açdığımız, çağırdığımız Allah!
Çətin işlər Sənin qüdrətinlə asanlaşır, həyatın davam etməsi üçün lazım olan səbəblər və vasitələr Sənin lütfünlə yaranır, qəza-qədər Sənin qüdrətinlə dövran edir və hər bir şey Sənin iradən əsasında meydana gəlir.
Allahım, bizlərin üzərindən salamını, rəhmətini əsirgəmə.”

Sağlam olmaq istəyirsən? Daxili qorxularını dəf et! Sağlam olmaq istəyirsən?  Daxili qorxularını dəf et! Reviewed by Zardob on 18.3.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.